BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ
-
 BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

1918-ci il. XX əsr Azərbaycan tarixində bu il, bir-birini sürətlə əvəzedən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr – istər əlamətdar, istərsə də faciəli – baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci il tarixi – Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr – 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə
hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoymuşdur.

Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycanxalqı üçün ümumi faciəyə çevrilmiş və onun mövcudluğunu şübhəaltında qoymuş daha mühüm - qanlı hadisələrbaş vermişdir.Bakıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı olmuşdur.Belə ki, bir neçə mart günləri ərzində şəhərin və onun ətraf kəndlərinindinc müsəlman – azərbaycanlı əhalisi görünməmiş dəhşətli cəzaaksiyalarına – talan və ölümlərə, əzilmək, əsir alınmaq, qarət edilmək – bir sözlə, amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən hər şeyin və hər kəsin məhv edilməsinə məruz qalmışdır. İlk baxışdan, “Evelina” gəmisi ilə bağlı təsadüfi hadisə və yaxud, adları sonadək naməlum qalan icraçılar tərəfindən Qızıl Ordunun kiçik dəstəsinin atəşə tutulması ilə başlayan mart hadisələrinin, şübhəsiz ki, dərin kökləri və səbəbləri vardır. Birinci Dünya müharibəsinin başlanması ilə, xüsusilə də, 1917-ci ilin fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Cənubi Qafqazda güclənmiş maraqları toqquşurdu. Eyni zamanda Qafqaz xalqlarının qarşısında öz milli- siyasi ideya və əzmlərini həyata keçirmək üçün geniş imkanlar açılırdı.


Etiraf edilməlidir ki, erməni ideoloqları özlərinin çoxillik məqsədyönlü fəaliyyətləri nəticəsində “erməni dövlətçiliyi məsələsinin” Cənubi Qafqazın gələcəyi barəsində qərb ölkələrinin və Rusiyanın planlarına daxil edilməsinə nail olmuşdular. Gürcülərin də öz dövlətçiliyini yaratmaq hüquqları heç bir etiraz doğurmurdu. Bununla bərabər, Cənubi Qafqazda sayca
üstünlük təşkil edən Azərbaycanlı əhalinin haqları nə qərb dövlətləri, nə də Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən rus siyasi qüvvələri tərəfindən ümumiyyətlə nəzərə alınmırdı.


Azərbaycanlılar üçün bu baxımdan həddən artıq əlverişsiz şəraitdə, əslində ədalətsiz münasibət qarşısında, geniş xalq kütlələrinin əksəriyyətinin dəstəyini qazanmış “Müsavat” partiyasının Qafqazın siyasi səhnəsinə daxil olması istər sinfi nəzəriyyədən çıxış edən və Rusiyanın bütün keçmiş torpaqlarında, o cümlədən Qafqazda hakimiyyət iddiasında olan
bolşevikləri, istərsə də, təxəyyüllərində gələcək erməni dövlətinin təxmini ərazilərini müəyyən etməklə, onun tərkibinə Azərbaycanın geniş tarixi torpaqlarını daxil edən erməni millətçilərini narahat etməyə bilməzdi.


1911-ci ildə ciddi konspirasiya şəraitində yaradılmış “Müsavat” milli- demokratik partiyası 1917-ci ilin fevral inqilabından sonra Rusiya İmperiyasının bütün ərazisində milli dirçəliş dalğasında gizli fəaliyyətdən çıxaraq çox qısa müddət ərzində azsaylı siyasi təşkilatdan Azərbaycanın ən kütləvi və aparıcı milli qüvvəsinə çevrilmişdi. Azərbaycanlıların bu milli siyasi partiyasının artan nüfuzunu və uğurlarını onun hətta ən barışmaz rəqibləri belə etiraf etməli olurdu. Məsələn, Bakı Sovetinin rəhbəri S.Şaumyan göstərirdi ki: “Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkil edilən, heç bir təşkilatı, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir rol oynamayan “Müsavat” ikinci ilin əvvəllərinə yaxın Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrilmişdir ”. (1)

“Müsavat” partiyası 1917-ci ilin 15-20 aprelində Bakıda keçirilmiş müsəlmanların Ümumqafqaz qurultayında Azərbaycan milli hərəkatının siyasi proqramının əsas tezislərinin formalaşdırılmasında və təsdiq edilməsində başlıca rol oynamışdır. Qurultay gündəliyinin aparıcı məsələsi – ölkənin siyasi quruluşu üzrə məruzəni “Müsavat”ın lideri M.Ə.Rəsulzadə
etmişdi … “Və 1917-ci ilin aprelindən başlayaraq Azərbaycan milli hərəkatının əsas məqsədi milli-ərazi muxtariyyətinin tələb edilməsi olmuşdur”. (2) 1917-ci ilin payızında “Müsavat” partiyası Azərbaycanın siyasi həyatında öz üstün mövqeyini bir daha təsdiq etdi və 22 oktyabr 1917-ci ildə keçirilmiş Bakı Sovetinə seçkilərin nəticələri buna əyani sübut oldu. Belə
ki, “Müsavat”, çoxmillətli Bakıda bütün digər partiyaları nəzərə çarpacaq dərəcədə qabaqlayaraq, seçici səslərinin 40 faizini toplaya bildi, bu isə əslində şəhərdə siyasi qüvvələrin real nisbətini əks etdirirdi. (3)

“Müsavat”ın Bakı Sovetinə seçkilərdə qələbə qazanması bolşevikləri ciddi şəkildə təşvişə salmışdı. Belə ki, Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi şüarı ilə açıq şəkildə çıxış edən partiyanın mövqeyi Azərbaycan milli qüvvələrinin tamamilə təbii olan bu tələbini qəzəblə “azərbaycanlı millətçilərin” Bakını “Azərbaycan xanlığının paytaxtı” elan
etmək “arzusu” kimi qiymətləndirən S.Şaumyanın başçılıq etdiyi bolşevik rəhbərliyi üçün tamamilə qəbuledilməz idi. (4)

Bununla belə, bu “arzunun” həyata keçməsi kifayət qədər mümkün idi, çünki 1918-ci ilin əvvəli üçün “Müsavat” yalnız Gəncədə deyil, Bakı quberniyasının böyük hissəsində də faktiki olaraq real hakimiyyətə malik idi. Lakin, bu zaman tək hakimiyyətliyə iddia edən aparıcı siyasi qüvvələr arasında həddən artıq kəskinləşmiş münasibətlər səbəbindən Bakı şəhərinin özündə kifayət qədər mürəkkəb vəziyyət yaranmışdı. Belə ki, hələ fevral inqilabından sonra Bakıda qurulmuş qısa “çoxhakimiyyətlik” dövrü 1917-ci ilin noyabrında Rusiyada bolşevik çevrilişindən sonra ağır bir münaqişə ilə əvəz olunmuşdu. Stepan Şaumyanın başçılıq etdiyi Bakı Soveti yalnız Leninin Xalq Komissarları Sovetinə tabe olmaqla özünü şəhərdə yeganə hakimiyyət elan etmişdi, Bakı quberniyası isə Sovetin qərarına əsasən RSFSR-in bir hissəsi olmalı idi. Şübhəsiz ki, şəhərdəki müxtəlif siyasi qurumlar, o cümlədən bolşeviklərin opponenti olan bir sıra siyasi sol qüvvələr bu qərara qarşı çıxıırdılar. Lakin, şəhərin yerli hakimiyyəti – hüquqşünas Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi və çoxmillətli Bakı cəmiyyətinin sağ qanadını təmsil edən Bakı Duması və xüsusilə “Müsavat” başda olmaqla, Azərbaycan milli qüvvələri bu məsələdə daha kəskin mövqe nümayiş etdirirdilər. Bolşeviklərlə “Müsavat” partiyası arasında düzənlənən münasibətlər heç də birmənalı səciyyələnmirdi və əgər 1917-ci ilin noyabrınadək onlar sırf taktiki nöqteyi-nəzərindən ayrı-ayrı məsələlərdə vahid mövqedən çıxış edirdilərsə də, “Müsavat”ın mövqeləri möhkəmləndikcə bu münasibətlər getdikcə pozulur və kəskinləşirdi.

“Müsavat” partiyası şübhəsiz ki, Azərbaycanda bolşeviklərin ən güclü rəqibi idi və təsadüfi deyildir ki, Bakı Sovetinə başçılıq edən bolşeviklər bu partiyanın möhkəmlənməsi prosesini dayandırmaq məqsədilə “Müsavat” a qabaqlayıcı zərbəni vurmaq üçün bəhanə axtarırdılar. Bolşeviklərdə xüsusi təlaş yaradan faktlardan biri də o idi ki, “Müsavat”in rəhbərliyi ilə
böyük çətinliklə olsa da, məqsədyönlü şəkildə Azərbaycan milli hərbi hissələrinin yaradılması prosesi inkişaf edirdi və bu partiyanın siyasi nüfuzunun real hərbi dəstəklə möhkəmləndirilməsi onu praktiki olaraq məğlubedilməz bir qüvvəyə çevirərdi.

Digər tərəfdən, “Müsavat”ın yalnız Bakıda deyil, Azərbaycanın bütün siyasi səhnəsində üstün mövqeyi bolşevik hakimiyyətinin Azərbaycanın reqionlarına yayılması yolunda əsas maneə idi. Nəhayət, siyasi kredosu azərbaycanlıların milli azadlığı uğrunda mübarizədən ibarət olan “Müsavat” partiyası, Cənubi Qafqazın müstəqilliyi və onun Rusiyadan ayrılması ideyalarını ardıcıl olaraq Zaqafqaziya Seymində müdafiə edirdi ki, bu da bolşeviklər üçün artıq tamamilə qəbuledilməz idi. Siyasi münasibətlərin belə bir düzümündə istər bolşeviklərə, istərsə
də müsavatçılara tamamilə aydın idi ki, onların əvvəlki bütün əməkdaşlıqları sırf müvəqqəti xarakter daşıyırmış, indi onlar barışmaz bir döyüşə girişmişlər və toqquşma qaçılmazdır. Bolşeviklərin “Müsavat” ilə siyasi qarşıdurmasının əsas səhnəsi Bakı olmalı idi, çünki məhz bu şəhər Azərbaycan milli hərəkatının mərkəzi olduğu kimi, bolşevizmin də Cənubi
Qafqazda əsas bazası idi. Məhz bu məqam bir çox hallarda iki antaqonist siyasi qüvvə arasında mübarizənin kəskinliyini əvvəlcədən müəyyən edirdi və həmin qüvvələr bu mübarizəyə ən ciddi surətdə hazırlaşırdılar.

Lakin, bu zaman daha bir tərəf – üçüncü qüvvə sayılacaq siyasi qurum da öz məqsədləri uğrunda mübarizənin yeni mərhələsinə qədəm qoyurdu. Bakı cəmiyyətində olduqca möhkəm siyasi-iqtisadi və ictimai mövqelərə malik olan erməni millətçiləri də özlərinin uzağagedən planlarını reallaşdırmaq üçün ən ciddi şəkildə hazırlıq görürdülər. Bu planların əsasında
isə üç dəniz – Aralıq, Qara və Xəzər dənizləri arasında “Böyük Ermənistan” dövlətinin yaradılması kimi ümummilli erməni ideyası dururdu.

* * *

XIX əsrin əvvəllərində başlanmış Rusiya-İran, Rusiya-Türkiyə müharibələri və onların nəticələri: 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay, Adrianopol müqavilələri, Azərbaycan, Gürcüstan, Türkiyənin tarixi ərazilərinin bölünməsi, geniş regionların qəsb edilməsi və yerli müsəlman əhalinin mühacirəti, nəhayət, ermənilərin İrandan və Türkiyədən əzəli
Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu. Bu yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya İmperiyasında ermənilərin nisbətən daha qabaqcıl və üstün vəziyyəti də daxil olmaqla, erməni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil
dövlətçiliyini yaratmaq ideyasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının” planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın, dəqiq deyilərsə, Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi ki, bu da hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni
əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi.

Lakin nə qədər ki, Osmanlı Türkiyəsi güclü və qüdrətli idi, erməni millətçiləri ona qarşı çıxış etməyə və hansısa gözəçarpan fəaliyyət göstərməyə cürət etmirdilər. Lakin XIX əsrin ortalarından etibarən bu dövlətin daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı. Bir zamanlar qüdrətli Osmanlı İmperiyasının zəifləməsində maraqlı olan və Türkiyə boğazlarını ələ keçirmək məqsədini güdən Avropa dövlətləri və Rusiya İmperiyası ermənilərin türklərə zidd planlarını hər vasitə ilə təşviq etməyə və dəstəkləməyə başladılar. Təsadüfi deyil ki, qatı millətçi erməni partiyaları olan “Qnçaq” (1887), “Daşnaksütun” (1890) və digərləri məhz Avropada və Rusiyada yaranmışdır. Bu növ təşkilatların sayının çoxluğuna baxmayaraq, məhz “Daşnaksütun” ən nüfuzlu bir partiya olaraq qarşıdakı onilliklər ərzində bütöv xalqın taleyində həlledici rol oynayacaqdı. “Hələ 1907-ci il proqramı qəbul edilənə xeyli qalmış “Daşnaksütun” güclü, intizamlı, konspirativ təşkilata çevrilmişdi. Artıq 1890-cı illərdə onlar Türkiyə Ermənistanında silahlı üsyan hazırlayırdılar, belə ki, Avropanın diqqətini Ermənistanın milli mübarizəsinə cəlb edəcək münaqişə yaratmağa ümid edirdilər. Bu mərhələdə “Daşnaksütun” hələ yalnız Türkiyə ərazısındə mövcud olsa da, onun fəaliyyətinin
əsas bazası rus Ermənistanı idi”. (5)

Belə ki, Rusiyanın özü inqilabi hərəkatlar və siyasi oyunlar mərkəzinə çevrildikcə, eləcə də yaranmış siyasi qarışıqlıq və nizamsızlıq şəraitində ermənilər Cənubi Qafqazda da öz fəaliyyətlərini canlandırmışdılar. XIX əsrin 90-cı illərindən və XX əsrin əvvəllərindən başlayaraq erməni emissarlarının, agentlərinin və erməni əhalisinin Türkiyədən Cənubi Qafqaza
axını xüsusilə güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən “Böyük Ermənistan” şüarı ətrafında birləşən bu insan axını təşkilatlandırılmış
hərbi bölmələr yaratmaqla fəal surətdə silahlanmağa başlayır.

Bu dəstələrin ilk vəzifəsi yeni Ermənistan dövlətinin yaradılması üçün nəzərdə tutulmuş ərazilərdə yaşayan yerli türk-azərbaycanlı əhalini fiziki cəhətdən məhv etmək olur. Türkiyə ərazisində erməni daşnaklarının hərbi hissələrinin dinc türk əhalisinə qarşı əməllərini təqdir edən Rusiya hakimiyyəti öz ərazisindəki həyata keçirilən qanlı hərbi aksiyalara dərhal reaksiya verdi. “1900-cü ildən sonra Rusiyanın öz ərazisindəki Ermənistana qarşı gördüyü cəza tədbirləri ruslarla ermənilər arasında əvvəllər heç zaman olmamış gərginlik və inamsızlıq mühiti yaratdı. Rusiyanın yeni siyasəti özünü 1903-cü ildə erməni kilsəsinin torpaqları və digər əmlakının müsadirə olunması ilə büruzə verdi”. (6)

Lakin, 1905-1907-ci illər I rus inqilabının başlanması ilə məhz Cənubi Qafqaz erməni ekspansionizminin mərkəzi oldu. “Daşnaksütun”dan başlayaraq Erməni kilsəsinə qədər bütün erməni qüvvələri, həm Rusiya hakimiyyətinə, həm də regionun türk-müsəlman əhalisinə qarşı əsl müharibə elan etməklə, qızğın fəaliyyətə başladılar. Hakimiyyət ermənilərin bəzi
tələblərində - məs., erməni kilsəsinin mülkiyyətinin geri qaytarılmasında güzəştə getməyə məcbur olaraq, “Daşnaksütun”un öz kütləvi çıxışlarında yalnız “Türkiyə Ermənistanının azad edilməsi” ilə kifayətlənməsinə nail olsa da, hər iki tərəfdən çoxsaylı qurbanlara səbəb olan erməni-azərbaycanlı toqquşmasını dayandıra bilmədi, dəqiq deyilərsə, dayandırmaq
istəmədi. 1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi arasında başlanmış silahlı münaqişələr az sonra erməni-azərbaycanlı qırğınlarına çevrildi və bütün Cənubi Qafqaz regionunu əhatə etdi. Bakı, Tiflis, İrəvan, Gəncə, Qarabağ, Zəngəzur və digər yerlərdə baş vermiş və təxminən iki il davam etmiş qanlı toqquşmalar, habelə uzunsürən erməni- gürcü münaqişəsinin qarşısı hakimiyyət tərəfindən vaxtında alınmasa da, çox tezliklə Rusiya siyasətçilərinin ciddi diqqət obyektinə çevrildi. “Ölkədə qayda-qanun bərpa edildikdən” dərhal sonra təkcə Dövlət Dumasında imperiyanın ucqarlarında etnik toqquşmaların səbəbləri haqqında üç dəfə dinləmələr keçirilmişdi.

