MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
-


FƏSİL III

MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ
XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ


Sənəd № 568
Dindirmə protokolu


1919-cu il, 1 yanvar. Bakı şəhəri.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mən, Aleksandr Naumoviç Kvasnik, Bakı şəhəri, Serkovnaya küçəsi, 138 №-li evdə yaşayıram, yəhudiyəm, həddi-buluğa çatmışam.
1918-ci ilin mart ayının 17-dən 21-dək olan müddət ərzində Bakı şəhərində baş vermiş hadisələr haqqında aşağıdakıları deyə bilərəm. Bu ilin 17-21 mart tarixlərində Bakı şəhərində baş vermiş hadisələrə təmiz vicdanla belə ad vermək lazımdır: “Müsəlmanların fiziki olaraq məhv edilməsi, bütün əmlakının mənimsənilməsi və onların bütün rifahının və siyasi üstünlüyünün ermənilərin əlinə keçməsi məqsədilə, əvvəlcə Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin müsəlman əhalisinə
qarşı təşkil edilmiş qanlı sui-qəsdi”. 18-21 mart hadisələrinədək bu iki xalq arasında münasibətlər qənaətbəxş idi və ildən-ilə yaxşılaşırdı. Son 12-15 il ərzində onların qarşılıqlı münasibətini heç nə pozmamışdı. Həmçinin, onların maddi maraqları da toqquşmurdu, çünki müsəlman əhalisi əsasən əkinçilik sahəsində üstünlük təşkil edir, ətraf kəndlərdən insaflı qiymətə kənd təsərrüfatı məhsullarını gətirir, şəhərdə isə elə də böyük olmayan hüdudlarda ticarət və sənaye ilə məşğul olurdu, yəni, Bakıda müsəlmanların sayca üstünlük təşkil etdiyi hesaba alınmaqla, müsəlman tacirlərin faizi ermənilərin faizindən aşağı idi. Müsəlmanların ziyalı təbəqəsinə gəldikdə isə, o, son dərəcə kiçik və cüzidir. Ermənilər isə əksinə, ziyalı - peşəkarların böyük hissəsini təşkil edir və tədricən müəssisələrdə, şirkətlərdə, şəhər institutlarında və s. bütün yerləri tuturlar. Məsələn, Bakı Neft Sənayeçilərinin Qurultayı Şurası95 bütünlüklə ermənilərin əlinə keçmişdi, çünki, onun çoxsaylı müəssisələrində bütün yerlər erməni mühəndislər, həkimlər, kontorçular, hesabdarlar və digərləri tərəfindən tutulmuşdu. Beləliklə, burada üstün mövqe müsəlmanların özlərinin heç bir müqaviməti olmadan müsəlmanlardan ermənilərə keçmişdir, çünki müsəlmanların öz rəqibləri ilə rəqabət aparmaq iqtidarında olan şəxsi ziyalı peşəkarlar heyəti yox idi.

Lakin nə bu, nə də vəzifələrin tutulmasına bənzər digər hallar (şəhər ictimai özünüidarəetmə və digər müəssisələrdə) heç də onların qarşılıqlı münasibətlərini korlamamışdı, çünki müsəlmanlar üçün digər sahələrdə hələ kifayət qədər fəaliyyət sahəsi qalmışdı (gəmiçilik, İran və Orta Asiya ilə ticarət). Beləliklə, illər bu minvalla biri digərini əvəz edirdi, heç kim əvvəlcədən deyə bilməzdi ki, biz belə rüsvayçı hadisələrlə üzləşəcəyik. Rus inqilabını Bakı şəhərinin bütün əhalisi ... sevinclə qarşılandı. Əgər bütün digər millətlər pis halda olan yerli bürokratiyanın zülmündən qurtarmaq və yaradıcı həyatın bütün sahələrində bərabərlik əldə etmək azadlığına sevinirdilərsə, ermənilər və müsəlmanlar bunlardan əlavə özlərinin milli dirçəliş azadlığına sevinirdilər. Onlar dərhal öz milli şuralarını təşkil etdilər, tezliklə milli dəstələr də yaranmağa başladı. Bütün bunlar “xalqların təyini-müqəddəratı” ruhuna da uyğun idi, odur ki, bu, onların arasında heç bir ixtilaf yaratmırdı, xüsusilə “ərazi münasibətlərində” onların
maraqları toqquşmur. Lakin Rusiyada hadisələr son dərəcə sürətlə inkişaf etməyə başladı: aprel inqilabını iyun inqilabı, iyun inqilabını isə – oktyabr inqilabı əvəz etdi. Bolşevizm burada da peyda oldu. O, Tiflisdə möhkəmlənməyə cəhd etdi, lakin uğursuzluğa düçar oldu. Onda Şaumyan, Avakyan, Karqanyan və bolşevizmin digər liderləri öz fəaliyyət sahələrini Bakıya keçirdilər, İctimai Təşkilatların İcraiyyə Komitəsi, Şəhər İctimai Özünüidarəetmə və digər müəssisələrin işini sıfıra endirdilər, sonra isə onları tamamilə ləğv etdilər və öz “Mən”lərini üzə çıxardılar. Məlum oldu ki, bütün ermənilər bolşevik olmuşlar. Onlar tez bir zamanda erməni əhalisi, habelə rusların və digər millətlərin bəzi yuxarı təbəqələrini təbliğ edərək inandırdılar. Çox tezliklə aydın oldu ki, Fəhlə, kəndli, əsgər və matros deputatları Sovetinin İcraiyyə Komitəsi bütünlüklə ermənilərdən, təxminən (99%) ibarətdir.

Müsəlman əhalisi, bu şübhəli millətin hakimiyyəti ələ keçirməsi ilə onu gözləyən təhlükəni dərhal hiss etdi və bolşevizmdən, menşevizmdən və ümumiyyətlə, bütün çalarlarda sosializmindən üz döndərdi. Erməni kütləsini isə yaranmış vəziyyət şok halına gətirdi və o, Şaumyanı və digərlərini sevinclə qarşıladı, belə ki, onların simasında sanki öz gizli niyyətlərinin reallaşmasının – Bakıda hakimiyyətin hərtərəfli ermənilərin əlinə keçməsinin, Bakının ardınca isə digər yerlərdə də və bütün sahələrdə müsəlmanların sıxışdırılmasının təcəssümünü gördü. Lakin sonrakı hadisələr onların tamah və vəzifələrini daha da genişləndirdi və onlar müsəlmanların fiziki cəhətdən məhv edilməsi barədə xəyallara düşdülər. Onlar 1905-ci ili xatırlayaraq, müsəlmanlara qarşı istədiklərini törədəcəkləri halda, o hadisələrin ermənilərin nöqteyi-nəzərindən, onlara bəraət kimi xidmət edəcəyini düşündülər. Ermənilər unudurdular ki, əgər onlar 1905-ci ildə zərər çəkmişdilərsə, bu məsələdə bütün bu çıxışları
təşkil edən rus hakimiyyətini də, həmçinin digər iqtisadi, milli səbəbləri də müqəssir bilmək lazımdır. İstənilən halda o dövrdəki hadisələr indiki - heç bir səbəb, bəlkə də yalnız ermənilərin qaniçənliyi, kini, qəddarlığı və satqınlığından savayı, qəti olaraq heç nə ilə izah edilməyən 17-21 mart hadisələri ilə müqayisədə tamamilə solğun görünür, Rusiyada bolşevizmin bərqərar olması ilə talanlar və qarşılıqlı qırğınlar başlayanda, bu özbaşınalıqların uzaq uğultusu burada, Bakıda da eşidildi. Təxminən yanvar ayından etibarən “hazırlanan hadisələr” haqqında şayiələr gəzməyə başladı. Bu şayiələr bizim üçün, dinc əhval-ruhiyyəli insanlar üçün tamamilə anlaşılmaz idi və çətinliklə ağla sığışırdı. Lakin tədricən bu şayiələr real formalar almağa başladı. Gecələr əvvəlcə tək-tək güllə səsləri, sonra isə bütün gecələr fasiləsiz atışmalar eşidildi. Silah tədarükünün görülməsinə başlandı və silahın qiyməti ağlasığmaz həddə
yüksəldi. Məsələn, orta keyfiyyətli sistemə malik tüfəngə görə 2000 rubl, Naqan və ya Brauninq sistemli tapançaya görə isə daha çox pul ödəyirdilər. Artıq heç kim gecələr evdən çıxmağa cürət etmirdi, çünki bu həyat üçün təhlükə demək idi. Bu …. və atışmalar müsəlman əhalisini çıxış etməyə sövq etmək, dinc əhali arasında təşviş yaratmaq, eləcə də müsəlmanları şəhərin bitərəf əhalisinin gözündən salmaq məqsədilə təxribat xarakteri daşıyırdı. Beləliklə, son nəticədə tamamilə aydın oldu ki, bir neçə ay ərzində davam edən təxribat xarakterli atışmalar ermənilər tərəfindən müəyyən sistem üzrə şəhərin müxtəlif yerlərində həyata keçirilmişdir. Ermənilər şəhərdə söz buraxmağa başladılar ki, guya müsəlmanlar “şəhəri və Qafqazı ələ keçirmək” üçün yaxın vaxtlarda öz vəhşi diviziyası ilə qalan əhalini “qırmağa” başlayacaqlar. –“Hazırlaşın, silah ehtiyatı görün, çünki tezliklə tatarlar96 qırğına başlayacaqlar və heç kimə rəhm etməyəcəklər; onlar əhalinin qalan elementlərindən azad olmaq
istəyirlər və tezliklə çıxış edəcəklər”. Ermənilər bu yolla şayiələr yayır və bitərəf insanların beyninə həyəcan toxumu səpirdilər.

Bu vaxt isə erməni əhalisi var gücü ilə odlu və hətta soyuq silah ehtiyatı görürdü. Elə bir ev yox idi ki, orada ən azı 2-3 tüfəng və 2-3 revolver, qılınc və odlu silah üçün sursat olmasın. Heç bir qiymət qarşısında dayanmırdılar, silahı Qafqaz cəbhəsini tərk edən rus əsgərlərdən alırdılar, digər yerlərdən gətizdirirdilər və ümumiyyətlə, mümkün olan hər yerdən əldə edirdilər. Bu sətirləri yazan bir neçə il ərzində erməni evlərinə gedib-gəlirdi və bütün bu tüfəng və revolverlərin və onlarla meydan oxumaqların qarşısında – yalnız heyrətini bildirirdi. Lakin cavab bir idi: “Tezliklə, çox tezliklə tatarlar gələcəklər və Sizi doğrayacaqlar və Siz bizim silah ehtiyatı görməyimizin səbəbini onda anlayacaqsınız, lakin artıq gec olacaq”. – İzn verin, söyləyim ki, artıq mən uzun illərdir bu adamların arasında yaşayıram. Onlar yəhudilərlə mehriban dolanırlar, bizim aramızda heç bir anlaşılmazlıq yoxdur, onlar birdən-birə məni necə öldürə bilər. – “Bəli, biz deyəndir, görəcəksiniz. Onlar qalan əhalidən yaxa qurtarmaq və burada öz padşahlıqlarını yaratmaq istəyirlər”. Bax, ermənilər, onların dediklərinə görə, qarşıdakı müsəlman çıxışlarını və ermənilərin niyə silah ehtiyatı gördüklərini bununla əsaslandırırdılar.

