BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ
-


FƏSİL I AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ


Sənəd № 1
Dindirmə protokolu


1918-ci il. 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Kazım Ələsgər oğlu Axundov, 35 yaşım var, “Nikolay Bünyadov” gəmisində Komandir köməkçisi (Bakı şəhəri, Verxnyaya Tazapirskaya küçəsi 17).
Bu il mart ayının 17-də10 axşam saat səkkiz radələrində mən bolşeviklərin Musa Nağıyevin11 Birjevaya və Krasnovodskaya küçələrinin kəsişməsində yerləşən evində12 keçirilən yığıncağına getdim. Məni bolşeviklərin yığıncağına buraxmadılar, çünki bu zaman orada sırf partiya iclası keçirilirdi, mən isə Sosialist-inqilabçılar13 partiyasının üzvü idim və bununla belə Fəhlə, Əsgər və Matros Deputatların Bakı Sovetinin14 də üzvü idim. O zaman mən Musa Nağıyevin həmin evində, “Astoriya” mehmanxanasında15vyerləşən Hərbi-İnqilab Komitəsinə16 baş çəkdim. Bu vaxt Petrovskaya meydanı tərəfdə atışma başlandı. Ermənilərin və Avakyanın17 sözlərinə görə müsəlman diviziyasının18 süvariləri qırmızı qvardiyaçılara və Nəzarət rotasına atəş açıblar. Avakyan Hərbi-İnqilab Komitəsində onun yanına gələn bütün ermənilərə vəziyyətindən və peşəsindən asılı olmayaraq tüfəng və patron paylayırdı. Mən küçəyə çıxdım. Bütün evlərdən ermənilər - hərbçi və mülki - əllərində silah küçəyə çıxırdılar. Mən, ermənilərin izdihamının içindən keçərək və Krasnovodskaya, Qoqolevskaya və Mariinskaya küçələrini adlayaraq Molokanskaya küçəsi ilə getdim. Adı çəkilən bütün küçələr silahlı ermənilərlə dolu idi və erməni kütlələrinin izdihamı səbəbindən konkaların hərəkəti dayanmışdı. Mən Hərbi-İnqilab Komitəsinə qayıtdım. Mənim xatırladığıma görə, təxminən gecə saat 12 ½ radələrində Hərbi-İnqilab Komitəsinə Abbas Qulu Kazımzadə19, Qasım Qasımov, həkim Tağıyev, Behbud xan Cavanşir20, Ter-Mikaelyan və digərlərindən ibarət olan nümayəndə heyəti gəldi. Az sonra həkim Leon Atabekyan gəldi və Arakelyandan – İcraiyyə Komitəsi sədrinin köməkçisindən xahiş etdi ki, hadisələr sülh yolu ilə yoluna qoyulsun, yoxsa ermənilərlə müsəlmanlar arasında milli qırğın baş verəcəkdir. Atışma getdikcə güclənirdi və güllələr vıyıldayırdı. Sonradan müsəlman diviziyasının süvarilərindən öyrəndim ki, Lənkərana yola düşmək üçün onlar “Evelina” gəmisinə minən zaman erməni əsgərlərinin dəstəsi gəlmiş və süvarilərə silahlarını təhvil verməyi təklif etmişdir. Süvarilər imtina etdikdə, erməni dəstəsi atəş açmışdır. Süvarilər də öz növbəsində onlara tüfəng atəşi ilə cavab vermişlər.

Ermənilər “Evelina” gəmisinin durduğu Rusiya-Qafqaz Gəmiçilik Birliyinin21 limanını dörd tərəfdən, Merkuryevskaya və Mariinskaya küçələrinin tinlərindən, Bolşaya Morskaya küçəsindən və 19 №-li limandan güllə atəşinə tutmuşlar. Süvarilərə 1500 nəfərdən ibarət ermənilər də atəş açırdılar. Hərbi-İnqilab Komitəsində nümayəndə heyəti süvarilərin silahları təhvil verməsinin şərtlərini hazırladı və nümayəndə heyətinin oraya gələcəyi barədə süvariləri əvvəlcədən telefon vasitəsilə xəbərdar edərək, limana yollandı. Nümayəndə heyəti gələn kimi hər iki tərəfdən atışma dayandırıldı. Nümayəndə heyəti divizionun süvariləri ilə danışıqlar apararaq, süvarilərin silahlarını təhvil verəcəyi təqdirdə, onların özlərinin sağ-salamat
buraxılacağına zəmanət almaq üçün Hərbi-İnqilab Komitəsinə qayıtdı. Yalnız martın 18-i səhər saat 6-da nümayəndə heyəti süvarilərdən silah, patron və yəhərləri təhvil aldı. Mən səhər saat yeddidə evə gəldim və günorta saat üçə qədər yatdım. Nümayəndə heyəti mənimlə birgə dağılışdı və işin həll olunduğuna görə müsəlmanlar razı qaldılar. Martın 18-də günorta saat üçdə arvadım məni oyatdı və xəbər verdi ki, şəhərdə hadisələr gözlənilir. Mən həyəcanlandım, çünki bilirdim ki, ermənilər artıq bir neçə ay idi ki, şəhərin ermənilər yaşayan hissəsinə, Ermənikəndə və kəndlərə tüfənglər, pulemyotlar, patronlar daşıyaraq sürətlə silahlanırdılar. Mən şəhərdə öyrəndim ki, “İsmailiyyə”22 Xeyriyyə cəmiyyətinin binasında müsəlmanların iclası keçirilmişdir və Ter-Mikaelyan bu iclasa gələrək Erməni Milli Şurasının23 və “Daşnaksütun”24 partiyasının adından rəsmi şəkildə bildirmişdir ki, əgər müsəlmanlar çıxış edərsə, ermənilər də müsəlmanlara qoşulacaq və bolşeviklərin qovulmasına kömək edəcəklər. Müsəlmanlar minnətdarlıqlarını bildirmiş, lakin cavab vermişlər ki, çıxış etmək fikirləri yoxdur. Şəhərdə müsəlmanlar nədənsə narahat idilər, lakin nə baş verdiyini heç cür anlamırdılar. Mən İcraiyyə Komitəsinə yollandım və yalnız Parapetə25 kimi gedə bildim, çünki burada xeyli silahlı erməni var idi, onların yanından keçib getməyə risk etmədim. Mənim saatımla saat 4.40 dəqiqədə Parapetin qarşısında olan erməni kilsəsinin26 yaxınlığında, Erməni Milli Komitəsinin döyüşçü drujinası adlandırılan Yeqiş Paxlavuninin erməni dəstəsi silahlardan müsəlmanlara atəş açdı. Demək olar ki, eyni vaxtda şəhərin “Şamaxinka” adlandırılan hissəsində Levon Saatsazbəyovun erməni dəstəsi atəş açmağa başladı. 19 martda, səhər erkən, müsəlmanların hələ yatdığı vaxt, erməni əsgərlərinin hücumu başlandı. Ermənilər ilk hücumlarını şəhərin müsəlmanlar məskunlaşan “Kərpicxana”, “Məmmədli” və “Poxlu Dərə” rayonlarında həyata keçirdilər. Şəhərin bu və digər rayonlarını dənizdən “Ərdahan” və
“Janr” hərbi gəmiləri toplardan, Ermənikənd tərəfdən isə ermənilər toplardan atəşə tuturdu. Matroslar müsəlmanlara qarşı çıxış etmək istəmirdilər, lakin onlar yalnız ermənilərin fitnəkarlığı sayəsində çıxış etdilər, çünki ermənilər onları inandırmışdı ki, müsəlmanlar Qalada olan bütün rusların və xristianların hamısını qılıncdan keçiriblər. Amma matroslar müsəlmanların ruslara toxunmadığına, əksinə, onlara yemək verdiklərinə əmin olduqdan sonra toplardan atəş açmağı dayandırdılar. Martın 19-u axşam müsəlmanlar bolşeviklərin ultimatumunu27 tanımağa məcbur oldular və sülh bağladılar, lakin ermənilər barışıqdan sonra da müsəlmanları öldürməkdə davam edirdilər. Martın iyirmisinə qədər müsəlmanların
əksəriyyəti belə düşünürdü ki, ermənilər onlara qarşı çıxış etməzlər və buna görə də martın 20-dək ermənilərə atəş açmırdılar. Martın 20-də bütün müsəlman evlərinin üzərində ağ bayraqlar göründü, lakin ermənilər evlərə soxulmaqda və dinc müsəlmanları qətlə yetirməkdə, qadın və uşaqları evlərdən bayıra çıxararaq, küçədə öldürməkdə, müsəlmanların evlərini
yandırmaqda davam edirdilər.

Hələ martın 19-da ermənilər demək olar ki, şəhərin “Kərpicxana”, “Məmmədli” və “Poxlu Dərə” rayonlarını tamamilə məhv etdilər. Ruslar və matroslar erməniləri dayandıra bilmirdilər, lakin harada mümkün idi, müsəlmanlara kömək edirdilər. Martın 21-də aviasiya məktəbinin rəisi mənə 4 dənizçi verdi və biz əlimizdə tüfəng Bazar küçəsinə yollandıq. Erməni əsgərləri burada müsəlmanların evlərini, dükanlarını və mağazalarını yandırır, qarət edir, müsəlmanların özlərini isə öldürürdülər. Bazarnaya küçəsində biz üç erməni soyğunçunu güllələdik və bir erməninin kisəsindən üstündə insan ətinin qalıqları olan sırğa tapdıq. Ermənilər martın 24-dək dinc müsəlmanları qırmaqda davam etdilər və yalnız 36-cı Türküstan alayının tələbindən və matrosların hədələrindən sonra, həmçinin İcraiyyə Komitəsinin Sədri Caparidzenin28 ciddi müdaxiləsindən sonra qırğınları dayandırdılar. Dənizçilər hədələyirdilər ki, əgər ermənilər müsəlman qırğınlarını dayandırmazsa, toplardan şəhərin ermənilər yaşayan hissəsini atəşə tutacaqlar. Bundan sonra “Ərdahan” və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanlara yaxınlaşdı. Martın 24-də dənizçilər mənə təyyarəçi Rozemblumun rəhbərliyi altında 10 silahlı matros verdilər və biz ayın 25-i səhər 6-dək şəhərin Çəmbərəkənd rayonunu mühafizə etdik.

Martın 25-də mən Nikolayevskaya küçəsindən cəsədlərin yığışdırılması ilə məşğul olmağa başladım. Mən digər müsəlmanlarla birlikdə 3 müsəlman gimnaziya şagirdinin, süngülərlə deşik-deşik edilmiş və qılınclarla doğranmış 11 müsəlmanın cəsədini, bir rus qadının, 3-5 yaşlarında üç müsəlman oğlan uşağının, 8 rus kişi, 19 müsəlman - iranlı təbəələrin
və müxtəlif peşələrin sahibi olan 67 müsəlman kişi cəsədlərini yığışdırdım. Biz bu cəsədlərin hamısını avtomobillərdə məscidə apardıq. Məndən başqa ermənilər də müsəlmanların cəsədlərini yığışdırır, araba və avtomobillərdə köhnə “Vulkan” limanına aparırdılar. Buraya 6748 nəfər müsəlman kişi, qadın və uşaq meyitləri gətirilmişdi. Martın 26-
da mən şəhərin “Məmmədli” və “Poxlu Dərə” rayonlarına yollandım ki, müsəlmanlar burada martın 31-dək cəsədləri yığışdırıb qurtara bilmirdilər. Bu rayonlardan meyitləri müsəlmanlar qəbiristanlığa aparırdılar. Mən şəhərin “Kərpicxana” adlanan rayonuna özümlə texnik Vladimir Sokolovu apardım ki, cəsədlərin fotoşəkillərini çəksin. Sokolov üç şəkil çəkdi. Birinci şəkil: Başında güllə yarası olan qadın cəsədi, bədənində beş süngü yarası və doğranmış sağ körpücük sümüyü. Cəsədin sağ döşü üzərində süngü ilə ayağından yaralanmış hələ sağ olan körpə var və anasının döşünü əmir. İkinci şəkil: İki yaşlarında olan bir uşaq yeddi-səkkiz verşok uzunluğunda mismarla otağın divarına mismarlanmışdır. Mismarın papağından görünürdü ki, mismar elə burada atılıb qalmış daşla vurulmuşdur. Üçüncü şəkil: Yataqda 13-14 yaşlarında qız cəsədi. Onun vəziyyəti göstərirdi ki, bir neçə şəxs tərəfindən zorlanmışdır. Aralı qalmış ayaqlarının arasındakı yataq qana bulaşmışdı. Boynunda barmaq izləri var idi. Bu şəkilləri Sokolov üç evdə çəkdi. Biz dördüncü evə girəndə, qarşımızda
aşağıdakı mənzərə açıldı: Böyük otağın döşəməsində 22-23 yaşlarında bir qadının çılpaq cəsədi, iki qoca qarının və bələkdə olan körpənin ayaq və əllərini üç it gəmirir, altı yaşlı qızın və səkkiz yaşında oğlanın cəsədləri. Mən itləri güllələdim. Sokolov sifətini dəsmalla örtdü, hönkürərək otaqdan qaçdı və şəkil çəkməkdən imtina edərək, evinə getdi. Mən tək qaldım və bir-bir evlərə girməyə başladım. Bütün evlərdə müsəlmanların – kişi, qadın və uşaqların müxtəlif vəziyyətlərdə meyitləri var idi və ətrafda bütün bu dəhşəti daha da gücləndirən ölü sükut hökm sürürdü. Hələ indi də, doqquz aydan sonra, yadıma düşəndə belə, məni dəhşət bürüyür. Bütün dəhşət və ölüm mənzərələrini təsvir etmək mənim üçün çox ağırdır, yalnız onu deyə bilərəm ki, “Məmmədli” və “Poxlu Dərə” rayonları başdan ayağa dağıntılardan və meyitlərdən ibarət idi, və meyitləri toplayan müsəlmanlardan başqa bu rayonlardan kimsə yox idi. Geriyə qayıdarkən, Mərkəzi həbsxananın29 yaxınlığında 400-dən artıq kişi, qadın və uşaq meyitlərinə rast gəldim. Demək olar ki, bütün meyitlər soyundurulmuşdu və başları qərbə doğru uzadılmışdı. Ermənilər qarşılarına bütün müsəlmanları məhv etmək məqsədi qoymuşdular, lakin onlara şəhərin rus əhalisi və ruslardan ibarət olan hərbi hissələr mane olurdu. Ermənilər mart hadisələrindən sonra türklər gələnədək, fürsət düşdükcə, müsəlmanları, əsas etibarı ilə şəhərdən kəndlərə köçmüş bütün müsəlmanları öldürür və qarət edirdilər. Məsələn, ermənilər “Bərk Dərə” adlanan yerdə pusqu quraraq, şəhərdən Qobu kəndinə gedib-gələn bütün müsəlmanları qətlə yetirir və qarət edirdilər. Müsəlmanların ermənilər tərəfindən sistemli şəkildə qırılması və qarət edilməsi İcraiyyə Komitəsini məcbur etdi ki, Ryabovun başçılıq etdiyi dəstəni və 15 silahlı ilə məni şəhərin müdafiəsinə göndərsin. Ryabovun dəstəsi 12 silahlı şəxsdən ibarət idi. Biz 18 ermənini mühasirəyə alaraq, onların silahlarını götürdük və özlərini həbs etdik. Ermənilər müsəlmanları kəndlərdə də qətlə yetirirdilər, cəsədləri xəndəklərə və quyulara atırdılar. Ermənilər gənc müsəlman qadınları öz evlərinə aparır və zorlayırdılar. Ermənilər xeyli müsəlman qadınını Ermənikəndə aparmışdılar. Müsəlmanlar özləri və təcavüzə məruz qalmış müsəlman qadınlar öz rüsvayçılıqlarını gizlədir və ermənilər tərəfindən evlərindən əsir aparılaraq, onlara nə edildiklərini danışmırlar.
Oxundu. İmza.
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: Məmməd Xan Təkinski30, А.Аleksandroviç31,
А.Kluge32 (imzalar).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər
Arxivi, fond 277, siyahı 2, iş 14, vərəq 49–52 (bundan sonra: AR Pİİ SSA...)

Sənəd № 2

Dindirmə protokolu

1918-ci il. 28 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Əli Əsədullayev33, 30 yaşlı, ilk müsəlman süvari polkunun34 bölük komandiri, daimi yaşayış yerim Bakı şəhəri, Qoqolevskaya küçəsi, şəxsi evimdə.
Mən Bakıda Tatar Süvari Diviziyasının35 yaradılması ilə məşğul idim və bundan sonra yenidən təşkil edilmiş hissəmlə Lənkərana yola düşdüm, burada mən qayda-qanunu qoruyur və müsəlman və xristian əhalisi arasında münasibətləri tənzimləyirdim. Bu ilin mart ayının ortalarında mənim xidmət yoldaşlarımdan biri olan Məmməd Tağıyev36 silahla ehtiyatsız davranması nəticəsində həlak olmuşdu. Mən kiçik dəstə ilə onun cənazəsini torpağa tapşırıldığı Bakı şəhərinədək müşayiət etdim. Martın 17-də axşam, mən geriyə, Lənkərana qayıtmaq üçün, öz süvarilərimlə birlikdə Petrovskaya meydanında yerləşən Rusiya-Qafqaz Cəmiyyətinin limanına gəldim. Limanda mənə dedilər ki, İcraiyyə Komitəsi bizi tərksilah
etməyə hazırlaşır. Sonra sərnişinlərə elan etdilər ki, gəmidə axtarış aparılacaqdır. Mən öz süvarilərimə gəminin göyərtəsində bir yerə toplaşmağı əmr etdim. İkinci fitdən sonra mənə dedilər ki, bolşeviklər gəminin limandan ayrılmasına icazə vermirlər. Belə olduğu halda mən öz adamlarımla gəmidən endim və bizi niyə Lənkərana buraxmadıqlarını öyrənmək
məqsədilə şəhərə yollandım. Mən Petrovskaya meydanına çıxıb limandan 30-40 addım aralanan zaman meydanın hər tərəfindən əvvəlcə tüfəng, sonra isə pulemyot atəşi açıldı. Mən öz süvarilərimlə yerə yatmalı və bizə hücum edənlərə atəşlə cavab verməli oldum. Bizə əsgərlər atəş açırdılar. Bir müddət sonra bir neçə yoldaşımla qonşu gəmiyə keçə bildik və burada
səhəri gözlədik: sonra mən mülki paltar geyinərək Qalaya yollandım. Əksəriyyəti ermənilərdən ibarət olan bolşeviklər mənə və mənim yoldaşlarıma hücum etməklə, bizi, müsəlmanları hər hansı bir silahlı çıxışa sövq etmək istəyirdilər. Belə cəhdlər əvvəllər də baş vermişdi. Məsələn, bu ilin yanvarında bizim yaranmaqda olan müsəlman korpusunun37 qərargahı
Tiflisdən Bakıya gələrkən, guya qərargahın zabitləri arasında əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olması bəhanəsi ilə vağzalda saxlanılmışdı. Sonradan hamıya məlum olduğu kimi, erməni hərbi hissələrinin müsəlman kəndlərində məzlum qadın, uşaq və qocalara işgəncə verdiyi və öldürdüyü çoxlu hallar baş vermişdir. Mən İçəri şəhərdə - Qalada
bir neçə gün qaldım və ermənilərlə müsəlmanlar arasında barışıq elan edildikdən sonra oradan çıxdım. Mənə və mənim süvarilərimə basqın edilən günün ertəsi, yəni martın 18-də, bütün küçələrdə erməni silahlı patrulları gəzişirdi. Ermənilər müsəlmanlara deyirdilər ki, onlara hücum etməyəcəklər, əksinə onlarla birlikdə bolşevikləri Bakıdan qovacaqlar. Bununla belə, bazar ertəsi, mart ayının 19-da, bolşeviklərlə müsəlmanlar arasında barışıq elan edildikdən sonra, erməni hərbi hissələri müsəlman məhəllələrinə hücuma keçdilər. Stepan Lalayevin38 öz erməni drujinası ilə kilsənin39 qarşısındakı darvazalar tərəfdən Qalaya necə hücum etdiyini öz gözümlə görmüşəm. Ermənilər qaçaraq yer dəyişməklə qala qapılarına
yaxınlaşırdılar. Barışıq elan edilənədək hər cür mümkün sığınacaqlardan bizə hücum edən erməni dəstələrinə atəşlə cavab verməli olmuşduq. Ermənilər çərşənbə axşamınadək, yəni martın 21-dək şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlarını davam etdirdilər və bu müddət ərzində xeyli köməksiz müsəlmanı qətlə yetirdilər. Məsələn, deyəsən Abbas Eyvazovun alman mürəbbiyəsi Serj Melikovun başçılıq etdiyi erməni dəstəsinin qonşuluqda olan evlərdən birinə soxulduğunu və orada 8 qadın və uşağı necə güllələdiyi görmüşdür. Sonra ermənilər “İsmailliyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını yandırdılar, “Kaspi” qəzetinin40 redaksiyasının binasında saxlanılan 5000 nüsxə Qurana od vurdular və kitablar hamısı bina ilə birlikdə yanıb külə döndü.