Bu dinləmələrdə millətlərarası münasibətlərin kəskinləşməsinin əsas səbəblərindən biri kimi dövlətin apardığı “intensiv köçürmə kampaniyası” adlandırılsa da, artıq 1908-ci ilin dekabrında dinləmələr zamanı III Dumanın mühafizəkar hissəsi “Birləşmiş Cənubi Qafqaz Erməni-Gürcü- Dağıstan-Azərbaycan-Təbriz-Kürd Ştatlarının” yaranmasını tam real
təhlükə hesab edirdi ki, bu da Rusiya hakimiyyəti üçün regiondakı milli kütlələrin və onların təşkilatlarının dövlətə zidd separatizminin millətlərarası münaqişə predmeti olduğunu göstərirdi. (7)


Qafqaz xalqlarını təmsil edən Dövlət Dumasının üzvləri – Çxeidze və Qeqeçkori “Qafqaz xalqlarının separatizmdə günahlandırılmasını qərəzli uydurma” adlandırır və iddia edirdilər ki, millətlərarası münaqişələr, ən əvvəl erməni-azərbaycanlı qarşıdurması “hökumət tərəfindən törədilmişdir”, Xasməmmədov isə millətlərarası gərginliyin səbəblərini hakimiyyətin
yerlərdə müvafiq sosial-siyasi tədbirlərlə təmin edilməmiş köçürülmə proseslərinin nəticələrində görürdü. (8)


Elə bu dövrdə 1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsinin bilavasitə şahidi olmuş bir çox azərbaycanlı xadimlər bu qırğınlarda maraqları olan qüvvələrin məqsəd və planlarını daha dəqiq və konkret izah edirdilər. Məsələn, tanınmış azərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov 1905-1907-ci illərin hadisələri haqqında belə yazırdı: “…ermənilər ən ciddi
şəkildə tərtib edilmiş proqram üzrə öz arzu və ideyalarının - Yelizavetpol və Tiflis quberniyalarının bütün dağlıq zolağını kəsib ayırmaq, Qars vilayəti ilə birlikdə Türk Ermənistanına birləşdirmək və orada müstəqil erməni dövləti yaratmaq - həyata keçirilməsinə hazırlaşırdılar, lakin Osmanlı və Rusiya hökumətlərinin incə siyasəti və təzyiqi sayəsində buna
nail ola bilmədilər”. (9)

Digər azərbaycanlı xadim, tanınmış ədib Məmməd Səid Ordubadi, azərbaycanlı neft sənayeçisi, milyonçu Murtuza Muxtarovun maddi dəstəyi ilə artıq öz dövrü üçün unikal olan sənədlər toplusu – erməni millətçilərinin ucbatından Azərbaycan xalqının başına gələn bəlalar haqqında kitab hazırlamışdı. 1911-ci ildə Azərbaycanın bütün bölgələrindən və
ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 245 məktub və digər materiallar əsasında, isti izlərlə yazılmış bu kitabda on minlərlə günahsız insanın məhvinə, minlərlə evlərin, təsərrüfatların, kəndlərin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin müəllif tərəfindən qərəzsiz xronikası yaradılmışdı. M.S.Ordubadi, faktların və hadisələrin təsviri ilə kifayətlənməyərək, millətlərarası toqquşmalara gətirib çıxaran səbəbləri təhlil etməyə çalışmışdı ki, onları aşağıdakı kimi qruplaşdırmaq olar: “Daşnaksütun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yerli hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni fitnəkarlığını və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların sadəlöhvlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın ərazilərində “Böyük Ermənistan” yaratmaq məqsədilə, ermənilərin muxtariyyətə can atması. (10)

Diqqətəlayiqdir ki, əsasən öz xalqının başına gələn dəhşətli faciələr haqqında danışmağa hazırlaşan azərbaycanlı müəllif kitabın əvvəlində qeyd edirdi ki, o, qətiyyən qarşısına baş vermiş hadisələrdə öz xalqını məsuliyyətdən azad etmək və bütün günahı “erməni qonşularının” üzərinə yıxmaq kimi bir məqsəd qoymamışdır: “Bunu da bütün Qafqaz millətləri
bilməlidir: mənim bu əsəri yazmaqda məqsədim millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək də deyil...Mənim məqsədim onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır”. Müsəlmanların “elmsizlik və anlamazlıq səbəbindən bu bəlalara düşdüyünü”, ermənilərin isə “bir para yazıçıların xam xəyallarına qurban olduqlarını” bildirən yazıçı belə bir inam ifadə edirdi ki, onun bu əməyi, hər iki millətə iki il ərzində yol verdiyi “öz səhv və xətasını düşünmək” üçün “mənəvi səmərələr və faydalar verəcəkdir”. (11)

Təəssüflə qeyd edilməlidir ki, tarix azərbaycanlı yazıçının da, həmvətənləri kimi, öz ümidlərində sadəlövh olduğunu sübut etdi. Cəmi on ildən sonra Cənubi Qafqaz yenidən müharibə alovuna büründü və bu alovun qızışmasına yenidən həmin “erməni qonşular”ın “xam xəyalları” səbəb oldu. 1905-1907-ci illərdən sonrakı dövrdə Qərbdə öz maraqlarını səmərəli
şəkildə təşviq edən və Antanta ölkələri ilə, ilk növbədə, London və Parislə əlaqələrini nizama salan ermənilər, 1905-ci il inqilabına davam gətirmiş Rus mütləqiyyətinin yaxın gələcəkdə devrilməsi ümidlərinin doğrulmayacağına əmin olaraq, Rusiya hakimiyyətinə qarşı öz barışmaz münasibətlərini dəyişdilər. Bu işdə II Nikolayın qarşısında ermənilərin maraqlarını
açıq şəkildə müdafiə edən Qafqazın yeni canişini Vorontsov-Daşkovun siyasəti də əhəmiyyətli dərəcədə rol oynayırdı. Vorontsov-Daşkov çara yazdığı məktublarında daima Cənubi Qafqazda rus hakimiyyəti ilə erməni icmasının maraqlarının üst-üstə düşdüyünü, habelə Türkiyədəki xristian-həmməzhəblərinin müdafiəsinin zəruriliyini vurğulayır, Türkiyə ilə
gözlənilən yeni müharibənin başlayacağı şəraitdə guya ki, ermənilərlə ittifaqdan Rusiyanın əldə edəcəyi faydaları geniş şərh edərək bildirirdi ki, “vaxtilə hərbi əməliyyatlar zamanı qoşunlarımıza fəal yardımları ilə bizə əvəzini ödəyən Türkiyə ermənilərinin himayə edilməsi kimi qədim rus siyasətinə qayıtmağın vaxtı çatmışdır”. (12)

Erməni millətçiləri, o cümlədən erməni din xadimləri özləri də II Nikolaya buna bənzər məktublarla müraciət edirdilər. Belə ki, Türkiyəyə qarşı daha yaxşı təşkilatlandırılmış silahlı çıxışların hazırlanması kimi nəzərdə tutduqları yeni siyasi xəttin həyata keçirilməsinin Rusiya ilə barışmadan və ittifaq yaratmadan iflasa uğrayacağı məlum idi. Bu məqsədlə
1912-ci ildə Erməni Milli Şurası və onun icraçı orqanı - Milli Büro yaradılmışdı və bu qurum da öz növbəsində dəfələrlə Rusiya hökmdarına “onun sədaqətli övladlarının” adından müraciət edərək “türklərin zülmü altında inləyən” bədbəxt qardaşlarının əzablarına son qoymaq üçün köməklik göstərilməsini xahiş edirdi. Vorontsov-Daşkovun səyləri, habelə Erməni
Milli Şurasının fəaliyyəti çox tezliklə öz nəticələrini verdi və 1913-cü ildən başlayaraq çar hakimiyyətinin tam surətdə ermənilərə himayədarlıq siyasətinə qayıtması baş tutdu. Bu siyasət Birinci Dünya müharibəsinin əvvəlində xüsusilə aydın təzahür etdi və “erməni faktorundan” Türkiyəyə qarşı istifadə etməyi qəti qərara almış Rus hakimiyyəti hər vasitə ilə ermənilərin
muxtariyyət və öz dövlətçiliyini yaratmaq haqqında gizli arzularını qızışdırmağa başladı. II Nikolayın xüsusi Bəyannaməsi bu siyasətin ən yüksək nöqtəsi hesab edilə bilər, belə ki, Rus imperatoru birmənalı şəkildə erməniləri, çoxdan gözlədikləri muxtariyyətlə cəlb edərək, Türkiyəyə qarşı Rusiyanın tərəfində fəal çıxışlara təhrik edirdi: “Ermənilər! Çarın
hakimiyyəti altında öz qan qardaşlarınızla birləşməklə, siz, nəhayət ki, azadlığın və ədalətin dadını biləcəksiniz”. (13)

Bütün səylərini onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə yönəltmiş erməni millətçilərinin II Nikolayın vədlərini nə dərəcədə ciddi qəbul etdikləri artıq “Daşnaksütun” partiyasının çara müraciətindən aydın görünürdü: “Bizim qəlbimiz elə bir güclü həvəslə dolmuşdur ki, bizim əziz vətənimizin payına düşən sınaq rus silahının yeni əzəməti və Rusiyanın Şərqdə tarixi vəzifələrinin həlli ilə başa çatsın. Qoy rus bayrağı azad şəkildə Bosforda və Dardaneldə dalğalansın. Böyük Hökmdar, qoy Sizin əzminizlə Türkiyənin əsarəti altında qalmış xalqlar azadlıq əldə etsinlər.” (14)

Lakin, hadisələrin sonrakı gedişi göstərdi ki, Birinci dünya müharibəsi dövründə Qafqaz cəbhəsində erməni silahlı qüvvələrinin rus qoşunlarına həqiqətən “fəal yardımına”, həmçinin Türkiyə və Cənubi Qafqaz ərazilərində dinc əhaliyə qarşı müstəqil, daha fəal çıxışlarına baxmayaraq, rus-erməni ittifaqı ağır itkilərdən və qanlı faciələrdən savayı nə Rusiya
dövlətinə, nə Türkiyə və Cənubi Qafqaz xalqlarına, o cümlədən ermənilərin özlərinə də heç nə vermədi. 1917-ci ildə Rusiya imperiyasının süqutu ilə Cənubi Qafqazın tarixində
daha geniş miqyaslı münaqişə və müharibələr, həqiqətən böyük tarixi sarsıntılarla səciyyələnən yeni dövr başlandı. Dünya müharibəsi başlanandan keçən üç il ərzində ermənilər bilavasitə öz məqsədlərinə – erməni muxtariyyətinin Rusiya tərəfindən tanınmasına nail ola bilməsələr də, bu məsələdə qərb siyasətçilərinin və ictimaiyyətinin fikrini öz xeyrlərinə effektiv şəkildə hazırlamağa nail olmuşdular. Bu nailiyyət sonrakı illərdəermənilərin Türkiyənin “erməni vilayətlərində” olmasa da, hər halda Cənubi Qafqazda, bir çox hallarda öz qonşularının torpaqları hesabına öz dövlətçiliyini yaratmasında mühüm rol oynayacaqdı. Lakin, müharibə 1hələ davam edirdi və erməni millətçiləri Türkiyənin geniş ərazilərində “Böyük Ermənistan” yaratmaq ümidlərindən hələ əl çəkməsələr də, artıq dərk edirdilər ki, yaranmış şəraitdə bu planların reallaşması olduqca çətinləşmişdir.


Bu məqam, onları öz fəaliyyətlərini Cənubi Qafqaza - həmin məqsədin həyata keçirilməsi üçün daha əlverişli şəraitin olduğu regiona keçirməyə vadar etdi. Belə ki, 1918-ci ilin mart ayına qədər ermənilər öz əsas niyyətlərindən birini – hələ mövcud olmayan erməni dövləti üçün Cənubi Qafqazın cənub-qərbində – Qarsda, İrəvan quberniyasında, Zəngəzurda,
Göyçədə, Yelizavetpol quberniyasının bir sıra qəzalarında və Qarabağda dinc sakinlərin – azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi surətdə qırılması yolu ilə böyük ərazilərin yerli əhalidən təmizlənməsini həyata keçirə bilmişdilər.

1917-ci ildə Rusiyada bolşevik çevrilişindən sonra erməni və gürcü hərbi hissələrinin Qafqaz cəbhəsindən çaşqın və nizamsız şəkildə geri çəkilməsi nəticəsində, buna qədər daima türk torpaqlarında yaşayan və ya rus ordusu tərəfindən ələ keçirilən türk vilayətlərində müvəqqəti məskunlaşmış yüz minlərlə erməni əhalisi yenidən Qafqaza üz tutdu və burada, Türkiyədə 1915-ci ilin məlum hadisələrindən sonra yuxarıda göstərilən məntəqələri doldurmuş erməni qaçqınlarının cərgəsinə qarışdı. “Daşnaksütun” un silahlı dəstələrinin idarə etdiyi və cəbhədən qaçmış minlərlə erməni əsgəri tərəfindən dəstəklənən qəzəblənmiş, ümidsiz vəziyyətə çatdırılmış erməni əhalisinin nəhəng axını yerli - dinc, silahsız müsəlman əhalisinin üzərinə hücum çəkərək çox qısa müddət ərzində onu öz əzəli torpaqlarından qovdu. Məsələn, 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildiyindən yerli azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldılmışdı. (15) Yuxarıda göstərilən bütün quberniya, qəza və kəndlərdə silahlı erməni dəstələrinin, həmçinin bütün bədbəxtliklərinin günahını türklər və azərbaycanlılarda görən və bu səbəbdən hər şeyə hazır olan erməni qaçqınların mövcud olması azərbaycanlıların məskunlaşdığı ərazilərin təmizlənməsi üzrə erməni millətçilərin planlarının həyata keçirilməsini xeyli yüngülləşdirmişdi. Bu baxımdan qətiyyətlə demək olar ki, gələcək Erməni dövlətçiliyinin ərazi fundamenti məhz bu dövrdə qoyulmuşdu.
1917-ci ildən sonra xüsusilə güclənmiş anarxiya, hakimiyyətsizlik və cəzasızlıq mühiti erməni millətçi qüvvələrinə azərbaycanlı əhalidən artıq təmizlənmiş ərazilərdən daha geniş sərhədlərdə nəzərdə tutduqları erməni dövlətinin yaradılması yolunda öz niyyətlərini həyata keçirmək üçün daha yeni və geniş imkanlar açırdı. Mübarizə davam edirdi, gələcək “Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll edilirdi.