Bakı mətbuatı qəfildən əhalini gözləyən təhlükə haqqında danışmağa başladı. Mətbuat bu həyəcanlı əlamətlərə reaksiya verir və “bunun bizdən yan keçməsi üçün” uğurlu çıxış yolu axtarırdı. Artıq real forma daşıyan bu həyəcanlı şayiələri – milli zəmində qanlı çıxışlar haqqında şübhələri dağıtmaq
üçün ümumxalq ibadət – mitinqləri təşkil etmək qərarına gəldilər ki, hər bir millət xalq kollektivi qarşısında dini-təntənəli şəraitdə öz dəruni düşüncələrini büruzə verə bilsin. İlk ibadət mərasimi Aleksandr Nevski kilsəsində97 keçirildi. Mərasimin keçirildiyi kilsənin həyəti sonsuz sayda adamlarla dolu idi, çünki dua edənlərin hamısının məbədin içinə sığışması mümkün deyildi. Müsəlmanlar xristianlarla birlikdə dua edirdilər. İncilin yanında Quran qoyulmuşdu. Müsəlmanlar “Allah” deyərək, haray və fəryadla üzü üstə düşür, sülhün göndərilməsi və Bakı şəhərində qan tökülməməsi üçün səylə dua edirdilər. Onlar açıq ürəklə və səmimi münasibətlə isti göz yaşları axıdır və hər hansı bir millətə qarşı heç bir kinli məqsəd və niyyətlərinin olmadığına and içirdilər. Məşhur Topçubaşovun98 dili ilə “Yaşa və başqalarına yaşamağa imkan ver” şüarı elan edildi. Sülhün faydası və qan tökülməsinin və düşmənçiliyin məhvedici olması mövzusunda bir çox çıxışlardan sonra, camaat evlərinə dağılışdı və sanki ürəklərdə bir yüngüllük yarandı. İkinci ibadət mərasimi “Təzəpir” məscidində keçirildi və daha təntənəli və səmimi olmaqla, heç bir məkrli niyyətlər güdməyərək yaxın gələcəyə müəyyən inamsızlıqla sirayətlənmiş insanlara böyük yüngüllük gətirdi. Üçüncü ibadət mərasimi Parapetdəki erməni kilsəsində keçirilirdi. Erməni keşişlər yan qapıların ağzında duraraq, “imtiyazlı əhalini” içəri buraxır və müsəlmanlar qarşısında təzim edirdi, camaat isə kilsəyə giriş qapılarından daxil olurdu. Təntənə çox, lakin səmimiyyət az idi, ürəkaçıqlığı ondan da az idi. Xorun oxuması çox vaxt apardı. Müsəlmanların sayı çox idi, onlara iltifat edir, səcdəgaha yaxın və qabaq sıralarda yer göstərirdilər. Lakin ermənilərin gözlərində müsəlmanlara qarşı acı kinayə və istehza qarışıq nə isə sezilirdi. Uzun-uzadı oxuma bitdi. Nitqlər başlandı. Müsəlman mollalar hər çıxışdan qabaq dua edir, sonra isə öz nitqlərində, iki xalqın sülh içində yaşadığı, dövlətin eyni hüquqlu üzvləri kimi ümumdövlət işlərində dostcasına iştirak etdikləri uzaq işıqlı vaxtları xatırlayırdılar. Bu çıxışlardan çox fərəhləndirici təəssüratlar yaranırdı. Hər cür şübhələr itib gedirdi. Ermənilərin çıxışlarından və zəhərli baxışlarından isə belə alınmırdı. Xarakteristika üçün Bakı şəhərinin köhnə sakini və ictimai xadimi olan hörmətli doktor Q.-nin mənə danışdığı sözləri misal gətirəcəyəm. Doktor Q., ictimai xadimlərin yığıncağında iştirak edirmiş və bu xadimlər arasında erməni X. da varmış. Saatını çıxararaq X. deyir: “Artıq saat 12-dir, mən gərək erməni kilsəsində barışıq haqqında ibadətə tələsim”. Doktor Q: “Niyə tələsirsiniz?” – “Lazımdır. Əvvəlcədən bilirəm ki, bu komediyadan heç nə çıxmayacaq, amma hər halda fason üçün iştirak etmək lazımdır. Bundan heç nə alınmayacaqdır. Tam əminliklə söyləyirəm”. Ermənilərin əsl astarı
və qan tökülməsindən qurtulmağa qarşı münasibəti bax belə idi. Əlamətdar hadisələr ərəfəsində ermənilərin ayrı-ayrı evlərdə, elə bil ki, mənzillər üzrə yığıncaqları keçirilirdi. Bu yığıncaqların təfərrüatını bilmirəm, amma mövzu eyni idi: hazırlaşmaq lazımdır, çünki çıxış etmək günü yaxınlaşır və indi bütün yığıncaq üzvləri fəal əməliyyatlar üçün bu barədə məlumatlandırılacaqdır. Mən özüm şəxsən 2 belə yığıncağın şahidi olmuşam. Yığıncaqların keçirildiyi bu evlərə mən artıq neçə illərdir ki, hər gün gedib-gəlirəm. Orada heç vaxt ictimai xarakterli yığıncaqlar olmurdu. Mən heyrətlə onlara baxaraq hansı məqsədlə toplaşdıqlarını soruşurdum, lakin onlar mənə cavab vermirdilər. Mən bütün bunlara şübhə ilə yanaşırdım, lakin anlaya bilmirdim. Sonralar, yalnız ev yiyələrindən biri ilə söhbətlərdən hər şey aydın oldu. Orada müzakirə edirdilər, və ya bəlkə də heç müzakirə etmirdilər, yekdilliklə qərara gəlmişdilər ki, müsəlmanların bolşeviklərə olan mənfi münasibətlərinə görə bolşeviklər müsəlmanlara əyani dərs hazırlayırlar. Və odur ki, əvvəlcədən razılaşdırılmış şərti işarə əsasında ermənilər müsəlmanlara qarşı çıxış etməli və onlarla köhnə hesabların əvəzini çıxmalıdırlar. Bundan əlverişli imkan onların əlinə heç vaxt düşməyəcəkdir. Vuruşanlar bolşevik əsgərləri olacaq ki, onların arasında çoxlu ruslar vardır və bu zaman əsgər formasında olan, yaxud əsgər formasına oxşar paltar geyinmiş ermənilər onlara qarışa bilərlər və heç Allahın özü də baş aça, ya onları ayırd edə bilməz. Beləliklə, onlar öz qəddar işini görə biləcəklər, özləri isə kənarda qalacaqlar: “Onlarla biz yox, bolşeviklər vuruşub. Bunun bizə nə dəxli var”. “Axı bolşeviklərin arasında istənilən elementlər vardır”. Əhalinin böyük hissəsinə qarşı sui-qəsd bax elə maskalanmışdı və guya ki, onu açmaq çətin idi. Lakin bütün bunlar necə deyərlər, “ağ saplarla tikilmişdi” və elə ilk andan Bakı şəhərinin müxtəlif tərkibli əhalisinə aydın oldu ki, bu cəhənnəm və rüsvayçılıq aktını qızışdıranlar və icraçıları kimdir. Artıq dediyim kimi, İcraiyyə Komitəsi başdan-ayağa ermənilərdən ibarət idi və beləliklə çıxış etmə vaxtını müəyyən etməli olan əsas aparat onların əlində idi. Bunun üçün bəhanə isə tezliklə tapıldı. Çıxışlar ərəfəsində Hacı Zeynalabdin Tağıyevin faciəli surətdə həlak olmuş oğlu dəfn edilirdi. Dəfndə həlak olana hərbi ehtiram bildirmək üçün müsəlman vəhşi diviziyasının bir hissəsi iştirak edirdi. Həmin dəstə Ənzəliyə üzüb getmək istədikdə, ona İcraiyyə Komitəsi adından ultimatum verildi – tərksilah olunmaq. Həm də dəstəyə düşünmək üçün 24 saat vaxt verildi. Bu, şənbə günü axşam baş vermişdi. Həmin səbəbdən “İsmailiyyə”nin zalında mitinqlər başlandı. Deyirdilər ki, erməni hissəsini də tərksilah etmək lazımdır, hərçənd orada bir hissə yox, başdan ayağa bütün erməni əhalisi silahlanmışdı, lakin heç nə əldə bilmədilər. Bazar gününə keçən gecə Müsavatla Erməni Milli Şurası arasında müşavirə keçirildi və, deyildiyinə görə, lazım olduğu təqdirdə hakimiyyəti qəsb edənlərə – bolşeviklərə qarşı birgə çıxış etmək qərarına gəldilər. Lakin bu, yalnız ermənilərin tatarlar üçün qurduğu məkrli torlar idi. İcraiyyə Komitəsinin tərksilah olunmaq üçün müsəlmanlara verdiyi müddət sona çatırdı. Ermənilər müsəlmanların cüzi tərəddüdlərini belə diqqətlə izləyirdilər və bu əlverişli imkanı əldən verməməyə əvvəlcədən hazırlaşırdılar. Onlar bunun üçün zəruri olan hər şeyi edirdilər, onların başçıları isə fasiləsiz olaraq məşvərətlər keçirirdi. Müsəlmanların nümayəndələri, qan tökülməsinin qarşısını almaq məqsədilə bütün güzəştlərə gedəcəklərini bildirmək üçün İcraiyyə Komitəsinə gəldiyi zaman, haradasa Şamaxinka tərəfdə gizlənən ermənilər tərəfindən təxribat məqsədli atəşlər açılmağa başladı, hətta, deyilənə görə, bolşevik patrullarından yaralananlar da olmuşdu. İcraiyyə Komitəsində müsəlmanlarla aparılan danışıqlar dərhal dayandırıldı, çünki telefonla xəbər verildi ki, müsəlman kütləsi artıq qalxmışdır və müharibə faktiki olaraq başlanmışdır.

Heç bir dəlil kömək etmədi, çünki qurulmuş torlar son dərəcə incə idi və onları dərhal müəyyən etmək çox çətin idi. Beləliklə, müsəlman nümayəndələr evlərinə dağılışdılar və mart ayının 18-də, bazar günü saat 6-da şəhərin bütün küçələrində atışma və əsl müharibə başlandı. Bu amansız gecə ərzində əhali böyük iztirablar keçirmişdi. Başlanan bu qırğının motivləri və əsl xarakteri ermənilərdən savayı hələ heç kimə məlum deyildi. Lakin ertəsi gün hər şey hamıya aydın oldu. Mən o zaman Qoqolevskaya və Tatarskaya küçələrinin arasındakı Serkovnaya küçəsində yaşayırdım. Mən səhər tezdən azacıq açılmış pəncərə taxtalarının arasından bu küçədə baş verən hadisələri müşahidə edirdim. Bir dəstə tatar onların üzərinə hücum etmiş dəstələrlə atışmaqla pis müdafiə olunurdu. Bu bolşevik dəstələrində müharibənin bütün qaydaları üzrə hücum edən cəbhədə vuruşmuş əsgərlər var idi. Onlar tatarlarla döyüşərkən ədalətli hərəkət etdiklərinə tam əmin idilər. Yəni bolşevik əsgərlər fikirləşirdilər ki, tatarlar hakimiyyəti ələ keçirərlərsə, onlara – ölkənin indiki sahiblərinə divan tutacaqlar və buna görə də öz hakimiyyətləri uğrunda döyüşürdülər. Amma rusların arxasınca kiçik erməni dəstələri irəliləyirdi, özü də hər bir dəstədə başdan-ayağa silahlanmış 5-10 nəfər var idi. Bu dəstələrdə bütün kişi erməni əhalisi – 2-3-cü sinif şagirdlərindən tutmuş yaşlı ermənilərədək – iştirak edirdi. Onlar hamısı əsgər və ya yarı əsgər forması geyinmişdi, üzərilərində 3 və daha artıq qatar patrondaş var idi, tüfəng, revolver və xəncərlə silahlanmışdılar. Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu “müharibədə” iştirak etməyi özlərinə “borc” bilirdi; burada neft sənayeçiləri, mühəndislər, həkimlər, kontorçular, bir sözlə, erməni əhalisinin bütün təbəqələri “vətəndaşlıq” borclarını yerinə yetirirdilər. Tatarlar bizim məhəlləni bazar ertəsi günü, saat 11-də tərk etmişdilər. İndi isə mənim gözümün qarşısından yalnız ehtiyat məqsədilə atəş açaraq irəliyə hərəkət edən əsgərlər
keçirdi. Lakin, onlar ötüb keçən kimi gizlənmiş tatarları axtaran erməni “dəstələri”, sonra isə başqaları gəlirdi. Onlar qapıları sındırır, bütün otaqlara daxil olur, hər yeri axtarırdılar. Pul və zinət əşyalarını onlar dərhal hamıdan alır, tatarları isə mənzildə, həyətdə, və ya qapı ağzındaca güllələyirdilər.
Tatarlardan heç kimə aman verilmirdi. Onlar bazar ertəsi bütün günü çox qızğın “işləyirdilər”, şəhərin küçə və evlərində qan su yerinə axırdı. Ən əvvəl onlar evləri atəşə tuturdular ki, qorxuya düşmüş sakinləri evdən qovub çıxarsınlar və özgə malını maneəsiz qarət və talan edə bilsinlər. Onlar ərzaq ehtiyatlarına xüsusi diqqət yetirirdilər və ilk növbədə kisələrlə un, düyü, qənd və tapdıqları hər şeyi daşıyıb aparırdılar. Görünür, onlar qabaqcadan hiss edirdilər ki, 17 mart hadisələrindən sonra əsl
aclıq başlanacaqdır. Elə buna görə də ərzaqları götürürdülər, bununla da erməni əhalisini bir neçə ay azuqə ilə təmin etdilər. Həqiqətən də, qalan əhali, xüsusilə də müsəlman əhalisi sözün əsl mənasında küçələrdə aclıqdan öləndə, bütün erməni məhəllələri və küçələri ilə iri çörəkxanalardan evlərə və geriyə kömbə çörəklər daşıyırdılar. Ərzaqların ardınca paltar və qiymətli metal əşyalarını götürürdülər. Mebel isə bir qayda olaraq ancaq sındırılır və tullanılırdı. Talanlar arası hələ yaxın qohumlarının gözləri qarşısında qadınlara təcavüz də edilirdi. Ermənilər şəhərin bütün qeyri-erməni hissəsini beləcə “təmizləyirdi”. Bazarları onlar başqa üsulla “təmizləyirdilər”: qapıları sındırıb və bütün malları furqonlarla daşıyandan sonra mağazanı yaylım atəşi ilə yandırırdılar və alov küçənin bu başından o biri başınadək yayılırdı. Yanğınlara görə onların narahat olmağa ehtiyacı yox idi, çünki bunlar şəhərin müsəlmanlar yaşayan hissəsində baş verirdi. Lakin onlar, qabaqcadan bütün malları daşıyaraq, yalnız mağazaları yandırırdılar. Evləri isə ancaq əsaslı surətdə qarət edirdilər. Bütün bu dəstələrdə hər bir müsəlman evini tanıyan ermənilər iştirak etdiyi üçün, aydındır ki, onlar zəngin müsəlmanların evlərində qisasçılıq edir və xüsusi səy göstərirdilər. Əliyev qardaşlarının Serkovnaya küçəsindəki evini 3 gün ərzində “təmizləmişdilər” və “təmizləyib qurtarmaq” mümkün olmurdu, çünki bu 4 mərtəbəli ev sonsuz sayda otaqlardan ibarətdir, onun var-dövləti isə hesaba gəlmirdi. Amma onlar bu evin işini birtəhər bitirdilər. Və birinci qarətdən sonra salamat hər nə qalırdısa, 2, 3, 4-cü və s. dəstələrin qarət mənbəyinə çevrilirdi. Bu küçələr artıq çoxdan “işğal olunmuşdu”, lakin onlar yalnız gizlənmiş tatarları axtarır və özgə malını talan edirdilər. Rus əsgərlərinin və xüsusilə də matroslarının barəsində düzünü demək lazımdır ki, onlar dinc əhalinin güllələnməsində iştirak etmirdilər və imkan daxilində onları erməni qatillərindən xilas edirdilər.