Bala Əhməd Muxtarovun Persidskaya küçəsindəki evinə gələrək, orada olan polkovnik Tabasaranskini, ştab-rotmistr Əmircanovu, polkovnik Azad bəy Vəzirovu, həkim Kərim bəy Sultanovu, həkim Tağıyevi (bolşevik), andlı iclasçı Məmməd Xan Təkinskini, Muxtarovun Mustafa adlı mühasibini və digər şəxsləri ermənilər bir-bir adları ilə çölə çağıraraq, elə evin
yanında güllələməyə başladılar. Həkim Tağıyev ermənilərə qışqırırdı ki, ona toxunmasınlar, çünki o bolşevikdir, lakin bu ona kömək etmədi. Adları sadalananlardan təsadüf nəticəsində Xan Təkinski, Vəzirov və Cavanşir xilas oldular.

Ümumiyyətlə, ermənilər bu müddət ərzində müsəlmanları hər cür ələ salır, işgəncə verir, harada bacarırdılarsa, öldürürdülər. Müsəlman qadınları əsir götürərək küçələrdə çadrasız getməyə məcbur edirdilər. Əsirliyə aparılan müsəlman qadınlardan biri geri qalanda erməni əsgərləri onu tüfəngin qundağı ilə qovmağa başlayırdılar; bir qadını müdafiə edən
Məşədi Hüseyn Səfərəliyevi boynunun arxasından güllə ilə vurmuşdular və güllə onun sağ gözünün altından çıxmışdı. Mənim evimin yanında ermənilər iki müsəlmanı: qoca kişi və qadını qılıncla doğramışdılar. Məşədi Hüseyn Səfərəliyevin dediyinə görə, əsir götürülənlərin hamısı yalnız ona görə öldürülməmişdi ki, təsadüfən yanlarından keçən matroslar onları müdafiə etmişdi. Mənim eşitdiyimə görə, mart hadisələri zamanı 3000 nəfərədək müsəlman qətlə yetirilmişdir. Atışmalar zamanı küçələrdə elə də çox müsəlman zərər çəkməmişdi; artıq barışıq elan edildikdən sonra ermənilər bir-bir müsəlman evlərini gəzir, xüsusi siyahılar üzrə bu evlərin sakinlərini küçəyə çıxarır və oradaca güllələyirdilər. Onların çoxunu əsir götürür, yolda öldürür və quyulara atırdılar. Barışıq elan edildiyini bildirərək, hara aparıldıqlarını soruşan müsəlmanlara isə erməni əsgərləri belə cavab verirdilər ki, onlar heç nə bilmirlər və yalnız “Daşnaksütun” partiyası onlara əmr etdikdən sonra hərbi əməliyyatlara son qoyacaqlar. Şəhərin kənarlarına səpələnmiş erməni dəstələri şəhərdən qaçıb gedən müsəlman əhalisini pulemyotlardan və tüfənglərdən atəşə tuturdular.

Mart hadisələrinin bolşeviklərin nə partiya maraqları, nə də səyləri nəticəsində törədilmədiyi, yalnız milli zəmində və yalnız ermənilərin günahından başlandığı bundan bəlli olur ki, erməni ziyalılarının bir çox nümayəndələri – Xaçaturovlar, Ambarsum Melikovun oğulları, eləcə də Ambarsum Melikovun41 özü, Lalayevlər, Hayk Ter-Mikaelyantsın oğlu və Baqrat Jxiyants və başqaları tüfənglərlə silahlanmış, patrondaşları üstlərinə sarımış halda şəhərin küçələrində dolaşırdılar. Zirzəmisində 5000 nüsxə Quranın saxlanıldığı “Kaspi” qəzeti redaksiyasının binasının,müxtəlif partiyaların bürolarının, o cümlədən bolşeviklərin – Azərbaycan müsəlmanlarının “Hümmət” partiyasının42 bürosunun da yerləşdiyi “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının yandırılması da buna sübutdur.

Adamovlar nəslindən olan tanınmış erməni xeyriyyəçi qadın, adı və atasının adı indi yadımda deyil, hansısa xeyriyyə cəmiyyətinə bir kəllə qənd göndərərək, hərəkətini belə izah etmişdir ki, o, hələ əvvəllər söz veribmiş ki, müsəlmanlar qılıncdan keçirilən gün bu kəlləni qurban edəcəkdir. İndi həmin gün artıq gəlmişdir. Mart qırğınlarından sonra bir çox erməni evlərində ballar təşkil edilirdi.

Oxundu. Poruçik Əli Əsədullayev (imza).
Komissiya üzvü: Prokuror köməkçisi А.Kluge (imza).
Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 44-47.

Sənəd № 4

Dindirmə protokolu

1918-ci il. 24 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Məmməd Əliyev, 29 yaşım var, Bakı şəhəri, Serkovnaya küçəsi, ev № 189 ünvanda yaşayıram.
Bu il mart ayının ortalarında mən bizim komandirimiz Əli Əsədullayevlə və Milli Tatar polkunun43 digər süvariləri ilə birlikdə bizim polkun zabiti Məmməd Tağıyevin cəsədini Lənkərandan Bakıya gətirdik. Martın 17-də axşam Lənkərana geri qayıtmaq üçün hamımız Rusiya- Qafqaz cəmiyyətinin gəmisinə gəldik. İkinci fitdən sonra bizə bildirdilər
ki, İcraiyyə Komitəsi gəminin dənizə buraxılmamağı haqqında sərəncam verib. Onda Əsədullayev və mən bir neçə nəfər digər süvarilərlə birlikdə gəmidən endik və Petrovskaya meydanına yollandıq. Limandan 30-40 addım aralanmağa macal tapmamışdıq ki, meydana çıxan bütün küçələrdən, evlərin damlarından bizim qrupu tüfəng və pulemyotlardan atəşə tutdular. Güllə atan Erməni polkunun əsgərləri və digər əsgərlər idi. Bu atışma zamanı mən hər iki ayağımdan yaralandım. Məni əvvəlcə gəmiyə keçirdilər və sarğı qoydular, ertəsi gün
isə Qlaz və Kaqanın44 xəstəxanasına apardılar və burada həkim Finkelşteyn45 mənim sağ ayağımı kəsdi. Xəstəxanada yatdığım müddətdə oraya üç erməni gəldi və mənimlə bir palatada yatan iki müsəlmanı özləri ilə apardılar.

Qabaqcadan onlardan birindən 1000 rubl aldılar. Tibb bacısı və həkimlərin xahişi ilə ayağım olmadığı üçün mənə toxunmadılar. Həmin vaxtda mənim mənzilimi qarət etmişdilər, amma arvadıma və anama toxunmamışdılar, çünki arvadım karaim idi, anamı isə dağ yəhudisi kimi təqdim etmişdilər. Pul və əşyalarla birgə məni yetmiş min rubl dəyərində qarət etmişlər. Artıq sonralar çəkməçi İsaak Baqdasarov mənə danışırdı ki, mən yaralandığım gecə bütün ermənilər, onun özü də, “Daşnaksütun” partiyasının əvvəlcədən verdiyi əmrə əsasən şəhəri mühasirəyə almışdılar və silahlanaraq küçələrə çıxmışdılar.

Sonradan mən arvadımla birlikdə gəmidə qalmış əşyalarımın geri qaytarılmasına sərəncam verməsi xahişi ilə Fövqəladə Qafqaz Komissarı Şaumyanın46 qəbuluna getmişdik. O mənə dedi: “İndi siz bizə lazım deyilsiniz. Hara istəyirsiniz çıxın gedin. Sizin hamınızı qabaqcadan öldürmək lazım idi”.
Oxundu. Məmməd Əliyev (imza).
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: А.Kluge,
Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 26-27.

Sənəd № 5

Dindirmə protokolu

1918-ci il. 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Mir Əbdül Əziz Seyidov47, 21 yaşlı, Bakı şəhərində, Zavedenskaya küçəsi, 13 №-li evdə yaşayıram.
Bu ilin mart ayında, ermənilərin müsəlmanlar üzərində zorakılıqlar törətdiyi zaman, mən Tatar süvari polkunda könüllü zabit kimi xidmət edirdim. Polkumuz Lənkəranda yerləşirdi, lakin mən Bakıda ezamiyyətdə idim. Bazar günü, martın 18-də, axşama yaxın atışma başladı, mən tüfəngimi götürdüm və Nikolayevskaya küçəsində, Müsəlman Xeyriyyə Cəmiyyəti “İsmailiyyə”nin yanında olan səngərlərə getdim. Erməni əsgərləri qaçaraq yer dəyişməklə bizə hücum edirdilər. Səngərlərdə mən 2 gün oturdum, üçüncü gün Sadovaya və Nikolayevskaya küçələrinin kəsişdiyi yerdə qazılmış başqa bir səngərə keçdim. Bu səngər Naberejnaya küçəsindən atəşə tutulurdu; kimin atdığını mən görmürdüm. Sonra
mən Zavedenskaya və Kladbişenskaya küçələrinin tinindəki səngərə keçdim; burada Tarayevin evinin damından məni pulemyot atəşinə tuturdular. Nikolayevskaya küçəsində bizə hücum edənlər arasında mən tələbə Papovyanı gördüm. Barışıq elan olunandan sonra mən öldürülmüş qohumlarımı axtararaq şəhəri gəzirdim. Bu zaman mən çoxlu sayda eybəcər hala salınmış müsəlman meyitlərinə rast gəlirdim. Görünürdü ki, müsəlmanları vəhşicəsinə incitmiş, işgəncələr vermiş və hər cür təhqir etmişlər. Məsələn, mən “Fantaziya”48 hamamında qaynar suya atılmış müsəlman meyitləri görmüşdüm, onların sümükləri və əzələləri yanmış, yumşaq hissələri isə tökülmüşdü. Qarnı yırtılmış uçaq cəsədləri, qucağında qarnı yarılmış körpə uşaq olan qadın meyiti görmüşdüm. Əlləri və ayaqları kəsilmiş meyitlərə rast gəlirdim. Bir meyitin sifəti göm-göy idi və başı olduqca şişmişdi; məndə belə fikir yarandı, mərhumu
diri-diri ayaqlarından asıblar. Üç meyiti boğazlarında kəndirlə gördüm. Cəsədlərin çoxu çılpaq idi.

Martın 27-də mən Bakıdan getdim. Mən burada olmayanda Axundovun qarajından matroslar mənim 2 motosikletimi və onların tam təkər və şin dəstini aparıblar (müsadirə ediblər). Onların ümumi dəyəri o vaxt 4000 rubl, indiki qiymətlərlə isə 24.000 rubl təşkil edir.
Oxundu. Seyidov. (imza).
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 24.

Sənəd № 8

Dindirmə protokolu

1918-ci il. 2 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Hüseyn Tağıyev, 38 yaşım var, Bakı şəhəri, Aziatskaya küçəsində (Krasnovodskaya, 25) yaşayıram.
Bu il mart ayının 18-də, bazar günü, mən müsəlman nümayəndələrin iclası keçirilən “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında idim. Oraya Bakının keçmiş Şəhər Rəisi Hayk Ter-Mikaelyants gəldi və Erməni Milli Şurasının və “Daşnaksütun” partiyasının adından bildirdi ki, əgər müsəlmanlar bolşeviklərə qarğı çıxış edərsə, erməni qoşunları onlara
qoşular və bolşeviklərin Bakıdan qovulmasına yardım edərlər. Bununla belə, sonrakı gün, bazar ertəsi, mart ayının 19-da, erməni əsgərləri müsəlmanların evlərinə soxulmağa, müsəlmanları qətlə yetirməyə və qarət etməyə başladılar. Saat 4-də bolşeviklər müsəlmanlarla sülh bağladılar, lakin ermənilər buna baxmayaraq şəhərin müsəlmanlar yaşayan hissəsinə
öz basqınlarını davam etdirir, müsəlmanları qırır və qarət edirdilər.

Mən bu zaman İçəri şəhərdə - Qalada idim və biz burada səngərlər qazaraq, bizə hücum edən ermənilərdən müdafiə olunmağa başlamışdıq. İran konsulu49 dənizçi Natanson ilə birlikdə Qalaya bizim yanımıza gəldi, bəziləri deyirdi belə şayiə gəzir ki, guya biz Qalada, Mir Əli Nağı Hüseynovun evində olan bütün erməni və xristianları doğrayıb qırmışıq. Biz onların hər ikisini Hüseynovun evinə apardıq və 240 xristian kişi, qadın və uşaqların (o cümlədən çoxlu ermənilərin) olduğu yerləri göstərdik. Sonra biz onlara bələdçilər verdik və bələdçilər onları xristianların olduğu digər evlərə də apardılar. Orada qadın və kişilər göz yaşları ilə müsəlmanların onlarla yaxşı rəftar etdiyinə, çörək, düyü və su verdiklərinə görə öz minnətdarlıqlarını bildirdilər. Onlara, Qalada qalmaqdan ehtiyat edirlərsə, getmək təklif olunduqda, onlar bildirdilər ki, müsəlmanların taleyini bölüşmək istəyirlər və Qaladan sonuncularla birlikdə gedəcəklər. Eyni zamanda xristianlar Qalanın bombardman edilməsinin dayandırılması xahişi ilə matrosların yanına kişi və qadınlardan ibarət öz nümayəndələrini göndərdilər.

Xristianlarla yaxşı rəftar edildiyinə tam əmin olan İran konsulu və Natancon Qaladan getdilər. Lakin üç saatdan sonra hər ikisi yenidən Qalaya qayıtdı və bildirdilər ki, guya onlar çıxıb gedəndən sonra müsəlmanlar bütün xristianları qırıblar; onların dediyinə görə, bu barədə onlara Jorj Melikov və həkim Ter-Zaxaryants telefonla xəbər vermişlər. Biz onlara
yenidən Hüseynovun evini, habelə xristianların yerləşdiyi digər evləri göstərdik, beləliklə hər ikisi əmin oldular ki, bütün xristianlar sağ-salamatdır. Natanson Qaladan gedərkən qala divarları önündə 20 dənizçi qoyulması haqqında sərəncam verdi, və onlar erməni əsgərlərinin hücumlarının qarşısının alınmasında bizə kömək etdilər. Hücum edən ermənilərin başında tüfənglərlə silahlanmış və bizə atəş açan Stepan Lalayevin, Jorj Melikovun, Dovlatovun, Xristofor Dildarovun və Ambarsum Melikovun durduğunu görmüşəm.

Martın 20-də, mən Qala divarlarının və “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının yanındakı pilləkənin yaxınlığında olarkən, “Kaspi” qəzetinin redaksiyasının qarşısındakı tindən Tatevos Əmirovun50 üç silahlı erməni ilə bu binaya necə girdiyini öz gözlərimlə gördüm; bundan az sonra binada alov göründü və o yanmağa başladı. Alov Nikolayevskaya
küçəsi ilə Krasilnikov qardaşlarının qarşıda yerləşən evinə keçdi; tezliklə bu evə yanğınsöndürənlər gəldilər və alovu söndürməyə çalışdılar. Tələbə, bolşevik Məmməd İrza Hacınski telefonla Şaumyana xəbər verəndə ki, yanğınsöndürənlər Krasilnikovların evini söndürürlər, lakin “İsmailiyə” nin binasındakı yanğını söndürmək üçün heç bir tədbir görmürlər, Şaumyan “İsmailiyyə”nin saxlanılması üçün tədbir görülməsi barədə sərəncam verəcəyinə söz verdi. Əslində isə belə sərəncam olmadı və bütün əzəmətli binadan yalnız divarlar qaldı.
Ermənilər tərəfindən yandırılan “İsmailiyyə” bütün Qafqaz müsəlmanlarının həyatında böyük rol oynayırdı. Qafqaz müsəlman komitələrinin hamısı bu binada yerləşirdi və bu komitələrə aid olan pullar və sənədlər də burada saxlanılırdı. Bundan əlavə, müxtəlif müsəlman yığıncaqları və qurultayları bu binada keçirilirdi, məs., bu il fevralının 15-də açılmış Ümumqafqaz Müsəlman Qurultayı51 burada keçirilmişdi.

Ermənilərə yaxşı məlum idi ki, bütün məscidlərdə müsəlman qadın və uşaqları gizlənirlər; onların göstərişi ilə şəhərin müsəlman məhəllələrini bombalayan hərbi gəmilər məscidləri də top atəşinə tuturdular ki, nəticədə məscid binalarına 19 mərmi dəymişdi. Mart hadisələri zamanı o qədər müsəlman öldürülmüşdü ki, onların meyitlərini Petrovsk və Dəmiryolu limanından Bibiheybətə 6 barjada daşımışdılar. Bundan əlavə, arabalarda və yük avtomobillərində məscidlərə və qəbiristanlıqlara xeyli meyit daşımışdılar. Müsəlmanlar meyitlərin daşınmasında, habelə qətlə yetirilmiş qohumlarının axtarışında onlara yardım göstərilməsi xahişi ilə İcraiyyə Komitəsinə müraciət etmişdilər, lakin onların bu xahişi rədd edilmişdi. Stanislavskaya küçəsinin sonunda, “Poxlu Dərə” adlı yerdə torpağa çox da dərindən basdırılmamış 57 müsəlman qadının cəsədi təsadüfən aşkar edilmişdi. Ermənilər müsəlmanların evlərinə soxularaq nə qadınlara, nə də uşaqlara rəhm etmədən, hamını öldürürdülər. Məsələn, onlar Serkovnaya küçəsində, 80 yaşlı ağsaqqal Hacı Əmir Əliyevin evinə girərək, Əliyevin özünü, onun 60 yaşlı arvadını, 70 yaşlı ikinci arvadını, oğlunu öldürmüşdülər, üç uşağı (azyaşlı) doğramış, Əliyevin gəlinini, 35 yaşlı qadını divara mismarlamışdılar.

Təzə Pir52 məscidində 50-60 cəsəd görmüşəm; onların əksəriyyəti dəhşətli dərəcədə eybəcər hala salınmışdı və başları kəsilmişdi. Ermənilər mart qırğınlarına əvvəlcədən hazırlaşmışdılar. Hələ mart ayının ilk günlərində mənim neft mədənlərimi idarə edən mühəndis Gerasim Mixayloviç Ter-Akopov məni xəbərdar etmişdi ki, Bakıda qorxulu hadisələr gözlənilir və buna görə mənə şəhərdə qalmamağı, ailəmlə birlikdə bağ evimə köçməyimi məsləhət görmüşdü. Ermənilərlə müsəlmanlar arasında barışıq elan edildikdən sonra da ermənilər mütəmadi olaraq imkan düşdükcə müsəlmanları öldürməkdə davam edirdilər. Məsələn, bizim təxmini hesablamalarımıza görə adı çəkilən barışıq dövründən ta Türk-Azərbaycan qoşunları Bakıya daxil olanadək ermənilər tərəfindən 1500 müsəlman qətlə yetirilmişdir, mart hadisələri zamanı isə təxminən 11 000 müsəlman öldürülmüşdür. Bir çox
müsəlmanların cəsədləri bu günədək hələ də tapılmamışdır. Şəhərin aşağı hissəsində, Sisyanovskaya küçəsindən aşağı, Hacı Zeynalabdin Tağıyevin53 evi istisna olmaqla, bir dənə də olsun qarət edilməmiş müsəlman evi qalmamışdı. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və ya bazarında müsəlmanların məskunlaşdığı bütün binalar tamamilə yandırılmış və ya qarət edilmişdi. Ümumiyyətlə, Bakı şəhərinin müsəlman əhalisinə köhnə qiymətlə 400 000 000 rubla yaxın ziyan vurulmuşdur, bu hesablama bizim tərəfimizdən yalnız bizə məlum olan faktlar əsasında aparılmışdır. Çərşənbə axşamı, mart ayının 20-də gündüz, Qaladan şəhərin yuxarı hissəsinə Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, Hacı Hüseyn Tağıyev, həkim Atabekyan və İcraiyyə Komitəsinin üzvü Denejkindən ibarət nümayəndə heyəti göndərilmişdi. Bu nümayəndə heyəti Zavedenskaya küçəsində altı erməni əsgəri tərəfindən saxlanılmışdı və onlara hara getdikləri barədə sual verilmişdi. Nümayəndə heyətinin müsəlmanlarla ermənilər arasında barışıq elan edildiyinə görə hərbi əməliyyatların dayandırılması xahişi ilə şəhərin müsəlmanların əlində olan hissəsinə keçməyə çalışdıqlarını öyrəndikdə, erməni əsgərləri bildirmişlər ki, onlar nümayəndə heyətini buraxmayacaqlar, çünki heç bir barışıq tanımırlar. Nümayəndə heyətinin üzvləri Zavedenskaya küçəsinin sonundakı müsəlman səngərlərinə doğru irəlilədikdə, erməni əsgərləri onların arxasınca tüfənglərdən atəş açaraq, səngərlərə qədər qaçmağa və orada gizlənməyə macal tapmış Molla Cavad Axunddan başqa, nümayəndələrin hamısını öldürmüşdülər. Əlavə deməyə başqa sözüm yoxdur.
Oxundu. İmza. А.H.Tağıyev.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 1-4.

