Bakı qırğınları. Məhkəmə-istintaq sənədləri
-
 FƏSİL VI

Məhkəmə-istintaq sənədləri


Sənəd № 1012


Fövqəladə Təhqiqat Komissiyasının Sədrinə
Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlar
haqqında həmin Komissiyanın üzvü A.E.Kluge tərəfindən
MƏRUZƏ


1918-ci ilin yanvarında, general Talışınski başda olmaqla, müsəlman korpusunun qərargahı Bakı şəhərinə gəlmişdi. Qərargahın rus zabitləri arasında guya əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olduğunu bəhanə edərək, müsəlman korpusunun bütün qərargahı, əksəriyyətini ermənilərin təşkil etdiyi bolşeviklər tərəfindən həbs edilmişdi. Ermənilərin
“Daşnaksütun” partiyası, Sovet hakimiyyətini tanıyaraq, və sonrakı hadisələrdən də göründüyü kimi, müsəlmanlarla mübarizə aparmaq məqsədilə bolşevik partiyası ilə birləşmişdi. Ermənilər müsəlman qərargahının həbsi ilə müsəlmanların bolşeviklərə və nəticə etibarilə, ermənilərə qarşı silahlı üsyana sövq etməyə çalışırdılar. Müsəlmanların çıxış etmədiyini
görən ermənilər müsəlmanlara qarşı zorakılıqlar törətməyə, həm də köməksiz qoca, qadın və uşaqları qarət etməyə və qətlə yetirməyə başladılar. Vəziyyət o yerə çatmışdı ki, müsəlmanlar hətta Bakı vağzalında belə görünə bilmirdilər; dəmir yolu ilə getmək arzusunda olanlar, Bakı vağzalında erməni əsgərləri tərəfindən öldürülmək və qarət olunmaq təhlükəsi qarşısında şəhərə yaxın dəmir yolu stansiyalarından birinə faytonla getməli olurdular.

Müsəlmanlar çox gözəl başa düşürdülər ki, ermənilər onları silahlı çıxışa təhrik edirlər, lakin, qardaş xalqların qırğınına səbəb olan müharibəni və onun nəticələrini arzu etməyərək, hər şeyə dözməyə çalışırdılar. Müsəlmanların mitinqlərində və məscidlərdə keçirdikləri yığıncaqlarında iştirak edən Bakının görkəmli xristian ictimai xadimlərinin sözlərinə görə, müsəlman
natiqlərin hamısı müsəlman xalqını təmkinli olmağa, əziyyətlərə və zorakılıqlara səbirlə dözməyə çağırırdı. Natiqlər xalqa izah edirdilər ki, ermənilər müsəlmanları açıq çıxışlara məcbur etməyə çalışırlar ki, sonra özləri onların üzərinə hücum etsinlər. Müsəlmanların davranışlarından görünürdü ki, onlar ermənilərlə baş verə biləcək böyük toqquşma haqqında dəhşətlə düşünürdülər və hər bir vəcdlə belə bir vəziyyətin qarşısını almağa çalışırdılar. Müsəlmanların nümayəndələri, bolşeviklərə qarşı birgə hərəkət etmək məqsədilə dəfələrlə ermənilərlə ittifaq bağlamağa çalışsalar da, ermənilər hər dəfə bundan yayınırdılar. (cild I, v. 154).

Eyni zamanda, demək olar ki, bütün ermənilərin şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçməsi nəzərə çarpırdı; şəhərin müsəlman hissəsində yalnız ruslar, gürcülər və digər xristianlar qalmışdı ki, ermənilər dəfələrlə onlara da buradan köçməyi məsləhət görürdülər. Belə hallar da olmuşdu ki, ermənilər Bakıda mart ayında qarışıqlıqların ola biləcəyi haqda müsəlmanları xəbərdar edərək, onlara ailələrini bağ evlərinə aparmağı məsləhət görmüşlər (s. I, v.1; s. II, v. 3).