Onlar müsəlmanları əsir götürərək böyük dəstələrlə “Rekord” və Mailov teatrlarına qovurdular. Lakin yolda bir çoxlarını, hesaba gəlməz sayda insanları güllələyirdilər. Ora qədər gəlib çıxanlar isə tutulur və teatrların yaxınlığında güllələnirdi. “Daşnaksütun” partiyası guya əsirlərin toxunulmazlığını qoruyurdu, amma bu mühafizə yalançı və məkrli idi. Erməni dəstələri bir-birinin ardınca teatrlara daxil olur və cüssəli, sağlam tatarları seçir, binadan küçəyə çıxarır və güllələyirdi. Bunu həmin binaların yaxınlığında yaşayan Torqovaya küçəsinin sakinləri görmüşdülər. Qətlə yetirilənlərin paltarlarını və qiymətli əşyalarını çıxarır, sonra xəncərlə onların qarınlarını yarır, daxili orqanlarını açır və tanınmayacaq dərəcəyə qədər eybəcər hala salaraq, cəsədləri təhqir edirdilər. Bütün küçələrdə və küncdə-bucaqda qalaq-qalaq meyitlər yığılıb qalmışdı və hər tərəfdə ölüm və dəhşət hökm sürürdü. Belə bir vaxtda müsəlmanların ayrı-arı nümayəndələri, həyatlarını təhlükə altına qoyaraq, avtomobillərdə İcraiyyə Komitəsinə gəlir və şəhərin bütöv bir hissəsinə qarşı törədilmiş bu görünməmiş qanlı qırğına son qoyulmasını xahiş edirdilər. Demək olar ki, bütünlüklə ermənilərdən ibarət olan İcraiyyə Komitəsinin üzvləri bu rüsvayçılığa son qoymaq istəmirdilər və hər dəfə öz tələblərini artırırdılar. Belə ki, onlar əvvəl tərksilah olunmağı, sonra bolşeviklərin hakimiyyətinin qeyd-şərtsiz tanınmasını, daha sonra isə müsəlmanların Tiflis yolunu açmasını tələb edirdilər. Sanki, bağlı yolun açarları nümayəndələrin əlində idi. Bununla onlar, maneələr uydurmaqla, qırğınları dayandırmaq istəmirdilər, çünki məqsəd bir idi – şəhərin bütün Cənubi Qafqazda öz zənginliyi, nüfuzu və səxavəti ilə tanınan müsəlman əhalisini məhv etmək. Onlar əmin idilər ki, hələ sülh olmayacaq və onlar başladıqlarını sona çatdıra biləcəklər. Amma burada Caparidzenin adını hörmətlə çəkmək lazımdır, çünki o, canlı insan alverinə son qoydu və sülhün bağlanmasına nail oldu. Çərşənbə günü səhər saat 11-də sülh elan edildi. Lakin qana bulaşmış erməni əlləri barışıq elan edildikdən sonra da dayanmadılar. Onlar bu barışığı tanımaq istəmirdilər və öz murdar cinayətlərini davam etdirirdilər. “Sülh” sözünü eşidən bitərəf əhali küçələrə axışdı. Onların arxasınca müsəlmanlar da ağ bayraqlarla çıxdılar. Lakin, təəssüf ki, qaniçənlər sanki yerin altından peyda oldular və müsəlmanları yerindəcə qətlə yetirməyə başladılar, və yaxud onları əsir aparır və oradaca öldürdülər. Bu dəhşətli mənzərələr bütün küçələrdə baş verirdi və heç kim bu vəhşilərin qabağını ala bilmirdi, çünki hər kəsə öz həyatı qiymətli idi. Məhkum edilmiş xalqınmüdafiəsi üçün hər hansı bir tədbir görməkdə hamı özünü aciz hiss edirdi.

Yalnız ertəsi gün, cümə axşamı, bir neçə erməni cəzalandırıldıqdan, deyilənə görə, hətta güllələndikdən sonra, rüsvayçı qanlı azğınlıqlar sona yetdi. Bütün sonrakı günlərdə qələbəni təntənəli surətdə qeyd edən erməni əhalisi küçələrə axışdı, onlar bir-birini “müharibəni udmaqları” münasibətilə təbrik edir və sevinc dolu sifətlə öpüşürdülər.

Xəcalət içində başını aşağı salmış müsəlman əhalisi isə, səssiz, şikayət və tənə etmədən, tam ləyaqətlə və mənəvi qələbənin onların tərəfində olduğunu dərk edərək yaxşı gələcəyə ümidlərlə yaşamaqda davam edirdi. Müsəlmanlar, “İsmailiyyə”nin və “Təzəpirin” yanından kədərlə və dərindən köks ötürərək keçirdilər, murdar əllərlə təhqir edilmiş müqəddəs yerləri görür, lakin onları murdarlayanların ünvanına heç bir söyüş, acı söz işlətmirdilər. Bəli, mən özlüyümdə dəfələrlə düşünmüşəm ki, səbir və
dözümlülüyü onlardan öyrənmək lazımdır. Mən bu qırğınla əlaqədar Milis sahəsinin Komissarı ilə söhbətlər edirdim. Komissarlığın binasında xeyli müsəlman gizlənmişdi, ancaq burada da bəziləri həyatlarını itirmişdilər. Erməni quldur dəstələri binaya soxulmuş və bir neçə nəfəri öldürmüşdü. Sonra o, kədərlə mənə danışırdı ki, onlarla soyğunçunu qarət etdiyi malla bir yerdə tutmuşdur və İcraiyyə Komitəsinə göndərmişdir, lakin onları qarət etdikləri malla birlikdə dərhal buraxırdılar. Buna görə də, o, nə baş verirsə versin, daha qarətçiləri Komitəyə göndərməyi lazımsız hesab etmişdi. “Daşnaksütun” partiyasına gəldikdə isə, bu qanlı sui-qəsdə o başçılıq edirdi, bütün tellər də onun əlində idi. O mənzil-qərargahlar yaradır, orderlər verirdi və çoxlu sayda avtomobillər qarət edilmiş malları anbarlara daşıyırdı. İcraiyyə Komitəsinin liderləri ilə “Daşnaksütun” partiyası arasında necə sıx əlaqə mövcud olduğunu təsvir etmək üçün, mən hörmətli Doktor X-in sözlərini misal gətirmək istərdim: “Mənim müalicəxanamın qarşısında rus əsgəri yaralanmışdı. Onu çox ağır vəziyyətdə gətirmişdilər. Əsgər 2 mindən artıq nağd pulu, tüfəngini və bəzi əşyalarını mənə verdi və ünvanı göstərərək, pulları Rusiyaya, onun ailəsinə göndərməyimi xahiş etdi. Ertəsi gün xəstə vəfat etdi. Mən telefonla İcraiyyə komitəsinə zəng etdim və bu barədə xəbər verdim. Bir neçə saatdan sonra mənim yanıma “Daşnaksütun” partiyasının orderi ilə bir neçə silahlı adam gəldi və orderi oxumağımı tələb etdi. Mən etirazımı bildirərək əsgərin pullarının erməni partiyasına yox, onun ailəsinə məxsus olduğunu və bu barədə İcraiyyə Komitəsinə mən xəbər verdiyimi söylədim. Lakin mənim dəlillərim tamamilə artıq idi, çünki fiziki qüvvə onların tərəfində idi. Onlar pulu, tüfəngi götürdülər və ... biryolluq getdilər. Hətta onu dəfn etməyə gəlmədilər və uzun əzab-əziyyətdən və başağrısından sonra, şəxsi əlaqələrim və tanışlığım hesabına onu özüm dəfn etməli oldum.