* * *

1918-ci ilin əvvəlində ermənilər Bakıda kifayət qədər güclü siyasi, iqtisadi və ictimai mövqelərə malik idilər və şəhər həyatının demək olar ki, bütün sahələrində təmsil olunurdular. Bakı şəhərinin və onun ətraf kəndlərinin bütün əhalisinin sayına görə azərbaycanlı və rus əhalidən sonra ermənilər üçüncü yeri tuturdular. (16) Bakının erməni ictimaiyyətinin maraqlarını erməni aristokratiyası və elitasının demək olar ki, bütün nümayəndələrinin daxil olduğu Erməni Milli Şurası təmsil edirdi. Ermənilər ticarət, sənətkarlıq, maliyyə sahələrində nəzərəçarpacaq rol oynayır, vasitəçilik və sələmçi funksiyalarını ifa edir və hətta beynəlxalq sövdələşmələrə də müvəffəq olurdular. İşgüzar və tədbirli erməni burjuaziyası hələ Bakıda neft hasilatının yüksəlişinin ilk çağlarında neftlə zəngin ən yaxşı əraziləri ələ keçirməyi bacarmış və Bakının neft sənayesində imtiyazlı mövqe tutmağa nail olmuşdu. Təsadüfi deyil ki, bu sahədə əsas təşkilata – Neft Sənayeçiləri Qurultayı Şurasına erməni burjuaziyasının nümayəndələri rəhbərlik edir, onun “çoxsaylı müəssisələrində
bütün vəzifələri də erməni mühəndisləri, həkimləri, kontorçuları, hesabdarları və s. tuturdular”. (17)

Ermənilər şəhər hakimiyyətinin bütün sahələrində və orqanlarında da aparıcı mövqelərə malik idilər. Bakıdakı erməni kilsəsi “ermənilər üçün rəsmi dövlətçiliyi müvəffəqiyyətlə əvəz edən xüsusi teokratik qurum” olan “Eçmiadzin”in eyni funksiyalarını icra edirdi. (18) Bakıda bütün erməni siyasi partiya və təşkilatlarının, o cümlədən “Daşnaksütun”un yerli təşkilatları fəaliyyət göstərirdilər. Bundan əlavə ermənilər demək olar ki, bütün rus siyasi partiyalarının - ən müxtəlif cərəyan və istiqamətli - yerli təşkilatların üzvü idilər. Onlar xüsusilə bolşevik təşkilatında, o cümlədən Bakı Sovetinin özündə güclü şəkildə təmsil olunurdular, Bakı Sovetinin özünə isə erməni Stepan Şaumyan başçılıq edirdi. Bu, ilk baxışda subyektiv sayılan amil, son nəticədə, 1918-ci ilin martında törədilmiş azərbaycanlı qırğınlarında kifayət qədər həlledici rol oynayacaq. O dövr üçün artıq tanınmış bolşevik lideri olan S.Şaumyan xalqların
öz müqəddəratını təyin etmə hüququ kimi marksist prinsipinə qarşı son dərəcə barışmaz mövqeyi ilə seçilir, hətta bu prinsipin sadəcə olaraq rəsmən elan edilməsinə qarşı çıxış edirdi. Məhz bu mövqeyinə görə V.İ.Lenin onu hələ 1914-cü ildə tənqid etmişdi: “Rus marksistinə erməni toyuq satanın fikirləri üzərində dayanmaq ayıb deyilmi? …erməni cahilliyi
üzündən Siz purişkeviçlərin və onların millətçiliyinin əlaltılarına çevrilirsiniz”. (19)


Mart hadisələri ərəfəsində “Bakinski raboçiy” qəzetinin 15 mart 1918- ci il tarixli sayında V.İ.Leninin milli məsələdə mövqeyinə görə Şaumyanı kəskin tənqid edən məktubu dərc olunmuşdu. Lakin tezliklə məlum oldu ki, xalqlara muxtariyyət verilməsi məsələsində S.Şaumyanın son dərəcə barışmaz mövqeyi yalnız digər xalqlara, o cümlədən Azərbaycan xalqına
münasibətdə əks olunurdu. Öz doğma erməni xalqına gəldikdə isə, bu “rus marksistinin” siyasi görüşlərində milli maraqlar sinfi maraqları üstələyirdi. Təsadüfi deyildir ki, rus qoşunları tərəfindən müvəqqəti işğal edilmiş Türkiyə ərazilərində erməni muxtariyyətinin yaradılması planının həyata keçirilməsi üzrə tapşırığı məhz Şaumyan yerinə yetirməli idi.
V.İ.Lenin və İ.V.Stalin tərəfindən imzalanmış 29 dekabr 1917-ci il tarixli “Türk Ermənistanı haqqında dekretdə” Rusiya Xalq Komissarları Soveti erməni xalqına elan edirdi ki, “Rusiya Fəhlə və Kəndli hökuməti Rusiyanın işğal etdiyi “Türk Ermənistanı” ermənilərinin öz müqəddəratını təyin etmə hüququnu dəstəkləyir”. Lenin tərəfindən Qafqaz işləri üzrə
fövqəladə komissar təyin edilmiş Şaumyana isə şəxsən “məzlum erməni xalqının əsrlər boyu gözlədiyi milli ideyaların həyata keçirilməsi üçün” erməni təşkilatlarına hər bir köməkliyi göstərmək” həvalə olunurdu. (20)

Beləliklə, Rusiya hakimiyyəti - çar hökuməti olmasa da, bolşevik hökuməti - 29 dekabr 1917-ci il tarixli dekreti ilə nəhayət ki, Ermənistana Türkiyə ərazisində çoxdan gözlənilən muxtariyyət verdi və onu yaratmağı Qafqazın yeni bolşevik “canişininə” – “rus marksisti” və “erməni xalqının sadiq oğlu” Stepan Şaumyana tapşırdı. Lakin, bu “muxtariyyətin” həyata
keçirilməsi üçün həmin dövr nə bolşeviklərin, nə də Şaumyanın erməni milli qüvvələrinin və “Daşnaksütun”un bütün hərbi imkanları nəzərə alınmaqla belə, heç bir real hakimiyyəti və qüvvəsi yox idi. Rusiyanın özü vətəndaş müharibəsi, anarxiya və hərc-mərclik məngənəsində çapalayırdı, ölkənin təsərrüfatı tam bərbad və pozulmuş halda idi, Bakı nefti “Rusiyanın bütün fabrik-zavod sənayesinin və nəqliyyatının əsas damarını” təşkil edirdi (21); Moskvadan gələn göstərişlərdə Şaumyandan bütün Cənubi Qafqazda bolşevik hakimiyyətinin ölüm-dirim məsələsinin həll edildiyi Bakının özündə Sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün həlledici addımlar atılması tələb olunurdu. Təsadüfi deyil ki, məhz bu dövrdə bolşevik liderləri ən ciddi şəkildə Bakının və Bakı quberniyasının digər Xəzəryanı ərazilərinin Azərbaycandan təcrid edilməsi və daha sonra Rusiya Federasiyasının tərkibinə daxil edilməsi planlarını işləyib hazırlayırdılar. Bakının Azərbaycandan təcrid edilməsi ideyası “Daşnaksütun” partiyası üçün də sərfəli idi, çünki bu, Cənubi Qafqazda Bakı və Yelizavetpol quberniyalarının ərazilərinin gələcək erməni dövlətinin tərkibinə daxil edilməsinə dair onun öz planlarının həyata keçirilməsini yüngülləşdirirdi. (22)


Bakının erməni millətçilərinin və özəyi də ermənilərdən ibarət olan bolşevik təşkilatlarının “Müsavat” partiyası başda olmaqla müstəqilliyə can atan Azərbaycan milli qüvvələrinə qarşı münasibətdə də mövqeləri üst-üstə düşürdü. Az sonra onların Bakıda Azərbaycan milli qüvvələrinin darmadağın edilməsində və bu qüvvələrin sosial bazasının – müsəlman
əhalisinin məhv edilməsində də tamamilə həmrəy olduqları aydınlaşdı. Belə ki, 1918-ci ilin fevralında “Bakinski raboçiy” qəzetinin səhifələrində açıq-aşkar “Azərbaycan muxtariyyətini arzu edən müsavatçılar bir yığın xarabalıqlar əldə edəcəklər” kimi bəyanat verən Şaumyanı (23) Azərbaycanı həmin “xarabalıqlar yığınına” çevirməli olan və təcili surətdə ordu
toplayan Erməni Milli Şurası tam dəstəkləyirdi. Erməni ordu korpusunun təşkili və erməni döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroqradda olan yüksək rütbəli erməni hərbiçiləri məşğul olurdular. Məsələn, erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar, avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi.
1918-ci il fevralın 6 və 7 –də keçmiş Rusiya ordusunun generalları İvan Baqramyan və Akop Baqratuni, həmçinin “Daşnaksütun” partiyasının yaradıcılarından biri Stepan Zoryan (Rostom) Bakıya gəlmişdilər. (24)

Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan silahlı vuruşlarda onlardan istifadə etməyə cəhd göstərən Erməni Milli Şurası 1918-ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə” çağırış ilə müraciət etdi və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa və erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə
tətbiq etmək üçün hazır olmağa çağırdı. (25)

Eyni zamanda Bakı Sovetinin Qızıl Ordusunun mövcud və yeni hissələrinin formalaşdırılması işi gedirdi, ordu sıralarına çağırışla Avakyan məşğul olurdu. Nəticələr kifayət qədər səciyyəvi idi: “Qırmızı qvardiya” adı altında yaradılmış 10-12 minlik ordunun 70 faizini ermənilər təşkil edirdi. (26) Qızıl Ordunun qərargah rəisi, çar ordusunun polkovniki, daşnak
birləşmələrinin komandanı və “Daşnaksütun” partiyasının üzvü Z.Avetisov, briqada və birləşmiş dəstələrin komandirləri – çar ordusunun polkovniki Kazarov, türk-müsəlman əhalisinə qarşı öz vəhşilikləri ilə məşhur olan Amazasp, A.Əmirov və digərləri idi. Beləliklə, 1918-ci ilin martında Şaumyanın özünün şəhadətinə görə artıq bolşeviklərin sayı “təxminən
6 min nəfər” olan hərbi hissələri, “Daşnaksütun”un isə “3-4 minlik milli dəstələri” var idi ki, onlar da həmçinin bolşeviklərin sərəncamına verilmişdi. (27) Qızıl Ordu və erməni birləşmələri silahla bağlı çatışmazlığ hiss etmirdilər, çünki Sovet hökumətinin adına İrandan və Orta Asiyadan daxil olan bütün silah və sursatlar bolşeviklərə və daşnaklara təhvil verilirdi. Bununla kifayətlənməyən S.Şaumyan İ.Stalinə ünvanladığı 16 mart 1918-ci il tarixli məktubunda RSFSR XKS-dən Qafqaz Ordusunun Hərbi- inqilab komitəsinin ehtiyacları üçün 10 milyon rubl ayrılmasını xahiş edirdi. (28) Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin zavodları, habelə Bakıdakı erməni kilsəsinin zirzəmiləri erməni silahının
mərkəzi silah anbarına çevrilmişdi .


Beləliklə, bolşeviklər və daşnaklar bütün partiyalararası, siyasi və ideoloji ziddiyyətləri kənara qoyaraq Bakıda hərbi-siyasi ittifaq bağladılar və bütün güclərini “Müsavat” başda olmaqla Azərbaycan milli hərəkatına və bütün müsəlman əhalisinə qarşı yönəltdılər.

Artıq mart hadisələrindən sonra, baş vermiş faciənin ağlasığmaz miqyasları qarşısında hər hansı açıqlama verməyə məcbur olan Stepan Şaumyan etiraf edirdi ki, “Daşnaksütun”un iştirakı “vətəndaş müharibəsinə bir qədər milli qırğın xarakteri vermişdir. Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. … Əgər onlar Bakıda üstün
gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”. (29)

“Daşnaksütun” partiyasının o vaxtkı liderlərindən biri olan Ovanes Kaçaznuni isə mart hadisələrində erməni birləşmələrinin iştirakına bu səbəbdən bəraət qazandırırdı: “Bakıda erməni əhalisinin təhlükəsizliyi nöqteyi-nəzərindən “Müsavat” diktaturası ilə müqayisədə bolşeviklərin diktaturası daha çox məqbul idi”. (30) Sözsiz ki, bu izahlar bolşeviklərlə daşnakları birləşdirən səbəblərin kiçik bir hissəsini əks etdirirdi, lakin ittifaq baş tutmuşdu və 1918-ci ilin martında Bakıda qeyri-mütəşəkkil, hazırlıqsız azərbaycanlı kütlələrinə qarşı artıq nizami hərbi bolşevik-erməni silahlı birləşmələri dururdu. Həmin vaxt müsəlmanların yeganə hərbi birləşməsi könüllülərdən təşkil edilmiş və Lənkəranda yerləşən “Vəhşi diviziya” adlanan müsəlman diviziyası idi və bolşevik rəhbərləri yaranmış ilk fürsətdən istifadə edərək, birinci zərbəni ona qarşı yönəltdilər. 1918-ci il martın 9-da general Talışinskinin başçılıq etdiyi Azərbaycan diviziyasının qərargahı Tiflisdən Bakıya gəldi. Qərargahın rus zabitlərinin arasında guya ki, əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olduğunu bəhanə edərək, müsəlman diviziyasının bütün qərargahı Şaumyanın göstərişi ilə Bakı Soveti adından birbaşa vağzalda həbs edildi. “Müsəlman qərargahının həbsi ilə ermənilər müsəlmanları bolşeviklərə və təbii ki, ermənilərə qarşı silahlı üsyana təhrik etməyə çalışırdılar... Müsəlmanlar üsyana qalxmadılar”, (31) hərçənd bu həbs təkcə Bakıda deyil, digər qəzalarda da azərbaycanlı əhali arasında böyük narazılığa səbəb oldu.

Amerikalı tarixçi Firuz Kazımzadənin fikrincə, “Talışınskinin azad edilməsi münaqişəni ləğv edə bilərdi”, belə ki, “Şaumyan daha az təşəbbüskar və inadkar olsaydı” və diplomatiyanı öyrənmək barədə Leninin məsləhətinə əməl etsəydi, qırğının qarşısını ala bilərdi. Qeyd olunmalıdır ki, həmin günlər Şaumyan Lenindən diplomatiyanı öyrənmək tövsiyə
edilən teleqram almışdı. Əslində “Leninin diplomatiya barəsində məsləhəti daha çox ehtiyatlı və daha az iddialı olmaq xəbərdarlığından savayı bir şey deyildi”. (32) Lakin Şaumyanın bu dövr bütün diplomatiyası müsəlmanları çıxış etməyə vadar edəcək və onlara qarşı silahlı mübarizənin başlanmasına bəhanə verəcək yeni təxribatın təşkil edilməsinə yönəlmişdi. Tezliklə belə bəhanə yarandı.

Mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərindən ibarət kiçik bir dəstə öz xidməti yoldaşları, müsəlman diviziyasının zabiti - Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak olmuş oğlu Məhəmməd Tağıyevin cənazəsini müşayiət edərək və onun
dəfnində iştirak etmək üçün “Evelina” gəmisində Lənkərandan Bakıya gəldi. Dəfndən sonra, martın 29-da Lənkərana geri qayıtmağa hazırlaşan dəstə guya ki, şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşısını almaq istəyən bolşeviklər tərəfindən saxlanıldı və tərksilah edildi. Şəhərdə bir neçə min nəfərlik erməni və qızıl ordu hissələri olduğu halda
48 nəfərdən ibarət silahlı müsəlman dəstənin istəsə belə, heç nə edə bilməyəcəyi nəzərə alınmadı. Əksinə, müsəlmanların yeganə silahlı dəstəsinin şəhərdən dinc şəkildə çıxıb getməsinin qarşısının alınması bolşeviklərin azərbaycanlıları cavab verməyə təhrik etmək və beləliklə onlara qarşı əsl müharibəyə başlamaq niyyətini büruzə verirdi.


Bu dəfə təxribat baş tutdu. Onsuz da Lənkərana getməyə hazırlaşan azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdə mənzillərə yerləşdirilmiş minlərlə silahlı erməni birləşmələri qarşısında faktiki olaraq silahsız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərin azərbaycanlı əhalisinin qəzəbinə səbəb oldu. 1918-ci il martın 30-da səhər şəhərin müxtəlif hissələrində
azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlandı.

Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qaytarılmasını, və yaxud eyni zamanda Bakıda erməni hərbi birləşmələrinin tərksilah edilməsini tələb edirdilər. Azərbaycan milli elitasının və siyasi qüvvələrinin nümayəndələrinin şəhərdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə təsirsiz qaldı. (33) Müsavatçıların “Açıq söz” qəzeti müsəlman əhalisinə emosiyalara qapılmamaq çağırışı ilə müraciət etdi, amma bütün bunlara baxmayaraq müharibə başlandı. (34) Şəhərin müsəlman əhalisinin azərbaycanlılara mənsub olan ictimai binalarının qarşısında və müsəlman məhəllələrində qeyri-mütəşəkkil şəkildə səngərlərin qazılması və “bir mauzerlə və beş patronla” “top və pulemyotlara” cavab verilməsi (35) ilə ifadə edilən müqaviməti bir sutkadan da az müddətdə davam etdi. Şəhərin mərkəzi və istisnasız olaraq bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı hücumuna və aeroplanlardan bombardmana məruz qaldı. Xəzər donanmasının sahilə gətirilmiş gəmiləri isə öz toplarını onlara tuşlayaraq fasiləsiz atəşə tutdu. 1918-ci il martın 31-də azərbaycanlı əhalinin nümayəndələri köməksiz müsəlmanların qırğınına son qoyulması xahişi ilə Bakı Sovetinə, şəxsən Şaumyana müraciət etdilər və tam təslim əlaməti olaraq ağ bayraqlar qaldırdılar. Azərbaycanlıların təslim olması ilə kifayətlənməyən bolşeviklər və daşnaklar “Müsavat”a və Müsəlman Milli Şurasına ultimatum təqdim etdilər. Ultimatumda müsəlmanlardan “açıq şəkildə və qeyd-şərtsiz Bakı Sovetinin hakimiyyətini tanımaq, azərbaycanlıların “Vəhşi diviziya” adlanan hərbi hissəsinin Bakı və onun ətraf kəndlərindən kənara çıxarmaq, həmçinin Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yolunu açmaq kimi təcili tədbirlərin görülməsi tələb edilirdi”. (36)


“Bu tələblərdən bəziləri bilərəkdən absurd xarakter daşıyırdı. Məsələn, azərbaycanlılar və onların siyasi təşkilatları hətta istəsələr belə, Bakı-Petrovsk dəmir yolunun fasiləsiz fəaliyyətini təmin edə bilməzdilər, çünki onlar bu dəmir yoluna bütün məsafə boyu nəzarət etmirdilər. O ki qaldı azərbaycanlı hərbi qulluqçuların Bakının ərazisindən çıxarılmasına,
məhz Bakı Sovetinin bolşevik-daşnak liderləri özləri mart hadisələri ərəfəsində onlara şəhərin hüdudlarını tərk etməyə imkan verməmişdilər”. (37) Bununla belə, qan tökülməsinin dayandırılması və şəhərin dinc azərbaycanlı əhalisinin həyatının mühafizəsi xətrinə ultimatum elə həmin gün “Müsavat” rəhbərliyi tərəfindən qəbul edildi. Lakin, “elan edilmiş barışığa” baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsi, yanğınlar törədilməsi, yollarda və şəhər ətrafı kəndlərdə erməni silahlı quldur dəstələri tərəfindən insanların məhv edilməsi davam edirdi. Bütün bu hallara göz yuman Bakı Soveti rəhbərliyi isə davamsız olaraq yeni tələblər irəli sürürdü. Bakıdakı İran konsulunun da hadisələrin gedişinə müdaxilə etməyə və sonradan məlum olduğu kimi, mart hadisələri qurbanlarının arasında çoxlu sayda onun da həmvətənlərinin – İran vətəndaşlarının həlak olduğu qırğının qarşısını almağa yönəlmiş səyləri heç bir nəticə vermədi.

Qeyd olunmalıdır ki, 1918-ci ilin əvvəlində yalnız Bakı və onun ətraf kəndlərində 70 minə yaxın əksəriyyəti etnik azərbaycanlı olan İran vətəndaşları işləyir və yaşayırdı. İstər sayına, istərsə də şəhərin sosial-iqtisadi həyatının müxtəlif sahələrində tutduqları mövqeyə görə onlar Bakı cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Kifayət qədər fəal və
işgüzar bir insan olan İran konsulu Məhəmməd Said-əl Vəzarə Marağayi isə şəhərin rəsmi və ali dairələrə daxil olan tanınmış və hörmətli xarici diplomatlardan biri hesab olunurdu. O, Azərbaycan və rus dillərini yaxşı bilir, yerli adamlarla öz dillərində danışır və nitqlər edirdi. İran vətəndaşlarının arasında İranla Qafqaz şəhərləri arasında ticarətin ayrı-ayrı
sahələrinə nəzarət edən və Bakıda öz kontorları, daşınmaz əmlakı, mağazaları və s. olan milyonçular, iri və orta tacirlər zümrəsi var idi. Çoxsaylı xırda iranlı tacirlər də şəhərin ticarət həyatında əhəmiyyətli rol oynayırdılar. Bu əhali qrupunun daha böyük hissəsi isə neft sənayesində, əsasən, qara fəhlə işləyirdi. Eyni zamanda şəhərdə yüzlərcə bədbəxt, yaşamaq
üçün hər növ vəsaitdən məhrum olan və Bakının küçələrində dilənçi həyatı keçirən “iranlılar” var idi. Tamamilə aydındır ki, Bakının mərkəzi küçələrini və yaşayış məhəllələrini əhatə edən 1918-ci il qanlı mart hadisələri İran vətəndaşlarının özlərindən, eləcə də onların əmlakından yan keçə bilməzdi. Təsadüfi deyil ki, küçə döyüşlərinin və atışmalarının
ilk qurbanları əksər hallarda məhz bu evsiz-eşiksiz insanlar, “Əlahəzrət İran şahının” təbəələri oldular. Hadisələrdən az sonra həm İranda, həm də Bakıda çıxan İran qəzetləri bu haqda dəfələrlə yazmaqla, əsas günahı öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi bacarmamış İran konsulunda görürdülər. Halbuki, mart hadisələrinin ikinci günü erməni quldurlarından
gizlənən yüzdən artıq İran vətəndaşlarının sığınacaq tapdığı İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən ələ keçirilmiş, konsulun özü, konsulluğun əməkdaşları ilə birlikdə əsir götürülmüşdü. Yalnız Məhəmməd Said-əl Vəzarənin Bakı Sovetinə dəfələrlə müraciətindən sonra əsir İranlı vətəndaşları azad etmək mümkün olmuşdu və bu zaman konsulun özü də daxil olmaqla bu insanlara konsulluğun binasını tərk etməmək əmri verilmişdi. (38) Lakin bolşeviklərin xəbərdarlığına baxmayaraq, İran konsulu bir neçə rus dənizçisi ilə birlikdə Bakının küçələrinə çıxaraq, müsəlmanların müdafiə olunduğu İçəri Şəhər Qalasına gəlmiş və Qalanı toplardan atəşə tutan Xəzər donanmasının rus əsgər və matrosları tərəfindən hərbi əməliyyatların dayandırılması üçün həqiqətən çox səy göstərmişdi. (39) Lakin, Said-əl Vəzarənin bolşeviklərlə danışıqları zamanı “günahsız müsəlman, qadın və uşaqlara qarşı vəhşiliklərin dayandırılması”, habelə “müharibədə iştirak etməyən yüzlərlə İranlı vətəndaşların ölümünə səbəb olan şəhərin bombalanmasına dərhal son qoyulması” kimi tələbləri eşidilməmiş qalmışdı. (40)


Son nəticədə müsəlmanların kütləvi qırğını azərbaycanlılarla barışığa rəsmi şəkildə razılaşmış Bakı Soveti tərəfindən deyil, aprelin 2-də (21 martda) 36-cı Türküstan alayının qətiyyətli tələbi və artıq vəziyyəti başa düşmüş Xəzər rus dənizçilərinin əks təqdirdə Bakı Sovetinin tabeçiliyindən çıxmaq hədələri sayəsində dayandırıldı: “Dənizçilər əgər ermənilər
müsəlman qırğınlarını dayandırmazsa, şəhərin erməni hissəsinə toplardan atəş açacaqları ilə hədələdilər, “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanlara yaxınlaşdı”. Həmçinin “dörd dəhşətli gündən” sonra İcraiyyə Komitəsinin sədri Caparidzenin “ciddi müdaxiləsi” də öz nəticəsini verdi. (41)


1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etdi, lakin onun üç günü görünməmiş amansızlıqla qəddarlıq və azğınlıq edən daşnak dəstələri tərəfindən şəhərin azərbaycanlı- müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə kütləvi xarakteri ilə səciyyələnirdi. Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhər kənarı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silahlı
dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar. “Həmin günlərdə Bakının küçələrində və onun ətraf kəndlərində 1917- ci ilin fevralında Petroqradda döyüşlər və ya oktyabrda “qansız” bolşevik çevrilişi zamanı ölənlərdən daha çox adam həlak olmuşdu. Əgər qurbanların sayı nəzərə alınarsa, mart hadisələri rus inqilabı dövründə ən dəhşətli epizodlardan biri olmuşdur”. (42)

Mart hadisələri zamanı həlak olanların dəqiq sayını müəyyən etmək, təbii ki, mümkün deyil, xüsusilə hadisələrin ilk 3-4 günü ərzində bolşevik- daşnak dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izn vermədikləri nəzərə alınarsa. Meyitlərin sayı isə o qədər çox idi ki, onların şəhərin küçə, həyət və evlərindən yığışdırılması bir neçə gün davam etmiş və bu iş müxtəlif şəxslərdən ibarət ayrı-ayrı dəstələr tərəfindən görülmüşdür. Sənədlərdən aydın olduğu kimi, müsəlmanların çoxlarının meyitləri həm hadisələrin baş verdiyi günlərdə, həm də sonradan ermənilər tərəfindən yanan evlərin içindəki alova, quyulara və dənizə atılırdı. Təsadüfi deyil ki, mart hadisələrinin gedişində həlak olanların sayına dair bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif rəqəmlər göstərilir. Məsələn, S.Şaumyan özü mart hadisələrinə siyasi qiymət verməyə ilk cəhd edənlərdən biri olmaqla, bu hadisələri “vətəndaş müharibəsi” kimi səciyyələndirərək, aprelin 13-də Moskvaya göndərdiyi hesabatında “hər iki tərəfdən qətlə yetirilənlərin sayının üç mindən artıq” olduğunu göstərirdi. (43) Ermənilər özləri bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında hakimiyyət uğrunda mübarizə kimi qələmə verirdi və erməni yepiskopu Baqrat iddia edirdi ki, guya qanlı mart günlərində cəmi min nəfər: 300 erməni və rus, 700 müsəlman öldürülmüşdür. (44) Yepiskop Baqratın bu məsələlərdə mövqeyi aşağıda daha ətraflı nəzərdən keçiriləcəkdir. Artıq qeyd edildiyi kimi, mart faciələri günlərində həlak olmuş müsəlmanların arasında çoxlu sayda İran vətəndaşları var idi və İran qəzetləri hadisələrdən sonra dərhal vətənə qayıtmağa müvəffəq olmuş öz vətəndaşlarının son məlumatlarına istinad edərək, iddia edirdilər ki, “müharibənin 3-4 günü ərzində 2000 nəfər qətlə yetirilmiş və onlardan 500 nəfərdən çoxu iranlılar olmuşdur”. Həmçinin qeyd edilirdi ki, həlak olanların arasında İran konsulunun 21 yaşlı qardaşı da var idi. (45) Lakin konsul Məhəmməd Said Marağayi sonralar başqa bir rəqəm gətirərək yazırdı ki, “yalnız onun tərəfindən təşkil edilmiş komissiya tərəfindən küçə və həyətlərdən 5000-dən artıq qətlə yetirilmiş müsəlman, iranlı və qeyriiranlıların meyitləri toplanmış və dəfn edilmişdi.” (46)

M.Ə.Rəsulzadə, baş vermiş faciəni milli qırğın kimi səciyyələndirərək göstərirdi ki, məhv edilmiş müsəlmanların sayı 10 min nəfərə çatmışdı, və onların böyük hissəsini fəhlələr və aralarında minlərlə qadın, uşaq və silah daşıya bilməyən adamların olduğu əhalinin kasıb təbəqələri təşkil edirdi. (47) Artıq mart hadisələri araşdırıldıqdan sonra Fövqəladə Təhqiqat Komissiyasının ümumiləşdirilmiş məruzəsinə əsasən, həlak olmuş yalnız türk-müsəlman əhalisinin daha çox ehtimal olunan sayı səsləndirilmişdi: 11 min nəfər. Az sonra daha dəqiq rəqəm – 12 min nəfər –göstərilmişdir. (48)


Azərbaycanlılara qarşı vəhşiliklərin dəhşətli miqyası həmin dövrdə şəhərdə fəaliyyət göstərən siyasi partiyaların heç birini biganə qoymamış, həmçinin mülki əhali və digər xalqların nümayəndələrində xüsusilə ağır təəssürat yaratmışdı. Menşeviklərin “Naş qolos” (Bizim səsimiz) qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül
olmuş, doğranmış, eybəcər hala salınmış… “Təzə pir” məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdir… Patrul 6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi.. Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir
ki, onların qarşısını almaq elə də asan olmayacaq.” (49) Azərbaycanlılara və “Müsavat” partiyasına heç bir rəğbəti olmayan bu qəzet də mart hadisələrini milli qırğın kimi qiymətləndirirdi və məhz bu mövqeyinə görə - “hadisələrə həqiqətə uyğun olmayan qiymət verdiyi və açıq-aşkar qərəzli məqalələr” nəşr etdiyi üçün “İnqilabı müdafiə komitəsinin” qərarı ilə dərhal bağlandı. (50)

Bütün azərbaycanlılar – sol təmayüllü müxtəlif partiyaların üzvləri və bolşeviklərin ideya müttəfiqləri də bolşevik-daşnak dəstələrinin müsavatçılarla mübarizə bəhanəsi ilə faktiki olaraq məqsədyönlü şəkildə dinc azərbaycanlı əhalisini məhv etdiyini anlayır və etiraf edirdilər. Azərbaycanlı bolşevik S.M.Əfəndiyev yazırdı ki, mart hadisələri zamanı “daşnaklar
yalnız müsavatçıları deyil, ümumiyyətlə bütün müsəlmanları qırırdılar … Hadisələrin gedişi elə vəziyyət yaratmışdı ki, Sovetin başında duran yoldaşlar – Şaumyan, Caparidze və başqaları, özləri daşnakların əsirinə çevrilmişdi”. (51) N.Nərimanov Şaumyana və Caparidzeyə yazdığı məktubunda qeyd edirdi ki, “bu hadisələr Sovet hakimiyyətini ləkələmiş və onu
gözdən salmışdır”, (52) azərbaycanlıların “Hümmət” təşkilatının qəzeti isə yazırdı: “Biz, bolşevik olmaqla, eyni zamanda müsəlman yoxsullarının nahaq yerə axıdılan qanının cəzasız qalmasına imkan vermərik. Biz bütün gücümüzlə müsəlmanlara qarşı törədilən bütün o alçaqlıqları aydınlaşdırmağa çalışacağıq”. (53)

Bununla bərabər, S.G.Şaumyan, hakimiyyətini bolşevik “Hümmət”in də qəbul etdiyi Bakı Sovetinin rəhbəri kimi, “müsəlmanlara qarşı alçaqlığın törədilməsində” şəxsən özünün və başçılıq etdiyi orqanın birbaşa rolunu heç gizlətmirdi və üstəlik, onu “erməni polkunun köməyindən istifadə etməyə” “vadar etmiş” əsas səbəbi açıq şəkildə göstərirdi: “Şəhərimizin
milli tərkibi bizi qorxudurdu. Biz qorxurduq ki, mübarizə arzuolunmaz çalar ala bilər”. “Vətəndaş müharibəsi nəticəsində yoxsul və evsiz- eşiksiz müsəlmanlar kütləsinin zərər çəkdiyini” etiraf etməyə məcbur olmasına baxmayaraq, Şaumyan elə oradaca qeyd edirdi: “... qələbə isə o qədər böyükdür ki, bu, gerçəkliyə az kədər gətirir”. (54) Lakin gerçəklik əslində o qədər qanlı və faciəli idi ki, heç kimi - nə Azərbaycan əhalisinin geniş təbəqələrini, nə də qonşu İranı, Türkiyəni, Türküstanı, Mərkəzi Asiyanı, Rusiyanın müsəlman hissəsini etinasız
qoya bilməzdi. Ermənilər və bolşeviklər tərəfindən Bakıda dinc müsəlman əhalisinin kütləvi şəkildə qırılması bu ölkələrin ictimaiyyətində hədsiz hiddət oyatmışdı. Bütün Bakı cəmiyyəti, o cümlədən həmin “dəhşətlə dolu” günləri yaşamış qeyri-müsəlman əhali kimin təqsiri üzündən “tamamilə dinc bir şəhərdə belə bir şeyin necə baş verdiyini” aydınlaşdırmağa çalışaraq, mart qırğınlarını ən qızğın şəkildə müzakirə edirdi. Mübarizə aparan siyasi qüvvələrin özləri isə – bir tərəfdən bolşevik- erməni ittifaqı, digər tərəfdən “Müsavat” – artıq qanlı hadisələrin
başlandığı andan bir-birini əhalinin ayrı-ayrı hissələri arasında silahlı qarşıdurma yaratmaqda ittiham edirdilər. Bu zaman “Cənubi Qafqazın müqəddəratı həll olunurdu …Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi... Müsəlman əksinqilabçı ünsürləri bütün Zaqafqaziyada vəziyyətə hakim ola bilərdilər. Əgər onların siyasi
məqsədi – Zaqafqaziyanı Rusiyadan ayırıb Türkiyə protektorluğuna tabe etdirmək məqsədi nəzərə alınarsa – aydındır ki, Bakıda onlar qalib gəlsəydilər, Zaqafqaziya Rusiya üçün itirilmiş olardı” – deyən S.G.Şaumyan açıq şəkildə etiraf edirdi: “Biz bunu dəf etməli idik və biz ilk fürsətdən, atlı dəstəmiz üzərinə ilk silahlı hücum cəhdindən istifadə edərək bütün
cəbhə boyu hücuma başladıq”. (55)