Silahla ehtiyatsız davranması nəticəsində həlak olmuş yoldaşları Məmməd Tağıyevin cənazəsini Bakıyadək müşayiət etmiş müsəlman diviziyasının kiçik dəstəsi 1918-ci ilin martın 17-də Lənkərana geriyə yola düşürdü. Gəminin getməsinə az qalmış silahlı bolşeviklər limana gəldilər, müsəlman diviziyasından tərksilah olunmalarını tələb etdilər və divizion silahları təhvil verməkdən imtina etdikdə, tüfənglərdən və pulemyotlardan atəş açdılar. Ertəsi gün, bazar günü, mart ayının 18-də şəhərin aşağı, erməni hissəsində silahlı erməni əsgərləri görünməyə başladı; onlar bütün küçələrdə səngərlər qazır, torpaq və daşlardan təpələr düzəldirdilər. Bunu görən müsəlmanlar da öz növbəsində bəzi küçələrdə səngər qazmağa başladılar, lakin yenə də ümid edirdilər ki, toqquşma baş verməyəcək və hər şey danışıqlarla yoluna qoyulacaqdır. Elə həmin gün “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlmanların iclası keçirilirdi və bu iclasa Bakının keçmiş şəhər rəisi Hayk Ter-Mikaelyans gələrək Erməni Milli Şurası və “Daşnaksütun” partiyasının adından bildirmişdir ki, müsəlmanların bolşeviklərə qarşı çıxış edəcəyi təqdirdə, ermənilər müsəlmanlara qoşular və bolşeviklərin Bakıdan qovulmasında onlara kömək edərlər (s.I v.44; s.II, v.3,49).

Ertəsi gün, bazar ertəsi, martın 19-da, sübh tezdən şəhərin müsəlman hissəsinə əsl hücum başlandı; bu vaxt ermənilərin onlara qarşı səmimi münasibəti barəsində yalan vədlərinə arxayın olan müsəlmanlar hələ yatırdılar; bu hücumda yalnız erməni əsgərləri iştirak edirdilər. Eyni zamanda ermənilərin təhriki sayəsində şəhərin müsəlman hissəsini hərbi gəmilər mərmilərlə
atəşə tuturdu, çünki ermənilər rus matroslarını inandırmışdılar ki, müsəlmanlar rus əhalisini qırırlar. Sonradan, müsəlmanların ruslara toxunmadığına əmin olanda, matroslar toplardan atəş açmağı dayandırdılar.

Hücum çoxlu sayda pulemyotların dəstəyi ilə yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərləri tərəfindən şəhərin ucqarlarında, əvvəlcə, yalnız müsəlmanların məskunlaşdığı “Məmmədli” və “Poxlu Dərə” adlanan yerlərdə aparılırdı; Şəhərin adı çəkilən yerlərində ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sahiblərini qətlə yetirir, onları qılınc və xəncərlə
doğrayır, bədənlərini süngülərlə deşir, uşaqları yanan evin alovuna atır, üç-dörd günlük körpələri süngülərə keçirirdilər. Valideynlərin qaçaraq evdə qoyub getdiyi bütün südəmər körpələri öldürür, valideynlərin özlərini isə haqlayaraq, küçədə qətlə yetirirdilər. Şəhərin bu hissələrində demək olar ki, elə bir ev yoxdur ki, bu evdə ermənilər müsəlmanların hamısını
qırmasın, və çox az sayda müsəlman öz həyatını xilas edə bilmişdir. Ermənilər, müsəlmanları qırmaqla yanaşı, onların əmlakını da məhv edir, qiymətli əşyaları isə özləri ilə aparırdılar. Sonradan, hələ təkcə bir yerdə, torpağa basdırılmış qulaqsız, burunsuz, qarnı yarılmış və uşaqlıq yolu kəsilərək çıxarılmış 57 müsəlman qadının cəsədi aşkar edilmişdir. Şahidlər deyirlər ki, ermənilər hansı səbəbdənsə öldürməyə macal tapmadıqları qadınları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın əsir aparırdılar, bu zaman yolboyu onları tüfənglərinin qundaqları ilə döyürdülər (s.I v.51,61, 165; s.II, v.3).