Müsəlmanların faciəli günlərində yəhudilər onlara mənəvi və fəal kömək göstərirdilər. Məncə elə bir yəhudi evi yox ki, orada çox və ya az müsəlman gizlənməsin. Nədənsə ermənilər yəhudilərə inamla yanaşırdılar, hətta onları “özlərinki” hesab edirdilər. Bax buna görə yəhudiyə “Mənim evimdə tatar yoxdur” demək kafi idi və bir çox hallarda ermənilər bununla kifayətlənirdilər və müsəlmanlar xilas olurdu. Ancaq, Allah göstərməsin, əgər ermənilər özləri müsəlmanları axtarır və tapırdısa, onda yəhudilər öz əmlakı ilə cavab verir və özləri güclə canlarını qurtarırdılar. Qırğından sonra yəhudilərin üsəlmanlara qarşı dostcasına münasibəti üzə çıxanda (yəhudilər sakit vaxtda zərər çəkmiş müsəlmanların taleyinə acıyırdılar və sui-qəsdçilərin – zülmkarların ünvanına lənətlər yağdırırdılar) ermənilərin sifəti dəyişdi və onlar yəhudilərlə açıq-aşkar və həmişəlik düşmən oldular. Yəhudilər ermənilərlə olan “dostluqlarını” çox rahatlıqla qurban verdilər. Çünki həm bizim, həm Sizin olmaq mümkün deyil, ya Allahın, ya mamonanın99, ya ədalətin, ya xəyanətin... Yəhudilərin seçiminin nə olduğu – hamıya məlumdur. Taleyin qisməti idi ki, bu sətirləri yazan şəxs həyasız və məkrli ermənilərin müsəlmanlara qarşı törətdikləri cinayətlərə dair öz məlumatlarına əlavələr etsin. 17-20 mart hadisələrindən sonra Bakıda aclıq gücləndiyi üçün bu sətirləri yazan şəxs cəbhədən qayıtmış qızıl əsgərlərin düşdüyü müəssisəyə işə girmişdi. Bu qızıl əsgərlər başdan-ayağa soyğunçulardan ibarət idi və cəbhəyə yerli dinc əhalini qarət etməyə və öldürməyə getmişdilər, onlar yalnız heç bir müqavimət göstərə bilməyən dinc sakinlərlə “vuruşurdular”, belə ki, onlar qəfildən bütöv kəndlərə basqın edir və mart günlərində Bakıda törətdiklərini orada təkrarlayırdılar. Görün rus əsgəri mənə nə danışmışdı: “Onlar bütöv kəndlərə od vurur, dinc müsəlmanları qətlə yetirir, heç bir səbəb olmadan mal-qaranı
doğrayırdılar və bu cəmdəklərdən ətrafa infeksiya xəstəlikləri yayılırdı. Biz bunun qarşısını almaqda gücsüz idik, çünki onlar 95%, bəlkə daha da çoxdurlar. Bunlar insan deyil, qana və qənimətə susamış vəhşilərdir. Onları müsəlmanlara qarşı çıxış etməyə sövq etmiş impuls budur. Ən cüzi, lakin ciddi müqavimət gördükdə isə cılız qorxaqlar kimi qaçırlar”. Həqiqətən də, onlar, üzərində fars yazıları olan qızıldan, gümüşdən, ipək parçalardan ibarət müsəlman qəniməti ilə yüklənərək, mənim xidmət
etdiyim məntəqəyə qayıdırdılar və ermənilərin özləri ilə gətirdikləri qarət edilmiş var-dövləti mən öz gözlərimlə görürdüm. Mən ali təhsilli ermənilərin öz soyğunçu qardaşlarına göstərdikləri “həssas” münasibəti də xatırlatmalıyam. Nəinki bir qınaq, töhmət kəlməsi, əksinə, onlar soyğunçu qardaşlarına mərhəmətli münasibət və səmimi qayğı göstərirdilər və xüsusilə səy edirdilər ki, onların “vicdanla qazandıqları var-dövlətlərinin” kiçik bir hissəsi belə batmasın. Onlar dəfələrlə bu pulları özlərində saxlamaq üçün alırdılar, bir dəfə isə, soyğunçu döyüşçü özü ilə bütöv bir dükanın mallarını gətirəndə, universitet bitirmiş adam sərəncam verdi ki, müəssisənin işçisi qarət edilmiş bütün bu malları soyğunçunun müşayiəti ilə etibarlı yerə aparsın və yalnız bundan sonra “döyüşçü” müəssisəyə
qayıtdı.

Mart hadisələrindən sonra Şaumyanın, Karqanyanın, Avakyanın əmri ilə ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu yaradıldı. Buraya 17 yaşlı yeniyetmələrdən tutmuş heç bir işə yaramayan qoca ermənilərədək hamı daxil olmuşdu. Onlar orduya ümumi aclıq dövründə yemək üçün, geyinib- keçinmək üçün və əlavə olaraq 200 rubl maaş almaq üçün gedirdilər. Onlar bundan əlavə yürüşlərdə də öz iştahalarına və bəxtlərinə uyğun olaraq “gəlir əldə edirdilər”. Müsəlmanların şəhərdə ən yaxşı binaları onlar üçün müsadirə edilmişdi və erməni döyüşçülər burada daima içki içir, zurna çalır, eyş-işrət və kef məclisləri təşkil edirdilər. Onlara elə gəlirdi ki, cənnətdə yaşayırlar. Belə ki, küçələrdə aclıq, ölüm hökm sürdüyü halda..., onlar hamısı boğaza qədər yeyirdi, ümumi düşkünlük və üzüntü hökm sürdüyü halda, onlar ... nəşələnirdilər. Lakin gələcəyi görən insanlar artıq o vaxt, onların şənliklərini gördükdə, onların soyğunçu alınlarında İncilin tale yazısını oxuyurdular: “mene, men... tekel upofedkin” – “Zaman hesablanmış, sənin qan, məkr, həyasızlıq və ikiüzlülük üzərində qurulmuş talançı rifahın tərəzilərdə çəkilmiş və hazırlanmışdır”. Onlara nə ingilislər, nə Petrovsk, nə başqaları yardım etdi. Şahid Kvasnik öz ifadəsini imzalamaqdan imtina etdi və bunu onunla izah etdi ki, əgər onun ifadəsi ermənilərin əlinə düşərsə, onu mütləq öldürəcəklər, o, isə nə özünü, nə ailəsini məhv etmək istəmir.

Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvü: A.Novatski (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 1-7.

Sənəd № 569

Dindirmə protokolu

1918-ci il, 2 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yakov Nikolayeviç Smirnov, andlı iclasçı, Bakının keçmiş İctimai Şəhər rəisi, Bakı şəhəri, Bazarnaya və Poçtovaya küçələrinin kəsişməsində, Krasilnikovların evində yaşayıram, rusam.
Bu ilin mart hadisələri zamanı mən doktor Larionovun100 mənim yaşadığım evdə yerləşən müalicəxanasının pəncərəsindən erməni əsgərlərinin qarşı tərəfdəki “İslamiyyə” mehmanxanasının binasına necə od vurduqlarını müşahidə edirdim. Bunun üçün onlar binanın zirzəmisindəki dükana çoxlu yeşik yığdılar və onları odladılar. Bütün bina tamamilə yandı, yalnız divarları qaldı. Mənim yaşadığım evdə müsəlmanların dükanları yerləşirdi. Bu dükanları erməni əsgərləri qarət etdilər, qarətdən sonra dükanları yandırmaq istəyirdilər və bunun üçün məndən kerosin tələb etdilər. Mən böyük çətinliklə onları yanğın fikrindən daşındıra bildim, onu səbəb gətirdim ki, bizim evdə kerosin yoxdur, çünki evin bütün otaqları elektriklə işıqlandırılır və həm də evin yuxarı mərtəbələrində ağır xəstələrin yatdığı müalicəxana yerləşir. Erməni əsgərlərinin arasında bir neçə rus əsgər gözümə dəydi, onlar da mənə qoşuldular və evdə xəstəxananın olduğunu səbəb göstərərək, öz erməni yoldaşlarını müsəlman dükanlarını yandırmaq fikrindən daşındırdılar. Bizim yaxınlığımızda olan bazar isə mənim gözlərimin qarşısında erməni əsgərləri tərəfindən qarət edildi və od vurularaq yandırıldı. Bizim evimiz yanğınların mərkəzində qalmışdı və mən iki gün Korqanovdan101 telefonla bizim müalicəxanamızın qorunub saxlanılması üçün yanğın söndürən komandasının göndərilməsini xahiş etdim, lakin yanğınsöndürənlər gəlmədi. Bizi Allah özü qorudu! Erməni əsgərlərinin bir dəstəsi bizim evə soxularaq, ikinci mərtəbədə yerləşən müalicəxanaya keçdilər və Bazar küçəsinə çıxan yan pəncərələrdən küçə boyu Şamaxinka istiqamətində atəş açmağa başladılar. Mən bir saata yaxın onları dilə tutmalı oldum ki, müalicəxanadan çıxıb getsinlər və buranı öz hərbi əməliyyatları üçün bazaya çevirməsinlər; çünki, bununla onlar xəstəxanada olan xəstələr üçün ölüm təhlükəsi yaradırdılar, onların arasında əməliyyat olunmuş ağır xəstələr var idi. Hətta telefon vasitəsilə hərbi nazir Korqanova müraciət etmək və erməni əsgərlərinin müalicəxanadan uzaqlaşdırılmasında köməklik göstərməsini xahiş etmək lazım gəldi. Sonradan müalicəxananın mühafizə edilməsi üçün mənim yanıma dörd silahlı erməni əsgəri göndərdilər. Lakin onlardan ikisi elə gəlməyi ilə yoxa çıxdı; sonradan məlum oldu ki, onlar bizim evlər komitəsinin ərazisində yerləşən mənzilləri qarət edirmişlər. Yadımdadır, köhnə təqvimlə 20 və ya 21 mart tarixində səhər saat 6-da Poçtovaya küçəsinin yuxarısında kasıb bir çadralı müsəlman qadın göründü və Bazar küçəsini keçərək bizim evə yaxınlaşmağa başladı. Müalicəxananı mühafizə edən erməni dərhal tüfəngini qaldırdı və qadını öldürmək istədi. Mən və evlər komitəsi üzrə mənimlə növbətçi olan kürəkənim Bazenkov qadını müdafiə etməyə yetişdik və ermənidən qadını vurmamağı xahiş etdik. Bir müddət sonra qadın onu tutmuş əsgərin əlindən çıxaraq geriyə Qubernskaya küçəsi ilə yuxarıya irəlilədikdə, əsgər yenidən onu nişan almağa başladı, lakin bizim xahişlərimizdən sonra tüfəngini aşağı saldı və dedi: “onsuz da onu orada öldürəcəklər”. Silahlı erməni əsgərləri bizim həyətimizə soxuldular və müalicəxanada xəstə müsəlmanların olduğunu biləndə, xəstə müsəlmanları öldürməklə hədələyərək, özlərinin müalicəxanaya ötürülməyini tələb etməyə başladılar. Mən bizim evin digər sakinləri ilə birlikdə çox böyük çətinliklə erməniləri zorla müalicəxanaya girməkdən yayındıra bildim. Müalicəxananın pəncərəsindən Bazarnaya küçəsi boyunca atəş açan erməni əsgərlərindən ikisi müalicəxananın mətbəxinə daxil oldular və onlara çay verməyi xahiş etdilər; hər ikisi ziyalı idi. Onlar çay içən zaman gülə-gülə mənə danışırdılar ki, bir nəfər tatarı küçədə öldürərkən, başqa bir müsəlman öldürülənin yanına yıxılaraq özünü ölülüyə vurubmuş. Bu zaman onlar yerdə yatan tatara yaxınlaşaraq onu da güllələmişlər. Evlər komitəsinin üzvü kimi bizim evin önündə gecə növbəsi çəkərkən mənə bir erməni əsgər - bakılı tələbə - yaxınlaşdı və söhbət əsnasında öz alman Ştutserini göstərərək, fəxrlə dedi etdi ki, həmin gün bu silahla müsəlmanlara 1500 patron atmışdır və bütün müsəlmanları qırmaq lazımdır. Mart hadisələrində ermənilərin yaxşı təşkil edilmiş hərbi dəstələri və “Daşnaksütun” partiyasının əynində mülki paltar, əlində tüfəng və qolunda ağ sarğı olan üzvləri iştirak edirdilər. Onların iştirakı həm də bununla təsdiq olunur ki, mart hadisələrində daşnaksakanların iştirak etməsini Şaumyan Fəhlə və əsgər deputatları Sovetinin iclaslarından birində açıq şəkildə etiraf etmişdir. Bununla belə, mən qırğınlar dayandırıldıqdan sonra erməni ziyalı cəmiyyətinin müxtəlif nümayəndələri ilə dəfələrlə
söhbət etməli olmuşam və onlar qəribə bir inadkarlıqla iddia edirdilər ki, mart qırğınlarında nə erməni təşkilatları, nə də erməni ziyalıları çıxış etməmişlər, qarətlərlə isə yalnız erməni qara camaatı və cəbhədən öz kəndlərinə geri qayıdarkən onları öz evlərinə buraxmadıqlarına görə müsəlmanlardan qisas alan ayrı-ayrı əsgərlər məşğul olmuşlar. Mart hadisələri zamanı ermənilərin müsəlman qadın, qoca və uşaqlarına qarşı törətdikləri amansız vəhşiliklər barəsində dəfələrlə eşitməli olmuşdum. Deyilənlərə görə, mart ayında 6000-7000 müsəlman qətlə yetirilmişdir. Ermənilər “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının yandırılmasını sonradan həmin binada müsəlmanların qərargahının yerləşməsi ilə izah edirdilər. Heç bir ehtiyac olmadan ermənilər tərəfindən “Kaspi” qəzetinin binası yandırılmışdır. Mart ayında talan və qarətlər nəticəsində müsəlman əhalisinə vurulan ziyanın həcmi həddən ziyadə böyükdür, belə ki, həmin vaxt şəhərdə hələ əhali çox idi və müsəlmanların evlərində olduqca böyük sərvətlər var idi.