Sənəd № 10

Dindirmə protokolu

1918-ci il. 8 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Ağabəy Səfərəliyev, 41 yaşlı, Bakı şəhərində, Şamaxinskaya küçəsində, şəxsi evimdə yaşayıram.
Mart atışmaları zamanı mən heç yerə çıxmamışam, daima Şamaxinkada, öz evimin ətrafında olmuşam. Biz, müsəlmanlar, bir neçə gün Tatevos Əmirovun erməni hərbi dəstəsi ilə atışmalı olduq. Bu dəstə Lalaevin Şamaxinskaya və Kubinskaya küçələrinin kəsişməsində yerləşən evində oturmuşdu və oradan Şamaxinkadakı evləri atəşə tuturdu. Atışma bu il mart ayının ortalarında, bazar günü başladı və çərşənbə gününədək, sülh bağlanana qədər davam etdi. Lakin bundan sonra da ermənilər vəhşiliklərini davam etdirirdilər: Məs., mənim evimin yaxınlığında, Məhəmmədli kəndinin sakini Dövlətəlinin evində ermənilər ev sahibinin 14 nəfərdən ibarət bütün ailəsini qətlə yetirmişlər. Hər gün şəhərə ətraflarda öldürülmüş insanların meyitləri gətirilirdi. Şəhərin yanında yaralanmış müsəlmanları da gətirir və Böyük bazarda, qadın həkimi Kaqanın müalicəxanasında54 yerləşdirirdilər. Müsəlmanlarla ermənilər arasında sülh bağlanandan artıq ay yarım sonra ermənilər Şamaxıdan qaçan müsəlman ailələrinin yerləşdiyi Şamaxı məscidinə 55 gəlmiş və başqaları ilə birlikdə guya məsciddə olan bir neçə cavan qadının onlara verilməsini tələb etmişlər. Uzun yalvar-yaxardan sonra ermənilər, ertəsi gün saat 12- də qadınların ardınca yenidən məscidə gələcəklərini bildirərək getmişlər. Yalnız Şaumyan kimi görkəmli ermənilərə, doktor Nərimanova56 və başqalarına kömək üçün müraciət sayəsində qadınları onları gözləyən rüsvayçılıqdan xilas etmək və onların hamısını Çəmbərəkənd məscidinə keçirmək mümkün olmuşdur və ermənilər daha ora gəlməmişlər.

Məscidləri və bəzi küçələri gəzərkən mən olduqca eybəcər hala salınmış meyitlərə təsadüf edirdim: qadınlar döşləri, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış halda uzanmışdılar. Ermənilər nə uşaqlara, nə qocalara, nə qadınlara aman vermirdilər və hamını eybəcər hala salırdılar. Meyitlər hər tərəfdə, bir neçə gün, hətta bir həftəyə yaxın, yığışdırılmamış qalmışdı və buna görə küçələri dəhşətli üfunət bürümüşdü. Mənimlə qonşuluqda yaşayan mühəndis Keyl küçələri gəzir və ətrafa səpələnmiş eybəcər meyitlərin şəklini çəkirdi. Mantaşevin57 Binəqədi mədənlərində işləyən mühəndis-texnoloq Ovanov artıq sülh bağlanandan sonra mənə dedi ki, Şamaxinkaya gəlməyə və məni xilas etməyə imkanı olmadığına görə təəssüf edir. O, izah etdi ki, onun özünə və başqa şəxslərə daşnaksakanlar tərəfindən müsəlmanları əsir götürmək tapşırılmışdı, əgər müsəlmanlardan kimsə bu zaman müqavimət göstərsəydi, onu öldürmək lazım idi.

2-ci Qarşılıqlı Kredit Cəmiyyətində iş yoldaşım Çiknoverov mənim müsəlmanların bolşeviklərlə mübarizəsi vaxtı ermənilərin nə üçün bitərəf qalmadıqları sualıma açıq cavab verdi ki, ermənilər ona görə müsəlmanlara qarşı çıxış ediblər ki, əvvəla, 1905-ci58 ilə görə onlarla hesablaşmaq istəyirdilər, və ikincisi, bir də ona görə ki, müsəlmanların onlara qarşı hücumunu qabaqlamaq istəyirdilər. Eyni sözləri mənə Pitoyev və K˚ Neft Sənayesi Cəmiyyətinin59 mühəndisi Emiko Ambarsumov da təkrar etmişdir.

Eybəcər hala salınmış qadın meyitlərinin arasında mən cinsiyyət yoluna taxta salınmış cəsədlər görmüşdüm. Mənə danışırdılar ki, ermənilər gecələr bir neçə dəfə çörək dükanlarına növbələrdə duran insanların cərgəsinə yaxınlaşır və gözlərinə dəyən cavan müsəlman qız-qadınlarını özləri ilə aparırdılar. Mənim iş yoldaşım Çiknoverovun adı Sergey İvanoviçdir.
Oxundu. A.Səfərəliyev.
Komissiya üzvləri: Prokuror müavini А.Kluge, andlı iclasçı Məmməd
Xan Təkinski (imzalar).
Komissiyanın sədri: Ələkbər Xasməmmədov(imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 11-12

Sənəd № 11

Dindirmə protokolu

1918-ci il. 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Manafov Rza Qulu oğlu, Bakılıyam, 48 yaşım var, Bakı şəhərində, Suraxanskaya küçəsi, ev № 178 ünvanda yaşayıram.
Martın 18-də axşam saat 8-də atışma başlandı. Mən öz kontorumu bağladım və evə, Suraxanskaya küçəsinə, tələsdim. Bütün gecəni tüfəng və pulemyotlardan atəş atırdılar. Bizə deyirdilər ki, atan bolşeviklərdir və ermənilər müsəlmanlara öz bitərəfliyi barədə məlumat veriblər. Qonşu evlərdə, mənim öz evimdə ermənilər yaşayırdı, lakin biz onları müsəlmanların dostu hesab edərək, onlara toxunmurduq. Bazar ertəsi, səhər tezdən ermənilər müsəlmanlara qarşı hücuma keçdilər və yalnız çərşənbə axşamı Suraxanskaya və Tatarskaya küçələrində yaşayan müsəlmanlar başa düşdülər ki, ermənilər bizi aldadırdılar və ermənilər müsəlmanlara qarşı çıxıblar. Mən başqa müsəlmanlarla birlikdə öz rayonumuzu ermənilərdən müdafiə etmək üçün səngərlərdə idim və biz çərşənbə axşamınadək öz mövqelərimizi müdafiə edirdik. Çərşənbə günü biz öz səngərlərimizi təmizlədik və bu vaxt ermənilər evlərə basqınlar etməyə və müsəlmanları evlərindən çıxarmağa başladılar. Mənim dalandarımı ermənilər mənim həyətimdə öldürdülər. Məni və mənim ailəmi əsir götürdülər və Mailov teatrına apardılar, eləcə də mənim qardaşımın ailəsini, ümumilikdə təxminən 52 nəfərə yaxın adamı, əsir apardılar. Ermənilər bizi ona görə öldürmədilər ki, bizi əsir götürən 30-a yaxın silahlı ermənilərin arasında mənim köhnə tanışlarım var idi. Bizi Serkovnaya küçəsi ilə aparırdılar, bizim qabağımızda başqa müsəlman dəstəsi gedirdi və bu dəstənin arasında mən Ramana kəndindən olan İsmayılı, arvadı və qızı ilə birlikdə gördüm. Onları müşayiət edən ermənilər Hacı Abbasqulu Rzayevin evinin yanında İsmayılı öldürdülər, arvadını isə bizim dəstəyə qatdılar. Serkovnaya küçəsində ermənilər tərəfindən qətlə yetirilmiş müsəlmanların meyitləri uzanıb qalmışdı. Bütün bu insanları ermənilər evlərindən çıxarıb küçədə öldürürdülər. Məni Mailov teatrına apardılar və bizi orada 3 gün saxlayandan sonra buraxdılar. Mailov teatrından qayıtdıqdan sonra mən evləri gəzməyə və müsəlman qonşularımdan xəbər tutmağa başladım. Küçələr qətə yetirilmiş müsəlmanların cəsədləri ilə dolu idi, evlərdə də öldürülmüş müsəlmanların, qadın və uşaqların cəsədləri var idi. Meyitlərin arasında mən Məşədi Tağı Nağı oğlunun arvadını və onun 6 yaşlı oğlunu tanıdım. Mən başqa müsəlmanlarla birlikdə öldürülmüş müsəlmanları dəfn etməyə başladım. Mən öz rayonumda meyitlərin sayını müəyyən etməmişəm, ancaq mən özüm 18 meyit çıxarmışam və arabalarda onları dəfn etməyə aparmışıq. Mənim mənzilim tamamilə talan olunmuşdur, əşyalarımın siyahısını təqdim edirəm və onu işə əlavə etməyi xahiş edirəm.

Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
Komissiyanın sədri: Ələkbər Xasməmmədov(imza)
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 37-38.

Sənəd № 12

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Vəli Mikayılov, 43 yaşlı, Bakı şəhəri, Bondarnaya küçəsi, ev № 40 ünvanda yaşayıram. 4-cü polis sahəsi.
Martın 18-də, axşam, müsəlman qırğınları başlayanda mən “İsmailliyə” də növbətçi idim; mən “Müsavat”60 partiyasının üzvü kimi növbə çəkirdim. Sonra mən Qalaya keçdim və ermənilərlə müsəlmanlar arasında sülh bağlanana qədər orada qaldım. Mən evdə olmayanda silahlı ermənilər mənim evimə hücum etmiş və bütün mənim əmlakımı oğurlamışlar.
Mənim kirayənişinlərim – yəhudilər, mənim ailəmi gizlətməyə müvəffəq olmuşlar. Yəhudilərin dediyinə görə, onlar talançıların arasında axtarış polisində xidmət edən bir neçə nəfər ermənini tanımışlar. Mənim ümumən köhnə pula altmış min rubl dəyərində əmlakımı qarət etmişlər.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 5.

Sənəd № 14


Dindirmə protokolu

1918-ci il, 6 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bala-bəy61 Aşurbəyov, 36 yaşında, Bakıda, Qoqolevskaya küçəsindəki şəxsi evimdə yaşayıram.
Ermənilərin müsəlmanlara qarşı mart çıxışları zamanı mən öz ailəmlə birlikdə Persidskaya küçəsinə, bacımın evinə getmişdim. Mənim olmadığım müddətdə evimə 40 nəfər erməni əsgərlərindən ibarət dəstə gəlmiş və bütün mənzilləri gəzərək, ailəmlə birlikdə məni və qardaşım Əlı-bəyi axtarmışlar. Həmçinin şəhər rəisinin keçmiş köməkçisi polkovnik Olonqrenin
mənzilinə girərək, bizi çarpayıların altında belə axtarmışlar. Ermənilər mənim mənzilimdən, köhnə qiymətlə, ümumilikdə 60.000 rubl dəyərində gümüş, müxtəlif qadın parçaları, qadın alt geyimi, mənim kostyumlarımı aparıblar. Hələ qırğınlar başlayanadək şəhərdə ermənilərin müsəlmanlara qarşı çıxış etməyə hazırlaşdıqları barədə şayiələr gəzirdi. Elə bu zaman biz ermənilərin şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəyə köçdüyünü görürdük. Ermənikəndin yaxınlığında ermənilərin səngərlər qazdıqları da aşkar olunmuşdu. Buna görə də mart hadisələri bizi qəfildən yaxalamadı və mən ailəmlə birlikdə qırğınlar başlamazdan iki saat əvvəl evdən çıxıb getməyə müvəffəq oldum.
Oxundu. Bala-bəy Aşurbəyov. İmza.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 148.

Sənəd № 15

Dindirmə protokolu

1918-ci il, 12 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Şərif bəy Aşurbəyov, Bakılı, 48 yaşım var, Bakıda Spasskaya küç., ev № 34 ünvanda yaşayıram.
12 oktyabr 1918-ci il tarixli ərizədə ifadə edilənləri təsdiqləyirəm. Mənim iki əmioğlum – Yüzbaşı bəy və Cavad bəy Aşurbəyovlar ermənilər tərəfindən qətlə yetirilmişlər. Bu il mart ayının ortalarında axşamüstü mənim evimə iyirmiyə yaxın silahlı erməni gəldi, revolverlə hədələyərək, şkafları və kassanı açmağı əmr etdilər. Mən onların tələblərini yerinə yetirdim
və onlar ərizədə göstərilən əmlakımı özləri ilə apardılar. Mən bu vaxtadək heç yerə şikayət etməmişəm. İndi olduğu kimi, o zaman da Spasskaya küçəsi ev № 34-də yaşayırdım. Məni qarət edən ermənilərdən bəzilərini üzləşmə zamanı tanıya bilərəm, amma adlarını bilmirəm. Mənim və qardaşım Ağası bəyin qarət edilmiş əmlakımızın ümumi dəyəri 300.000 rubla bərabərdir. Şikayət etməmişəm, çünki qorxurdum, həm də şikayət etməyə adam yox idi. Bütün hakimiyyət ermənilərin əlində idi.
Oxundu. İmza.
Komissiya sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 20.

Sənəd № 16

Dindirmə protokolu

1918-ci il, 6 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsinin
307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir: Hüseyn bəy Aşurbəyov, 47 yaşım var, Bakı şəhəri, Kamenistaya küçəsi, ev № 112 ünvanda yaşayıram.
Bu ilin mart ayında ermənilərin müsəlmanlara qarşı çıxışları zamanı, çərşənbə axşamı, martın 20-də silahlı erməni dəstəsi bizim evimizə gəldi və bütün əmlakımızı talan etdi. Nağd pulla 27.000 rubl götürdülər, sonra isə 190.000 rubl dəyərində müxtəlif paltarlar, ev əşyalarını, zinət əşyalarını apardılar. 34 yaşlı qardaşım Cavad bəy evdə qalmışdı: ermənilər onu əsir adı ilə evdən apardılar, lakin sonra haradasa yolda öldürdülər; biz indiyədək onun cəsədini tapa bilməmişik. Hələ mart hadisələrinədək mən eşidirdim ki, ermənilər 1905-ci ili təkrarlamağa, yəni müsəlman qırğınlarına başlamağa hazırlaşırlar. Bundan əlavə, mənə məlumdur ki, qırğınlar başlamazdan bir neçə gün əvvəl erməni ailələri bütün əşyaları ilə birlikdə şəhərin yuxarı hissəsindən, müsəlmanların yaşadığı hissədən aşağı, ermənilər yaşayan hissəyə köçürdülər.
Oxundu. İmza. Hüseyn bəy Aşurbəyov.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.121.

Sənəd № 17

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
(İbrahim bəy Musa Xan bəy oğlu Aşurbəyov) İsmayıl İbrahim bəy oğlu Aşurbəyov, 33 yaşlı, Bakı şəhərində, Qubernskaya küçəsi, ev 56\6 ünvanda yaşayıram.
Mənim atam İbrahim bəy xəstədir və istintaqa gələ bilmir. Mən Bakıda mart qırğınları zamanı onun Qubernskaya küçəsindəki 53 № li evində ermənilər tərəfindən qarət edilmiş və ümumi məbləği 80.400 rubl olan əmlakının siyahısını təqdim edirəm. Qarət vaxtı biz hamımız zirzəmidə idik, hadisələrin ikinci günü isə ermənilər bizi tapdılar və əsir apardılar və orada qarət etməyə cəhd göstərdilər. Bizi hələ zirzəmidə olarkən rus əsgərləri və bir nəfər kirayənişin xilas etdi. Bizim əmlakımızın siyahısının işə əlavə edilməsini və 80.400 rubl məbləğində dəymiş ziyanın ödənilməsini
xahiş edirəm.
Oxundu. İmza. İsmayıl bəy İbrahim bəy oğlu Aşurbəyov.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, prokuror müav.
А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.15.

Sənəd № 18

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zal Həsənov, 47 yaşlı, Bakıda, Qoqolevskaya küçəsi, 9 № li evdə yaşayıram.

Bazar günü, bu il martın 18, axşam, şəhərdə atışma başlayanda, qarşı evdə yaşayan Artyom Yoanisyan mənim evimə gəldi və xəbərdarlıq etdi ki, qırmızı qvardiyaçılar bizim evdə axtarış aparmaq istəyirlər, belə ki, guya bizim evdə pulemyotlar gizlədilmişdir. Onda Mirzə Əsədullayev62 ailəsi ilə, az sonra mən də öz ailəmlə, və Əli Əsədullayevin arvadı Qavriil Babayeviç Beqlyarovun evinə getdik. Gecə bizə, Əsədullayevin evinə qırmızı qvardiyaçılar dəstəsi gəldi və bütün mənzildə axtarış apardı. Silah tapmayan əsgərlər çıxıb getdilər. Səhər evə erməni əsgərləri gəldilər və evdə hər şeyi alt-üst edərək bizim əşyalarımızı qarət etməyə başladılar. Mən qarət olunmuş əşyalarımın siyahısını təqdim etmişəm. Biz pəncərələrdən erməni əsgərlərinin bizim evin pəncərələrinə necə tüfəng və pulemyotlardan atəş açdıqlarını, bizim pərdələri cırdıqlarını, bizim əşyalarımızı və paltarlarımızı evdən çıxardıqlarını görürdük. Ümumilikdə bizə təxminən 1.500.000 rubl məbləğində ziyan vurulmuşdur.
Çərşənbə axşamı, səhər saat 9-da Beqlyarovun mənzilinə bir dəstə erməni əsgərləri gələrək məni əsir aparmaq istədilər. Beqlyarov və onun kürəkənləri – doktor Şahnazarov və o birisi, Sergey Tarasoviç, soyadı yadımda deyildir, dedilər ki, onlar məni, öz qonaqlarını evdən buraxmayacaqlar. Sonra “daşnaksakanların” bürosuna zəng etməyə başladılar, bundan sonra ermənilər məni Beqlyarovgildə qoyaraq getdilər; görünür onlar bunu büronun göstərişi ilə etdilər. Təxminən gündüz saat 2-də Sergey və Georgiy Melikov qardaşları dörd əsgərlə mənim dalımca gələrək məni arvadımla bərabər öz evlərinə apardılar və biz talanlar bitənə qədər orada qaldıq. Melikovlargilə gedərkən yolboyu mən çoxlu müsəlman meyitləri gördüm.

Hələ ondan əvvəl kəndlərdən müsəlmanlar, eləcə də şəhər camaatı, mənim yanıma gəlir və soruşurdular ki, doğrudanmı ermənilər müsəlman qırğınlarına hazırlaşırlar. Mən hamıya cavab verirdim ki, bu doğru deyil, çünki ermənilərin bunu etməsi üçün heç bir səbəb yoxdur. Hələ bazar günü, axşam saat 8-də, Əli Əsədullayevin arvadı teleqrafla öz atasından – Hacı Zeynalabdin Tağıyevdən evdə qalmağın təhlükəli olub-olmadığını soruşmuşdu, çünki lap yaxınlıqda atışma səsi eşidilirdi. Hacı cavab
vermişdi ki, o, öz evində qalsın, belə ki, təhlükəli heç nə gözlənilmir, həmişəki kimi bir az atıb, qurtaracaqlar.