Artıq təkcə bu etirafın özü “Müsavat” partiyasının mart hadisələrini törətməkdə ittiham olunmasını əsassız edir. Bu cür ittihamların əsassızlığını partiyanın lideri Məmməd Əmin Rəsulzadə də məntiqlə sübut edirdi: “Mart hadisələrində “Müsavat”ı günahlandırırdılar. Bu tamamilə əsassız idi, çünki müharibənin elan edilməsi üçün hər hansı fiziki qüvvəyə
malik olmaq lazım idi ki, bu da “Müsavat”da yox idi”. (56) Mart hadisələri ərəfəsində azərbaycanlıların, o cümlədən “Müsavat”ın Bakıda və onun ətraf kəndlərində hər hansı iri hərbi birləşmələrinin olmadığı, sonralar 1918-ci ilin martında baş vermiş hadisələrin mahiyyətini araşdıran ilk sovet təhqiqatçıları da, tamamilə qərəzli mövqelərinə baxmayaraq, təsdiq
edirdi. Məsələn, “Qırmızı Professura” institutunun məzunlarından biri Y. Ratqauzer özünün 1927-ci ildə dərc edilmiş əsərində yazırdı ki, ...“Müsavat” partiyasının rəhbər özəyi martın 18 (30) –də döyüşün başlanacağını gözləmirdi… Rayonlarda olan müsavatçı hərbi qüvvələr vaxtında şəhərə gətirilməmişdi. Həmin gün şəhərdə “Müsavat” partiyasının nizami hərbi hissələri yox idi, yalnız qeyri-mütəşəkkil quldur dəstələri vardı, onlar da çox vaxt ümumi rəhbərlik olmadan hərəkət edirdilər”. (57)

Diqqətəlayiqdir ki, Bakıda mart hadisələrini yaşamış Britaniya konsulu Ronald Mak Donell mart hadisələrində erməni millətçi qüvvələrinin xüsusi rolunu qeyd edir və hesab edirdi ki, ermənilər olmasaydı, bolşeviklər heç vaxt müsəlmanlarla belə davranmağa cürət etməzdilər: “4 gündən sonra müsəlman gəmisinin tərksilah edilməsi səbəbindən bolşeviklərlə
müsəlmanlar arasında münaqişə başladı, bu da mart qırğınları ilə nəticələndi. Ermənilər bolşeviklərlə birləşdilər və demək olar ki, müsəlmanları Bakıdan sıxışdırıb çıxardılar.


Bu vaxt mən Erməni Milli Şurası qarşısında öz etirazımı bildirmişdim və indi də iddia edirəm ki, müsəlmanlara qarşı mübarizədə bolşevikləri dəstəkləməklə, onlar öz tarixlərində ən böyük səhvlərdən birini etmişlər... Bu siyasətə görə bütün günahı erməni siyasi təşkilatı “Daşnaksütun”un üzərinə qoymaq lazımdır. Ermənilərin dəstəyi olmasaydı, bolşeviklər heç vaxt müqavimət göstərən müsəlmanlara qarşı əməliyyatlara başlamazdılar”. (58)


İranın Bakıdakı konsulu Məhəmməd Said-əl Vəzarə Marağayi də, həmin günlərdə aralarında minlərlə İran vətəndaşlarının olduğu müsəlmanlara qarşı zorakılığın qarşısının alınmasında fəal iştirak etməklə, bu hadisələri yerli müsəlman əhalisinin erməni silahlı qüvvələri tərəfindən qızışdırılan milli qırğını kimi xarakterizə edirdi. (59) Bununla yanaşı, M.Ə.Rəsulzadə açıq şəkildə etiraf edirdi ki, “Müsavat” partiyasının məhz Azərbaycanın muxtariyyəti ideyasını müdafiə etməsinin mart hadisələrinə gətirib çıxarması kimi ittihamlar qismən həqiqətə uyğundur: “Əgər biz azadlığımızın düşmənləri qarşısında itaətkarcasına başımızı əysəydik, bəlkə də, bu hadisələr olmazdı. Lakin biz bunu edə bilməzdik. Biz o dövr açıq şəkildə Azərbaycan üçün muxtariyyət tələb edirdik. Bununla da biz düşmənlərimizin sayını artırırdıq. Bizim düşmənlərimiz deyirdi ki, Azərbaycanın muxtariyyətini yalnız bəzi şəxslər öz maraqları üçün arzulayırlar və bu, bütün Azərbaycan xalqının arzusu deyildir. Lakin onlar çox yaxşı bilirdilər ki, xalq “Müsavat” ın ardınca gedir. Onlar, bizimlə mübarizə aparmaqla, Azərbaycan xalqı ilə mübarizə aparırdılar”. ( 60) M.Ə.Rəsulzadənin bu etirafı, əslində 1918-ci ilin mart hadisələrinin xarakterini səciyyələndirir ki, bu məsələdə mübarizə aparan tərəflərin mövqeyi ən ciddi şəkildə ziddiyyət təşkil edirdi. Burada qeyd etmək lazımdır ki, faktlar, şərait və hadisələrin xronikası nəzərə alınarsa, mart hadisələrinə dair bolşeviklər tərəfindən irəli sürülmüş “vətəndaş müharibəsi”, yaxud erməni millətçi qüvvələrinin təkid etdikləri “ermənilərin tam neytrallığı şəraitində bolşeviklərlə müsavatçılar arasında hakimiyyət uğrunda mübarizə” kimi izahlar heç bir məntiqə sığmır. Bu nöqteyi-nəzərdən mart hadisələrini Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv etmək niyyəti güdən məqsədyönlü siyasət kimi xarakterizə etmiş Azərbaycanlı milli qüvvələrin verdiyi qiymət son dərəcə məntiqli və ədalətli hesab edilə bilər: “…kadetlərdən tutmuş bolşeviklərədək və daşnaklardan tutmuş sosialistlərədək… sinfi məsələlər hətta arxa plana çəkilmişdir və indi artıq mübarizə ayrı-ayrı siniflərlə yox, Azərbaycan türkləri ilə və sosial zəmində yox, milli, hətta dini zəmində aparılır “. (61)

Bakı bolşeviklərinin rəhbəri S.Şaumyan öz növbəsində - “Bizim siyasətimiz –vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinədirsə, deməli, düşmənlərimizin nökəridir” – deyə iddia edərək (62) eyni zamanda Bakıda azərbaycanlıların kütləvi surətdə qırılmasının bütün məsuliyyətini erməni tərəfinin üzərinə atmağa çalışırdı: “Doğrudur, biz onlardan istifadə
etməyə məcbur idik; çünki onlar bizim müttəfiqlərimiz olmuşdular, lakin onlar mübarizəyə milli ünsür gətirdilər və buna görə də beynəlmiləlçiliyin təntənəsi naminə milli şuraların və polkların möhkəmlənməsinə yol vermək lazım deyildir. Erməni Milli Şurası müstəqil həbslər, axtarışlar aparır, müsadirə edir və i.a., buna qarşı tədbir görmək lazımdır”. (63) Bu sözlər S.Şaumyan tərəfindən 19 aprel 1918-ci il tarixində fəhlə, əsgər və matros deputatları Sovetinin iclasında səslənmişdi. “O vaxt ki, Bakıda nəhayət, qayda-qanuna bənzər bir şey bərpa edildi, küçələr minlərlə meyitlərdən təmizləndi, yanğınlar söndürüldü, onda Sovet şəhərdə ən möhtəşəm qüvvə kimi yüksəldi. Müsəlmanlar məğlubiyyətə uğradı və tam tərksilah edildi, ermənilər isə zəiflədi”. (64) Real hakimiyyəti əlində cəmləşdirən Bakı Soveti dərhal F.X.Xoyskinin başçılıq etdiyi şəhər Dumasını buraxdı və bununla da Bakıda Sovetə
müxalif olan sonuncu orqan ləğv edildi. Bolşeviklər, sanki özlərini axıdılmış müsəlman qanına görə rüsvayçılıqdan və məsuliyyətdən kənara çəkməyə çalışaraq, eyni zamanda hakimiyyət uğrunda mübarizədə artıq yeganə rəqiblərindən azad olaraq, Erməni Milli Şurasını da idarəçilikdən kənarlaşdırdılar, ermənipərəst qəzetlər bağlandı, daşnakların silahlı birləşmələri
isə qismən tərksilah edildi və qismən də Qızıl Ordunun tərkibinə daxil edildi. (65)

Lakin bununla mart hadisələrindən sonra, bolşeviklərlə daşnakların yollarının ayrıldığını və Bakı Sovetinin rəhbərliyində artıq “erməni faktoruna” son qoyulduğunu düşünmək səhv olardı. Bunu 25 aprel 1918-ci il tarixində yaradılmış Bakı Xalq Komissarları Sovetinin tərkibi açıq-aydın təsdiq edirdi. Belə ki, S.G.Şaumyanın sədri olduğu Sovetdə 12 komissar
(nazir) postundan yarısını ermənilər tuturdu, özü də bütün mühüm hakim postlara (sədr, xarici işlər, ordu və donanma, hərbi-inqilab komitəsi, dəmiryolu və dəniz nəqliyyatı, Fövqəladə Komitə, Dövlət Nəzarəti) məhz onlar nəzarət edirdilər. Yerli əhalinin nümayəndələrinə – azərbaycanlılara cəmi iki, həm də xüsusi əhəmiyyəti olmayan vəzifələr – şəhər təsərrüfatı
(N.Nərimanov) və kənd təsərrüfatı (M.H.Vəzirov) verilmişdi. Sonradan M.Əzizbəyov Bakı quberniyasının komissarı təyin edilmişdir. Bakı Soveti Xalq Komissarlarının ilk gördüyü iş, Moskvanın birbaşa tapşırığı ilə, neft sənayesinin milliləşdirilməsi oldu və Bakı nefti lazım olan həcmdə Rusiyaya daxil olmağa başladı. Erməni birləşmələrinin sadəcə adı dəyişdirildi və elə həmin erməni komandirlərinin – Amazaspın, podpolkovnik Bek-Zurabyanın və Arutyunyanın rəhbərliyi altında “sovet qoşunları” kimi üç briqada yaradıldı. Korpusun komandiri polkovnik Kazaryan, qərargah rəisi isə polkovnik Avetisov idi. (66) Həmin bu qoşunlar tezliklə Bakı Soveti tərəfindən öz hakimiyyətinin Azərbaycanın regionlarında möhkəmləndirilməsi üçün fəal surətdə istifadə edildi. Məsələn, türk əhalisinə qarşı qəddarlığı ilə məşhurlaşmış daşnaksakan Amazaspın komandanlığı altında Qubayagöndərilən 3 minlik qoşun yalnız “Daşnaksütun” partiyasına aid olan ermənilərdən ibarət idi və bu qoşun tərəfindən keçirilmiş cəza aksiyası nəticəsində Quba qəzasında 4 minə yaxın dinc müsəlman əhali qətlə yetirildi. Hələ Quba hadisələrinə qədər S.Lalayevin, T.Əmirovun və digərlərinbaşçılıq etdiyi seçmə erməni quldur dəstələri tərəfindən Şamaxı şəhəri və onun 110 kəndi darmadağın edilərək tamamilə yandırılmışdı. Azərbaycanın digər şəhər və iri qəsəbələri – Lənkəran, Salyan, Kürdəmirin, habelə Ərəş, Nuxa, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarının da aqibəti belə faciəli oldu.


Bakı quberniyasında qələbə çalan bolşevik-erməni qüvvələri tezliklə Yelizavetpola – Gəncəyə üz tutdular və Qarabağ erməniləri ilə sövdələşərək, Azərbaycan milli qüvvələrinin əsas istehkamının ələ keçirilməsinə hazırlaşmağa başladılar. Lakin, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması respublikada siyasi vəziyyəti kökündən dəyişdi. Azərbaycan milli qüvvələri öz növbəsində Türkiyənin hərbi yardımı ilə öz respublikalarının paytaxtını – Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etmək üçün hazırlığa başladı. Həmin dövr Bakının özündə hadisələr sürətlə bir-birini əvəz edir,
şəhərdə gündən-günə gərginlik və xaos güclənirdi. 1918-ci ilin martından sentyabrınadək Bakı və onun ətraf kəndlərinin müsəlman əhalisi erməni quldur dəstələrinin tam mənası ilə girovuna çevrilmişdi. Rus generalı Lyadovun təsvir etdiyi kimi, “daşnak zabitlərinin başçılıq etdiyi və demək olar ki, yalnız heç bir döyüş qabiliyyəti olmayan erməni cəbhəçilərindən ibarət Bakı Sovetinin qoşunları ətraf kəndlərdə soyğunçuluqla məşğul olur və müsəlman kəndlisini daha da qəzəbləndirirdi”. (67) Şəhərdə hökm sürən qanunsuzluq və özbaşınalıq, saysız-hesabsız müsadirələr və açıq-aşkar qarətlər daha da dərinləşən ərzaq böhranı ilə müşayiət olunurdu. Çörək yalnız orduya verilirdi, əhali aclıq çəkirdi və vəziyyət getdikcə
daha çox təhdidedici xarakter alırdı. Hər gün şəhərə Qafqaz cəbhəsini yarmış türk qoşunlarının yaxınlaşması barədə xəbərlər gəlirdi. Bu məlumatlara Gəncədən əks hücuma keçmiş azərbaycanlı silahlı qüvvələrinə türklərin yardımı haqqında xəbərlər də əlavə olunurdu. Yayın ortalarında Bakı şəhərinin özündə Bakı Sovetinin mövqeyi güclü surətdə sarsılmışdı.
Digər siyasi qüvvələrin (sağ eserlərin, menşeviklərin və s.) bolşeviklərə qarşı çıxış və qəsdlərinin qarşısı alınsa da, nə çar ordusunun polkovniki L.Biçeraxovla qısamüddətli saziş, nə də Sovet Rusiyasının geniş miqyaslı yardımına ümidlər özünü doğrultmadı. İyulun sonunda, Qızıl Ordunun azərbaycanlı-türk qoşunlarının qarşısında tab gətirə bilməyəcəyi aydın
olduqda, qeyri-bolşevik rusların və ermənilərin ingilisləri Bakıya dəvət etmək tələbləri qarşısında özünün tam tənəzzülünü göstərmiş bolşevik hakimiyyəti öz səlahiyyətlərini könüllü surətdə təhvil verdi. Bu qərarın necə qəbul edilməsi haqqında versiyalardan biri aşağıdakı sənəddə ifadə edilirdi: “Bolşeviklərin gücü qalmamışdı, bolşevik hakimiyyətinin dəyişdirilməsi
– şəhərin ingilislərə təhvil verilməsi məsələsi müzakirə edilirdi. İyun ayının 29-u axşam Şaumyan, Caparidze, Şeboldayev, bütün partiyaların, hərbi hissələrin və Erməni Milli Şurasının nümayəndələri (Rostom, Petrov, Amazasp, Əmiryan və digərləri) hospitalda, general Baqratuninin çarpayısının ətrafında toplaşmışdılar. Bu görüş haqqında qeyddə deyilirdi:
“General Baqratuni sual verdi: “Bizim cəbhədə nəyimiz var? Cavab belə oldu: “Bir neçə yüz nəfər”. Onda Baqratuni yaxın günlər ərzində bolşeviklərin hansı qüvvələrə ümid etdiklərini soruşdu. Ona cavab verdilər ki, Şimali Qafqazdan, sonra isə Həştərxandan və Muğandan 1000-1500 nəfər gözləyirlər. General Baqratuni dedi ki, bu azdır və buna ümid etmək olmaz
… İngilislərin dəvət edilməsi məsələsi qəti şəkildə qoyuldu. Şaumyan cavab verdi: “İngilisləri heç bir halda”. General Baqratuni qeyd etdi ki, mənəvi təkan zəruridir. O zaman türkləri geri oturtmaq üçün yerli qüvvələr də kifayət edərdi. Bolşeviklərin artıq belə ruhlandırıcı elementi qalmamışdı. İştirakçılardan qeyri-bolşeviklər Şaumyanın hakimiyyətdən getməsini tələb etdilər. Şaumyan bəyan etdi ki, o, hakimiyyətdən gedir”. (68)