Şəhərin bu hissələrində qətlə yetirilmiş müsəlmanların sayını müəyyən etmək çətindir, belə ki, çoxlu sayda evlər vardır ki, sakinlərinin hamısı ermənilər tərəfindən ucdantutma qətlə yetirilmişdir və indi bircə nəfər sakin qalmamışdır ki, qətlə yetirilənlərin adlarını öyrənmək mümkün olsun. Şəhərin digər müsəlman hissələrində erməni əsgərləri həmçinin pulemyotların
dəstəyi altında sürətli hücuma keçirdilər və müsəlmanları hər hansı bir məhəllədən sıxışdırıb çıxararaq, evlərə soxulur, müsəlmanları qətlə yetirir, sonra isə qarət edirdilər. Bu zaman ermənilər nə yaşı, nə də cinsi nəzərə almırdılar. Məsələn, Hacı Əmir Əliyevin evinə basqın edərək, onun özünü, 80 yaşlı qocanı, onun 60 yaşlı birinci arvadını və 70 yaşlı ikinci arvadını öldürmüş, üç azyaşlı körpəni doğramış və Əliyevin gəlinini, 25 yaşlı qadını diri-diri divara mıxlamışlar (s. II, v.3).

Hücum edən erməni əsgərlərinə, əsas etibarilə, erməni ziyalılarının nümayəndələri başçılıq edirdilər. Belə dəstələrdən biri Nikolayevskaya küçəsində yerləşən evə soxulmuş və 8 nəfər qadın və uşaqları qətlə yetirmişdir. Başqa bir dəstə Bala Əhməd Muxtarovun Persidskaya küçəsində yerləşən evinə girərək, müsəlman ziyalılarının doqquz nümayəndəsini küçəyə çıxarmış və Sobornaya meydanında güllələmişdir. Həmin evdə doktor Tağıyev bolşeviklərin hakimiyyətini tanıdığını sübut edən sənədi çıxararaq erməni əsgərlərinə təqdim etdikdə, əsgərlər daşnaksakan olduqlarını və bolşevikləri tanımadıqlarını söyləyərək onu güllələmişlər.

Bala Əhməd Muxtarovun evində tutulan və sonradan güllələnən şəxslərin arasında bu binanın sahibi, polkovnik Tabasaranski, rotmistr Sultan bəy Əmircanov, doktor Kərim bəy Sultanov, Cavad bəy Aşurbəyov və başqaları var idi; Sultanovun və Aşurbəyovun cəsədləri “Dağıstan” mehmanxanasının yanan binasının içinə atılmışdır (s.I, v.45; s.II, v.4).

Mart qırğınlarında yaxşı təşkil edilmiş hərbi hissələrlə yanaşı “Daşnaksütun” partiyasının üzvləri də iştirak edirdilər; bu hal həm şahidlərin ifadələri ilə, həm də fəhlə, əsgər və matros deputatları Sovetinin iclaslarından birində Sovetin sədri Stepan Şaumyanın qırğınlarda daşnaksakanların iştirakını açıq etiraf etməsi ilə sübut olunur. Bununla belə, artıq qırğınlar dayandırıldıqdan sonra, erməni ziyalı cəmiyyətinin bir çox nümayəndələri qəribə bir inadla iddia edirdilər ki, mart qırğınlarında erməni təşkilatları və erməni ziyalıları çıxış etməmişlər, qarətlərlə isə erməni qara camaatı və cəbhədən geri dönərkən müsəlmanların onları öz evlərinə, öz kəndlərinə buraxmadığına görə müsəlmanlardan qisas alan ayrı- ayrı əsgərlər məşğul olmuşlar (s.I, v.153).

Mart hadisələri zamanı 11 minə yaxın müsəlman qətlə yetirilmişdir; onların əksəriyyətinin cəsədi aşkar edilməmişdir, çünki ermənilər onları yanan evlərin içinə, dənizə və quyulara atmışlar (s. II, v. 3). Heydər Qulu Quliyevin dediyinə görə, o, şəhərin bir neçə rayonlarında müsəlman mənzillərinə baş çəkərkən dəhşətli dərəcədə eybəcər hala salınmış meyitlərə rast gəlmişdir. Məsələn, o, öz bacısı oğlu Bəşər Cəfərovun cəsədini başı bədənindən ayrılmış, qolu kəsilmiş halda və bədənində üç süngü yarası ilə tapmışdı, həm də onun başını harasa aparmışdılar. Sonra o, cinsiyyət orqanı kəsilmiş kişi cəsədini, onun cinsiyyət orqanının yaxınlıqda öldürülmüş müsəlman qadının ağzına qoyulmuş vəziyyətdə görmüşdü. Digər yerdə boğazı kəsilmiş gənc müsəlman qadın uzanmışdı, onun sinəsi üzərinə isə xəncərlə doğranmış bir yaşlı oğlan uşağı elə vəziyyətdə qoyulmuşdu ki, uşağın ağzı qadının döşünün giləsində olsun. Bətnindən körpələri yarılıb çıxarılmış, döşləri, burnu, qulaqları kəsilmiş, uşaqlıq yoluna paya sancılmış müsəlman qadınların cəsədlərinə rast gəlinirdi. Bir yerdə od pilətəsinin üzərində dəhşətli əzablardan can vermişkörpənin yanıb qaralmış cəsədi tapılmışdı. Digər yerdə ağac paya ilə qarnından torpağa mıxlanmış oğlan uşağının cəsədi uzanıb qalmışdı. Bir
çox qadınların vəziyyətindən görünürdü ki, onlar ölüm qabağı zorlanmaya məruz qalmışlar (s.II, v. 18; s.I, v.12).