Mən Şəmsi Əsədullayevin63 qızı ilə evliyəm. Əlavə edim ki, Suraxanskaya küçəsi, 208 № li evdə mərhum Şəmsi Əsədullayevin dul arvadı – Meyransa xanım Əmiraslan qızı yaşayır. Erməni əsgərləri onun mənzilinə də basqın etmiş, bütün mebeli sındırmış və bütün əşyalarını qarət etmişlər. Qarət edilmiş əmlakın siyahısı həmçinin Fövqəladə Komissiyaya təqdim edilmişdir. Ermənilər Meyransanı ayaqyalın, “Daşnaksütun”un bürosuna əsir aparmışlar.
Oxundu. İmza. Zal Həsənov.
Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 136-137.

Sənəd № 19

Dindirmə protokolu

1918-ci il, 6 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şahzadə Mansur Qacar64, 12-ci Aktır Qusar polkunun keçmiş komandiri, polkovnik, 47 yaşlı, Bakıda, Kamenistaya küçəsində, Manuçar Avakovun evində yaşayıram.
Bu il mart ayının ortalarında şiddətli atışma başlandı və ermənilər bolşeviklərlə birlikdə müsəlmanlara qarşı hücuma keçdilər. Bu zaman mən Nikolayevkski döngəsi, ev № 14-də yerləşən “Metropol” mehmanxanasında yaşayırdım. “Metropol” mehmanxanasının ikinci nömrəsi boş idi və mən, Maks Manaseviç, andlı iclasçı Nikolay Ananyev və artist D.Taqianosova ilə birlikdə ikinci nömrədən döyüşün gedişini müşahidə edirdik. Mən adları çəkilən şəxslərlə birlikdə gördüm ki, Jorj Melikov yumşaq şlyapada, yağışlıqda və uzunboğaz çəkmələrdə, əlində silah bir neçə silahlı daşnaksakanla birlikdə “Metropol” mehmanxanasının qarşısında, Nikolayevskaya küçəsində yerləşən Kələntərov pasajının65 tinindən çıxdı, pasajın zirzəmi mərtəbəsinin girişinin aşağı pillələrində oturdu və onlar Nikolayevskaya küçəsi boyunca atəş açmağa başladılar. Eyni zamanda “Metropol” mehmanxanasının damından və Nikolayevskaya küçəsinə perpendikulyar yerləşən “Qrand Otel” mehmanxanasının pəncərələrindən də pulemyotlar şaqqıldayırdılar. Ertəsi gün səhər tezdən iyirmi dörd nəfər silahlı erməni məni tutdular, mehmanxana otağımda axtarış apardılar və şübhəli heç nə tapmayaraq, “Vəhşi diviziyanın”66 zabiti olduğumu düşünüb, məni öldürmək istədilər. Andlı iclasçı Ananyev erməni dilində bir xeyli onları razı salmağa çalışdı ki, məni öldürməsinlər və daşnaksakanların bürosuna aparsınlar. Uzun təkidlərdən sonra ermənilər məni daşnaksakanların bürosuna apardılar və Tiqran Melikovun mənzilində yerləşdirdilər; Mənim əşyalarımı axtararkən ermənilər qızıl saatımı və qızıl portsiqarımı götürüblər; qızıl portsiqar Axtır alayının zabitlərinin mənə hədiyyəsi idi.
Oxundu. İmza. Polkovnik Şahzadə Mansur Qacar.
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Məmməd Xan Təkinski,
Prokuror köməkçisi А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 6-7.

Sənəd № 20

Dindirmə protokolu

1918-ci il, 10 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl Dadaş oğlu Tağıyev, 42 yaşım var, Bakı şəhər sakini, Bolşaya Krepostnaya küçəsi, № 38 ünvanda yaşayıram.
Mart hadisələrindən 2-3 ay əvvəl mən tez-tez erməni ailələrinin: S.İ. Tatevosovlar və A.N.Arafelovların məclislərində olurdum. Rusiyada baş verən hadisələrə dair söhbətlərdə həmişə deyirdilər ki, Bakıda bundan da pis olacaq. Mən elə bir şey gözləmədiyim və qabaqcadan görə bilmədiyim üçün, deyilənləri inkar edir və onların fikri ilə razılaşmırdım. Lakin onlar, xüsusilə də, Mariya Konstantinovna Arafelova inadla dediyində təkid edirdi və nə isə dəhşətli bir şeydən ehtiyat edirdi. Hadisələrdən sonra mən Rostovdan gəlmiş və “Metropol”da yaşayan bir rəfiqəmdən öyrəndim ki, o da, aşağıda adları çəkilənlər şəxslərlə - andlı iclasçı N.Q. Ananyevin
köməkçisi Mariya Petrovna Taqianosova, M.Manaseviç və şahzadə Mansur Mirzə Qacar ilə birlikdə “Metropolda” olmuşdur və onlar Georgi Ambarsumoviç Melikovun digər ermənilərlə birlikdə müsəlmanlara atəş açdığını görmüşlər. Həmçinin, martın 19-da və 20-də mənim Bazarnaya küçəsində yerləşən və R.P.Lalayevin N. evində mənim tərəfimdən icarəyə götürülmüş və içində yüz əlli min rubl (150.000 rubl) dəyərində müxtəlif malların olduğu anbarlarım qarət edilmiş, sonra isə yandırılmışdır. Bu malların siyahısını o vaxt üç ərizədə (çünki itən malların sayını dərhal müəyyən etmək mümkün deyildi) İcraiyyə Komitəsinə təqdim etmişəm.
Oxundu. İmza. Bakılı tacir İsmayıl Dadaş oğlu.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 17.

Sənəd № 21

Dindirmə protokolu


1918-ci il, 3 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Əbdül Cabbar Babayev, Bakılı, Bakıda, İçəri şəhər (Qala), Sobornaya küçəsi, 25 №-li evdə yaşayıram, 52 yaşım var.
Bu il mart ayının ortalarında axşam saat 5-6-da mən tüfəngdən atılan atəş səsləri eşitdim. Gecə saat 11-də mənim köhnə tanışım Pyotr Moiseyeviç Zorabov qaçıb bizə gəldi və Ambarsum Serqeyeviç Melikovun sabah səhər ermənilərin müsəlmanlarla birlikdə bolşeviklərə qarşı gözlənilən hücumu barədə ona dediklərini mənə xəbər verdi. Həqiqətən, ertəsi gün səhər ermənilər hücuma keçdilər, ancaq müsəlmanlarla birlikdə bolşeviklərə qarşı deyil, bolşeviklərlə birlikdə müsəlmanlara qarşı. Mənim evim və bu evdə yerləşən mənzilim atəşə tutulurdu və mən özüm gördüm ki, İşxan Qarabəyov qaynı Nikolayla (onun soyadını bilmirəm) öz evinin damından mənim mənzilimə tüfənglərdən atəş açırlar və bu güllələrdən mənim qardaşım Əbdül Qafar telefonla danışdığı vaxt öldürüldü. Güllələrin
izi ilə Qarabəyovun evindən atılan atəşlərin istiqamətini müəyyən etmək olar. Mənim mənzilimi talan etmiş, 250.000 rubl məbləğdən artıq əmlakımı evdən aparmışlar. Sülh bağlanandan sonra Maks Manasoviç mənə danışırdı ki, özünün yaşadığı “Metropol” mehmanxanasından Nikolayevskaya küçəsi boyu müsəlmanlara yaylım atəşləri açan silahlı erməni dəstəsini görüb və o, Manaseviç, bu dəstənin arasında Ambarsum Serqeyeviç Melikovun oğlu Jorju tanıyıb. Barışıqdan bir neçə gün sonra mən öz ailəmlə kəndə köçdüm və orada bir kəndlidən eşitdim ki, Ambarsum Melikov özü də silahlanmış və erməni dəstəsi ilə müsəlmanlara qarşı vuruşmuşdur. Kəndən şəhərə qayıtdıqdan sonra mən bunu da eşitdim ki, ingilislərin təkidi ilə bir dəstə adam Zabrata göndərilmişdir və orada bu adamlar bir dərədən ermənilər tərəfindən doğranmış və dərəyə atılmış 22 müsəlman meyitinin
tikələrini çıxarmışlar. Ramana ərazisində də çoxlu müsəlman qadın, uşaq və kişi doğranaraq öldürülmüşdür. Pyotr Moiseyeviç Zorabov mənə danışırdı ki, onun mənzilinə bir rus qadını, Cavad Aşurbəyovun yaxşı tanışı, gələrək Aşurbəyovun taleyi barəsində öyrənmək istəmişdir. Və Zorabovun arvadının yanında həkim Tiqran Ter-Zaxaryantsın denşiki xəbər verib ki, o, yəni denşikin özü, digər ermənilərlə birlikdə barışıqdan sonra Cavad Aşurbəyovu və doktor Kərim bəy Sultanovu öldürüblər
və hər ikisinin meyitini yanan “Dağıstan”67 mehmanxanasının alovlarına atıblar. Denşikin bu bəyanatından sonra Cavad Aşurbəyovun tanışı huşunu itirərək yıxılmış, doktor Ter-Zaxaryants isə demişdir ki, doktor Sultanov onun yaxşı tanışı idi.
Oxundu. İmza. Ə.Babayev.
Komissiya üzvləri: Məmməd Xan Təkinski,
Prokuror köməkçisi А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 3-4.

Sənəd № 22

Dindirmə protokolu

1918-ci il, 7 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şıx Balayev, 39 yaşım var, Bakı şəhərində, Verxnyaya-Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram.
Bu il martın 19-da səhər saat 9-da tüfənglə silahlanmış Stepan Lalayev, Tatevos Əmirov, Sergey Melikov və Arustam Tərcumanov və onlarla birlikdə əsgər paltarında olan daha 9-10 nəfər silahlı erməni mənim evimə gəldilər. Onlar evimdən daha qiymətli əşyaları çıxarıb aparmağa, qalanlarını sındırmağa başladılar. Onlar üç dəfə mənim evimi yandırmış və hər dəfə mənim kirayənişinlərim və bir neçə rus əsgərlərinin sayəsində onu xilas etmək mümkün olmuşdur. Bundan başqa ermənilər gözlərinə dəyən hər bir tatarı öldürürdülər. Mənim evimin yanında Sergey Melikovun mənim dayım oğlu Tələt Hüseynova, sonra isə Ağadadaş Hacı Qurban oğluna necə güllə atdığını və onları yaraladığını mən özüm görmüşəm. Bir qədər keçdikdən sonra bu dəstə Ağadadaşın evinə girdi və onun özünü və atası Hacı Qurban oğlunu öldürdü. Mən sonradan evdən Şamaxinkaya qaça bildim, buna görə də sağ qaldım. Mənim evimdən qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Ümumiyyətlə mənə 1.200.000 rubl məbləğdə ziyan dəymişdir, bu məbləği Lalayevin və onun yoldaşlarının mülkiyyəti hesabına ödəməyi xahiş edirəm.
Oxundu. İmza. Şıx Balayev.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 125.

Sənəd № 24

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Əli bəy Səlimbəyov, diş həkimi, 41 yaşlı, Bakıda Mixaylovskaya küçəsi, №- 11 ünvanda, Aşumovun evində yaşayıram.
1918-ci i mart qırğınları vaxtı mən tələbəmlə birlikdə öz mənzilimdə idim. Bazar ertəsi günü səhər saat 6-da mən kabinetdəki pəncərəyə yaxınlaşdım və küçədə silahlı erməni əsgərlərinin kütləsini gördüm; mənə aydın oldu ki, şəhərdə bolşeviklər deyil, ermənilər hücuma keçiblər və bir müsəlman kimi məni ölümcül təhlükə gözləyir. Elə oradaca, mən tüfənglə silahlanmış Stepan Lalayevin Ermansın aptekinin68 yanında durduğunu gördüm, biz şəxsən tanış olmasaq da, bir-birimizi üzdən tanıyırdıq. S.Lalayev də məni pəncərədə gördü və sol əlini yuxarı qaldıraraq barmağı ilə məni hədələdi. Səhər saat 11-də ermənilər mənim mənzilimin giriş yolunu dağıtmağa başladılar, oranı dağıtdıqdan sonra giriş qapısını sındırmağa çalışdılar. Qapının bir hissəsi sındırılmışdı, lakin qapının zənciri basqınçılara mənzilə soxulmağa mane olurdu və bunun sayəsində mən və tələbəm salamat qaldıq. Elə həmin gün küçədən mənim mənzilimə 4 atəş açıldı və telefon xətti zədələndi. Gecə biz evin zirzəmisində gizləndik. Bura başqa sakinlər də yığışmışdılar və biz burada gecə yarıyadək qaldıq, gecə saat 12-dən isə Nusembaumun bu evin 4-cü mərtəbəsində yerləşən mənzilində olduq.

Çərşənbə axşamı mən səhər saat 4-də durdum və bütün günü, həmçinin ertəsi, çərşənbə günü, mühəndis Qaysın mənzilində gizləndim. Çərşənbə axşamı səhər saat 4-də ermənilər yenidən mənim mənzilimə gəlmiş, linglər və baltalar ilə qapımı sındırmış, evə girmiş və hər şeyi dağıtmışlar. Mənim
əmlakım evdən aparılmış, mebel isə məhv edilmişdir. Mən altı səhifədə əmlakımın ətraflı siyahısını təqdim edirəm və onun işə əlavə olunmasını xahiş edirəm. Əmlakımın ümumi dəyəri 309.200 rubl təşkil edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza. M.Səlimbəyov.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 30.

Sənəd № 25

Dindirmə protokolu

1918-ci il, 21 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Tağı Həsən oğlu, şamaxılı, 45 yaşlı, Bakı şəhəri Krasno-Krestovskaya küçəsi, ev № 15 ünvanda yaşayıram.
Mənim Nikolayevskaya küçəsində, Hüseynov qardaşlarının evində parça mağazam var. Bu il mart ayının ortalarında, bolşeviklər müsəlmanlara qarşı çıxış etdiyi zaman mən öz mənzilimdə idim. Mənim mənzilimlə yanaşı isə Əziz bəy Tahirovun mənzili idi. Mən və binanın sakinləri Tahirovun telefon olan mənzilinə tez-tez girirdik və mən eşidirdim ki qırğının birinci günündən barışıq elan edilənədək, daşnaksakanların nümayəndələri Tahirova müsəlmanların bolşeviklərə qarşı çıxış etdiyini, bütün ermənilərin müsəlmanlara qoşulduğunu və bolşeviklərə qarşı vuruşduğunu deyirlər. Bolşeviklərlə döyüşün üçüncü günü mən və digər müsəlmanlar öyrəndik ki, ermənilər bizi aldadırdılar və ermənilər özləri şəhərin Avropa hissəsində yerləşən evlərə soxulur, bu evlərin mənzillərindən dinc müsəlmanları, qadın və uşaqları bayıra çıxarır və öldürürdülər. Demək olar ki, bütün ermənilər müsəlmanlara qarşı silahlı çıxış edirdilər və mən barışığın birinci günü hətta ziyalı erməniləri, məhz: andlı iclasçı Mixail Ter Sarkisovu, andlı iclasçı Arutçevi, Antonovun uşaqlarını və adlarını bilmədiyim digərlərini görmüşdüm. Bütün bu erməniləri mən Nikolayevskaya küçəsində əllərində tüfəng, “xaki” rəngli kostyumda və uzunboğaz çəkmələrdə, əsgər paltarında görmüşdüm. Onlar əsgərlərə göstərişlər verirdilər.

Digər erməni, rus və yəhudilərdən eşitmişdim ki, Nikoilayevskaya küçəsində yerləşən “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını zabit Styopa Lalayevin başçılıq etdiyi ermənilər yandırmışlar. Adı çəkilən binaya benzin tökmüş və od vurmuşlar. Mən həmçinin eşitmişəm ki, yuxarıda adları çəkilən ermənilərin sərəncamı ilə Bala Əhməd Muxtarovun Persidskaya küçəsində yerləşən evinə silahlı ermənilər göndərilmişdir, çünki onlar bilirdilər ki, Muxtarovun evində xeyli ziyalı müsəlmanlar yığışmışdı. Barışıq zamanı ermənilər Muxtarovun evindən demək olar ki, müsəlmanların hamısını guya əsir götürmək adı ilə küçəyə çıxardılar və Sobornaya meydanında qətlə yetirdilər. Barışıqdan sonra, türklər gələnədək, altı ay ərzində ermənilər gecələr evlərə soxulur və sistemli şəkildə müsəlmanları küçəyə çıxarır, harasa aparır və öldürürdülər. Qətlə yetirilmiş bəzi müsəlmanları biz tapa bilmirdik və sonradan öyrəndik ki, ermənilər müsəlmanları öldürür, meyitlərini isə xəndəklərə atırmışlar. Mənim tanışlarımdan Eyvazov ermənilər tərəfindən aparılmışdır və indiyədək onun meyitini tapmaq mümkün olmamışdır. Ermənilər həmçinin kəndlərə gedən və kəndlərdən gələn müsəlmanları da öldürürdülər və bu müsəlmanların meyitləri Sabunçu, Suraxanı və Binə kəndlərində olan su quyularından tapılmışdır. Mart ayının ortalarında ermənilər mənim mağazamı talan etdilər və bütün malı həyətdən çıxardılar. Bu barədə ilk dəfə evlər komitəsi tərəfindən akt tərtib edilmiş və bolşeviklərə göndərilmişdi.

Bolşeviklər dindirmə yolu ilə mağazanın köhnə qiymətlə 97.000 rubl məbləğində ermənilər tərəfindən talan edilməsi faktını müəyyən etmişdilər və mən bu barədə ərizə ilə müraciət edirəm və onun işə əlavə edilməsini xahiş edirəm. Mənə danışırdılar ki, ermənilər hamilə qadınların qarınlarını yarır və hamilə qadınların qarnından körpəni dartıb çıxarırdılar. Hacı Əjdərin tikdirdiyi məsciddə69 müsəlman qadınlara və qızlara təcavüz edilmişdi. Ermənilər məscidi ayaqyoluna çevirərək, onu murdarlamışdılar. “Kaspi” qəzetinin redaksiyasında olan 12.000 ədəd Quran kitabları bina ilə birlikdə ermənilər tərəfindən yandırılmışdı. Yandırılmış Quran kitablarının qalıqları zirzəminin dağıntıları altındadır. Mart hadisələrinədək ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən köçməyə başlamışdılar. Məsələn, mənim evimin qarşısında oturan erməni bərbər mart hadisələrinə altı gün qalmış köçüb getmişdi. Ermənilərin belə hərəkətlərindən sonra anlamışdıq ki, ermənilər müsəlmanlara qarşı hücuma hazırlaşırlar.
Oxundu. İmza.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Andlı iclasçı M.Təkinski,
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 23-24.

Sənəd № 26

Dindirmə protokolu

1918-ci il, 3 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Eyvaz oğlu, bakılıyam, Pozenovskaya küçəsi, ev № 20.
Bu il martın ortalarında limanların birində tüfənglə atışmalar başladı, buna görə mən Naberejnaya küçəsindəki kontorumu bağlayıb evə yollandım. Atışma ertəsi gün axşam da davam etdi. Üçüncü gün səhər mən Sisianovskaya və Nikolayevskaya küçələrinin kəsişməsində yerləşən və türk hərbi
əsirlərinin qaldığı karvansaraya70 getməyə hazırlaşırdım. Bu vaxt Nilolayevskaya küçəsinin hər tərəfindən atəş səsləri gəlirdi. Mən tindən boylananda gördüm ki, “Metropol” mehmanxanasından Nikolayevskaya küçəsi boyu 25 silahlı erməni əsgəri üzü yuxarı qalxır, onların başında həmçinin tüfənglərlə silahlanmış Artyom Nikolayeviç Ter-Akopov, Fridun Antonov və Jorj Melikov gedirdilər.