Yeni qurulan və “Sentrokaspi diktaturası” adlanan hakimiyyətin ömrü cəmi ay yarım çəkdi və bu dövrdə o, yalnız iki əməli ilə – azacıq da olsa, şəhər əhalisini ərzaqla təmin edə bilməsi və Bakının müdafiəsinə kömək göstərilməsi üçün ingilisləri dəvət etməsi ilə yadda qaldı. İngilislər Erməni Milli Şurasının İrana ezam olunmuş üzvləri M. Ter-Poqosyanın və S.Araratyanın “dəvətini” qəbul etdilər. Belə ki, onları Bakıya siyasi maraqlardan başqa, həm də “böyük ehtiyac duyduqları neft və benzin cəlb edirdi. İngilislər gəlişlərinin şərtlərindən biri kimi benzini qoymuşdular. Onlar deyirdilər ki, benzin çatışmazlığı onların qoşunlarının gecikməsinin əsas səbəblərindən biridir və ayda 25 min pud benzin tələb edirdilər. Lakin,
avqust ayı ərzində, onların dəvət edilməsi haqqında qərar qəbul ediləndə və onların dəstələri gəlməyə başladıqda, onlara 25 min yox, əvəzinə heç nə ödənilməyən 62.420 pud benzin ayrılmışdı, və nəticədə onların qoşunlarının gəlişi nəinki sürətləndi, əksinə, tezliklə tamamilə kəsildi”. (69)

Avqustun əvvəlində İrandakı ingilis silahlı qüvvələrinin komandanı general Denstervilin başçılığı ilə Bakıya daxil olan ingilis qoşunları şəhərdə qarşılaşdıqları vəziyyətdən heyrətə gəldilər: demək olar ki, yalnız ermənilərdən ibarət olan qoşunlar tamamilə qeyri-mütəşəkkil idi, heç bir əsgər əmrlərə tabe olmurdu və heç bir zabitin öz əmrlərində təkid etməyə cürəti çatmırdı. İngilis zabitləri “cəbhənin böyük ərazilərini boş buraxaraq, həmin zaman hansı mitinqdəsə siyasi nitqlər dinləyən və ya rəfiqələri ilə şəhərdə çay içən Bakı müdafiəçilərinin qəribə hərbi etikasına” mat qalmışdılar. (70) Lakin, “Bakının şanlı müdafiəçiləri” öz döyüş postlarını yalnız mitinqlərə, və ya öz rəfiqələrinə görə boş buraxıb getmirdilər. Onlar bütöv dəstələrlə cəbhə xəttinin yaxınlaşdığı Bakı kəndlərinə basqınlar törədir, müsəlman əhalisinin qətlə yetirməklə, qarət etməklə, evlərinə od vurmaqla məşğul olurdular. Erməni əsgərlərinin “öz döyüş postlarını boş qoyaraq, pulemyotlarını və silahlarını özləri ilə apararaq”, tez-tez “istirahətə” getdikləri Bakı kəndlərinin sakinləri – silahsız və müdafiəsiz türklərin qarşısında “qəhrəmanlıqları” haqqında saysız-hesabsız faktlar sanki general Denstervilin bu şəhadəti ilə “tamamlanır”: “Yerli qoşunlar, əksər hallarda ermənilər səngərlərin qazılması ilə çox az
məşğul olurdular və onlar buna məcbur edildikdə belə cavab verirdilər: “Biz nə üçün səngər qazmalıyıq? Biz ümumiyyətlə səngər qazmaq istəmirik, bu qorxaqların işidir, biz isə döyüşmək istəyirik”. Onlar zəncirvarı qaydada qayaların arxasında düzülür və oradan havaya atəş açırdılar. Onlar bu manevri adətən türklər hücuma keçmək barəsində heç düşünmədikləri və ən yaxın türk əsgərinin bizdən üç min yard məsafədə olduğu vaxtlarda edirdilər... Bir dəfə türklər öz mövqelərindən çıxdılar və günün günorta çağı açıq dərə ilə
hərəkət etməyə başladılar… Erməni batalyonuna komandanlıq edən zabitlərimdən biri öz adamlarına səngərlərdən çıxmağı və əks-hücuma keçməyi əmr etdi. Qoşunlar hərəkət etməkdən imtina etdilər və onların nümayəndəsi qışqırdı: “Necə yəni oraya gedin? Axı orada türklər var!”. (71)

İngilis generalı, “vaxtı dəyərləndirməyən və boş şeylərlə məşğul olan” yerli hakimiyyətlə nə qədər mübarizə aparsa da, şəhərin “müdafiəçiləri” kimi öz hərbi borclarının yerinə yetirilməsi naminə “erməni qoşunlarının döyüş ruhunu” yüksəltməyə çalışsa da, son nəticədə qoşunlarını Bakıdan çıxarmaq haqqında öz qərarını verdi. Lakin bundan əvvəl, “diktatorlara və cürbəcür komitələrə”, yəni yerli hakimiyyətə aşağıdakıları bildirdi: “Mən imkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə qurban verilsin. Biz buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün müharibə aparmağa yox.” (72)

1918-ci il sentyabrın 14-də bir neçə saatlıq ağır döyüşlərdən sonra ingilis qoşunları cəbhədən çıxdılar və gəmilərə yüklənərək Bakı buxtasını tərk etdilər. İngilislər getdikdən sonra “xristian” Bakısı heç iyirmi dörd saat da davam gətirə bilmədi. Beləliklə, faciəli mart hadisələrindən beş ay sonra, çox ağır və mürəkkəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təşkilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək, Azərbaycanın milli elitasının görkəmli nümayəndələri, “Müsavat” partiyasının rəhbərləri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının – türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusunun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını “Sentrokaspi Diktaturasının” qüvvələrindən azad etdilər. Şəhər uğrunda sonuncu şiddətli döyüşlərin getdiyi günlərdə, S.Şaumyan, Caparidze, Korqanov və digərləri başda olmaqla, mart faciələrinin səbəbkarları olan bolşevik komissarları iki dəfə şəhəri tərk etməyə cəhd göstərərkən “Sentrokaspi Diktaturası” hökumətinin əmri ilə həbs edildilər,
sonra isə gəmidə Krasnovodska aparılaraq orada eserlərdən ibarət yerli Zakaspi hökuməti tərəfindən güllələndilər. Tarixə “26 Bakı Komissarları” adı ilə düşmüş bu dəstənin içində tanınmış daşnak, Bakıda və Şamaxıda azərbaycanlı əhalisinin kütləvi qırğınlarına bilavasitə rəhbərlik etmiş Tatevos Əmirov da var idi.

* * *

Bakının azad edilməsi istər şəhərin tarixində, istərsə də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisənin
birinci ildönümündə “Azərbaycan” qəzeti yazırdı: “Əgər 28 may tarixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü dövlət quruluşunun bünövrəsinin və əsaslarının qoyulması günü kimi hesab etmək olar”. (73)

Bununla belə, həmin tarixi günlərin tam mənzərəsini yaratmaq üçün, əlbəttə ki, həmin günlər baş verən digər hadisələri də xatırlatmaq zəruridir. Aydındır ki, Bakının alınması, erməni əhalisi də daxil olmaqla, qurbanlar verilmədən başa gəlməmişdi. Qanlı mart hadisələrinin vurduğu yaralar azərbaycanlıların qəlbindən və yaddaşından hələ silinməmişdi. Şəhər özü,
xüsusilə də onun ətraf kəndləri, qaçmağa macal tapmamış erməni əsgərləri ilə dolu idi və onlar, can verən yaralı vəhşi heyvan kimi qarşısına çıxan hər kəsi öldürür və hər şeyi talan edirdilər. Bakının azad edildiyi ilk günlərdə şəhərdə hökm sürən tam sərbəstlik şəraitində mart faciələrini yaşamış, sonrakı aylarda daima əzilmiş və təhqir edilmiş yerli müsəlman əhalisinin bir hissəsi şəhərdə olan az saylı türk əsgərləri ilə birlikdə öz intiqam və qisas yanğısını söndürmək üçün şəhərin erməni məhəllələrinə hücum etdilər. Yenidən qan töküldü, bu dəfə əsasən erməni əhalisinin qanı. Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti kütləvi qırğına son qoydu. Sonralar, Azərbaycan Parlamentinin açılışı zamanı nazirlər
kabinetinin başçısı F.X.Xoyski hökumətin məruzəsi ilə öz çıxışında bu məsələyə də toxundu. Lakin “çoxlu sayda kasıb və evsiz-eşiksiz müsəlmanların zərər çəkdiyi” mart hadisələrinə görə “heç də məyus olmayan” və “qələbənin böyüklüyü” ilə qürrələnən Bakı Sovetinin rəhbəri S.Şaumyandan fərqli olaraq, Azərbaycan hökumətinin rəhbəri həmin hadisəyə
belə münasibət bildirdi: “Doğrudur, şəhər alınarkən yalnız məyusluq və təəssüf doğuran bəzi hadisələr baş verirdi. Hökumət bunu gizlətmir və bu kədərləndirici faktların üstündən keçməyi ləyaqətsizlik hesab edir. Bu da doğrudur ki, bir çoxları ağır əzablara düçar olmuşlar… Lakin hökumətin bu hadisələrin qarşısını tam surətdə alması mümkün idimi? Düşünürəm
ki, bu hadisələrə ədalətli gözlə baxanlar təsdiq edərlər ki, dünyada heç bir hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qırılmışdı, onların insani hüquqları tapdanmışdı. Şəhər üç ay çəkən döyüşlərdən sonra alınmışdı və əhalinin qəzəbi ən yüksək həddə çatmışdı. Burada əsgər, təəssüf ki, heç nə edə bilmədi. Həm də hökumət şəhərə yalnız üç gündən sonra daxil oldu. Buna qədər olanlar bundan sonra artıq baş vermədi. Hökumət şəhərə daxil olan kimi qəti qərarlar qəbul etdi və nəticədə əmin-amanlıq və təhlükəsizlik təmin edildi”. (74)

Həqiqətən də, Azərbaycan hökuməti şəhərdəki vəziyyətlə tanış olaraq, Bakı şəhərinə gəldiyinin elə ertəsi günü aşağıdakı məzmunda hökumət bəyanatı elan etdi: “Respublikanın paytaxtı Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və onun ətraf kəndlərinin əhalisini xəbərdar edir ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar, millətindən və dini
etiqadından asılı olmayaraq, eyni hüquqlara malikdirlər. Hökumət bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruyacaqdır. Qarətçilər, qatillər və ümumiyyətlə nizam-intizamı, ictimai qaydaları pozan şəxslər, ölüm hökmü də daxil olmaqla, hərbi dövrün bütün sərt qanunları üzrə cəzalandırılacaqlar”. (75)

F.X.Xoyski tərəfindən imzalanmış və əməldə yerinə yetirilmiş bu bəyanat, uzun müddət anarxiya və qarışıqlığın hökm sürdüyü şəhərdə qayda- qanunun bərpa edilməsi istiqamətində vacib addım idi. Cinayətkarların cəzalandırıldığının əyani olması üçün şəhərin müxtəlif yerlərində – Quba meydanında (Füzuli meydanı), Quru bağda (Parapet-Fəvvarələr
meydanı), dəmir yol vağzalının qarşısındakı meydanda, dənizkənarı bulvarda, Qaraşəhər körpüsünün yanında dar ağacları quruldu. Onların hər birində yellənən meyitlərin sinəsində onun törətdiyi cinayətdən xəbər verən taxta lövhəcik asılmışdı. Dar ağacından asılanların bəzilərinin qarşısında onun qarət etdiyi əşyalar qoyulmuşdu. Asılanların arasında türk
ordusunun qanunu pozmuş əsgərləri də var idi. (76)

Lakin, hökumətin tez bir zaman ərzində şəhərdə qarət və soyğunçuluğun qarşısını almaq üçün gördüyü təsirli tədbirlərə baxmayaraq, ermənilər, “yeni türk-tatar vəhşiliklərini dünyaya” bəyan etməklə, növbəti təbliğat kampaniyasına başlamaq üçün təbii ki, sentyabr hadisələrindən istifadə etdilər.

Erməni Milli Şurası bu hadisə ilə əlaqədar olaraq xüsusi Anket komissiyası təsis etdi və bu komissiya şəhərin erməni əhalisi arasında sorğu keçirərək belə bir nəticəyə gəldi ki, Bakı alınan günlərdə şəxsiyyətləri müəyyən edilmiş “5248 nəfərədək” erməni öldürülmüşdür. Bu cərgəyə “ən azı, 1500-dək Bakıda sığınacaq tapmış Şamaxı və Göyçay qaçqınları”
da əlavə edildi. Komissiya bu rəqəmlərə daha “2240 nəfəri” - “naməlum şəkildə öldürülmüş, ... subay və ya burada doğmaları olmayan əsgər və ya fəhlələri” əlavə etdi, yəni “əgər qətllər şəhərin küçələrində, kənarlarında və şəhərin ətraflarında (mədənlərdə) baş vermişsə – siyahılar tərtib edilən zaman (onlar haqqında) heç kim məlumat verə bilməzdi”. (77) Dəqiq deyilərsə, meyitləri tapılmayan və barəsində heç kimin məlumat vermədiyi, sayı yalnız mülahizə edilərək hesablanmış qurbanlar! Beləliklə, komissiya tərəfindən öldürülənlərin ümumi sayı 8988 nəfərə çatdırıldı. Bu rəqəmə “itkin düşən” və ya “yoxa çıxan” daha 3572 nəfər əlavə edilmişdi ki, onlardan 357 nəfəri tezliklə sağ və salamat “tapıldı”. Beləliklə, Anket Komissiyası, “hər iki kateqoriyadan olanların – öldürülən və itkin düşənlərin” sayını ehtimal edərək və hesablayaraq, yuvarlaqlaşdıraraq və ümumiləşdirərək, “12560 nəfərdən ibarət olduqca sanballı rəqəm” aldı. (78)

Bu rəqəmlərə diqqət yetirmiş bütün ciddi müəlliflər onların Erməni Milli Şurası tərəfindən toplandığının nəzərə alınmasının zərurətini qeyd edirlər, çünki “bu məsələdə çətin ki, Erməni Milli Şurasından obyektivlik gözləmək olar”. (79) Bu məqama diqqət yetirmək həqiqətən çox mühümdür, çünki öldürülənlərin siyahısına Bakıdan “qaçmağa cəhd edənlərin izdihamlı
dəstələri və gəmilərin azlığının yaratdığı dəhşətli qarışıqlıq” şəraitində “özünü birtəhər xilas etmək” üçün erməni qadınların-anaların dənizə atdıqları südəmər körpələr də daxil edilmişdi. (80) Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, həmin günlər, hələ isti izlərlə Ermənistanın Gürcüstandakı işlər müvəkkilinə göndərilmiş 22 sentyabr 1918-ci il tarixli teleqramda göstərilirdi ki, “Türklər tərəfindən Bakı alınarkən burada 28 tanınmış və 2000 sıravi erməni öldürülmüşdür”. (81) Lakin, artıq bir ay sonra Ermənistanın Tiflisdəki işlər müvəkkili Camalyan tərəfindən Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Cəfərova göndərilən və Bakının erməni əhalisinə qarşı qətl və azğınlıqlar ittiham edilən etiraz notasında öldürülənlərin sayı 20 min və ya 30 min göstərilirdi! (82) Həmin Camalyan tərəfindən daha sərt məzmunlu belə bir nota general Xəlil Paşanın ünvanına göndərilmişdi və burada qətiyyətli şəkildə iddia edilirdi ki, “talanlar nəticəsində ermənilər arasında qurbanların sayı 30 minə çatır” və guya “öz müdhişliyinə görə Bakı qırğınına bənzər hadisə hətta ermənilərin bədbəxt tarixində də olmamışdır”. Eyni zamanda ermənilər ən tələbkar tərzdə Türkiyə və Azərbaycan hökumətləri tərəfindən həbs edilmiş ermənilərin dərhal azad edilməsini, günahkarların bütün sərtliklə cəzalandırılmasını, Bakı ermənilərinin həyat və əmlakına zəmanət verilməsini xahiş edirdilər. (83)