Bir dəfə, 1917-ci ilin dekabrında, ev təşkilatlarının yaradılması ilə əlaqədar olaraq, Hacı Zeynalabdin Tağıyevi ziyarət etdiyim zaman Əsədulla Əhmədov102 andlı iclasçı Ter-Kazarova bolşeviklərlə mübarizə aparmaq üçün ermənilərlə müsəlmanlar arasında ittifaq yaradılmasını təklif etdi. O zaman Ter-Kazarov cavab verməkdən yayındı, lakin küçəyə çıxdıqda mənə dedi ki, Əhmədovun təşəbbüsünün həyata keçirilməsi qeyri-mümkündür. Ümumiyyətlə, ermənilərin, görünür ki, bolşeviklərə bir meyli vardı; bolşeviklərin böyük hissəsi ermənilərdən ibarət idi. Ermənilər müsəlmanlara mənfi münasibət bəsləyirdilər, ola bilsin, düşünürdülər ki, müsəlmanların hakimiyyəti zamanı ermənilərin maraqları qorunmayacaqdır.

Mart ayının 19-da “Metropol” mehmanxanasında bu iki millətin bolşeviklərlə mübarizədə birləşməsi məsələsi üzrə erməni və müsəlman nümayəndələri arasında müşavirə olmalı idi; bu müşavirə şəhərdə yaranmış atışma səbəbindən baş tutmadı, ertəsi günü isə ermənilər açıq şəkildə bolşeviklərin tərəfində müsəlmanlara qarşı çıxış etdilər. Şəhərin bütün rus əhalisi (mən bolşevikləri nəzərdə tutmuram) müsəlmanların dərdinə acıyırdı və erməniləri mart hadisələrinin səbəbkarı hesab etməklə, müsəlmanlara olan rəğbətini hər yerdə açıq-aşkar büruzə verirdi. Bu hadisələrdən sonra müsəlman əhalisinin aşağı təbəqələri daha da yoxsullaşdı. Mən bir neçə ay ərzində hər gün müsəlmanların zibil dolu xəndəkləri və zibil qutularını eşələdiklərini və orada tapdıqları qalıqlarla qidalandıqlarını görməli olurdum; bir çoxları aclıqdan üzülərək küçələrdə düşüb ölürdü. Küçədə yıxılıb qalmış ac müsəlmanın başı üzərində toplaşmış adamların arasından sadə rusların bütün bunların mart hadisələrinin
nəticəsi olduğunu dediklərinin şəxsən mən özüm şahidi idim. Şamaxı qəzasındakı hadisələr haqqında mənim yanıma məsləhət üçün gələn molokanların söhbətlərindən eşitmişəm. Bu qəzada molokanların məskunlaşdığı Mərəzə kəndi, ona bitişik isə müsəlman Mərəzəli kəndi var. Tatevos Əmirov və Stepan Lalayev erməni dəstələri ilə Mərəzəyə gəlmiş və pulemyotlardan güllələyəcəkləri ilə hədələyərək, molokanları onlara qoşulmağa və Mərəzəli kəndinə getməyə məcbur etmişlər. Mərəzəli kənd sakinlərinin göndərdiyi müsəlman nümayəndələr güllələnmiş, kəndin özündə isə məscid və bir çox evlər yandırılmışdır. Yeri gəlmişkən, Şamaxı qəzasındakı hadisələr barəsində mənə Şamaxı qəzasının Astraxanka kəndində yaşayan molokan İvan Vasilyeviç Kalmıkov da danışmışdır. Artıq mart hadisələrindən sonra öyrəndim ki, Əli Mərdan bəy Topçubaşov həbs edilmişdir. Onu polkovnik baron Osten-Sak ilə birlikdə şəhər məktəblərinin birində kiçik bir otaqda saxlayırdılar, onlarla yanaşı olan böyük otaqda isə yalnız erməni əsgərlərindən ibarət gözətçilər otururdu. Onlar özlərini çox pis aparırdılar, daima tüfənglərinin çaxmaqlarını şaqqıldadır, bütün günü, hətta gecələr də oxuyur və bağırırdılar. Bunu mən Əli Mərdan bəy Topçubaşovu həbsdə saxlanıldığı otaqda şəxsən ziyarət etdiyimdən bilirəm. Xeyli səy göstərdikdən sonra, mən Caparidze və Kojemyako103 vasitəsilə Topçubaşovun zaminə buraxılmasına nail ola bildim. Onu sonradan yenə həbs etdilər və Bayıl həbsxanasına saldılar. Əli Mərdan bəy Topçubaşovu həbsxanada ziyarət edərkən, onu həm mənəvi, həm də sağlamlıq cəhətdən sıxılmış vəziyyətdə gördüm. O mənə bildirdi ki, həbsxanada saxlanıldığı ilk günlərdə ona ümumiyyətlə heç bir yemək verməmişlər; o indi də acdır və onunla birlikdə həbsxanada olan digər 30 nəfər də acdır. Topçubaşovun dediyinə görə, Bayılda onu çox pis şəraitdə saxlayırdılar: o kiçik bir kamerada İbrahim bəy Heydərovla104 birlikdə saxlanırdı; kamera axşam saat 6-dan səhər saat 7-dək bağlı olurdu, gecələr isə nəcis üçün kameraya qab qoyurdular və bu qabdan döşəməyə süzülən maye havanı dəhşətli üfunətlə doldururdu. Uzun əziyyətlərdən sonra mən və andlı iclasçı Leontyeviç, yenə də Caparidze vasitəsilə, həkimlərin Topçubaşovu və Heydərovu müayinə etmələrinə nail olduq və həkimlər onların həqiqətən xəstə olduqlarını təsdiq etdilər. Bundan sonra mənim xahişimlə onları mənim arvadıma məxsus olan doktor Larionovun müalicəxanasına yerləşdirdilər. Məhbusların yanına yalnız ermənilərdən ibarət olan gözətçilər qoyulmuşdu və onlar özlərini daima biabırçı şəkildə aparırdı. Mən erməni gözətçilərinin başqaları ilə əvəz edilməsini xahiş etməyə məcbur oldum. Bundan sonra gürcülərdən ibarət bir günlük qarovul
göndərdilər, lakin, sonradan yenə də yalnız erməniləri göndərməyə başladılar.

Əlavə edirəm ki, Caparidze fəhlə, əsgər və matros deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, Dmitri Kojemyako – İcraiyyə Komitəsinin təsis etdiyi Fövqəladə Komissiyanın105 sədri, Stepan Şaumyan – birbaşa Leninin təyinatı üzrə Qafqazın Fövqəladə Komissarı, Stepan Lalayev və Tatevos Əmirov – Şamaxı qəzasında fəaliyyət göstərmiş Əlahiddə bolşevik dəstələrinin komandirləri idilər. Şahidlik etməyi özümə borc bilirəm ki, mən həbsxanaya salınmış Topçubaşov və Heydərov barəsində hər dəfə Caparidzeyə və Kojemyakoya müraciət edərkən, onların tərəfindən insani və ədalətli münasibətlə qarşılaşmışam, Caparidze hətta öz səmimiliyi ilə məni riqqətə gətirmişdir.
İmza: Andlı iclasçı Yakov Nikolayeviç Smirnov.
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: Prokuror köməkçisi А.Kluge,
Məmməd Xan Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 152-155.

Sənəd № 570

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yuda Abramoviç Belenkiy, 43 yaşım var, yəhudiyəm, Bakı şəhəri, Verxnyaya Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram.
Bu il mart ayının 19-da təsadüfən bizim evə iki güllə düşdü, çərşənbə axşamı gündüz saat ikidə isə bizim evi pulemyotdan atəşə tutmağa başladılar. Bundan sonra, təxminən saat yarım keçmiş, bizim evə erməni və rus əsgərlərindən ibarət olan dəstə gəldi və mənzilləri gəzərək, müsəlmanları axtarmağa başladılar. Ermənilər mənim şüşəbəndimdə pəncərələri qırmağa başladıqda rus əsgərləri onlara qışqırdı: “dayanın, yoldaşlar, əl vurmayın, burada özümüzkülər yaşayır”. Axtarışdan sonra bu dəstə heç nə götürmədən çıxıb getdi və bizi xəbərdar etdi ki, ehtiyatlı olaq, çünki gecə ermənilər axtarışa gələcəklər. Səhər saat dörddə mən yanıq iyi hiss etdim və gördüm ki, həyətimiz tüstü ilə dolmuşdur. Məlum oldu ki, ermənilər Qluxoy döngədə yerləşən qonşu evi yandırıblar. Bu zaman mən və arvadım əşyalardan bəzilərini evdən çıxarmaq istədik, lakin ermənilər buna görə bizi güllələmək istədilər və dedilər ki, biz tatarların əşyalarını xilas etməyə çalışırıq. Martın 21-də, çərşənbə günü, təxminən səhər saat 8-də bizim evə hansısa bir kök, qısaboylu, lopabığ, sonradan mənə deyildiyi kimi, Əmirov familiyalı erməninin başçılığı ilə erməni dəstəsi gəldi. Bu vaxt mən və digər kirayənişinlər Drujınin və Çarnıy quyudan su çıxarırdıq. Bizim evimizin yandırılacağı təqdirdə onu söndürmək üçün su ehtiyatı gördüyümüzü biləndə, onlar bizi ölümlə hədələyərək su götürməyi qadağan etdilər və dedilər ki, müsəlman evini yanğından qorumaq olmaz. Bu zaman erməniləri küçəyə çağırdılar, onlardan ikisi yaralanmışdı, biz isə qarşı tərəfdə yerləşən Mixaylov xəstəxanasına qaçdıq. Bundan sonra bizim evə fasiləsiz olaraq ermənilər girir və bəyəndikləri hər şeyi evdən çıxarırdılar. Mənim mənzilimdən qırx min rubl dəyərində əşyalarımı aparıblar.

Mən bizim evin yanında, Melniçnaya küçəsi ilə Qluxoy döngənin tinində ermənilərin 11 nəfər müsəlmanı necə güllələdiklərini görmüşəm. Bir qadın diz üstə çökərək yalvarırdı ki, 60 yaşlı bir qocanı öldürməsinlər. Ona söz verdilər ki, qocanı yalnız əsir aparacaqlar, lakin elə döngədəcə bir neçə revolver gülləsi ilə onu öldürdülər. Müsəlmanları əsas etibarı ilə erməni əsgərləri qarət edir və qətlə yetirirdilər. Bundan sonrakı 1 – 1,2 və ya 2 ay ərzində, təxminən yeddi dəfə, 40-50 süvari əsgər bizim məhəlləni mühasirəyə alaraq, mənim yaşadığım evin sahibi Şıx Balayevi axtarmışdılar və onu bir dəfə də olsun evində yaxalaya bilməmişdilər.

Bizim evimizə də iki yerdən od vurmuşdular, lakin kənar şəxslərin və rus hərbçilərin birgə səyi nəticəsində yanğını söndürmək mümkün olmuşdu. Quyudan su çıxardığımıza görə Əmirov soyadlı kök erməninin əmri ilə bizi güllələmək istəyirdilər; deyirdilər ki; “biz Şıx Balayevin evini yandırmaq istəyirik, siz isə onu söndürmək istəyirsiniz”.
Oxundu. İmza. Y.Belenkiy.
Komissiya üzvü: А. Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 132.