Onlar Nikolayevskaya küçəsi ilə fasiləsiz göyə yaylım atəşləri atırdılar. Mən dərhal oradan qaçdım. Sonra eşitdim ki, mənim getmək istədiyim karvansarada ermənilər 8 nəfər türk hərbi əsirlərini, 3 iranlı təbəələri və 2 müsəlman qadını öldürüblər. Ermənilər mənim Nikolayevskaya və Bazarnaya küçələrinin kəsişməsində yerləşən mağazamı, kontorumu və anbarımı talan ediblər. Kontordan 8 xalça və 17 kisə un aparıblar, mağaza və anbardan düyü, çay və s. ərzaq məhsulları aparıblar, ümumilikdə mənə məxsus təxminən 150.000 manat məbləğində əmlak və ərzaq məhsulları qarət olunub.

Hələ mart hadisələrinə 2 ay qalmış mən görürdüm ki, ermənilər şəhərin müsəlman hissəsi sayılan yuxarı hissədən öz əşyaları ilə aşağı hissəyə, əsasən Telefonnaya küçəsinin rayonuna köçürlər. Mənim suallarıma onların çoxu belə cavab verirdi ki, şəhərin aşağı hissəsinə ona görə köçürlər ki, erməni komitəsinin fikrincə orda yaşamaq daha mühasib ola bilər. Bundan əlavə, ermənilər ruslara da, müsəlmanların onları öldürə biləcəyi barədə xəbərdarlıq edərək, şəhərin aşağı hissəsinə köçməyi məsləhət görürdülər. Bununla onlar rus əhalisini müsəlmanlara qarşı qaldırmaq istəyirdilər. Yuxarıda adları çəkilən şəxslərdən Ter-Akopov ixtisasca mühəndisdir. Türk qoşunları Bibiheybətə girdikdən 2 gün sonra mənim əmim oğlu, Pozenovskaya küçəsindən yuxarıda, Çəmbərəkənddə yaşayan Cəfərqulu İbrahim oğlunun evinə 4 nəfər erməni, onların arasında bir general Arutyunyants və Evanqulov adlı başqa birisi, gəlmişlər. Onlar guya Cəfərqulunun casusluqla məşğul olduğunu və türk ordusuna müxtəlif məlumatlar verdiyini bildirərək onu özləri ilə aparmışlar. Bir neçə saatdan sonra onlar geri qayıtmış və Cəfərqulunun arvadına demişlər ki, guya ki, Cəfərquludan evdə pul saxladığını öyrənmişlər. Sonra onlar evdə axtarış apararaq evi alt-üst etmiş və divarın taxçasında, döşəklərin arasında kredit biletləri ilə 12.285 rubl tapmışlar. Onlar pulları götürmüş və Cəfərqulunun arvadını
öldürərək çıxıb getmişlər.
Oxundu. İmza.
Komissiyanın sədri: Ə. Xasməmmədov (imza)
Komissiyanın üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 1-2.

Sənəd № 27

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əshəddin Hacı oğlu Mustafayev, 22 yaşım var, Bakı şəhərində, Qorçakovskaya küçəsi, 12 № li evdə yaşayıram.
Bu ilin mart ayında mən Ağa Hüseyn Babayevin Nikolayevskaya və Zavedenskaya küçələrinin tinindəki evində yaşayırdım. Martın 19-da gündüz saat 3-də bizim evə 14 nəfər erməni əsgəri gələrək mənə bildirdilər ki, bizim həyətdə 3 nəfər tatar yaşayır və sakinlərdə 11 tüfəng vardır; onlar bunu da dedilər ki, əgər biz tüfəngləri verməsək bizim hamımızı əsir aparacaqlar. Evdə cəmi bir, doktor Nəriman bəy Nərimanovun71 tüfəngi tapıldığı üçün ermənilər bu tüfəngi götürdülər, sonra məni, əmim Məcidulla Osman oğlunu, Hacı Xan Qurban oğlunu, Üzeyir Hacı Müştaq oğlunu, Rəhim Rəhimxan oğlunu, Ağa Hüseyn Babayevi, doktor Nərimanovun qardaşını, mühəndis Sərkisyanın bağbanını Nikolayevskaya küçəsi ilə aşağıya doğru apardılar. Mühəndis Sərkisyan mart hadisələri başlamazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayan hissəsinə köçmüşdü, öz əşyalarını qorumaq üçün isə bağbanı mənzilində qoymuşdu. Yolüstü ermənilər ağ bayraqla gedən üç nəfər yaşlı müsəlmandan ibarət nümayəndələri də həbs etdilər. Velikoknyajeskaya prospektinə çatdıqda, erməni əsgərləri bizi Kələntərov pasajının qarşısında bir sıraya düzdülər və tüfənglərdən bizə yaylım atəşi açdılar. Mən partlayan güllə ilə sağ qolumdan və sağ tərəfdən yaralandım, Məcidulla Osman oğlu partlayan güllə ilə sağ ayağından yaralandı. Üzeyir, Babayev, bağban, Rəhim və Hacı Xan yerindəcə ölmüşdülər, sonuncunun bütün kəlləsi dağılmışdı. Sonra bizi qarət etdilər; mənim 1500 rubl dəyərində brilyant qaşlı üzüyümü əlimdən aldılar. Öldürülənlərin əşyalarından başqa geyimlərini, hətta alt paltarlarını çıxardılar. Bizi əsir götürən dəstənin başçısı Ofitserskaya küçəsindəki ev sahibi erməni Sergeyevin oğlu idi. Mənim əmim Məcidullanın qızıl saatını, qızıl üzüyünü, gümüş portsiqarını və d. əşyalarını – cəmi 10.000 rubl məbləğində, və 5000 rubl nağd pulunu qarət etmişlər.

Oxundu. Əshəddin savadsız olduğu üçün onun əvəzinə M.Q. Zalbəyov
imzaladı.
Komissiyanın sədri: Ə. Xasməmmədov (imza)
Komissiyanın üzvləri: А.Kluge Məmməd Xan Təkinski, (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 42-43.

Sənəd № 28

Dindirmə protokolu

1919-cu il, 8 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Osman Osmanov, 26 yaşlı, Temir-Xan-Şurada yaşayıram. Keçən il martın 19-da, səhər, mən doktor Bəybala bəy Sultanovun Vorontsovskaya küçəsində yerləşən mənzilinə gəldim. Orada qarətlə məşğul olan yüz nəfərə yaxın erməni əsgərlərini gördüm. Bəzilərinin əlində qızıl zəncirlər, saatlar, alt paltarları, dəsmallar var idi. Bu dəstənin başçısı Stepan Lalayev idi. Mən onu yaxşı tanıyaram: orta boyludur, yanağında çapıq var. O, hamıya əmrlər verirdi. Mən erməniyə oxşadığım üçün heç kəs mənə toxunmadı. Evin həyətində mən öldürülmüş bir uşaq gördüm. Elə orada bir kişi meyiti də var idi, görünür, o da öldürülmüşdü. Mən buradan çıxıb getməyə tələsdim, belə ki, qorxurdum ki, müsəlman olduğumu bilsələr, məni də öldürərlər. Bundan 3 gün sonra mən yenidən doktor Sultanovun mənzilinə gəldim. O zaman mən doktorun özünün meyitini gördüm. O, öz evinin damında uzanıb qalmışdı. Cibləri astarına çevrilmişdi. Onun haradan yaralandığını mən görmədim. Sonralar eşitdim ki, deyilənə görə, doktor Sultanovu guya Stepan Lalayev şəxsən özü öldürmüşdür.
Oxundu. İmza. O.Osmanov.
Komissiyanın üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 68.

Sənəd № 29

Dindirmə protokolu

1918-ci il, 18 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olara zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl bəy Şeyda bəy oğlu Məmmədbəyov, 27 yaşım var, Bakıda, Suraxanskaya küçəsində, dalan 15, 2\3 № li evdə yaşayıram.
Bu ilin mart ayında mən qardaşım Qasım bəylə Çadrovaya küçəsində, Krasnovodskya küçəsinin tinindəki evdə yaşayırdıq. Çərşənbə axşamı, martın 20-də, gündüz saat 12-də bizim həyətə 20-25 nəfər erməni əsgəri basqın etdi, hamımızın üstünü axtardılar, mənim 5200 rubl nağd pulumu çıxardılar, sonra məni, qardaşım Qasım bəyi, əmim Əbdül Xalıq bəy Məmmədbəyovu və onun oğlu İlyas bəyi küçəyə çıxartdılar və dedilər ki, bizi əsir aparırlar. Küçədə bizi 70 nəfərə yaxın silahlı erməni əsgərlərindən ibarət bir kütlə əhatə etdi, onlardan biri, ətrafımdakı ermənilərin çiyninin üstündən mənə revolverlə atəş açdı və məni sağ çiynimdən ağır yaraladı. Mən əvvəlcə özümü kütlənin içinə atdım, sonra Krasnovodskaya, daha sonra isə Bondarnaya küçələri ilə qaçmağa başladım. Sonra Aşurbəyovun Armyanskaya küçəsinin yaxınlığındakı evinə girdim. Bütün bu vaxt ərzində güllələr mənim yanımdan bulud kimi keçirdi və onlardan yalnız biri mənim sol çiynimə dəymişdi. Mənim arxamca güllə atanların arasında mən bir tanış erməni gördüm, sonradan öyrəndiyim kimi, bu, 1-ci gimnaziyanın tələbəsi Paroyants idi. Mən qaçandan sonra həmin bu ermənilər tərəfindən mənim qardaşım Qasım bəy 3 güllə ilə, əmim Əbdül Xalıq bəy 1 güllə ilə, onun oğlu isə 3 güllə ilə öldürülmüşlər, sonuncunun kəlləsi tamamilə dağıdılmışdı. Mənim anamı və bacımı əsir götürərək Mailov teatrına aparmışlar. Biz evdə olmadığımız müddət ərzində evimizi tamamilə talan etmiş, 15.510 rubl məbləğində qiymətli zinət əşyaları və başqa əmlakımızı qarət etmişlər. Mənim öldürülmüş qardaşım Qasım bəyin cibində 6000 rubla yaxın pul var idi və bu pulun bir hissəsi onun şəriki Mikayılova məxsus idi. Bu pullar da ermənilər tərəfindən oğurlanmışdır.
Oxundu. İmza. İsmayıl bəy Məmmədbəyov.
Komissiyanın sədri: Ə. Xasməmmədov (imza)
Komissiyanın üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 164.

Sənəd № 30

Dindirmə protokolu

1918-ci il, 6 oktyabr.Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirzə Əhməd Hüseynzadə, Bakılıyam, 41 yaşım var, Naberejnaya küçəsi, 49 №-li evdə yaşayıram.
Bu il mart ayının ortalarında mən Vaçyansı, deyəsən adı Asaturdur, bir dəstə silahlı erməni ilə birlikdə gördüm, o, evlərə girir, müsəlmanları əsir kimi aparır və yolda onları öldürürdü. Nikolayevskaya küçəsində yerləşən “Təbriz”72 mehmanxanasında səksən səkkiz nəfər iranlı tacirlər yaşayırdı, Vaçyans onların küçəyə çıxardı və onlardan yalnız səkkiz nəfəri sağ qaldı, qalan səksən nəfər tacir öldürüldü. Bu hadisə barədə İran konsulu bilir. Sülh nümayəndə heyəti Spasskaya küçəsinə gələndə Vaçyans müsəlmanlarla hər hansı sülhün əleyhinə etiraz edirdi və silahlı ermənilərə deyirdi ki, ermənilər başdan tutma bütün müsəlmanları, qadın və uşaqlar belə istisna olmadan, hamısını məhv etməlidirlər. Vaçyans, Taqianosov, və andlı iclasçı Teh-Qazarov “Avropa”73 mehmanxanasındakı İngilis qərargahında74 mühüm rol oynayırdılar. Ora tərcüməçi kimi dəvət olunmuş Vaçyans
deyirdi ki, Mirbaxı75 onların göndərdiyi iki erməni öldürüb. Müsəlmanlar “Avropa” mehmanxanasına şikayətə gəlmişdilər ki, ermənilər “Bibiheybət” 76 ziyarətgahını dağıdırlar və təhqir edirlər.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Andlı iclasçı M.Təkinski,
Prokuror köməkçisi А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 5.

Sənəd № 32

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Balağa Əlağa oğlu, 40 yaşlı, Bakıda, Nijnyaya-Priyutskaya küçəsi, ev № 2, 8-ci dalan ünvanda yaşayıram.
Mart qırğınlarının ikinci günü mənim evimə 12 nəfər erməni əsgəri gəldi və məni ailəmlə birlikdə şəhər nəqliyyatı binasının həyətinə əsir apardılar, evimi isə qarət etdilər. Mənim 3000 rubl məbləğində əşyalarımı özlərinə götürdülər. Həmin ermənilər arasında bir tanışım vardı və o, məni öldürməyə qoymadı. Mən dülgərlik emalatxanasının sahibinin yanında faytonçu işləyirdim. Qırğınlara bir neçə gün qalmış Avetis adında bir erməni fəhlə mənim vedrəmi götürmüşdü. Mən bunu etməyi ona qadağan edəndə o, mənə dedi: “Hələ dayan, görərsən bir neçə gündən sonra biz sizin başınıza nə oyun gətirəcəyik”. Mən bu barədə baş fəhlə Karapetə xəbər verəndə, o, mənə haqq-hesabımı alıb işdən getməyi məsləhət gördü, belə ki, onun mənə yazığı gəlir və o, istəməzdi ki, mənə nə isə olsun.
Oxundu. Savadsızdır.
Komissiyanın üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 143-144.

Sənəd № 33

Dindirmə protokolu

1918-ci il, 19 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Əhməd Rəhim oğlu, bakılıyam, 50 yaşım var, Suraxanskaya küçəsi, 74 ünvanda yaşayıram.
Bu il martın 20-də axşama yaxın 30-a qədər silahlı erməni Fərəculla Hüseynovun Karantinnaya küçəsi, 69 və Tatarskaya küçəsi, 24 ünvanda yerləşən evinin qapılarını sındırdılar. Bu evin darvazası qarşısında ermənilər pulemyot qoydular və hər iki küçəni atəşə tutmağa başladılar. Qapıya dəyən zərbələri eşidəndə və erməniləri görəndə, biz də evin divarında yarıq açdıq və bu yarıqdan qonşu evin damına çıxdıq. Mən, arvadım və uşaqlarımla ikinci mərtəbədəki mənzildə yaşayırdıq. Dörd gündən sonra mən öz mənzilimə qayıtdım və gördüm ki, bütün ev əşyaları, qızıl, gümüş, eləcə də nağd pulla 34.840 rubl məbləğində əmlakım qarət edilmişdir. Əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Qarətçilərin arasında mən öz erməni qonşularımı – dükançı Yevuşu və dərzi Hayk Aramış oğlunu, həmçinin adlarını bilmədiyim daha bir neçə nəfəri tanıdım, lakin onları görsəm göstərə bilərəm. Ermənilər bolşevizm bayrağı altında işləyirdilər, lakin biz bunu bilmirdik və hücumun birinci günü mən hətta bəzi ermənilərə şəhərin o biri hissəsinə keçməyə kömək edirdim. Mən yalnız ikinci gün öyrəndim ki, demək olar ki, bütün ermənilər – cavanlar, qocalar və hətta savadlılar – hamısı müsəlmanlara qarşı çıxış ediblər.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 21.

Sənəd № 35

Dindirmə protokolu

1918-ci il, 24 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Hüseyn Səfərəliyev, 43 yaşlı, Bakıda, Serkovnaya küçəsi, ev № 189 ünvanda yaşayıram.
Bu ilin mart ayının ortalarında barışıq elan edilən gün mənim yaşadığım Serkovnaya küçəsi, 189 №-li evin həyətinə əsgər forması geyinmiş otuza yaxın silahlı ermənilər - aralarında ziyalı ermənilər də var idi – girdilər və bizə bildirdilər ki, barışıq elan edilmişdir və onlar bizi əsir götürməlidirlər. Ermənilər məni, Mövsüm Səlimovu ailəsi ilə birlikdə, Xələf Mövlamovu ailəsi ilə birlikdə, mənim ailəmi, Əsədullayevin anasını, iyirmidən yuxarı qadın və uşaqların hamısını Birjevaya meydanına, “Rekord”77 teatrının binasına gətirdilər. Biz yolboyu küçələrin tinlərində duran və aralarında ziyalıların da olduğu
xeyli silahlı erməni görürdük. Bizi gördükcə onlar bizə və bizim dinimizə söyürdülər. Bizim Peyğəmbərimizə söyür və rişxəndlə Peyğəmbərimizin niyə bizə kömək etmədiyini soruşurdular. Serkovnaya küçəsindən “Rekord” teatrına gedərkən yolda ermənilər bizə atəş açdılar və güllə mənim sağ qulağıma dəydi. Atəşdən sonra qarşıdan gələn dənizçilər dərhal bizi əhatəyə aldılar və öz bədənləri ilə bizim həyatımızı təcavüzdən qorumağa başladılar. Barışıq ərəfəsində ermənilər müsəlmanların, məs. Hacı Hənifənin ailəsi ilə yaşadığı qonşu evə soxulmuş və onların hamısını qətlə yetirmişdilər. Bizim evə və qonşu evə Avakyanın başçılıq etdiyi ermənilər girmişdi. Ziyalı ermənilərdən mən Xristofor Sergeyeviç Tarayevi tanıdım. Mənim və Hacı Hənifənin mənzilini tamamilə qarət etmişdilər. Mənim 150.000 rubldan çox qiyməti olan əmlakımı və zinət əşyalarımı və 36.000 rubl nağd pulumu aparmışlar. Bizim və Hacı Hənifənin mənzilinə İsaak Baqdasarov adlı erməni,
çəkmə emalatxanasının sahibi girmişdi. Adı çəkilən Baqdasarovu mən kasıb adam kimi tanıyırdım, mart hadisələrindən sonra isə o varlandı və yaxşı bir ev aldı.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 25.

Sənəd № 36

Dindirmə protokolu

1918-ci il, 18 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Məmməd Sadıq Talıbov, 55 yaşlı, Bakıda, Serkovnaya küçəsi, 139 № li evdə yaşayıram.
Bu ilin mart ayında, ermənilər tərəfindən törədilən qırğınlar zamanı, çərşənbə axşamı, ayın 20-də bizim hamımızı əsir götürdülər. Bu vaxt mənim keçmiş kirayənişinim Levon Vartanyan (andlı iclasçının qardaşı) mənim evimdən mənim bütün qiymətli əmlakımı: bütün kişi və qadın zinət əşyaları, özü də hələ yalnız 30 funtdan artıq qızıl, çoxlu brilyant və çoxlu mirvari - oğurlamışdır. Köhnə qiymətlə qarət edilmiş zinət əşyaları 500.000 rubl dəyərində idi, indiki qiymətlərlə isə onları – 5.000.000 rubl məbləğində dəyərləndirirəm. Mən Bazarnaya küçəsində bina icarəyə götürmüşdüm və bu binada 40 otağı olan “İsgəndəriyyə”78 mehmanxanası yerləşirdi. Ermənilər bu binanı yandırmışlar və yanğınla mənə 200.000 rubldan artıq zərər vurulmuşdur.
Oxundu. İmza. M.M.S.Talıbov.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 162-163.

Sənəd № 40

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Əli Məmməd Kazım oğlu, 22 yaşlı, Bakıda, Verxnyaya- Naqornaya küçəsi, 133 № li evdə yaşayıram.
Bakı hücuma məruz qaldığı zaman erməni Badxudayans mənim Vrangelevskaya küçəsi, 15 № li evdə yerləşən meyvə və yeyinti malları dükanımı qarət etmişdir. 24.700 rubl məbləğində meyvə və müxtəlif mallar oğurlanmışdır. Bu qarət haqqında 3-cü polis bölməsində istintaq aparılmışdır. Hazırda Badxudayants 5000 rubl ödəməklə mənə onunla
barışmağı təklif edir.

Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 145.

Sənəd № 42

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mir Murtuza Mir Ağa oğlu, 58 yaşlı, Bakıda, Verxnyaya-Tazapirskaya küçəsində, 19 № li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər Kazar və Arutyun Kazarovlar avtomobildə mənim və şərikim Nağı Məmməd Hüseyn oğlunun Bazarnaya küçəsində yerləşən mağazamıza gəldilər və bizim 72.000 rubl məbləğində xırdavat mallarımızı qarət etdilər. Şəxsən mənim 40.000 rubl məbləğində malım oğurlanmışdır. Arutyun Kazarovun öz qardaşları ilə birgə əvvəllər
bizim yanımızda dükanları var idi. Qarətdən sonra Kazarovlar bizim dükanı yandırdılar.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.