Azərbaycan tərəfi də bu iddialara nota ilə cavab verərək, həmin zorakılıq faktlarının “bu ilin mart ayında baş vermiş hadisələr, bolşeviklər adı altında ermənilər tərəfindən Bakıda və Şamaxıda müsəlman qırğınlarının törədilməsi, rəsmi şəkildə elan edilmiş məlumatlara əsasən qurbanların sayının 10 mini aşması və ya elə bu ilin yazında İrəvan quberniyasının
200-dən çox kəndinin erməni hərbi hissələri tərəfindən təşkil edilmiş talanlar və bu qəbildən digər faktlar səbəbindən” Azərbaycanın müsəlman əhalisi arasında yaranmış həyəcanın nəticəsi olduğunu göstərirdi. Azərbaycan tərəfinin verdiyi notada qeyd olunurdu ki, “iki yüz mindən artıq əhalisi olan şəhəri alarkən, onun müdafiəçilərinin geri çəkildiyi
və yeni hakimiyyətin qurulduğu zaman kəsiyində asayiş pozulmaları və qurbanlar olmuşdusa da, bunlar gözlənilən idi. Çünki bu hadisələr mart\ ayında müsəlmanlara qarşı törədilmiş qırğınların, eləcə də sonrakı aylarda davam edən müsəlman əhalisi üzərində terrorun yaratdığı əhval-ruhiyyənin birbaşa nəticəsi olaraq baş vermişdi. Lakin hər halda sizin öz bəyanatınızda qeyd etdiyinizdən qat-qat kiçik miqyasda olmuşdur”. Azərbaycan hökumətinin guya qarətçilərə və soyğunçulara qarşı tədbir görmədiyi barədə erməni hökumətinin bəyanatını da Azərbaycan tərəfi rədd edirdi: “ictimaiyyətin gözü qarşısında millətindən asılı olmayaraq dara çəkilən soyğunçuların sayı yüz nəfərdən artıq idi”. (84)

1918-ci ilin oktyabr günlərində erməni və Azərbaycan tərəfləri nota mübadiləsi edərkən, Azərbaycan hökuməti tərəfindən bütün Cənubi Qafqazın sərhədləri daxilində müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıqların araşdırılması üçün həmin ilin iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyası Bakıda mart hadisələri zamanı və sonrakı aylar ərzində - şəhər azad edilənədək, müxtəlif mürtəce qüvvələrdən – bolşevik, menşevik, eser və əlbəttə ki, erməni daşnaklarından zərər çəkənlərin və şahidlərin dindirilməsinə başlamışdı.

* * *

Mart hadisələrinə siyasi qiymət vermək və onun nəticələrini aradan qaldırılmaq üçün təsirli tədbirlər görmək sahəsində ilk cəhd baş vermiş faciədən dərhal sonra Azərbaycanın milli qüvvələri tərəfindən edilmişdir. 1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Seymi Bakı hadisələri haqqında məlumatlandıraraq müsəlman əhalisinin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Bakıya qoşun göndərilməsini tələb etdi və əgər Seym qəti tədbirlər görməzsə, Azərbaycan fraksiyasının “Seymdə birgə iş aparmasının qeyri mümkün olacağı” barədə xəbərdarlığını bildirdi. (85) Ertəsi gün Seymin Bakı hadisələrinə həsr edilmiş iclasında F.X.Xoyski bəyan etdi ki, “əgər müsəlman əhalisinin
müdafiəsi üçün tədbir görülməzsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaqlar”. (86) Seymin 17 aprel 1918-ci il tarixli iclasında etdiyi məruzəsində F.X.Xoyski bir daha mühüm xəbərdaredici bəyanat verdi: “Bakı hadisələri Yelizavetpol quberniyasının hər yerində müzakirə edilir və bütün qətnamələrdə türk qoşunlarının Bakıya buraxılmasını nəzərdə tutan maddələr var və əgər hökumət Bakı problemini ləğv edə bilməsə, onda Yelizavetpol quberniyasının müsəlmanlarının bu tələbini dinləməli olacağıq. Həm də ola bilsin ki, elə bir an gələcəkdir ki, xalq kütləsi özü hərəkət etməyə başlayacaqdır və bu da faciəvi vəziyyət yaradacaqdır, çünki Bakı problemi – Respublikanın ölüm-dirim məsələsidir”. (87)

Azərbaycan fraksiyasının çağırışlarına Zaqafqaziya Seyminin qoşunlarından Müsəlman korpusu cavab verdi və 1918-ci ilin aprel ayının əvvəlində knyaz Maqalovun komandanlığı altında sayı 2 min nəfərdən artıq olan dəstələr Bakıya tərəf hərəkət edərək Hacıqabula yetişdilər. Onlarla eyni zamanda Dağıstandan Nəcməddin Qotsinskinin dağlılardan ibarət dəstələri qubalı Əli bəy Zizikskinin döyüşçüləri ilə birlikdə Bakıya yollandılar və şəhərdən 10 kilometr məsafədə yerləşən Xırdalan stansiyasına qədər gəldilər. (88) Lakin, Qızıl
Ordu qoşunlarından sayca dəfələrlə az olan Qotsinskinin, Zizikskinin və Maqalovun hərbi hissələri tezliklə geri çəkilməyə məcbur oldular. 1918-ci il aprelin 20-də Zaqafqaziya Seyminin tapşırığına əsasən Seymin sədr müavini S.O.Tiqranyan Seymin üzvü İ.Heydərovla birlikdə Bakı Soveti ilə danışıqlar aparmaq üçün Bakıya yola düşdülər.
İ.Heydərov Bakıya çatan kimi bolşeviklər tərəfindən həbs edildi. S.Şaumyanla əlbir olan S.O.Tiqranyan isə Tiflisə qayıdan kimi Bakıya qarşı yönəldilmiş hərbi əməliyyatların dayandırılmasını və baş vermiş hərc-mərcliyin sülh yolu ilə aradan qaldırılması üzrə tədbirlərin görülməsini tələb etdi. (89)


Zaqafqaziya Seyminin rəhbərliyi daxilində Bakı hadisələrinə münasibətin heç də birmənalı olmadığı Seym tərəfindən qərarların qəbul edilməsinə xüsusi təsiri olan Gürcüstan menşevikləri fraksiyasının üzvlərindən N.Jordaniyanın Bakıda olan Q.Ter-Qazaryan ilə yazışmalarından aydın görünür. Q.Ter-Qazaryanın guya “Tiflisdən hərbi hissələrin və Gəncədən silahlı müsəlmanların Bakı üzərinə hərəkət etməsi haqqında məlumatların əldə edildiyi” barədə təlaş dolu məktubuna, və “sakitliyin hökm sürdüyü, ... və istisnasız olaraq bütün – sosialist, demokratik, inqilabi partiyaların Bakı rayonunun müdafiəsi üçün Bakı Soveti ilə birləşdiyi” haqqında xəbərdarlığına N.Jordaniya tam əminliklə cavab verirdi ki, “nə inqilabi təşkilatlar, nə də hökumət Bakı üzərinə hərəkətdə iştirak etmir... müsəlmanların hərəkəti... kütləvi xarakter daşıyır və onun qarşısını almaq çətindir. Müsəlman korpusu yürüşə mütəşəkkil xarakter
vermək istəyir. Münaqişənin sülh yolu ilə həlli üçün bakılılar bütün tədbirləri görməlidirlər. Biz hamımız Türkiyə ilə aparılan müharibə ilə məşğuluq …”. (90)

Hadisələrin sonrakı inkişafı göstərdi ki, bolşevik təcavüzündən daha çox Türkiyə təhlükəsindən narahat olan Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə qarşı hər hansı güc metodlarından istifadə etməyə ümumiyyətlə hazırlaşmırdı. Beləliklə, Azərbaycan fraksiyasının Bakı hadisələrinə müdaxilə etmək üçün bütün daxili vasitələri tükəndi və türk qoşunlarının
çağırılması onun əsas vəzifəsinə çevrildi. (91) Diqqətəlayiqdir ki, həmin günlər Bakı hadisələrinin nəticələrinin müəyyən şərtlər daxilində aradan qaldırılması haqda təklifi Seymdə “Daşnaksütun” partiyası fraksiyasının nümayəndələri irəli sürmüşdü və bu şərtlər Bakıda gələcək hakimiyyətin sırf azərbaycanlı deyil, beynəlmiləl olması və erməni birləşmələrinin
şəhərdə qalmasına icazə verilməsindən ibarət idi. Ermənilərin bu təşəbbüsünün heç də həqiqi dinc yaşama arzusu ilə deyil, Türkiyə ordusunun yaxınlaşması ilə izah olunduğunu anlayan və son dərəcə həyasız təklif kimi səciyyələndirən Azərbaycan fraksiyasının cavabı qəti olmuşdu: “Bakıda və Cənub-Şərqi Qafqazda bütün hakimiyyət müsəlmanlara məxsus
olmalıdır. Və əgər biz bu hakimiyyəti müvəqqəti olaraq itirmişiksə, bu onu bütövlükdə və birdəfəlik geri qaytarmaq üçün edilmişdir”. (92) 26 may 1918-ci il tarixdə Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirildi və bu iclasda Seym özünün buraxıldığını bildirdi. Həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi (Gürcüstan Demokratik Respublikası).
Mayın 27-də artıq keçmiş Seymin azərbaycanlı deputatları fövqəladə iclas çağıraraq yaranmış vəziyyəti müzakirə etdilər və Müvəqqəti Azərbaycan Milli Şurasının yaradılmasını qərara aldılar. Həmin iclasda iştirak etməyən Məmməd Əmin Rəsulzadə gizli səsvermə yolu ilə Milli Şuranın sədri seçildi. Elə həmin gün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə
orqanı formalaşdırıldı və Fətəli Xan Xoyski yekdilliklə onun sədri seçildi. Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında Azərbaycanın müstəqilliyinin elan edilməsi qərara alındı və elə bu iclasda Azərbaycanın İstiqlal bəyannaməsi - Azərbaycanın müstəqilliyi haqqında akt qəbul edildi. Bu akt azərbaycanlıların yeni milli demokratik dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı faktını hüquqi cəhətdən təsbit etdi. Həmin iclasda həmçinin ilk Azərbaycan hökuməti – AXC Nazirlər Kabinəsi formalaşdırıldı. Fətəli Xan Xoyski hökumətin başçısı, Məmməd Həsən Hacınski xarici işlər naziri, Xəlil bəy Xasməmmədov ədliyyə naziri və i.a. seçildilər. Fəaliyyətə başladıqdan və Tiflisdən Gəncəyə köçdükdən ay yarım sonra, 1918-ci ilin iyul ayının ortalarında, AXC Nazirlər Kabinəsi xarici işlər naziri M.H.Hacınskinin məruzəsini dinləyərək respublikada baş vermiş hadisələrə, xüsusilə də dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi zorakılıq hallarına öz mövqeyini bildirməyi vacib hesab etdi. Məruzədə deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında məsuliyyətsiz erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə
yönəldilir”. Məruzədə qeyd edilirdi ki, həm ümumdövlət maraqları, həm də əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, “o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar
olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi”. Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalı, onun işinin nəticələri müxtəlif Avropa və türk dillərində nəşr edilməli və geniş yayılmalı idi. M.H.Hacınski xüsusilə vurğulayırdı ki, Təhqiqat Komissiyasının təşkilinə yubanmadan başlamaq lazımdır, “çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır”. (93)

Son dərəcə mürəkkəb və ağır şəraitdə fəaliyyətə başlayan gənc Azərbaycan Respublikasının ilk Hökumətinin böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək həmin hadisələrə ən yüksək və ciddi şəkildə münasibət bildirmək və konkret tədbirlər görmək niyyəti, sözsüz ki, böyük təqdirə layiq idi və zaman özü görülmüş bu işin əsl qiymətini verdi. AXC hökuməti özünün Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli həmin iclasında bu məsələni geniş və ətraflı müzakirə edərək, “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının” (FTK) yaradılması haqqında qərar qəbul etdi. Həmin il avqust ayının 31-də AXC hökumətinin başçısı, eyni zamanda xarici işlər naziri F.X.Xoyskinin imzaladığı qərara əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Tanınmış hüquqşünas, andlı iclasçı Ələkbər bəy Xasməmmədov FTK-nın sədri təyin edildi. Əvvəlcə 7 nəfərdən ibarət tərkibdə müəyyən edilən FTKnın tərkibinə, sonradan Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər əməkdaşları cəlb edildilər. Komissiyanın işində Andrey Fomiç Novatski, Nikolay Mixayloviç Mixaylov, Aleksandr Yevgenyeviç Kluge, Məmməd xan Təkinski, Aley Adamoviç Aleksandroviç (Litovskiy) və digər peşəkar hüquqşünaslar və ictimai-siyasi xadimlər
daha fəal iştirak etmişlər.


Xarici İşlər Nazirliyinin yanında təşkil edilən FTK, artıq həmin ilin sentyabr ayından başlayaraq faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərirdi. Komissiyanın üzvləri qruplara bölünərək, Azərbaycan hökumətinin nəzarətində olan, və ya bolşevik-erməni qoşunlarından xilas edilmiş ərazilərdə – respublikanın müxtəlif qəza və şəhərlərində baş vermiş faciəli hadisələrin araşdırılmasına başladılar. Beləliklə, 1918-ci ilin sentyabr ayının əvvəlindən müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı. FTK-nın Bakı qrupuna Bakı dairə prokurorunun müavini A.E.Kluge, andlı
iclasçı Məmməd Xan Təkinski, andlı iclasçı A.Aleksandroviç (Litovski), hüquqşünas A.A.b. Hacı İrzayev, Gəncə Dairə Məhkəməsi prokurorunun müavini Ç.B.Klossovski daxil idi, FTK-nın sədri Ə.b. Xasməmmədov özü tez-tez şahidlərin dindirilməsində iştirak edirdi. Həmçinin, Xarici İşlər Nazirliyi yanında bu hadisələrin əsl səbəbləri, gedişi və xarakteri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə xüsusi struktur yaradılmışdı.