Sənəd № 571

Dindirmə protokolu

1918-ci il, 12 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Maks Borisoviç Manaseviç, 57 yaşım var, Bakı şəhərində, “Metropol” mehmanxanasında yaşayıram.
Bu ilin mart ayında erməni-tatar atışmaları zamanı şahzadə Mansur Qacar, andlı iclasçı Ananyev, artist xanım Taqianosova və petroqradlı andlı iclasçı Alışvanla birlikdə vaxtımızın çox hissəsini “Metropol” mehmanxanasının 2-ci nömrəsində keçirirdik. Biz pəncərələrdən tüfənglərlə silahlanmış və hərbi forma geymiş ermənilərin evlərin tinlərində gizlənərək və küçə boyu tüfənglərdən atəş açaraq, Nikolayevskaya küçəsi ilə yavaş-yavaş irəlilədiyini müşahidə edirdik. Nikolayevskaya küçəsi eyni zamanda “Metropol” mehmanxanasının damından pulemyot atəşinə tutulurdu. Üçüncü və ya dördüncü gün daşnaksakanlar Yeqişe adlı rəhbərlərinin başçılığı ilə mehmanxanaya soxuldular və binanı “Daşnaksütun” partiyasının qərargahına çevirdilər. Bu Yeqişe və dəstələrdən birinin başçısı olan tələbə Artyuşa Sergeyev bəyan etdilər ki, biz vəhşi diviziyanın zabitini gizlədirik və onun təhvil verilməsini bizdən tələb etdilər. Mən bildirdim ki, bizim yanımızda vəhşi diviziyanın heç bir zabiti yoxdur. Bu zaman andlı iclasçı Ananyev Yeqişeyə müraciət etdi və başa saldı ki, bizim yanımızda rus ordusunun polkovniki şahzadə Mansur var və o, heç zaman vəhşi diviziyada xidmət etməmişdir. Şahzadə Mansur da Yeqişenin qarşısına çıxaraq bunu təsdiq etdi. Yeqişe cavabında bildirdi ki, Mansurun müsəlmanlara xidmət edib-etmədiyini istintaq müəyyən edəcəkdir, istintaqa qədər isə onu Erməni Milli Şurasına aparmaq lazımdır. Sonra Mansur avtomobillə Erməni Milli Şurasının yerləşdiyi Melikovların mənzilinə aparıldı. Nikolayevskaya küçəsi ilə yuxarı istiqamətdə hücum edənlərin arasında Stepan Lalayev də var idi. Şahzadə Mansur mənə orada Jorj Melikovu da gördüyünü dedi. Mən şəxsən onu görməmişəm. Əlavə edirəm ki, “Qrand Otel” mehmanxanasının pəncərələrindən birində ikinci pulemyot dururdu; beləliklə, Nikolayevskaya küçəsi iki pulemyotdan atəşə tutulurdu.

Oxundu. İmza. Maks Borisoviç Manaseviç.
Fövqəladə Təhqiqat komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza)
Komissiya üzvləri: Məmməd Xan Təkinski,
Prokuror köməkçisi А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 18.

Sənəd № 572

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yankel David Samuyloviç Slavinski, 39 yaşım var, Bakı şəhərində yaşayıram, Nijnyaya-Priyutskaya küçəsi, dalan № 6, ev № 4.
Mart qırğınları zamanı mənim mənzilim gözlərimin qarşısında 8750 rubl dəyərində qarət edilmişdir. Mən əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənzilimi ermənilər qarət etmişlər. Hətta mən erməni cinayətkarını göstərdim, tutub saxladım və o, həbs olundu. O Xaçatur Martirosov idi. Mənim yaşadığım evin sahibi – müsəlman, Əliyoldaş Əliyev və onun 4 qardaşı qətlə yetirilmiş, pulları və mənzilləri qarət edilmiş, qadınları isə əsir aparılmışdır. Mənim evimin qarət edilməsi haqqında bolşeviklərin istintaq komissiyasında106 iş açıldı, lakin sonradan X.Martirosov azadlığa buraxıldı. Mənə 8750 rublun ödənilməsini xahiş edirəm.
Oxundu. İmza. Yankel David Samuyloviç Slavinski.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 45.

Sənəd № 573

Dindirmə protokolu

1918-ci il, 9 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Polkovnik Vladimir Konstantinoviç Olonqren, 54 yaşım var, Bakıda, Aşurbəyov qardaşlarının Kamenistaya və Qoqol küçələrinin tinindəki 205-32 №-li evində yaşayıram.
Bu ilin mart ayının 19-da, bazar ertəsi səhər saat 5-ə yaxın Aşurbəyovların evinə zabit formasında iki erməninin başçılıq etdiyi 20-25 nəfər silahlı erməni əsgəri daxil oldu. Bu dəstə üçüncü mərtəbədən başlayaraq evin bütün mənzillərini bir-bir gəzməyə başladı. Əli bəy Aşurbəyovun mənzilinə girərək və orada Berdan tipli tüfəngin patronlarının olduğu yeşiyi taparaq, ermənilər, heç nəyi salamat qoymadan, bütün mənzili dağıtmağa başladılar: mebeli, güzgüləri, çilçıraqları, saatları və digər əşyaları qundaqlarla sındırdılar və qiymətli əşyaları talan etdilər. Zabitlərdən ortaboylu birisi Əli bəyin xəz kürkünü geyindi və onun üstündən bir neçə əsgərin köməkliyi ilə öz forma şinelini geyə bildi və çıxıb getdi. Bu zabiti, eləcə də onun ucaboylu və həddən artıq arıq yoldaşını görsəm, tanıya bilərəm. Əli bəy Aşurbəyovun bütün ev avadanlıqlarından yalnız onun xalçalarını xilas etmək mümkün oldu. Sonradan bu evə dəfələrlə dəstədəstə ermənilər soxulurdu və hər dəfə mən onları dilə tutmalı olurdum
ki, mənzillərə girməsinlər. Əli bəyin mənzilinin talan edilməsində iştirak edən ucaboylu zabit bütün evə baxdığı və burada müsəlmanları tapmadığı barədə mənə kağız verdi. Bu kağızı evə gələn erməni dəstələrinə göstərməli olurdum və onlar mənzillərə girmədən evdən uzaqlaşırdılar.
Oxundu. İmza. Polkovnik Olonqren.
Fövqəladə Təhqiqat komissiyasının üzvləri: Andlı iclasçı Məmməd Xan
Təkinski, Prokuror köməkçisi А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 14.

Sənəd № 575

Dindirmə protokolu

1918-ci il, 6 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gürcüstan Respublikasının vətəndaşı Levan Vladimiroviç Qoqoberidze, 22 yaşım var, Bakıda, Merkuryevskaya küçəsi, ev № 33, mənzil 12 ünvanda yaşayıram.
1918-ci ilin mart qırğınları zamanı mən, Balaxanı kəndində, Ağayev qardaşlarının evində yaşayırdım. Bu ev Ayrapet Surqulyantsın rəhbərlik etdiyi silahlı ermənilər tərəfindən mühasirəyə alındı və zirehli qatardan, sonra isə tüfənglərdən atəşə tutuldu. Mən özümlə qılıncımı, pullarımı, saatımı, dövlət əmanət kitabçamı, üzüyümü götürdüm və evdən qaçmağı qərara aldım. Mənimlə birlikdə Mahmud Ağayev və adlarını bilmədiyim bir neçə müsəlman qaçırdı. Arxa həyətin yaxınlığında ermənilər bizi saxladılar. Ağayev güllə ilə ayağından yaralandı. Biz mühasirəyə alındıq və polis bölməsinə göndərildik. Bu vaxt dərhal mənim yanımda olan bütün əşyalarımı əlimdən aldılar. Mən və o birilər beş gün bölmədə qaldıq.
Ondan sonra məni və tanımadığım Rəhimov soyadlı birisini azad etdilər, qalanlarını – Ağayev qardaşlarını və bir rusu gözlərimizin qabağında güllələdilər. Ağayev qardaşları 5 nəfər idi və onlardan kiçiyinin 8, böyüyünün isə 40 yaşı var idi. Ermənilər birinci bölmənin yaxınlığında güllələyirdilər, adamları arxadan vururdular. Sonra isə qundaqlarla, süngülərlə güllələnənlərin axırına çıxırdılar.

Mənim qarət edilmiş əmlakımın ümumi dəyəri 1918-ci ilin mart ayınadək olan qiymətlərlə 46.230 rubl təşkil edir. Mənim əşyalarımın indiki qiyməti isə 138.690 rubldur və bu məbləğin mənə ödənilməsini xahiş edirəm. Mən talan edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Qoqoberidze. İmza.
Komissiya üzvləri: Aleksandroviç,
Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 41.

Sənəd № 576

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İvan Mixayloviç Kazakov, Moskva quberniyasının vətəndaşı, 41 yaşım var, Bakı şəhəri, Serkovnaya küçəsi, 138 №-li evdə yaşayıram.
1918-ci ilin mart qırğınları zamanı, çərşənbə axşamı, martın 20-də səhər saat 10-da evin həyətinə erməni əsgərləri gəldi və bildirdilər ki, bizə görə cavabdeh ola bilməzlər və axşama yaxın nə baş verəcəyini bilmirlər, buna görə də şəhərin ermənilər yaşayan hissəsinə çıxıb getməyimizi məsləhət gördülər. Bizə mühafizə vermədilər, amma darvazadan buraxdılar.
Evdə ailəsi ilə birlikdə bir erməni qadın var idi, ikinci erməni ailəsi isə qabaqcadan, bazar günü, 1918-ci ilin mart ayının 18-də başlamış hadisələrdən bir, ya iki gün əvvəl çıxıb getmişdi. Qalan bu ailəni erməni əsgərləri elə tez apardılar ki, biz hətta gözümüzü yumub-açmağa macal tapmadıq. Bu səbəbdən biz özümüzü itirdik və bütün sakinlər, ruslar və yəhudilər evi tərk etdilər.

Həmin bu evin sakini – müsəlman İsmayıl İsrafilov erməni əsgərləri tərəfindən aparıldı və hadisələrdən sonra dəqiq məlum oldu ki, onu öldürüblər. Onun arvadı və qızı bizimlə birlikdə qaçırdı, lakin yolda onun arvadı ərinin meyitini görüb geridə qaldı və onu əsir götürdülər, qızını isə mən özümlə Çornıy Qoroda apardım, o biri gün isə biz onu Mailov teatrında əsirlikdə olan anasına təhvil verdik. Ertəsi gün səhər saat 10-da mən öz mənzilimə qayıtdım və hər şeyin ora-bura səpələndiyini gördüm, bufet qırılmış, komodun bütün gözləri çıxarılmış, qarderob açıq və boş idi, hər şey tərtəmiz aparılmışdı, yalnız əski-üskü qalmışdı. Görünürdü ki, talançılar qundaqlarla və süngülərlə işləmişdilər. Mənim və qonşum Kvasnikin mənzilini ermənilər qarət etmişdilər. Qonşum Kvasnik palto və digər qadın əşyalarını ermənilərdən axtarıb tapdı, mən isə əşyalarımın izinə düşə bilmədim. Mənzilimdən oğurlanmış və ümumi dəyəri 4047 rubl olan əmlakımın geniş siyahısını təqdim edirəm. Bu məbləğ mart qiymətləri üzrədir. Hal-hazırda bu əmlakın qiyməti 12.414 rubldur, sındırılmış və təmiri 200 rubl olan bufetin qiymətini də bu məbləğə əlavə etməliyəm. Ümumilikdə mənə 12.341 rubl ödənilməsini və siyahının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski,
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 28.

Sənəd № 577

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Aleksandra Qavrilovna Baranova, 51 yaşım var, Petroqrad sakiniyəm, Bakı şəhəri, Sisianovskaya küçəsi, 25 №-li evdə yaşayıram.
Bu il mart ayının 20-də gecə erməni əsgərləri mənim Sisianovskaya küçəsi 25 №-li evdə yerləşən mənzilimə soxuldular və mənim mənzilimi 13.150 rubl məbləğində qarət etdilər. Əşyaların siyahısını təqdim edirəm və işə əlavə edilməsini xahiş edirəm. Müsəlmanlar evin divarını sökməklə həyətə keçid açaraq məni evdən çıxardılar, bundan sonra müsəlmanlar qonşu evlərdə daha 5 dəlik açaraq məni, mənim 32 yaşlı qızım Vera Georgiyevna Niyaşevskayanı, onun 5 yaşlı oğlu Aleksandrı, dayə Lyubovu, mənim 18 yaşlı qızım Ninanı, 3 nəfər qulluqçunu və 4 nəfər pansionçunu 9-10 yaşlı müsəlman oğlanlarını, 2 nəfər Əliyevləri, Qasımovu və Quliyevi evdən çıxarıb apardılar. Bizi rus-tatar məktəbinə107 gətirdilər, burada yaxşı çörək, kabab, papiros və pirojki verərək bizi yaxşı yedirtdilər. Yuxarıda göstərilən evdən əsgər olan erməni qızı Mariya Ayrumova atırdı. O, müsəlmanlara atəş açırdı. Mən öz əmlakımı yeni qiymətlərlə, yəni mart qiymətləri ilə dəyərləndirirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 196.