Sənəd № 44

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nasir Kərbəlayı Əzim oğlu, 41 yaşlı, Bakı şəhərində, Tatarskaya küçəsində, 58 № li evdə yaşayıram.
Mart qırğınlarının üçüncü günü mənim evimə silahlı erməni əsgərləri gəldilər və mənim 7662 rubl məbləğində əmlakımı və 2000 rubl nağd pulumu
qarət etdilər. Qarətçilərin arasında mən Tatarskaya və Karantinnaya küçələrinin tinində yerləşən baqqal dükanının sahibi Yequşu, Şamaxı şəhərinin sakini Samvelin oğlunu tanıdım. Mən özüm ermənilərdən qaçıb gizlənə bildim, amma onlar mənim əmim Həbibulla Molla Hacı Baba oğlunu və əmim oğlu Hacı Baba Həbibulla oğlunu öldürdülər: hər ikisi tüfəngdən atılan atəşlə öldürülüblər. Bizim arvadlarımızı və uşaqlarımızı Mailov teatrına əsir apardılar.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 125-126.

Sənəd № 45

Dindirmə protokolu

1918-ci il, 29 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Teymur Səlimov, 22 yaşım var, Bakı şəhərində, Serkovnaya küçəsi, 171 № li evdə yaşayıram.
Bu ilin mart ayında, mən atam, anam, arvadım və digər qohumlarımla birlikdə Kladbişenskaya küçəsində olduğumuz zaman, bizim Serkovnaya küçəsindəki evimizə erməni əsgərləri gəlmişlər və bizim dalandarımız Məmməd İrzanı əsir götürərək, bizim evi qarət etmişlər. Ümumilikdə 150.600 rubl məbləğində əmlakımızı aparmışlar. Məmməd İrza qarətçilərin arasında bizim evimizdə yaşayan erməni Ter-Kazarov qardaşlarını görmüşdür – Aleksandrı, Levonu və üçüncü qardaşı, onun adını bilmirəm, lakin o da qarətdə iştirak etmişdir. Hazırda Levon və üçüncü qardaş həbs olunmuşlar, Aleksandr isə Həştərxana qaçmışdır. Məmməd İrza Aleksandrın telefonla kiməsə mənzil sahiblərinin evdə olmadığını xəbər verərək,
onu bizim mənzilə dəvət etdiyini eşitmişdir.
Oxundu. İmza. T.Səlimov.
Komissiyanın sədri: Ələk. Xasməmmədov (imza)
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 56.

Sənəd № 46

Dindirmə protokolu

1918-ci il, 8 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Ağa Ağayev, Bakılı, 28 yaşlı, Bakıda, Qluxoy döngə, № 24 ünvanda yaşayır.
Bu il mart ayının ortalarında ermənilərlə bolşeviklərin çıxışı zamanı mənə və mənim iki qardaşıma məxsus olan mağaza erməni-dalandarın köməyi ilə ermənilər tərəfindən talan edilmişdir. Onlar 80.000 rubl məbləğində bütün gümüş əşyaları aparmışlar və mən bu barədə bolşeviklərə məlumat vermişdim.
Oxundu. İmza. Əli Ağa Ağayev.
Komissiya üzvləri: Andlı iclasçı M.Təkinski, Prokuror köməkçisi
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 10.

Sənəd № 47

Dindirmə protokolu

1918-ci il, 3 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Əli İsmayılov, 23 yaşlı, Bakı şəhərində, Bondarnaya küçəsi, 69 № li evdə yaşayıram, 6-cı polis sahəsi.
Bu il martın 20-də səhər saat 8-də bizim evə 6 nəfər silahlı daşnaksakanlar gəldi, onların arasında bərbərlər ittifaqında işləyən Arşak adlı, soyadı deyəsən Avetisovdur, dolu bədənli, ucu kəsik bığlı birisi var idi. O, tüfəngdən yaylım atəşləri açırdı və məni öldürmək istəyirdi. Bu vaxt atam məni müdafiə etdi və onlara yalvardı ki, məni öldürməsinlər. Mənim həyatım üçün Nikolay pulları ilə 7080 rubl aldıqdan sonra daşnaksakanlar məni süngü ilə kürəyimdən yaraladılar, mənzilimizi talan etdilər, sonra isə bizim hamımızı Mailov teatrına əsir apardılar. Nağd puldan başqa bizim evdən 17.780 rubl məbləğində müxtəlif əşyaları qarət etmişlər.
Oxundu. İmza. Ağa Əli İsmayılov.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 91.

Sənəd № 50

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Heydər Qulu Quliyev, 39 yaşlı, Bakıda, Şamaxinskaya küçəsi, 15 № li evdə yaşayıram.
Bu il sentyabr ayında Bakının mühasirəsi vaxtı mənim mənzilimə praporşik Qazaryansın başçılığı altında erməni əsgərləri – 11 nəfərdən ibarət dəstə gəldi, Qazaryantsın adına yazılmış və mənim evimdə axtarış aparmağa izn verən mandatı mənə göstərərək mənzilimi axtarmağa başladılar. Mən şahid qismində qonşularımı dəvət etmək istədikdə ermənilər bunu qadağan etdilər və məni silahla hədələdilər. Erməni dəstəsi getdikdən sonra mən mənzilimdən 15.000 rubl pul, 1000 rubl dəyərində qızıl saat, kostyumluq mahud parça, xəz palto, qızıl kəmər və ərizəyə əlavə etdiyim siyahıda göstərilən digər əşyalarımın qarət edildiyini gördüm. Mənə vurulan zərərin ümumi məbləği 38.200 rubl təşkil edir. Mart ayında ermənilər məni qarət etməmişdilər, belə ki, onlar bizim evə gəlib yetişməmişdilər. Ermənilərlə müsəlman arasında sülh bağlandıqdan sonra mən öz mənzilimdən çıxdım və Şamaxinkadan başlayıb Bolşaya Morskaya küçəsində qurtararaq 1-ci Kanitapinskaya və 1-ci Parallelnaya küçələrini gəzməyə başladım. Eyni zamanda müsəlman meyitlərinin yığılmasında iştirak etdim, onların sayı 1500-ə yaxın idi. Bəzi evlərdə mən 7 - 8 qoca, qadın və uşaq meyitlərinə rast gəlirdim və onların hamısı dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Açıq görünürdü ki, ölümdən əvvəl onlara işgəncələr vermişlər və təhqir etmişlər. Məs., bir yerdə cinsi orqanları kəsilmiş kişi uzanmışdı, kəsilən orqan isə yaxınlıqdakı müsəlman qadın meyitinin ağzına qoyulmuşdu. Başqa bir yerdə boğazı kəsilmiş cavan müsəlman qadın meyiti uzanmışdı, onun sinəsinin üstünə isə xəncərlə doğranmış bir yaşlı körpə qoyulmuş, qadının döşünün giləsi uşağın ağzına basılmışdı; uşaq qadının döşündən sürüşüb düşməsin deyə ətrafına daş yığılmışdı. Bir evdə pilətənin üstündə yanıb qaralmış körpə uşaq cəsədi var idi və görünürdü ki, onu yanan piltənin üstünə qoyublar və körpə dəhşətli əzablar içində ölüb. Hər tərəf əlləri, barmaqları kəsilmiş cəsədlərlə dolu idi, qadın cəsədlərinin çoxunun döşləri kəsilmişdi. Mən qarnına ucu biz taxta soxularaq yerə mixlanmış bir oğlan
meyiti görmüşdüm. Qara şəhərdə mənim bacım oğlu Bəşir Cəfərovu qətlə yetirmişdilər, onun başını və əlini kəsmişdilər, sonra isə başını harasa aparmışdılar. Bundan başqa onun bədənində bir neçə süngü yaraları var idi. Babayevin evində ermənilər Rəhman Babayevi və onun iki qardaşını öldürmüş, 100.000 rubl pullarını (40.000 rubl qızılla) qarət etmişdilər. Babayevin ailəsi onlara bütün pulları götürüb, heç olmasa dördüncü qardaşın həyatını saxlamağı yalvarsalar da, ermənilər bununla belə, ona tüfəngdən atəş açmış və başından yaralamışdılar; o yalnız yerə yıxılıb özünü ölülüyə vurduğu üçün sağ qalmışdı. Mən ermənilər tərəfindən yandırılmış “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə”79 mehmanxanalarının xarabalıqlarını gəzərkən çoxlu yanmış meyitlər görmüşdüm: bu vaxt “Dağıstan”da “Hacınski-Çələkən” Aksioner Cəmiyyətinin80 idarə müdiri, 60 yaşlı Abdulla bəy Bababəyov yanmışdı. “Təbriz” mehmanxanasında ermənilər 70 nəfər müsəlmanı əsir götürmüşdülər, onlardan yalnız 20 nəfəri sağ qalmış və onlar “Rekord” teatrına gətirilmişdi, qalanları isə Molokan bağının yanında güllələnmişdi.
Oxundu. İmza. Heydər Quliyev.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 18-19.

Sənəd № 51

Dindirmə protokolu

1918-ci il, 28 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xan Baba Babayev, 31 yaşlı, Novxanı kəndinin sakini, daimi olaraq Bakıda, Orlovskaya küçəsi, ev № 35 ünvanda yaşayıram.
18 martda axşam altının yarısında şəhərdə atışma başlandı. Martın 19-da səhər tezdən bolşeviklər və erməni hərbi hissələri müsəlmanlara qarşı hücuma keçdilər. Bu il mart ayının 20-də mən öyrəndim ki, barışıq elan edilmişdir və səhər saat 9-da mən Bazarnaya və Gimnaziçeskaya küçələrinin tinində öz baqqal dükanımın olduğu yanan binanı söndürməyə getdim. Bazarnaya və Staraya-Poçtovaya küçələrinin tinində məni otuz nəfərə yaxın erməni əsgəri əhatəyə götürdü və 2500 rubl pulumu, 2000 rubla aldığım tüfəngimi, balaca Quran kitabını əlimdən aldılar, Quranı yerə ataraq tapdalamağa, nalayiq sözlərlə dinimi təhqir etməyə başladılar, özümü isə öldürmək istədilər. Bütün bu vaxt ərzində erməni əsgərlərinin əhatəsində durmağa çalışırdım ki, məni güllələyə bilməsinlər.

Erməni əsgərlərinin yanında bir rus əsgəri var idi, o, erməniləri məni öldürməyə qoymadı və onlara bildirdi ki, barışıq elan edildikdən sonra öldürmək olmaz. Bu zaman rus əsgərinin qarşısında dayanaraq ermənilərlə mübahisə etdiyi qonşu evin darvazasından iki rus qadın çıxdı və ermənilərə yalvarmağa başladılar ki, məni öldürməsinlər. Nəhayət, onlar məni erməni əsgərlərinin əlindən ala bildilər. Mənim təsvir etdiyim hadisədən bir gün sonra ermənilər tərəfindən öldürülmüş qardaşım oğlu
Ağakişinin meyitini axtarmağa getdim və yeni gömrüyə81 yollandım. Mən gömrüyün və “Vulkan” zavodunun82 həyətində beş mindən çox eybəcər və tanınmaz hala salınmış, başları, qolları, ayaqları, qulaqları, boğazları kəsilmiş müsəlman cəsədləri gördüm. Kişi, qadın, uşaq cəsədləri üst-üstə
qalanmışdı. Bu müsəlmanların hamısını ermənilər barışıq elan edildikdən sonra, evlərindən çıxararaq qətlə yetirmişdilər, döyüş zamanı isə ölən müsəlmanların - döyüşənlərin sayı yüzdən artıq deyildi. Qardaşım oğlunun meyitini tapmayaraq, mən Çornıy qoroda və yük vağzalına getdim və orada çoxlu müsəlman meyitləri gördüm, onları vaqonlara yükləyirdilər. Vağzaldan “Poxlu Dərə” adlanan müsəlman rayonuna getdim və orada mənim gördüklərimi sizə çatdırmaqda çox çətinlik çəkirəm. Yalnız onu deyə bilərəm ki, “Poxlu Dərə” rayonunda çox az adam sağ qalmışdı. Elə bir ev yox idi ki, orada ermənilər bir neçə nəfəri öldürməsin. Çoxlu sayda evlər də vardır ki, müsəlmanların hamısı öldürülmüşdür. Küçələrdə və evlərdə qalmış cəsədlər o dərəcədə eybəcər hala salınmışdı ki, öldürülənləri tanımaq mümkün deyildi. Cəsədlərin arasında yanıb qaralmışlar da var idi. Valideynlərin evdə qoyduqları südəmər körpələri də qətlə yetirmişdilər. Qadınların döşlərini kəsmiş, qarınlarını yarmışdılar. Bir çoxlarının başları dağıdılmışdı. Erməni əsgərləri mənim dükanımı və dükanın yanında, Bazarnaya küçəsi, 27 №-li evdə yerləşən anbarımı qarət etmiş, sonra isə yandırmışlar. Mənim anbarda və dükanda 127.000 rubl dəyərində malım var idi. Sülh elan edildikdən sonra mən öz ailəmi Novxanı kəndinə aparırdım və Ermənikənd yaxınlığında ermənilər arabanı saxlayaraq, mənim və arvadımın 37.000 rubl dəyərində qızıl və zinət əşyalarımızı əlimizdən aldılar. Ermənilər mənə ümumilikdə 158.500 rubl məbləğində ziyan vurmuşlar.
Oxundu. İmza.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 50-51.

Sənəd № 52

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Hacı Bala Hacı Məmməd Həsən oğlu Babayev, 66 yaşım var, bakılıyam, Bakıda, 2-ci Kanitapinskaya küçəsi, ev № 13 ünvanında yaşayıram.
Bu il mart ayının 18-də tüfəng səsləri eşitdim və Budaqovskaya küçəsində səngər qazan xeyli erməni əsgəri gördüm. Mən erməniləri görən kimi, üç oğlumla birlikdə evimizi tərk etdik və “Poxlu Dərə” adlanan müsəlman rayonuna qaçdıq və üç oğlumla birlikdə “Bahi”83 məscidində gizləndik. Məsciddə xeyli müsəlman, qadın, uşaq və kişilər var idi. Səhərə yaxın ermənilər “Poxlu Dərə” rayonunu tamamilə mühasirəyə aldılar, “Bahi” məscidinə soxuldular və gənc müsəlmanların demək olar ki, hamısını öldürdülər, qoca, qadın və uşaqları isə 8-ci polis sahəsinə əsir apardılar. Bizi üç gün əsirlikdə saxladılar, əsirlikdən sonra mən “Bahi” məscidinə qayıtdım və orada qətlə yetirilmiş iki oğlumun – Əhmədin və Hacı Məmmədin meyitlərini tapdım. “Poxlu Dərə” rayonunun bütün evləri və küçələri müsəlman kişi, qadın və uşaq meyitləri ilə dolu idi. Adı çəkilən rayonun əhalisi ermənilər tərəfindən demək olar ki, tamamilə qırılmışdı. Meyitlərin başları, qolları və ayaqları kəsilmişdi, yanıb qaralmış cəsədlər də var idi. Ölülərin sayını müəyyən edə bilmərəm, onlar həddən artıq çox idi. Ermənilər mənim mənzilimi tamamilə qarət ediblər, oğurlanmış əşyaların siyahısını sizə təqdim edirəm və işə əlavə edilməsini xahiş edirəm. Mənim Fabriçnaya küçəsi, ev № 62 ünvanda evim var idi və ev ermənilər tərəfindən yandırılmışdır.
Oxundu. Imza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 61.

Sənəd № 53

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əlixan Şamxalov, 28 yaşım var, Bakı şəhəri, Mariinskaya küçəsində yaşayıram, “Neft”84 Rus Birliyi kontoru.
1918-ci il mart qırğınları zamanı mən Kolyubakinskaya küçəsi, Tarayevin evi, “Neft” Rus Birliyinin kontorunda növbətçi idim. Ermənilər tərəfindən əsir götürülmüşəm, əmlakım isə qarət edilmişdir. Mənim iki kürkümü, 650 rubl pulumu, 500 rubl dəyərində gümüş sağanaqlı xəncərimi, 400 rublluq yapıncımı, 180 rublluq uzunboğaz çəkmələrimi, 550 rublluq gümüş qazelli çərkəzi çuxamı, 250 rublluq şalvarımı, 1200 rubl nağd pulumu və 4330 rubl dəyərində digər əşyalarımı qarət ediblər. Mənim qarət edilmiş əşyalarımın siyahısını işə əlavə etmənizi xahiş edirəm. Mənim çəkdiyim zərərin ödənilməsini xahiş edirəm. İndiki qiymətlə 6160 rubl, ümumilikdə isə 7360 rubl.

Mənimlə bərabər iki gənc gürcü də əsir alınmışdı, tutulmaqlarına etiraz edirdilər. Bu etirazlarına görə erməni əsgərləri onlara atəş açdılar və gürcülərin hər ikisini yaraladılar, birini çiynindən vurdular və onun sifətini tüfəngin qundağı ilə dağıdaraq sifətini qana boyadılar. Mən ermənilərə dedim ki, kontorda növbətçiyəm, milliyyətcə ləzgiyəm və şəhərdə baş verən hadisələrlə məni heç bir işim yoxdur. Bizi Mailov teatrına gətirdilər və biz burada iki sutka qaldıq. Mən teatrda, öz yaxınlarının və əzizlərinin, qardaşlarının, ərlərinin, övladlarının ölümündən sarsılaraq, ürək partlamasından vəfat etmiş on iki müsəlman qadının cəsədini görmüşəm.

Teatrda o qədər adam var idi ki, keçmək mümkün deyildi. Mən öz ifadəmə düzəliş edirəm: bir Maştağa sakini yaralanmışdı, sifəti dağılan isə gürcü idi. Bizi küçə ilə apararkən mən hər tərəfdə çoxlu ölülər görürdüm, aralarında qadınlar da var idi. Mən bütün gördüklərimdən olduqca sarsılmışdım. Ətrafda hər şey yanırdı, qarət baş alıb gedirdi və mən çalışırdım ki, heç nəyə baxmayım.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 34 - 35.

Sənəd № 54

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mir Əbdül Ələsgərov, 40 yaşlı, Bakı şəhəri, Çadrovaya küçəsi, ev № 215 ünvanda, xüsusi evimdə yaşayıram.
1918-ci ilin mart qırğınları zamanı, hadisələrin ikinci günü 14-15 nəfərdən ibarət erməni əsgərləri bizim evimizə soxuldu, tüfənglərinin qundağı ilə bizim mənzilimizin qapısını qırmağa başladılar və qışqırdılar ki, qapını onlara açaq. Bizim mənzilimizdə 10 nəfər – 4 kişi və 6 qadın var idi, biz qorxurduq, hamı ağlayır və gözləyirdi ki, bizi öldürəcək. Elə bu zaman ermənilər Bondarnaya küçəsi tərəfdən bizim mənzilimizə güllə atmağa başladılar, ətrafda güllələr otaqdan otağa uçur, çilçıraqları, güzgüləri, şkafı, bufeti sındırıb tökürdü. Bu dəhşətli anda biz qapını açmalı idik, və onlar əllərində xəncər, mauzer, tüfəng, qılınc və xeyli patronla içəri soxuldular. Onlar mənzilə girən kimi əvvəlcə qışqırmağa başladılar ki, pulları, qızıl və brilyantları verin. Sonra onlar qadınların çadralarını çıxarmağa və onların üzərilərindəki bütün zinət əşyalarını qoparmağa başladılar, qadınlar düşünürdülər ki, onlara toxunmayacaqlar və hər şeyi öz üstlərində saxlamışdılar. Biz bilərəkdən bütün zinət əşyalarını sandıqlardan çıxarıb saxlamaq üçün qadınlara vermişdik. Ermənilər qadınları qarət etdikdən sonra xəncərlə mənim üzərimə atıldılar, hamımızı mühasirəyə alaraq küçəyə çıxardılar və hamımızı birdən güllələmək istədilər. Lakin ermənilərdən biri dedi ki, bura yeri deyil və bizi dalana apararaq güllələmək üçün tüfəngləri bizə tuşladılar. Atam və qadınlar ağlamağa başladılar, mən isə dedim ki, biz hər şeyimizi sizə verdik ki, bizi öldürməyəsiniz. Ermənilər bizi söyür və deyirdilər ki, pul kömək etməyəcək, siz müsəlmansınız və biz sizi öldürəcəyik. Bu zaman ermənilərdən biri xəncərlə məni sol tərəfdən qarnımdan vurdu, mən isə dedim ki, ona pul verərəm, təki bizi öldürməsin.