FTK-nın işinin həcminin getdikcə artması, digər tərəfdən ədliyyə sistemində ümumən müstəntiqlərin sayının son dərəcə az olması bir sıra problemlər ortaya çıxarırdı ki, bunun da bir səbəbi FTK-nın səlahiyyətlərinin müəyyən məhdudiyyətləri ilə əlaqədar idi. Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə Ədliyyə Nazirliyi 1919-cu ilin əvvəllərində Fövqəladə
Təhqiqat Komissiyasının səlahiyyətlərinin artırılması barədə məruzə ilə Hökumətə müraciət etdi. Azərbaycan Hökuməti, komissiyanın gördüyü işlərin mühümlüyünü nəzərə alaraq, 21 mart 1919-cu il tarixli xüsusi qərarı ilə FTK-nı məhkəmə-istintaq hakimiyyətinin cinayət-prosessual məcəlləyə əsasən malik olduğu bütün hüquqlarla təmin etdi. (94)

Əlavə səlahiyyətlərin verilməsi FTK üzvlərinin imkanlarını genişləndirərək cinayətkarların aşkar edilməsi və məsuliyyətə cəlb olunması prosesini sürətləndirdi. Komissiya, şahidlərin və müttəhimlərin axtarışı, dindirilməsi və müvafiq sənədlərin hazırlanması üzrə son dərəcə böyük işlər görərək, 1919-cu ilin may ayının sonunda öz fəaliyyətinin istintaq
hissəsini demək olar ki, başa çatdırdı. FTK-nın 1919-cu ilin avqust ayına qədər topladığı materiallar 36 cild və 3500 səhifə təşkil edirdi ki, bunların 6 cildi (740 səhifə) Bakı şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq aktlarını əhatə edirdi. İstintaq materialının digər cildləri ermənilər tərəfindən Bakı quberniyasının Şamaxı,
Quba, Göyçay, Cavad qəzalarında, Gəncədə, Nuxada, Qarabağda, Zəngəzurda və Azərbaycanın digər rayonlarında törədilmiş dəhşətli cinayətləri əks etdirirdi. (95)


1919-cu ilin iyunundan etibarən istintaq işləri başa çatdıqca, FTK üzvləri Bakı və Şamaxıda işləyən iki qrupa bölündülər və bu şəhərlərin, eləcə də eyni adlı qəzaların dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri təkzibedilməz faktlarla sübut olunan şəxslərə qarşı ittihamlar irəli sürməyə başladılar. Bakı qrupunun vəzifəsinə həmçinin, FTK tərəfindən
Azərbaycanın digər bölgələrində apardığı təhqiqat işləri üzrə müttəhimlərin istintaqa cəlb olunması, qətnamələrin tərtib edilməsi və işlərin Məhkəmə Palatası prokuroruna verilməsi daxil idi. Aparılan təhqiqatların nəticəsi olaraq dinc sakinlərə qarşı müxtəlif cinayətlərdə ittiham olunan 194 şəxsə qarşı cinayət işinin açılması haqqında FTK 128 məruzə və qərar layihələri hazırlamışdı. Ayrı-ayrı cinayət işləri üzrə istintaq başa çatdıqca ittiham olunan şəxslər məsuliyyətə cəlb edilirdilər. Məsələn, 1919-cu ilin avqustunun ortalarınadək Bakıda 24, Şamaxıda isə 100 nəfərə qədər şəxs - əsasən erməni, qismən də rus (molokan) müttəhim qismində FKT tərəfindən həbs edilmişdi. (96)


Gözlənildiyi kimi, erməni əhalisi arasında aparılan həbslər, xüsusilə bəzi erməni ziyalılarının azərbaycanlılara qarşı zorakılıqlarda ittiham edilərək məsuliyyətə cəlb olunması şəhərin erməni ictimaiyyəti və mətbuatı tərəfindən böyük narazılığa və hay-küyə səbəbə oldu. 1919-cu ilin avqustunda Azərbaycan Parlamentində ”Daşnaksütun” partiyasının
fraksiyası Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətini kəskin tənqid edərək Komissiyanı və Ədliyyə Nazirliyini qeyri-qanuni əməllərdə günahlandırdı. Erməni deputatlar Komissiyanın işini eyni zamanda, guya mənəvi nöqteyi-nəzərdən qiymətləndirməyə çalışaraq özlərinə xas olan həyasızlıqla bu məzmunda bəyanat verdilər: “Keçmişdə baş vermiş, mart və sentyabr aylarında kütləvi qurbanların qanlı mübadiləsi ilə nəticələnmiş hər şeyə nə vaxtsa son qoyulmalı deyilmi? Keçmişlə vidalaşmaq və onun qanlı səhifələrini unutmaq istəyinin olmaması onun göstəricisidir ki, hakimiyyət dairələri və onların təmsil etdiyi ictimai cərəyanlar hər gün keçmişdən yeni-yeni kabuslar çağırmaqla və hər iki tərəfdə qisas və
düşmənçilik hisslərini oyatmaqla, əsl qayda-qanunun bərqərar olması və normal həyatın yaradılması yolu ilə getmək istəmirlər …”. (97)

İlk baxışda bu çağırış həqiqətən məntiqli görünə bilərdi, əgər həmin bu zaman ermənilərin özlərinin bütün dünyada, o cümlədən Cənubi Qafqazda, 1918-ci il Bakıda sentyabr hadisələri ilə bağlı başladıqları irimiqyaslı təbliğat kampaniyası nəzərə alınmasaydı! Burada, keçmiş Şamaxı Erməni yeparxiyasının, sonradan Bakı Erməni yeparxiyasının başçısı, AXC dövründə erməni yeparxial rəisi adlanan yepiskop Baqrat Vardazaryantsın Bakıdakı geniş fəaliyyəti üzərində dayanmaq zəruridir. 1918-ci ilin oktyabr-dekabr ayları ərzində Baqrat Bakıda hakimiyyəti təmsil edən müxtəlif instansiyalara və yüksək vəzifəli şəxslərə dəfələrlə yazılı surətdə müraciətlər göndərirdi. Azərbaycan Respublikası Nazirlər Şulıqlardan, qətllərdən əl çəkmədiklərini sübut edən FTK sənədləri bunu iddia etməyə əsas verir ki, 1918-ci ilin sentyabr günlərində özbaşınalıq edən quldur, soyğunçu və qatillərin arasında xeyli sayda ermənilər olmuşdur və Bakıda 1918-ci ilin faciəli sentyabr hadisələrinə görə onlar da məsuliyyət daşıyırlar.

Toplunun VI fəslinə “Bakı şəhərinin talan edilməsi haqqında” FTK üzvləri, respublikanın prokurorluq orqanlarının və Azərbaycan Məhkəmə Palatasının müstəntiqləri tərəfindən tərtib edilmiş məhkəmə- istintaq materialları daxil edilmişdir. Bu materiallar Bakıda 1918-ci ilin mart hadisələri zamanı törətdikləri cinayətlərdə kifayət qədər ifşa edilmiş Bakı şəhərinin 24 nəfər erməni sakininin müttəhim qismində məsuliyyətə cəlb edilməsi haqqında qətnamələr, həmin ittihamlar üzrə artıq həbs edilmiş şəxslərin dindirmə protokolları, şahidlərin
təkrar dindirmə və üzləşmə protokolları, zərərçəkənlərin, həbs edilənlərin qohumlarının və digərlərinin ərizələri və s. sənədlərdən ibarətdir. Çoxsaylı sənədlər istər müttəhimlərin, istərsə də şahidlərin şəxsiyyətlərinin, ünvanlarının, olduğu yerlərin təyin edilməsi, axtarışı, istintaqa dəvət və cəlb edilməsi üzrə Azərbaycan məhkəmə-istintaq orqanlarının son dərəcə ağır, səbirli və gərgin fəaliyyətindən xəbər verir. Toplunun materiallarından göründüyü kimi, müstəntiqlərin bütün səy və axtarışlarına baxmayaraq, mart hadisələri üzrə ittiham edilənlərin əksəriyyətini nə Bakıda, nə də FTK-nın Gürcüstan Respublikasının istintaq orqanları ilə sıx əlaqə saxladığı Tiflisdə aşkar etmək mümkün olmamışdır. Bu şəxslərin hər biri haqqında ayrılıqda axtarış elan edilmiş və istintaq işləri xətm olunana qədər FTK onları inadla axtarmışdır.

Bu fəslin sənədləri arasında 1918-ci ilin bir neçə ayı ərzində Bakıda və Şamaxıda qanlı faciələrin törədilməsində ən mənfur şəxs hesab edilən Stepan Lalayevin ittiham olunması üzrə istintaq materialları xüsusi əhəmiyyət daşıyır. Onun adı yüzlərlə şahid və zərərçəkənlərin ifadələrində çəkilir və bu zaman silahsız dinc müsəlmanları – qoca, qadın, uşaq, xəstə insanları xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirmiş qaniçən bir yırtıcının obrazı yaranır. S.Lalayevin istintaq işinə aid olan sənədlər, eyni zamanda həmin dövr Bakı küçələrində açıq-aşkar və həyasızcasına gəzən erməni cinayətkarlarını məsuliyyətə cəlb etməyə hazırlaşan FTK müstəntiqlərinin necə mürəkkəb şəraitdə işləməli olduqlarını bariz surətdə nümayiş etdirir. Məlum olduğu kimi, 1918-i ilin noyabr ayının ortalarından etibarən Bakının hakimi özünü şəhərin general-qubernatoru elan etmiş, Britaniya qoşunlarının Komandanı general V.M.Tomson idi. Yeni yaradılmış strukturun – Müttəfiq Dövlətlər Polisinin komissarı isə polkovnik Kokkerel təyin edilmişdi. Bakı və Şamaxıda müsəlman qırğınları törətmiş Stepan Lalayevin
təqsirinin təkzibedilməz sübutlarını təqdim etmiş FTK sədri Ə.b.Xasməmmədov polkovnik Kokkereldən onun həbsinə icazə almağa nail olsa da və S.Lalayev Müttəfiq Dövlətlər Polisi tərəfindən 1918-ci ilin noyabrının sonunda həbs edilsə də, məhbus özü və onun istintaq işi ingilislərin sərəncamında qalmış və “araşdırılmaq” üçün Müttəfiqlərin Hərbi Məhkəməsinə verilmişdi.

Fəslin sənədləri FTK-nın və Azərbaycan Ədliyyə Nazirliyinin Stepan Lalayevin istintaq işinin və müttəhimin özünün “yerli hakimiyyət məhkəməsinə” qaytarılması məqsədilə nə kimi səylər göstərdiyini, ittihamçı tərəfin öz mövqeyini son dərəcə dəqiq və savadlı şəkildə quraraq əsaslandırdığını və bunun nəticəsi olaraq öz məqsədlərinə nail olduğunu aydın surətdə əks etdirir. Qeyd edilməlidir ki, kitaba Stepan Lalayevin istintaq işinin yalnız Bakı hadisələri ilə bağlı sənədləri daxil edilmişdir. İstintaqın gedişi vaxtı Stepan Lalayev Bakı həbsxanasından Gəncəyə göndərilmiş, onun işi xüsusilə mühüm işlər üzrə müstəntiqlərə həvalə edilmişdi. Topluda S.Lalayevin dindirmə protokolları, iş üzrə şahidlərin təkrar dindirmə və üzləşdirilmə protokolları, həmçinin S.Lalayevin şiddətlənən zöhrəvi xəstəlikdən Gəncə həbsxanasında ölməsi haqqında arayış və s. sənədlər cəmlənmişdir. (sənəd №№ 1100, 1101 və s.)

Fəslin materialları arasında mart hadisələrində zərər çəkmiş, FTKna ifadə vermiş, lakin bu və ya digər səbəblərdən təkrar istintaqa gəlməyən, yaxud dəqiq şərh verməkdən boyun qaçıraraq, əvvəlki ifadələrini tam şəkildə təsdiq etməyən azərbaycanlı şahidlərlə işləməli olan müstəntiqlərin kifayət qədər mürəkkəb şəraitdə çalışdıqlarını təsdiq edən sənədlər də böyük maraq doğurur. Bəzi şahidlərin ifadələrindən göründüyü kimi, bu hallar ən əvvəl həbs edilənlərin qohumları, eləcə də ermənilərin müxtəlif millətçi təşkilatları tərəfindən ayrı-ayrı yollarla şahidlərə təzyiq göstərilməsi ilə izah edilirdi. Maraqlıdır ki, Azərbaycanın yüksək təbəqələrinin və yəhudi icmasının bəzi nümayəndələri, yalnız qorxudan deyil, “keçmiş xoş xatirələrə” rəğmən öz əvvəlki ifadələrini bir daha təsdiq etməkdən boyun qaçırırdılar. (sənəd №№ 372 və s.) Müqəssir olmadıqlarını inadla təkid edən və bəzən axtarıb tapılması çətin olan əlavə şahidlərin dindirilməsini tələb edən ermənilər də müstəntiqlərə az problem yaratmır, müttəhimlərin və onların qohumlarının adından respublikanın istintaq-məhkəmə orqanlarına, Azərbaycan Hökumətinə, Parlamentə və İngilis komandanlığına saysız müraciətlər, ərizələr, şikayətlər göndərməklə istintaqın gedişinə təsir etməyə çalışırdılar. Bu xahişlərin hamısını nəzərdən keçirən müstəntiqlər onların bir hissəsinin təmin olunmasını, xüsusilə də, müttəhimlərinin bəzilərinin pullu girovla və ya polis nəzarəti altında məhkəməyə qədər azad edilməsini mümkün sayırdılar.

VI fəsil FTK-nın icraatında olmuş bütün istintaq işlərinə xitam verilməsini şərtləndirmiş sənədlərlə yekunlaşır. (sənəd №№ 1137, 1138) Sənədlərin dili və üslubu rus dilində (orijinalda) olduğuna yaxın saxlanılmışdır. Sənədlərdə Bakı küçələrinin adları 1918-ci ildə işlənildiyi qaydada, rus dilində, latın qrafikası ilə verilmişdir. Sənədlərin sıra sayı həmin toplunun 2009-cu ildə nəşr edilmiş və 1138 sənəddən ibarət olan tam versiyası əsasında göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında 15 iyul 1918-ci il tarixli rəsmi sənədləri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il Fərmanı kitabda ayrıca təqdim edilmişdir.

Topluya, həmçinin mart faciələrinin nəticələrini əks etdirən foto-sənədlər də daxil edilmişdir. Onların əksəriyyəti FTK üzvlərinin özləri tərəfindən çəkilmiş və müvafiq aktlarla təsbit edilmişdir. (sənəd №№ 621-624) 1918-ci ilin mart-iyul aylarında Bakıda və respublikanın qəzalarında Qafqazın məhz türk-müsəlman əhalisinin bolşevik-erməni qüvvələrinin zorakılığının qurbanı olması nəticəsində yaranmış vəziyyətlə Avropa ictimaiyyətini tanış etmək məqsədilə 1919-cu ildə AXC XİN tərəfindən FTKnın 6 cilddə materialları və 95 şəkil (Bakı, Şamaxı və Göyçay qəzalarında çəkilmiş) Fransaya - Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, FTK üzvləri tərəfindən çəkilmiş fotoşəkillər respublikada qalmamışdır və yalnız 94 ildən sonra müəllif tərəfindən xarici arxivlərdən tapılmış və ayrıca nəşrdə çap olunmuşdur. FTK-nın bu silsilədən olan və 1918-ci ilin martında Bakıda baş vermiş faciəli hadisələrin nəticələrini əks etdirən fotoşəkilləri məcmuəyə daxil edilmişdir.

Mənbələrdən aydın olduğu kimi, mart günlərində müxtəlif adamlar tərəfindən də şəhərdə onlarla fotoşəkillər çəkilmişdir. Lakin respublika arxivlərində onların cəmi bir neçəsi qalmışdır. (143) FTK sənədləri arasında Kazım Ələsgər oğlu Axundovun verdiyi şahid ifadəsində Bakıda isti izlərlə çəkilmiş üç fotoşəkil təsvir edilir (sənəd № 1). Maraqlıdır ki, Məmməd Əmin Rəsulzadənin Münhendə nəşr etdiyi “İstiqlal” qəzetinin mart hadisələrinin 15 illiyinə həsr olunmuş sayında, onun öz məqaləsində həmin fotoşəkillərin təsviri verilir. (144) M.Ə.Rəsulzadə
qeyd edirdi ki, o, həmin günlərin faciəli hadisələrini fotoşəkillərdə həkk etmiş bir çox iranlı, polyak, gürcü və hətta M.Kulqe soyadlı bir nəfər “əcnəbini” tanıyır. Təəssüf ki, bu fotoşəkillərin taleyi hələ də məlum deyildir.

Qeyd edilməlidir ki, həmin günlər İranın Bakıdakı konsulu M.S.Marağayinin küçə və həyətlərdən cəsədlərin toplanması və dəfn edilməsi məqsədilə yaratdığı xüsusi komissiya tərəfindən də fotoşəkillər çəkilmişdir. Onların biri - qətlə yetirilmiş insanların cəsədi üzərində duran konsulun özünün təsvir edildiyi şəkil sonralar mətbəə üsulu ilə “Bakı şəhərində
müsəlmanların kütləvi qırğını” adlı “poçt-kart” şəklində çap edilmiş, Bakı şəhərində müsəlmanlara qarşı törədilmiş cinayətlərin sübutu kimi İranda və digər ölkələrdə geniş yayılmışdır. Həmin şəkil topluya daxil edilmişdir.

Topluda FTK materiallarından foto-nümunələr də, o cümlədən Komissiyaya ifadə vermiş bəzi şahidlərin foto-şəkilləri əlavə edilməklə, təqdim edilir. Sənədlərdə mətn üzrə qeydlər rəqəmlərlə işarə edilmiş və toplunun sonuna çıxarılmışdır.

Coğrafi adların göstəricisi Bakı şəhərinin küçə, meydan, şəhər məhəllələrinin və bağlarının, habelə sənədlərdə adı çəkilən kənd, şəhər və ölkələrin tarixi və müasir adlarından ibarətdir. “Bakı şəhərinin və Bakı qəzasının əhalisinin 1916-cı ilə olan milli-dini tərkibi” adlı əlavə Bakı şəhərində 1918-ci ilin mart hadisələri ərəfəsində şəhər və qəza əhalisinin ayrı-ayrı qruplarının say nisbəti haqqında dəqiq təsəvvür yaradır.

Sənədlər toplusuna Bakı şəhərinin 1918-ci ilə olan xüsusi məzmunlu xəritəsi əlavə edilmişdir.

* * *

Müəllif öz iştirakı, köməyi və məsləhətləri ilə bu sənədlər toplusunun hazırlanmasına və nəşrinə yardım etmiş hər kəsə öz dərin minnətdarlığını bildirir.

Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor
Azərbaycan Milli Elmlər Akademiyası
akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi

 





Flag Counter