Sənəd № 578


Dindirmə protokolu

1918-ci il, 28 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nina Georgiyevna Baranova, 20 yaşım var, savadlıyam, Bakı şəhəri, Sisianovskaya küçəsi, 25 №-li evdə yaşayıram.
Bakıda 1918-ci ilin mart qırğınları zamanı mən, anam Aleksandra Qavrilovnanın yanında, yuxarıda göstərilmiş ünvanda yaşayırdım. O zaman bizim yalnız müsəlman uşaqlarının gəldiyi məktəbimiz və uşaq bağçamız var idi. Mənzil ikinci mərtəbədə yerləşir, ev isə dörd mərtəbəlidir və onun 4-cü mərtəbəsində Ayrumovlar adlı erməni kirayənişinlər yaşayırdılar. Bütün üç gün ərzində, martın 18, 19, 20-də 4-cü mərtəbədən, Ayrumovların mənzilindən atışma səsi eşidilirdi, axırda məlum oldu ki, atışan Ayrumovların 17-19 yaşlı qızı – Manyadır, o, əvvəl türk cəbhəsində olmuş və həmişə Qızıl Orduda xidmət etmişdir. Mən indi də ona Bakıda, əsgər formasında rast gəlirəm. Müsəlmanlar bizim evin ikinci mərtəbəsinin divarını
dağıtdılar və birbaşa bizim mənzilə daxil olaraq ermənilərin təhvil verilməsini tələb etdilər, onları öldürmək istəyirdilər. Müsəlmanların arasında onların başçısı Babayev - bizim iki şagirdimizin əmisi oğlu var idi, anam onları yola gətirə bildi ki, erməniləri öldürməsinlər və beş nəfərdən ibarət Ayrumovların hamısı mənim anamın məsuliyyəti altında bizim evdə qaldılar. Bütün kirayənişinlər bizim mənzilimizə toplaşdılar və gecə saat ikiyədək orada qaldılar. Bu, çərşənbə axşamı, mart ayının 20-də baş vermişdi. Müsəlmanlar gecə bizim hamımızı, o cümlədən Ayrumovları, öz mühafizələri altında Suraxanskaya küçəsindəki rus-tatar məktəbinə apardılar. Bizim məhəllə artıq ermənilər tərəfindən tutulmuşdu və biz Bazarnaya küçəsinədək müsəlmanlar tərəfindən evlərdə açılmış 9 dəlikdən keçməli olduq. Bizimlə birlikdə digər evlərin sakinləri də keçdilər. Bizim olmadığımız müddətdə ermənilər səhər saat 5-də bizim evin qapısını sındırmış, bizim mənzilimizi yararaq, onun bir hissəsini 13.000 rubl dəyərində qarət etmişdilər. Qarovulçumuz İvan Türin bizim əşyalarımızı
daşıyan ermənilərin artıq ikinci dəstəsinin qarşısına çıxmış və onları inandırmağa çalışmışdır ki, əşyalar ruslara məxsusdur, lakin bunun heç bir köməyi olmamışdır. Ermənilər deyiblər ki, burada müsəlman məktəbi olmuşdur, əgər müəllimə ailəsi ilə birlikdə mənzilində qalmış olsaydı, onların da hamısını öldürəcəkdilər. Mənzilin qarət edilməsinin qarşısını zabit Xıdırov aldı; biz hamımız evlərimizə qayıtdıq və Ayrumovlar öz qiymətli əşyalarını götürərək, çıxıb getdilər. Bizim mənzilimiz tamamilə talan edilmişdi. 1918-ci il sentyabr ayının 14-də, şənbə günü, türklərin Bakıya gəlməsi ərəfəsində, Ayrumovlar xilas olmaq ümidi ilə yenidən bizim mənzilimizə gəldilər, lakin mən onları qovdum və onlar gəmi ilə Ənzəliyə qaçdılar. Ayrumovların evdə olmadıqları müddətdə evin bütün kirayənişinləri onların mənzilini axtardılar, xeyli patron və bomba taparaq türklərə təhvil verdilər.
İmza: Nina Georgiyevna Baranova.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А. Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 88-89.

Sənəd № 581

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Varvara Vasilyevna Antipova, 39 yaşlı, Bakı şəhəri, Kamenistaya küçəsi, 156 №-li evdə, 4-cü mərtəbədə yaşayıram.
Bakıda mart qırğınları zamanı mən Kamenistaya küçəsi, 156 №-li evdə yaşayırdım və həmin günlər mənim mənzilimə dəstə-dəstə 50-60 nəfər erməni əsgəri gələrək axtarışlar aparırdılar. Onlar silah axtarırdılar. Onlar bir neçə dəfə gəlmiş və bizi tamamilə evdən çıxararaq şəhərin o biri başına, vağzal tərəfə qovmuşdular. Mən diz üstə ermənilərə və onların
rəislərinə yalvarırdım, onların əlini öpürdüm və ağlayırdım ki, bizi mənzilimizdən və evdən qovmasınlar. Ermənilər mənim mənzilimdən köhnə qiymətlə 12.325 rubl məbləğində əşyalarımı qarət etmişlər. İndiki vaxtda mənim əmlakımın bir neçə dəfə, qat-qat baha qiyməti vardır. Ermənilər tatar evi olduğu üçün bizim evi partlatmaq istəyirdilər və biz çətinliklə onları dilə tutduq ki, bizi müflis etməsinlər.

Oxundu. İmza. V.Antipova.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 211.

Sənəd № 582

Dindirmə protokolu

1918-ci il, 9 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Darya Minayeva Xarçenkova, Bakı, 4-cü Kirpiçnıy döngəsi, №-3, Quliyevin evi, 47 yaşlı.
1918-ci il martın 20-də mənim yaşadığım evin həyətinə iyirmi nəfər silahlı erməni soxuldu və bizdən evdə iranlının olub-olmadığını soruşdu. Biz cavab verdik ki, evin sahibi iranlı çıxıb getmişdir, evdə isə başqa iranlılar yoxdur, ev sahibinin evində isə yalnız əsir türk yaşayır. Bu zaman ermənilər ev sahibinin mənzilinə atəş açmağa başladılar, lakin biz onlara təklif etdik ki, əsir türkü çağırsınlar və o, yəqin ki, gələr. Əsir türk mənzildən çıxdı və biz ermənilərdən xahiş etdik ki, onu öldürməsinlər. Amma ermənilərdən biri türkə atəş açdı və onu öldürdü. İçəri soxulmuş ermənilər başqa, artıq silahsız ermənilərlə birlikdə ev sahibinin mənzilinə girdilər və ipəkdən olan əşyaları, un, xəz kürkü, telefon aparatını və d. əşyaları çıxarmağa başladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.16.

Sənəd № 588

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nikolay Pavloviç Ter-Kasparov, 36 yaşım var, Bakı şəhəri, Bondarnaya küçəsi, 131 №-li evdə yaşayıram.
Bu ilin mart ayında Bakıda 18-20 tarixlərdəki hadisələr zamanı, Rəsulovun Bazarnaya küçəsi, 11, Qubernskaya küçəsinin tinində yerləşən evi yandırılmışdır. Bu evdə mənim də mənzilim vardı və yanğın zamanı mənim bütün əmlakım və arvadımın – Sofya Mixaylovnanın diş müalicəsi kabineti məhv olmuşdur. Mənə ümumilikdə 92.000 rubl məbləğdə ziyan vurulmuşdur və siyahının işə əlavə olunmasını xahiş edirəm. Hadisələrdən bir gün əvvəl mənzilimi bağlayaraq xəzinədarlıq binasına köçmüşdüm.
Oxundu. İmza. Nikolay Pavloviç Ter-Kasparov.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 44.

Sənəd № 590

Dindirmə protokolu

1919-cu il, 18 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Viktor Pavloviç Smirnov, 37 yaşım var, Bakı şəhəri, Tatarskaya küçəsi, 36 №-li evdə yaşayıram.
1918-ci ilin martında ermənilərin müsəlmanlara qarşı çıxışı zamanı Tarayevin Voznesenskaya, Kolyubakinskaya, Verxnyaya-Tazapirskaya və Vodovoznaya küçələrinə çıxan nəhəng evi yandırılmışdır. Bu zaman mənim də ev əşyaları, kitablar, və təqdim edilən siyahıda göstərilməyən müxtəlif ərzaq məhsullarından ibarət bütün əmlakım yanmışdır. Mənə ümumilikdə, 25.785 rubl məbləğində zərər dəymişdir. Xahiş edirəm, pulun mənə vurulmuş zərərin ödəniləcəyi vaxtdakı dəyəri ilə mənə dəyən ziyanı ödəyəsiniz.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.X.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 36.

Sənəd № 592

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İrina Proxorovna Kotova, 45 yaşım var, Bakı şəhəri, Verxnyaya-Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər mənim xidmətçi işlədiyim Şıx Balayevin evini talan etdikləri zaman mənim də ümumilikdə 4000 rubl məbləğində əşyalarımı aparmışlar. Mən evə hücum olunana qədər Serkovnaya küçəsinə qaçmağa macal tapmışdım.
Oxundu. Savadsızdır. Onun yerinə imza etdi( imza ərəb hərfləri ilə).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 134.

Sənəd № 593

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Serop Qazaroviç Gevorkov, 52 yaşım var, Bakıda, Malaya Morskaya və Çadrovaya küçələrinin kəsişməsində, 9\238 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı Tarayevin Kolyubakinskaya küçəsindəki, o zaman mənim yaşadığım, evi yandırılmışdır. Yanğın zamanı mənim əşyalarım və bütün avadanlıqlar yanmışdır. İtirilmiş əşyalarım - 27.605 rubl, yeni qiymətlərlə isə 80.000 rubl dəyərində - əlavə etdiyim ərizə və siyahıda göstərilmişdir.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 141-142.

Sənəd № 595

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Alisa Vilqelmovna Volfeyl, 35 yaşlı, Bakı şəhəri, Molokanskaya küçəsi, 25 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim Serkovnaya küçəsi 147 №-li evdə yerləşən mənzilimdən təqdim edilən siyahıda göstərilən və qiyməti 1080 rubl olan müxtəlif əşyalarımı aparmışlar. Onların yeni qiyməti 5000 rubla yaxındır.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 149.

Sənəd № 597

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Malaxiy Spiridonoviç Saqanelidze, 32 yaşlı, Bakı şəhəri, Bondarnaya küçəsi, 111 №-li evdə yaşayıram.
Mən Biləcəri stansiyasında bufet işlədirəm. Bu ilin mart ayında erməni əsgərləri oraya gəldilər, bufeti və mənim mənzilimi qarət etdilər. Oğurlanmış əşyaların siyahısını təqdim edirəm. Köhnə qiymətlə onların dəyəri 199.570 rubl idi. Yeni qiymətlərlə mənə vurulmuş ziyan təxminən 700.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 187.

Sənəd № 602

Dindirmə protokolu

1918-ci il, 9 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abram Moiseyeviç Edlin, 37 yaşım var, Bakıda, Verxnyaya-Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram.
Mart qırğınları zamanı mənim yaşadığım Mordux Çarnonun mənzilində ermənilər tərəfindən bütün şkaflar, bufetlər və başqa mebel sındırılmış, təqdim olunan siyahıda göstərilən bütün əşyalar qarət edilmişdir. Bizim ümumi zərərimiz köhnə qiymətlə 35.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiya üzvü: Prokuror müavini А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 140.