Mən və atam bizdə ayrı-ayrı olan 73.000 rublu onlara verdik. Bu pullara və milyon rubldan artıq dəyəri olan zinət əşyalarına görə bizi öldürmədilər və Hürriyyət85 meydanına apardılar. Lakin orada yer olmadığına görə bizi Mailov teatrına gətirdilər və biz burada iki sutkadan artıq qaldıq. Mən teatrda xeyli yaralı kişi və qadın gördüm. Onların hamısı ermənilər tərəfindən əsir alınmış müsəlmanlar idi. Evdən teatra gedərkən mən yolboyu ətrafda yüzdən artıq müsəlman meyitinə rast gəldim, meyitlərin əksəriyyəti arıq qarət olunmuşdu, çəkməsiz, paltarsız, qalstuksuz idilər. Yalnız kasıb geyimli öldürülmüş müsəlmanlara toxunulmamışdı. Mən Bolşaya Morskaya və Çadrovaya küçələrinin tinindəki küçədə səkkiz erməninin əhatəsində olan iki gənc müsəlman qızı gördüm. Ermənilər mənim gözümün qabağında qısa xəncərlə qızların gözlərini çıxardılar, amma onları öldürmədilər, bu vəhşi yolla onları kor etdilər. Teatra müsəlmanları dəstə ilə gətirirdilər və onlar deyirdi ki, əvvəldən
30 nəfər olmuşlar, yolda ermənilər güllələdikdən sonra isə 10 nəfər qalmışdılar. Belə hallar çox olmuşdu. Hətta 20 nəfərlik dəstədən tək qalmış bir nəfəri gətirmişdilər. Mənim atam bir milyon rubldan artıq qarət olunmuşdur. Bu qırğınlar zamanı bizim çoxlu qohumlarımız: atamın qardaşı, mənim doğma qardaşım ağır yaralanmışdı və az qala atam da yaralanmışdı.

Bizim qohumlarımızdan ümumilikdə ermənilər tərəfindən 45 nəfər uşaq, qadın və kişi qətlə yetirilib.
Mailov teatrında qadınların hədsiz qorxudan və sarsıntıdan necə ölü düşdüklərini mən öz gözlərimlə görmüşəm. Mən 14-15 belə hadisə görmüşəm. Sarsıntıdan hətta kişilər də ölürdülər. Mən qarnımdan və əlimdən yaralanmışdım.

Mənim palto və kostyumum yararsız hala salınmışdır, indi onların qiyməti 3000 rubldur. Bizə 1.085.550 rubl məbləğində vurulan zərər barədə bu gün atamız tərəfindən ərizə verilmişdir.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 53-54.

Sənəd № 55

Dindirmə protokolu

1919-cu il, 11 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Hacı Şahbaz oğlu Şahbazov, Bakı şəhərinin sakini, Poçtovaya küçəsi, dalan 19, ev 1.
1918-ci ildə Bakıda mart hadisələri zamanı mən və oğlanlarım ermənilər tərəfindən köhnə qiymətlərlə 20.045 rubl məbləğində qarət olunmuşuq, indiki qiymətlərlə bu məbləğ ən azı 40.000 rubl təşkil edir. Qarətdən sonra mən və oğlanlarım xoşbəxt təsadüf nəticəsində küçədə qarşımıza çıxan gürcü əsgəri tərəfindən “Rekord” teatrına əsir aparılmışıq və orada 2 gün qalmışıq. “Rekord” da mən erməni əsgərlərinin ora gəlməsinin və bizim hamımızı yandıracaqları və güllələyəcəkləri ilə hədələməsinin şahidi olmuşam. Bundan başqa oraya erməni ziyalıları da gəlir, bizi ələ salır və bədbəxtliyimizə sevinirdilər. Həmin bu erməni ziyalıları hələ öz arvadlarını da bizim rüsvayçılığımıza baxmağa gətirirdilər. Bir qoca müsəlman qadını elə oradaca dəli oldu.
Oxundu. Abbas Şahbazov (İmza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 15.

Sənəd № 56

Dindirmə protokolu

1918-ci il, 4 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ələkbər Manafov, 32 yaşlı, Bakıda, Tatarskaya küçəsi, 114 № li evdə, Nijnyaya-Priyutskaya küçəsinin tini, yaşayıram.
Mart qırğınlarının ikinci günü bizim evə 10 ya 12 nəfər əsgər basqın etdi, onların arasında 2 rus var idi, qalanları erməni idi. Onlar bizim ev əşyalarımızı, qiymətli bəzək şeylərini, paltarları və s., cəmi 80.000 rubl məbləğində, qarət etdilər. Sonra məni ailəmlə, eləcə də ərlərini öldürdükləri qonşu müsəlman qadınları ilə birlikdə Mailov teatrına apardılar. Biz burada, deyəsən 2 günə qədər qaldıq. Ermənilər mənim evimi qarət etdikdən sonra onu yandırmışlar.
Oxundu. İmza.
Ələkbər Manafov. Əlavə ifadə verirəm:
Mən öz qohumlarımın cəsədlərini axtararkən Mixaylovskaya xəstəxanasının86 həyətində dəhşətli dərəcədə eybəcər hala salınmış meyitlər görmüşdüm. Orada döşləri və bir ayağı kəsilmiş tamamilə çılpaq qadın cəsədi var idi; yerə başları tamamilə, yaxud bir hissəsi kəsilmiş çoxlu sayda kişi meyitləri yığılmışdı. Meyitlərin çoxunun əlləri, ayaqları kəsilmiş, qarınları yarılmış, içalatları – bağırsağı, ciyəri və s. tikə-tikə doğranmışdı. Həyətdə həm uşaqların, həm qoca qadınların cəsədləri var idi. Demək olar ki, elə bu vəziyyətdə olan meyitləri mən yeni Gömrüyün həyətində də görmüşdüm. Burada bütün torpaq eybəcər hala salınmış meyitlərlə örtülmüşdü. Mənim üç qardaşım oğlanlarının qarınları yırtılmışdı, kəllə sümükləri isə o qədər dağıdılmışdı ki, mən onları çox çətinliklə tapa bildim.Mənim bir çox öldürülmüş qonşularımın meyitləri isə tamamilə itmişdi və onları tapmaq mümkün olmadı. Şahidlərin dediyinə görə, ermənilər meyitləri yanan evlərin içinə tullayırdılar. Mən öz yanmış evimin xarabalıqlarına baxarkən həqiqətən yanmış insan sümükləri tapdım, bəzi sümüklərin üzərində yanmış ət parçaları görünürdü.
Oxundu. İmza. Ələkbər Manafov.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 92-93.

Sənəd № 57

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həbib Sadıqov, 37 yaşım var, Bakı şəhəri, Spasskaya küçəsi, ev № 73 ünvanda yaşayıram.
Bu ilin martında, ermənilərin müsəlmanları qırdığı zaman, Serkovnaya küçəsi, 181 №-li evdə mənim 75 yaşlı dayım Hacı Hənifə İmanov yaşayırdı. Ermənilər onu tüfəng gülləsi ilə sağ qasığından öldürmüşdülər; sonradan biz onun cəsədini yeni gömrüyün həyətində tapdıq. Onun 55 yaşlı bir arvadını iyirmi süngü zərbəsi ilə öldürmüşdülər, 50 yaşlı ikinci arvadının cəsədində isə 23 süngü yarası saymışdıq. Əmim oğlu – 28 yaşlı Mirzə Ağa sol gicgahından və sinəsinin sol tərəfindən iki güllə ilə qətlə yetirilmişdi. Kəllə sümüyü sındırılmışdı. Mirzə Ağanın dükanında satıcı kimi bir türk - Əli adında 15 yaşlı oğlan uşağı işləyirdi; o yoxa çıxdı və biz onun cəsədini heç tapa da bilmədik. Hacı Hənifənin bütün mənzili qarət edilmişdi, təxminən 38.100 rubl dəyərində. Hacı Hənifənin yalnız iki qızı sağ qalmışdı, belə ki, onlar hələ şənbə günü, martın 17-də Persidskaya küçəsinə getmişdilər və ermənilər ora gedib
çatmamışdı. Mən “Vulkan” cəmiyyətinin həyətində 500-ə yaxın müsəlman meyiti, Təzə Pir məscidinin həyətində isə 150-ə yaxın müsəlman cəsədi görmüşdüm.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 40.

Sənəd № 59

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəhim Nəcəfqulu oğlu Hüseynov, 19 yaşım var, Bakı şəhərində, Kladbişenskaya küçəsi, Kosoy döngə, ev 5, 1№li mənzildə yaşayıram.

Bakıda, 1918-ci il mart qırğınları zamanı mənim qardaşım – Xarkov Texnoloji İnstitutunun 3-cü kurs tələbəsi, 23 yaşlı İbrahim, martın 18-də, gündüz saat 4-də Kosoy döngədəki 5 № li evimizdən öz dostunun yanına, andlı iclasçı Kriştulun oğlunun mənzilinə - Mixaylovskaya və Nijnyaya-Priyutskaya küçələrinin kəsişməsi, № 95, Məcidovun evi - getmişdi. Axşam saat 6-da, artıq şəhərdə hadisələr başlanmışdı və qardaşım evə qayıda bilmirdi. Amma o, telefonla doktor Abdul Xalıq Axundova zəng edərək harada olduğunu xəbər vermiş və demişdi ki, masanın arxasında oturaraq çay içir. Ertəsi gün ermənilər müsəlmanları axtarmaq məqsədilə axtarış keçirmək üçün Kriştulun evinə gəlmişlər. Bu zaman ermənilər həmin həyətdə artıq iki nəfər müsəlman dalandarları öldürmüşdülər. Qardaşım evin girəcəyində gizlənmiş və ermənilər onu görməmişlər. Bundan sonra qardaşım ikinci dəfə Axundova telefonla zəng etmiş və evə gəlməyin mümkün olub-olmadığını soruşmuşdur. Ona cavab vermişlər ki, o, bizim rayonla gələ bilər, lakin onun olduğu rayonda vəziyyət məlum deyildir.
Bu zəngdən dərhal sonra Kriştulun mənzilinə yenə də ermənilər gəlmiş və burada müsəlmanların olduğunu israr edərək axtarışa başlamışlar. Bu dəfə qardaşım gizlənməmiş və onu Kriştulun oğlu kimi qələmə vermişlər. Ermənilər qardaşımın yəhudi dilində danışmasını tələb etmişlər, belə ki, Kriştul yəhudidir; qardaşım alman dilində bir neçə söz demişdir,
lakin Kriştulun qızı bildirmişdir ki, onlar yəhudi dilində danışmırlar və onları azad etmişlər.

Martın 21-də ermənilər üçüncü dəfə Kriştulun evinə gəlmiş və düzünü deməyəcəkləri təqdirdə hamını öldürməklə hədələmişlər. Onda mənim qardaşım müsəlman olduğunu etiraf etmişdir və ermənilər onun öldürülməyəcəyinə “and içərək” qardaşımı aparmışlar. Evin sakinləri qardaşımı ötürmək istəmişlər, lakin ermənilər təsadüfü güllələr üçün zəmanət vermədiklərini bildirmişlər. Heç kəs qardaşımı ötürməyə ürək etməmişdir. Kriştulun evinin 10 addımlığında ermənilər mənim qardaşımı qətlə yetirmişlər. Onun ayaqqabılarını, papağını, saatını, 240 rubl pulunu götürmüş, şalvarını və tələbə pencəyini cırmışlar. Biz qardaşımın meyitini Çornıy qorodda, dəmiryol limanında tapdıq. Ermənilər tərəfindən öldürülən qardaşım bizim ailənin dayağı idi, kiçik qardaş və bacısının tərbiyəsində valideynlərinə kömək edirdi. Onun ölümü bizə yalnız mənəvi əzablar deyil, həm də maddi zərər vurdu və mən bu zərəri 2 il ərzində 20.000 rubl məbləğində qiymətləndirirəm və xahiş edirəm ki, bu məbləğ mənim 83 yaşlı atama ödənilsin.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 175-176.

Sənəd № 63

Dindirmə protokolu

1918-ci il, 29 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Salam Əsgərəliyev, 46 yaşım var, Bakı şəhəri, Mariinskaya küçəsi, ev № 90 ünvanda (6-cı Polis bölməsi) yaşayıram.

Karantinnaya küçəsi, ev № 71 ünvanında mənim 37 yaşlı qardaşım Zaman Əsgərəliyev arvadı və 75 yaşlı anamızla birgə yaşayırdı. Mart qırğınlarının ikinci günü, səhv etmirəmsə, ayın 19-da erməni əsgərləri mənzilə soxulmuş, onların hamısını qətlə yetirib, mənzili isə qarət etmişdilər. Mən onların cəsədlərini sonradan yeni Gömrüyün yanındakı həyətlərdən birində eybəcər hala salınmış vəziyyətdə tapdım: qardaşımın yalnız sifətinin bir hissəsi qalmışdı. Cəsədlərin üzərində güllə və soyuq silah yaraları var idi: əlləri və ayaqları doğranmışdı. Qətlə yetirilərkən qardaşımın üstündə 12 min nağd pul var idi; bu pullar yoxa çıxmışdır. Bundan əlavə, anamın, qardaşımın və onun arvadının köhnə qiymətlə ən azı 40 000 rubl dəyərində olan bütün zinət əşyaları oğurlanmışdır. Əlli min manat dəyərində ev əşyaları talan edilmişdir.

Mənim Mariinskaya küçəsindəki mənzilimə də evdə olmadığım müddətdə erməni əsgərləri soxulmuş, odadavamlı seyfin açarını tapmış və seyfdən 5000 rubla yaxın qiyməti olan brilyant qaşlı üzük və 55.612 rubl nağd pul götürmüşlər. Bundan əlavə, mənim əşyalarımdan bəzi paltarlar, qızıl kəmər və 10.000 rubl dəyərində zəncir götürülmüşdür. Bu vaxt mən
həmin evin zirzəmisində gizlənmişdim. Erməni əsgərləri evə soxularkən, taxta qapının yanında bizim dalandarı – qoca iranlı təbəəni öldürmüşlər.
Oxundu. İmza. Əsgərəliyev Hacı Salamov.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 53.

Sənəd № 66

Dindirmə protokolu

1918-ci il, 26 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd İbrahim Məşədi Şövlət oğlu, 14 yaşım var, Bakı şəhəri, Mariinskaya küçəsi, ev № 81 ünvanda yaşayıram.
Bu ilin mart ayının ortalarında, bazar ertəsi günü, top, pulemyot və tüfənglərlə atışma başlayan kimi, atamla mən Bondarnaya küçəsində ki 148 №-li evə qaçdıq. Bu evdə 50 nəfərə yaxın müsəlman qadın, kişi və uşaq var idi. Elə həmin günün axşamı ermənilər bu evə girdilər, hamımızı qarət edib, əsir apardılar. Atamın çörək gətirmək üçün evə gedərkən mənə
verdiyi 2.665 rubl pulu mənim cibimdən çıxardılar. Biz müsəlmanları hamımızı Birjevaya meydanına qədər gətirdilər və burada bütün kişilərin ayıraraq, ayrıca apardılar. 12-ci lazaretin yaxınında mən hiss etdim ki, ermənilər bizə atəş açmağa hazırlaşırlar. Mən addımlarımı sürətləndirdim və başqa müsəlmanlardan irəli keçdim. Birdən silahlardan yaylım atəşi açıldı.

Mənə iki güllə dəydi, budur, güllə yerlərini göstərirəm. Mən başqaları ilə birlikdə yıxıldım və ermənilər bizim üzərimizə atılaraq süngülərlə axırımıza çıxmağa başladılar. Mənim bədənimə 18-ə yaxın süngü zərbəsi vurdular. Mən özümü ölülülüyə vurmuşdum və üzü aşağı uzanmışdım. Bir müddət sonra ermənilər çıxıb getdilər və sanitarlar və şəfqət bacıları yaxınlaşdılar. Şəfqət bacılarını gördükdə mən zarımağa başladım və onlar sanitarlara məni 12-ci lazaretə aparmağı əmr etdilər. Məni lazaretə gətirdikdə, orada məni erməni həkim qarşıladı və məni güllələmək istədi, lakin şəfqət bacıları və rus həkim məni öldürməyə qoymadılar. Mən rus həkimindən xahiş etdim ki, məni erməni yox, onun özü müalicə etsin. Mənim bədənimdə təxminən 18-ə yaxın süngü yarası var və bu yara yerlərini sizə göstərirəm. Mən sonradan öyrəndim ki, ermənilər, məndən və mənimlə birlikdə lazaretdə yatan Məşədi Əlidən savayı bütün müsəlmanları öldürüblər. Onun bədənində beş süngü və iki güllə yarası var idi.
Oxundu. İmza. İbrahim Qəniyev.
Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 35.

Sənəd № 84

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Əhəd Bağır oğlu, 31 yaşım var. Bakılıyam, Bakıda, Çadrovaya küçəsi, ev 170 ünvanda yaşayıram.
Martın 18-də axşam saat 6-da şəhərdə atışma başlandı. Martın 19-20- də səhər tezdən bolşeviklərin və ermənilərin hücumu başlandı. Mən öz mənzilimdə idim və çərşənbə axşamı 10-a yaxın silahlı erməni bizim evin həyətinə soxuldular, biz müsəlmanların üstünü axtardılar, pullarımızı götürdülər və bizi Çadrovaya küçəsi ilə Bakıxanovun evinə apardılar və evin zirzəmisinə saldılar. Biz, on altı (16) nəfər müsəlman, zirzəmiyə daxil olduqda, ermənilər qapı və pəncərələrdən bizə atəş açmağa başladılar. Biz, yaralananlar və ölənlər, yerə yıxıldıq.

Bir neçə tüfəng atəşindən sonra ermənilər çıxıb getdilər və Manafovun evini yandırmağa başladılar. Ermənilər Bakıxanovun evini bir rus qadınının sayəsində yandırmadılar: o, evi yandırmamağı xahiş edərək, bu evdə aptekin yerləşdiyi göstərdi. Zirzəmidə cəsədlərin altında əzilmiş Əli Hüseyn Ağa Dadaş oğlu qışqırmağa başladı ki, biz onu çıxaraq. Onun qışqırtısına ermənilər yenidən qayıtdılar və yenidən bizə atəş açmağa başladılar. Zirzəmidə olan 16 nəfərdən yalnız dörd nəfər sağ qalmışdı. Mən sağ qalmış üç müsəlmanla birlikdə axşam saat səkkizədək sakitcə zirzəmidə oturduq, axşam saat səkkizdə mən rus dilində danışan qadın səsləri eşitdim. Mən qadınları səslədim, onların bizim qonşularımız olduğunu gördüm, onlar bizi mənzillərinə apardılar və orada gizlətdilər.
Oxundu. İmza.
Komissiya üzvləri: A. Kluge, Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 39.

Sənəd № 109

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Pələng Hüseynov, 38 yaşım var, Bakıda, Vorontsovskaya küçəsində, Lazarevin evində yaşayıram.
Çərşənbə axşamı, martın 20-də mən Şıx Balayevin Verxnyaya-Priyutskaya küçəsindəki evinin yanında dayanmışdım. Bu vaxt Tatarskaya küçəsi tərəfdən erməni əsgərləri dəstəsi göründü və bizə tərəf atəş atmağa başladı. İki güllə mənim sol əlimə dəydi. Şıxın dediyinə görə, bu dəstənin başında o, Stepya Lalayevi və Seryoja Melikovu görmüşdür. Mən özüm Armyanskaya küçəsində 1 №-li evdə yaşayırdım. Ermənilər ora basqın etdilər və mənim bütün ev və qiymətli əşyalarımı apardılar. Ümumiyyətlə 150.000 rubl məbləğində əmlakımı oğurlayıblar. Əlim qətiyyən işləmir.
Oxundu. Savadsızdır. Onun yerinə imzaladı (imza).
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 135.