Sənəd № 606

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Əsgər Xuda Baxış oğlu, 23 yaşlı, Ərdəbil şəhərindən, İran təbəəsi, Bakı şəhəri, Verxnyaya-Naqornaya küçəsi, 18 №-li evdə yaşayıram.
Mən və digər müsəlmanlar da daxil olmaqla, təxminən 850 nəfər bu il noyabr ayının 2-də “Poseydon” gəmisində Həştərxandan Petrovsk şəhərinə gəldik və limanda dayanmış “Kornilov” gəmisində baş vermiş yanğınla əlaqədar olaraq üç gün dənizdə dayandıq. Dördüncü gün “Poseydon” gəmisindən qoca, qadın və uşaqları “Evelina” gəmisinə keçirdilər, erməni əsgərləri onları Bakıya yola saldılar, qalan müsəlmanları isə, təxminən 760 nəfərə yaxın, 18-45 yaşlarında, Petrovsk şəhərinin yaxınlığında sahilə çıxardılar. Yoxsullar məsciddə, pulu olanlar isə mehmanxanalarda və şəxsi evlərdə yerləşdilər. Bundan sonra Stepan Lalayevin başçılıq etdiyi erməni əsgərləri gün ərzində bir neçə dəfə onların yanına gəlir və müsəlmanları hissə-hissə həbsxanaya və şəhər kənarına aparırdılar. Yolda, həmçinin həbsxanada ermənilər müsəlmanları güllələyirdilər. Ermənilər Petrovsk şəhərinin bağlarında müsəlmanları əzablı işgəncələrə və ölümə məhkum edirdilər; 10, 8 və ya 7 nəfəri boynu ardınca bir-birinə bağlayır, eləcə də yerdə 7-8 nəfəri bir-birinin üstünə yığır və öz aralarında mərc gəlirdilər ki, kimin tüfənginin gülləsi bir-birinə bağlanmış adamların hamısını bir dəfəyə vurub deşə bilər. Sonra ermənilər 7-10 nəfərin qollarını zəncirlə bağlayır və soyuq silahla
başlarına, qarınlarına, sinələrinə ölümcül zərbələr endirərək, bir-bir öldürürdülər. Bunun ardınca ermənilər müsəlmanları iki-iki üz-üzə bağlayır və qılıncla başlarını üzürdülər. Bu sonuncu üsulla 50 nəfər öldürülmüşdü və onların cəsədləri sonradan aşkar edilmişdi. Ümumilikdə isə ermənilər tərəfindən 535 nəfər qətlə yetirilmişdi və türklər Petrovsk şəhərinə gəldikdə
müsəlmanların həmin sayda cəsədləri aşkar edilmişdi. Əgər türklər belə tez gəlməsəydilər Petrovsk şəhərinin bütün müsəlmanlarını bu cür ölüm gözləyirdi. Meyitlər eybəcər hala salınmışdı, əlsiz, ayaqsız, kəllələri dağıdılmış vəziyyətdə idi və çoxlarını tanımaq mümkün deyildi. Türklər bütün meyitlərin şəklini çəkdilər və saylarını müəyyənləşdirdilər. Mənim qardaşımı öldürmüşdülər, başını tamamilə dağıtmışdılar və mən onun meyitini yalnız kostyumundan tanıya bildim. Bütün bu vəhşiliklərə Stepan Lalayev, Ruben Ağamalyants və beş nəfər digər ermənilər rəhbərlik edirdi. Bu sonuncular milliyyətcə rus, lakin soyadını bilmədiyim qarnizon rəisinin yanında xidmət edirdilər. Ermənilər mənim 500 rubl dəyərində paltomu və 6000 nağd pulumu qarət ediblər. Türklər gəlməsəydi, yəqin ki, mən də əzablı ölümdən qaça bilməyəcəkdim. İndi burada, Bakı şəhərində, müsəlmanları Petrovskda qətlə yetirmiş
7 nəfər ermənini sivil geyimdə görürəm, onlar tam azad şəkildə sakitcə şəhərdə gəzib-dolanırlar. Onların məsuliyyətə cəlb edilməsi haqqında sərəncam verməyinizi xahiş edirəm. Onların soyadlarını bilmirəm, amma bu şəxsləri göstərə bilərəm. Onlarla küçədə rastlaşanda, mən ağladım.
Oxundu. Əli Əsgər Xuda Baxış oğlu, imza.
Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski,
А.Kluge (imzalar).
İfadəmə əlavə olaraq göstərirəm ki, bu gün Bakının Şamaxinka hissəsində, çörək alarkən 7 erməni qatilindən biri ilə rastlaşdım, o məni yanına çağırdı, necə sağ qaldığımı soruşdu və dedi: “Tezliklə hamınızın birdəfəlik axırına çıxacağıq”.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski,
А. Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 31-32.

Sənəd № 607

Dindirmə protokolu

1919-cu il, 24 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İran təbəəsi, Xoy şəhərinin sakini, Məşədi Abbas Hacı Rza oğlu, 50 yaşım var, Bakı şəhəri, 1-ci Kanitapinskaya küçəsi, 109 №-li evdə yaşayıram.

1918-ci ilin mart ayının 18-də Bakıda törədilən qanlı hadisələr zamanı, müsəlmanlar ermənilər tərəfindən amansızcasına qətlə yetirilərkən, mənim oğlum, 20 yaşlı gənc, Sadıq da ermənilərin qurbanı olmuşdur. Ermənilər yuxarıda göstərilən tarixdə mənim evimin yanındakı küçədə oğlumu yaraladılar və yaralı oğlum, qanı axa-axa evə gəldi. Ağır yaralını
özümüzlə aparmaq iqtidarında olmadığımız üçün, onu evdə qoyaraq, mən ailəmin bütün üzvləri ilə birlikdə, qaçmaqla canımızı qurtardıq. Barışıq elan edildikdən sonra evimə qayıtdıqda, oğlumu ölmüş və eybəcər hala salınmış vəziyyətdə tapdım, bədənində çoxlu sayda süngü yaraları var idi, başı isə demək olar ki, tamamilə əzilmişdi, görünür, ermənilər iri daşlarla
oğlumun başına vurmuşdular. Beləliklə, mən bədbəxt, sonuncu oğlumu və qoca yaşlarımda sonuncu dayağımı itirdim. Ermənilər tərəfindən həmçinin mənim mənzilim talan edilmiş və 173.905 rubl (yeni qiymətlə) dəyərində əmlakım aparılmışdır.
Oxundu. Savadlıdır. İmza. (ərəb hərfləri ilə)
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 88.

Sənəd № 608

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ələkbər Tağı oğlu, İran təbəəsi, Bakı şəhəri, Bazarnaya küçəsi, 43 №-li evdə yaşayıram, savadsızam.
Mənim, biri Vrangelskaya küçəsi, 19 №-li evdə, digəri isə Bazarnaya küçəsi, 3 №-li evdə yerləşən iki çayxanam, həmçinin Vorontsovskaya küçəsi 7 №-li evdə baqqal dükanım, Bazarnaya küçəsi, 3 №-li evdə isə mənzilim var idi. Mart ayının 20-də erməni əsgərləri mənim hər iki çayxanamı, baqqal dükanımı və mənzilimi - 224.000 dəyərində - qarət etmişlər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Qarətdən sonra erməni əsgərləri içində 50 nəfərdən artıq müsəlmanın tamamilə yandığı “Dağıstan” mehmanxanasına od vurdular, “Dağıstan” mehmanxanasının qarşısında yerləşən Karvansaraya od vurdular və burada 100 nəfərdən artıq müsəlman tamamilə yandı. Bunun ardınca erməni əsgərləri Abbas Eyvazovun Lalayevin evində yerləşən Karvansarayına soxuldular və erməni zabiti revolverlə 7 müsəlmanı – mənim üç bacım oğlanlarını – Mövsüm Ağa Sadıq oğlunu, Mirzə Bağır Mövsüm oğlunu, Qulam Əli Bəyməmməd oğlunu, Qarabağ sakini Salmanı və onun qardaşı İsgəndəri, “Növbahar” restoranının işçisi Qurban Əlini öldürdülər. Ola bilsin ki, ermənilər daha çox adam öldürmüşlər, lakin mən yalnız bu şəxsləri tanıyıram. Mən “Dağıstan” mehmanxanasında idim və İran konsulunun evinə qaça bildim.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 38-39.

Sənəd № 609

Dindirmə protokolu

1918-ci il, 18 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Şükür Hüseyn oğlu, 30 yaşım var, İran təbəəsiyəm, Bakı şəhəri, Çadrovaya küçəsində yaşayıram.
Bu ilin mart ayının ortalarında erməni əsgərləri evimizə soxuldular, beş müsəlmanı – İran təbəələrini və bir qadını öldürdülər. Mən erməni əsgərlərinə 5822 rubl verdim və bunun sayəsində ermənilər məni öldürmədilər, ancaq məni və ailəmi əsir apardılar. Ermənilər müsəlman evlərinin hamısını qarət etdilər və bütün əşyaları götürüb apardılar. Ermənilər mənim də mənzilimi qarət etdilər və təqdim etdiyim siyahıda göstərilmiş əşyalarımızı apardılar, bu siyahının işə əlavə olunmasını xahiş edirəm. Ermənilər mənzilimi 27.350 rubl dəyərində qarət etmişlər.
Oxundu. Savadsızdır.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü:
Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 161.

Sənəd № 613

Dindirmə protokolu

1919-cu il, 24 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Murad Səfər Əli oğlu, 35 yaşım var, İran təbəəsi, Sərab şəhərindənəm, Bakı şəhəri, Budaqovskaya küçəsi, 81 №-li evdə yaşayıram.
Bakı şəhərində 1918-ci il mart hadisələri zamanı silahlı ermənilər yuxarıda göstərilən evə soxuldular və iki hissəyə ayrılaraq, mənzillərə girməyə başladılar; onlar daha sağlam və gənc kişiləri öldürdülər, qadınları və qoca və xəstə kişiləri, o cümlədən, bütün ailəmlə birlikdə, məni də əsir götürdülər, və şəhər nəqliyyatının 5-ci Kanitapinskaya küçəsindəki binasına apardılar. Orada 4 gün saxladıqdan sonra bütün əsirlərlə birlikdə məni azad etdilər və mən öz mənzilimə qayıtdıqda, onun ermənilər tərəfindən qarət edildiyini gördüm: köhnə qiymətlərlə 22.085 rubl dəyərində qiymətləndirdiyim əmlakımın hamısı qarət edilmişdi. Qarət edilmiş əşyaların siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadlıdır. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 4.

Sənəd № 617

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yaqub Məmməd Tağı oğlu, 35 yaşım var, İran təbəəsi, Zabrat kəndində, Volginskaya küçəsi 262 №-li evdə yaşayıram.
Bu il sentyabr ayının ilk günlərində erməni əsgərləri Zabrata girdilər. Mən qaçdım, ermənilər isə mənim dükanımı 29.660 rubl məbləğində qarət etdilər və 3.300 nağd pulu apardılar. Siyahını təqdim edirəm. Mənə məlumdur ki, ermənilər Zabrat kəndində 30 nəfəri öldürmüş və hər şeyi talan etmişlər. Bundan başqa, erməni əsgərləri mənim evimi qarət etmiş
və mənim əşyalarımı aparmışlar.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 102.

Sənəd № 618

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Müftəli İsmayıl oğlu, 35 yaşım var, İran təbəəsi, çoxdan Bakıda, 7-ci Parallelnaya küçəsində yaşayıram, savadsızam.
Bu il mart ayında ermənilər quldurluq yolu ilə mənim evimi soyublar, amma mənim yaxınlarımdan heç kimi öldürməyiblər və yaralamayıblar, çünki qaçmışdıq. Əşyaların siyahısını təqdim edirəm. Köhnə qiymətlə cəmi 8.200 rubl məbləğində əmlak qarət olunmuşdur.
İfadə oxundu. Savadsızdır.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 96.

Sənəd № 619

Dindirmə protokolu

1919-cu il, 4 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Muxtar Həsən oğlu Hüseynov, 45 yaşlı, İran təbəəsi, Bakı şəhəri, Aziatskaya küçəsi, 1 №-li evdə ,Axundovun evi, yaşayıram.
Bakı şəhərində 1918-ci il mart qırğınları zamanı Qubernskaya küçəsi 57 №-li evdə yerləşən bərbərxana dağıdılmış və 22.700 rubl məbləğində müxtəlif əmlak qarət edilmişdir.
Savadlıdır, oxunmuşdur. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 58.

Sənəd № 620

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fəxrəddin Abdulla oğlu, 33 yaşım var, İran təbəəsi, çoxdan Bakıda, 7-ci Parallelnaya küçəsində yaşayıram, savadsızam.
Bu il sentyabr ayının ilk günlərində erməni əsgərləri Sabunçuya girdilər və mənim dükanımı 45.340 rubl məbləğində qarət etdilər.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 102.

 





Flag Counter