Sənəd № 112


Dindirmə protokolu


1918-ci il, 12 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Ağa Əli oğlu, 47 yaşım var, Bakı şəhərində, Tatarskaya küçəsi, ev № 75, (6-cı polis sahəsi) ünvanda yaşayıram.
Mart qırğınlarının ikinci günü, mən ailəmlə birlikdə qonşu evə, rusların yanına getdiyimiz gün, evimizə çoxlu erməni soxuldu və bizi əsir götürərək, yeni erməni kilsəsinin qarşısındakı erməni məktəbinə apardılar. Əgər axtarış milisinin rəis köməkçisi Xijnyakov bizimlə getməsəydi, bizi yolda öldürəcəkdilər; Xijyanov erməniləri bizə toxunmağa qoymurdu. Biz
evdə olmadığımız zaman 12.607 rubl məbləğində bütüm əmlakımızı qarət etdilər. Ermənilər qonşu həyətdə müsəlmanları mənzillərindən çıxarır və elə həyətdəcə hamının gözü qabağında güllələyirdilər; onlar həmçinin öz ərlərini müdafiə etmək məqsədilə onları qucaqlayan və beləliklə onlarla birlikdə ölən bir neçə qadını də qətlə yetirdilər.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 148.

Sənəd № 146

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Hacı Ağa Manafov, 25 yaşım var, Bakı şəhəri, Serkonaya küçəsi, ev № 171, (6-cı polis sahəsi) ünvanda yaşayıram.
Bu il mart ayının 19- da, səhər saat 9-a yaxın bizim evə 9 nəfər silahlı erməni soxuldu və bizim bütün əmlakımızı qarət etməyə başladılar. Sonra məni, qardaşlarımı və əmim oğlanlarını, ümumilikdə beş nəfəri Mailov teatrına apardılar. Küçədə məni bir erməni süngü ilə kürəyimdən yaraladı, digər üç erməni isə qardaşım Hənifəni tüfəngdən açılan beş güllə ilə öldürdü.
Sonradan, artıq məni Mailov teatrına apardıqdan sonra, qarət zamanı ermənilərdən biri bacım Ağa Bacının sinəsinə üç süngü yarası yetirmişdir. Bizim köhnə qiymətlə altmış min rubl dəyərində əşyalarımızı qarət ediblər.
Oxundu. İmza. Hacı Ağa Manafov.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 59.

Sənəd № 151

Dindirmə protokolu

1919-cu il, 22 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Firidun Hacı Süleyman oğlu İmanov, 38 yaşım var, Bakıda, Serkovnaya küçəsi, 185 №-li evdə yaşayıram.
Ötən il mart hadisələri zamanı ermənilər mənim evimə soxularaq, bütün əmlakımı qarət etmişlər. Qarət olunmuş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə ümumilikdə 42.400 rubl dəyərində ziyan vurulmuşdur. Mənim evimlə yanaşı dayım Hacı Hənifə İmanovun mənzili yerləşirdi. Ermənilər onu – 60 yaşlı qocanı, onun 60 yaşlı arvadı Böyük Xanımı, 50 yaşlı o biri arvadı Hürsümü, 29 yaşlı oğlu Mirzə Ağanı və onun satıcısının oğlunu qətlə yetirmişlər.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 83.

Sənəd № 166

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl Yusif oğlu Məmmədov, Bakılı, 26 yaşlı, Staraya-Poçtovaya küçəsi, 87 №-li evdə yaşayıram.
Bu il mart ayının 18-də şəhərdə atışma başlandı. 19 martda səhər tezdən ermənilər bizim məhəlləni mühasirəyə aldılar. Atamla birlikdə Staraya-Poçtovaya küçəsi ilə qaçmağa çalışdıq, lakin ermənilər atamı öldürdülər, məni isə başımdan yaraladılar. Mən qaçıb gizlənə bildim. Xanlarovun evində mənim içində 11.000 rubl dəyərində mal olan ticarət müəssisəm var idi. Ermənilər mənim malımın hamısını çıxarıb apardılar və Xanlarovun evini yandırdılar. Verdiyim ərizədə ermənilər tərəfindən qarət olunmuş əşyalarımın siyahısı göstərilmişdir və bu ərizəmin işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M. Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 103.

Sənəd № 174

Dindirmə protokolu

1919-cu il, 4 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Kərim Məşədi Dərya oğlu Mehdiyev, 34 yaşlı, Bakı şəhər sakini, Nijnyaya-Priyutskaya küçəsində, 116 №-li şəxsi evimdə yaşayıram.
1918-ci ilin mart ayının 20-də Bakı şəhərində təxminən günorta saat 2-də ermənilərin silahlı quldur dəstəsi mənim kürəkənim Əliyulla Cövzəli oğlunun Nijnyaya-Priyutskaya küçəsindəki 118 №-li evinə soxularaq, onun özünü, qardaşları Əliyoldaşı və Qurbanəlini, qaynı Məmməd Həşimi və təsadüfi qonaqları olan Bakı quberniyasının Kürdəxanı kənd sakini Fərəcullanı qətlə yetirmişlər. Bu cür vəhşiliklər törədərək və Sarı Məşədi Dərya qızını əsir götürərək, onlar ümumilikdə 52.250 rubl məbləğində ziyan vurmaqla, mənzili tamamilə qarət etmişlər. Sarı Məşədi Dərya qızının ərizəsinin qarət edilmiş əşyaların siyahısı ilə birlikdə işə əlavə olunmasını xahiş edirəm.
Savadlı adama oxundu. İmza.
Komissiya üzvləri: M. Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 59.

Sənəd № 198

Dindirmə protokolu

1918-ci il, 26 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Mikayılov, 40 yaşım var, Bakıda, Bondarnaya və Mariinskaya küçələrinin kəsişməsində, 46\67 №-li evdə yaşayıram.
Bu il mart ayının 20-də, çərşənbə axşamı, səhər saat 10-a yaxın bizim evə, mənim və qardaşlarım: 50 yaşlı Məlik Məmməd və 38 yaşlı Tağının yaşadığımız evimizə əsgər formasında 10-15 silahlı erməni gəldi, onlar hələ həyətdə atəş açmağa başlamışdılar. Bu vaxt bizim qadınlarımız və uşaqlarımız artıq zirzəmidə gizlənmişdilər. Ermənilər mənzilə daxil olaraq, qardaşım oğlunu, 16 yaşlı Məmməd Rzanı tutdular, silahlarını ona tuşlayaraq, ondan atasının, qardaşım Məlik Məmmədin arada olduğunu göstərməyi tələb etdilər. Bu zaman qardaşım
pərdənin arxasında duraraq gizlənmişdi. Ermənilərin oğlunu öldürmək istədiklərini görəndə Məlik Məmməd gizləndiyi yerdən çıxdı, bundan sonra onu dərhal balkona çıxardılar və oradaca berdanka ilə güllələdilər. Mən bu vaxt evimizin damından qonşu evin damına keçdim. Ertəsi gün elə oradaca başqa bir erməni dəstəsi məni qonşumuz Hacı Əli İsmayıl ilə birlikdə tutdu və Mailov teatrına apardı. Təsadüfən gördüyüm Seryoja adlı axtarış polisinin xəfiyyəsindən məni müşayiət etməsini xahiş etməsəydim, şübhəsiz ki, məni teatra gedən yolda öldürəcəkdilər. Böyük qardaşımı öldürəndən sonra elə həmin erməni dəstəsi evimizin aşağı mərtəbəsində olan digər qardaşımı – Tağını tutmuşdu. Tağını da arvadı və qızı ilə birlikdə Mailov teatrına aparmışdılar, lakin yolda qətlə yetirmişdilər. Əlavə olaraq onun üzərində olan bütün pullarını və qiymətli əşyalarını zorla almışdılar. Öz kirayənişinlərimdən, yəhudilərdən, öyrəndim ki, mən evdən qaçıb gedəndən sonra ermənilər əllərində siyahı bir neçə dəfə gəlmiş və Mikayılovların üçüncü qardaşının – Həsənin harada olduğunu soruşmuşlar. Mənim 5000 rubl pulum itib. Pul və əşyalarla beş min pulumu, Məlik Məmmədin nağd olaraq 9000 rubl pulunu, 25 min rubl dəyərində zinət əşyalarını, qardaşım Tağının 2500 rubl pulunu və 5 və ya 6 min rubl dəyərində əşyalarını qarət ediblər; bundan əlavə, mənim anamın mirvari boyunbağısını, üzüklərini və ümumilikdə beş min rubl dəyərində digər əşyalarını qarət ediblər. Onu öldürmək istəyirdilər, amma o, ermənilərə yalvararaq xəstə olduğu üçün öldürməməyi xahiş edib. Məni əsir götürəndə 5000 rubl pulumu zorla aldılar. Məni tutan ermənilərdən birinin Velikoknyajeskaya küçəsində, Tağıyev pasajının87 qarşısında bərbərxanası var idi: o, dolu bədənlidir, yanağında isə çapıq var.
Oxundu. İmza. Həsən Mikayılov.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 30-31.

Sənəd № 227

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şərif Xudaverdi oğlu, 35 yaşım var, Bakıda, Bolşaya Morskaya küçəsi, 89 №-li evdə yaşayıram.
Mart qırğınlarının birinci günü, gecə saat 12-də, mənim evimə erməni əsgərləri gəldilər, mənim faytonla birlikdə dörd atımı apardılar, həmçinin 11 xalça, balışlar, paltarlar və ümumilikdə 15.500 rubl məbləğində digər əşyalarımı götürüb apardılar. Sonra onlar məni küçəyə çıxardılar və tüfənglə düz başıma atış açdılar: güllə sağ qulağımın dibindən girib sol qulağımın yanından çıxdı. Ermənilər bizim evdə aralarında bir qadın və iki oğlan uşağı olan səkkiz müsəlmanı bir otağa yığaraq, oradaca güllələdilər. Sonra məni əsir götürərək şəhər nəqliyyatı binasına88 apardılar.
Oxundu. Savadsız olduğu üçün Bağırov imzaladı (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.

Sənəd № 243

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Heybət oğlu, 56 yaşlı, Budaqovskaya küçəsi, 59 №-li evdə yaşayıram, Bakı.
1918-ci il mart ayının 18-də axşam atışma başlandı və gecə mən ailəmlə birlikdə, öz zinət şeylərimizi və başqa əşyalarımızı (təqdim edilmiş siyahıda sadalanan və 42.445 rubl məbləğində dəyəri olan) özümüzlə götürərək, yuxarıda göstərdiyim evdən Bolşaya Morskaya küçəsindəki 84 №-li evə keçdik. Martın 19-da erməni əsgərləri Bolşaya Morskaya küçəsi, 84 №-li evə soxularaq, qardaşlarım 30 yaşlı Qadaşı və 32 yaşlı Pənahı və evin sahibi 65 yaşlı Məşədi Əsəd Qəhrəmanı öldürdülər. Qardaşım Qadaşın arvadı Gövhər Ağa Mirzə qızını güllə ilə sinəsindən vurdular və o bu günədək xəstədir. Erməni əsgərləri məni qarət etdilər və işə əlavə olunmasını xahiş etdiyim siyahıda göstərilən əşyalarımı apardılar.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 7.

Sənəd № 245

Dindirmə protokolu

1918-ci il, 16 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Əbdül Rza, 70 yaşlı, Buzovna kəndinin sakini.
Bu ilin mart ayının ortalarında mənim oğullarım Molla Ağa və Mirzə Əli alış-veriş üçün Buzovna kəndindən Bakı şəhərinə gəlmişdilər. Bakıya gələn gün axşam şəhərdə atışma başladı. Mənim oğullarım gecələmək üçün Hüseyn Bala Babaxan oğlunun Budaqovskaya küçəsindəki evinə gəliblər və orada gecələyiblər. Növbəti gün səhər Hüseyn Balanın evinə silahlı erməni əsgərləri gəlmiş və mənim iki oğlumu, onlardan əlavə Hüseyn Balanı və Dadaş Balanı - iki qardaşı öldürmüşlər, üçüncü qardaş Ağa Bala isə qaçmağa macal tapa bilmişdir. Erməni əsgərləri mənim oğullarımın beş min rublunu götürmüş və kostyumlarını əyinlərindən çıxarmışlar. Bu gün Molla Ağanın ailəsi və uşaqları tamamilə aclıq çəkir. Molla Ağanın dörd qızı, bir oğlu və arvadı qalmışdır.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Məmməd Xan Təkinski,
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 146.

Sənəd № 261

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mehdi bəy Hacı Ağa bəy oğlu Bakıxanov, 40 yaşım var, Bakı şəhəri, Zamkovskaya küçəsi, 29 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart hadisələri zamanı mənim qardaşım Məmməd bəy Hacı Ağa bəy oğlu Bakıxanov Buzovna kəndinin ictimai dükanının tapşırığı ilə Bakı şəhərinə gəlmiş və burada öldürülmüşdür. Onun 6000 rubl pulunu qarət etmişlər, əvvəl pulunu cibindən çıxarmış, sonra öldürmüşlər. Pullar Buzovna kəndinin ictimai dükanına məxsus idi.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 9.

Sənəd № 268

Dindirmə protokolu

1918-ci il, 3 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hümmət Hacı Xuda Qulu oğlu Dövlətov, 16 yaşım var, Bakı şəhərində, Kanitapinskaya küçəsi, 94 №-li evdə (6-cı polis məntəqəsi) yaşayıram.
Mart qırğınlarının üçüncü günü bizim evimizə 10 nəfərə yaxın tüfənglərlə və xəncərlərlə silahlanmış erməni gəldi və qardaşlarım 30 yaşlı Rüstəmi, 22 yaşlı Hacı Ağanı və 20 yaşlı Həsəni öldürdülər, sonra isə mənzili qarət etdilər. Mən bu vaxt zirzəmidə gizlənmişdim. Rüstəm başından 5 güllə yarası, sinəsindən və sol ayağından üç xəncər yarası almışdı; Hacı Ağanın üzündə bir güllə yarası, Həsənin isə başında 5 güllə yarası var idi. Ermənilər bizim 2000 rubl nağd pulumuzu və 8020 rubl dəyərində müxtəlif əşyalarımızı apardılar.
Oxundu. Hümmət Dövlətov (imza).
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 90.

Sənəd № 284

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Möhbəli Loğman oğlu, 35 yaşım var, Qala kəndinin sakini, Bakıda, 9-cu Kanitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da 70 nəfərə yaxın erməni əsgəri yuxarıda göstərdiyim evə soxularaq, 60 yaşlı atam Loğman Kərbəlayı Yusif oğlunu, 55 yaşlı anam Əminə Avolya qızını, 6 yaşlı qızım Raziyəni qətlə yetirdilər, özü də qızım Raziyəni mismarla otağın divarına mıxladılar. Məni yaraladılar və mən özümü ölülüyə vurdum. Mənim hər iki ayağıma 2 güllə dəymişdi və sol ayağımı bu günədək müalicə edirəm. Ermənilər həmçinin 40 yaşlı qardaşım Bəyəlini öldürdülər, mənim və ölümündən qabaq atamın 38.000 pulumuzu götürdülər. Atam və mən pullarımızı ermənilərə verdik ki, bizi öldürməsinlər, lakin erməni əsgərləri pullarımızı aldıqdan sonra atamı öldürdülər. Qətldən sonra mənzili qarət etdilər və təqdim etdiyim siyahıda
göstərilən 118.700 rubl dəyərində əşyalarımızı apardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.198.

Sənəd № 296

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağamalı Bəyəli oğlu, 34 yaşım var, Bakı şəhəri, Pojarnıy döngəsi, 13 №-li şəxsi evimdə yaşayıram.
Bakıda 1918-ci ilin mart qırğınları zamanı ermənilər mənim evimdə 75 yaşlı qayınanamı qətlə yetirmiş, məni və başqalarını isə əsir götürmüşlər. Yolboyu xəndəklərdə çoxlu sayda öldürülmüş müsəlmanları görürdüm. 4 sutka əsirlikdə oldum. Orada xeyli yaralı müsəlman var idi. Biz 4 sutka ərzində yalnız 1\8 funt çörək almışdıq və aclıqdan atların yemini toplayır, bu qayda ilə qidalanırdıq. Ermənilər mənim mənzilimi və emalatxanamı qarət etmişlər. Mən oğurlanmış əmlakın siyahısını və dəyərini 2 vərəqdə sizə təqdim edirəm. Mənim əşyalarımın
əvvəlki qiyməti 15.700 rubldur. Hal-hazırda mənim əmlakımın dəyəri 78.500- rubldan az deyildir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 88.

Sənəd № 311

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Teymur Mürsəli oğlu, 33 yaşım var, Bakı şəhəri, Fabriçnaya küçəsi, 85 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər müsəlmanlara çıxış edən zaman, mən evdə olmadığım vaxt, qonşularımın – Qazan tatarlarının dediklərinə görə, mənim evimə erməni əsgərləri gəlmiş və üç qardaşım Mehdi, Həsənqulu və Əbülfəzi və bacım oğlu Ağa Kərim Abbas Əli oğlunu öldürmüşlər. Mənə 30.000 rubl dəyərində ziyan vuraraq, evimi və dükanımı qarət etmişlər.
Qardaşlarımın öldürüldüyü günün ertəsi anam, üçüncü günü isə atam dünyalarını dəyişmişlər. Məni qırğınların elə birinci günü, ermənilərdən qaçarkən, yaralamışdılar: güllə sol ayağımın pəncəsini zədələmişdi. Qardaşlarımın və bacım oğlunun meyitləri üzərində güllə, xəncər və süngü yaraları var idi.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 131.

Sənəd № 318

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəcəb Kəlbalı oğlu, 36 yaşım var. Bakılıyam, Bakı şəhəri, Lagernaya küçəsi, 6 №-li evdə yaşayıram.
Bu il mart ayının ortalarında, dəqiq gün yadımda deyil, bazar günü atışma başlandı. Mən Lagernaya küçəsi, 6 №-li şəxsi evimdə arvadım və uşaqlarımla yaşayırdım. Mənim evimlə yanaşı anam Xanı İmam Əli qızının evi var idi, və o, burada oğlu Hacı Baba Kəlbalı oğlu ilə yaşayırdı. Mən anamın evində hay-küy eşitdim və evimin damından anamın həyətinə boylanarkən orada silahlı erməniləri gördüm. Onlar anamın və qardaşımın üzərinə atıldılar və hər ikisini öldürdülər. Oradaca adlarını bilmədiyim başqa müsəlmanları da qətlə yetirdilər. Ermənilər məni damda görəndə mənə tərəf atəş açdılar. Mən dərhal aşağı düşdüm və ermənilərin məni və arvadımı öldürəcəyini bildiyimdən, arvadım və üç uşağımla küçəyə qaçdıq. Küçədə ermənilər bizə atəş açdılar, arvadımı və üçyaşlı uşağımı öldürdülər. Ermənilər anamın evindən bütün əşyaları çıxardılar, onların siyahısını sizə təqdim edirəm və işə əlavə etməyinizi xahiş edirəm.
Oxundu. İmza. Rəcəb Kəlbalı oğlu.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 62.

Sənəd № 335

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Bala Dadaş oğlu, 24 yaşım var, Bakı şəhər sakini, 3-cü Parallelnaya küçəsi, 96 №-li şəxsi evimdə yaşayıram. Müsəlmanam, savadlıyam.
1918-ci ilin qanlı mart hadisələrinin ikinci günü, yəni mart ayının 19-da səhər tezdən silahlı ermənilər yuxarıda adı çəkilən küçəni mühasirəyə aldılar və müsəlmanların evlərinə atəş açmağa başladılar. Mən 43 yaşlı anam Bilqeyis Baba qızı, 16 yaşlı bacım Səfurə Dadaş qızı və iki azyaşlı qardaşlarımla birlikdə, qaçaraq xilas olmaq məqsədilə, evdən bayıra çıxdıq. Küçədə ermənilər bacımı uzaq məsafədən güllə ilə vurdular, məni və anamı isə yaraladılar. Lakin mən özümü itirmədim: yaralı anamın və balaca qardaşlarımın qoluna girdim, və çox çətinliklə ölümün pəncəsindən qurtara bildik. Mən və anam bu günədək hələ də yaralardan özümüzə gələ bilməmişik, ağrılardan əziyyət çəkirik: mən dirsəkdən yuxarı sol qolumdan yaralanmışam, anam isə sinəsindən yara alıb. Biz, fiziki və mənəvi zərərlərdən başqa, həm də maddi ziyan çəkmişik: ermənilər bizim bütün əmlakımızı qarət etmişlər və mən bu əmlakımızı ötən ilin mart ayının qiymətləri üzrə 132.700 rubl dəyərində qiymətləndirirəm. Qarət edilmiş əşyalarımızın siyahısını və mənim ərizəmi işə əlavə etməyinizi xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 26.

 





Flag Counter