Martın 24-də Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin keçmiş üzvü, “Nikolay Bünyadov” gəmisinin komandir köməkçisi Kazım Axundova Bakı şəhərinin “Çəmbərəkənd” adlanan dağlıq hissəsinin müdafiəsi üçün təyyarəçi Rozenblümun rəhbərliyi altında 10 silahlı matros göndərilmişdi. Axundov, martın 25-dən Nikolayevskaya küçəsindən cəsədlərin
yığışdırılmasına başlamışdır, bu zaman süngülərlə dəlik-deşik edilmiş və qılıncla doğranılmış 3 müsəlman oğlan - gimnaziya tələbələri, 11 tələbə qız, bir rus qadın, 3 yaşından 5 yaşınadək üç müsəlman oğlan, 8 nəfər rus kişi, 19 nəfər iranlı təbəələr - müsəlmanın və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlı müsəlmanın cəsədlərini yığışdırmışdır. Sadalanan cəsədlər avtomobillərdə məscidlərə aparılmışdır. Bundan əlavə, “Vulkan” cəmiyyətinin köhnə limanına 6748 müsəlman kişi, qadın və uşaq meyitləri gətirilmişdir. Şəhərin “Məmmədli”, “Poxlu Dərə” rayonlarından müsəlmanların cəsədləri qəbiristanlığa daşınmışdır, bununla belə cəsədlərin yığışdırılması yalnız mart ayının 31-də118 başa çata bilmişdir. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” adlı yerə aparmış və Sokolov burada üç fotoşəkil çəkmişdir. Birinci şəkildə başından güllə yarası almış, bədənində beş süngü yarası olan, sağ körpücük sümüyü sındırılmış qadın meyiti çəkilmişdir; meyitin sağ döşünün üstündə ayağından süngü yarası almış, hələ sağ olan körpə uzanmışdır və anasının döşünü əmirdi.

İkinci şəkildə 7-8 verşok uzunluğunda iri Kazaçkov mismarı ilə divara mıxlanmış iki yaşında körpə təsvir olunmuşdur; mismarın papağından görünürdü ki, o divara yaxınlıqda yerə atılıb qalmış daşla vurulmuşdur. Üçüncü şəkildə 13-14 yaşlarında qızın meyiti çəkilmişdir və qızın vəziyyəti onun bir neçə şəxs tərəfindən zorlandığını sübut edir; onun aralı qalmış ayaqlarının arasındakı döşək qanla örtülüb; onun boynunda barmaq izləri görünür.

Axundov Sokolovla birlikdə dördüncü evə daxil olduqda, onların qarşısında aşağıdakı səhnə açılmışdı: böyük otağın döşəməsində 22-23 yaşlarında çılpaq qadının, iki qarının, altı yaşında qızın, səkkiz yaşlı oğlanın və südəmər körpənin cəsədi var idi; körpənin əl və ayaqlarını üç it gəmirirdi. Təsvir edilən səhnə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotoşəkil çəkməyə davam etməkdən imtina etmişdir (s.II, v. 49-52).

“Daşnaksütun” erməni inqilabi partiyasının Bakı mərkəzi komitəsinin orqanı olan “Vperyod”119 qəzetinin 33-cü nömrəsində Erməni Milli Şurası, mart hadisələrini öz istədiyi kimi təsvir etməyə çalışaraq, bəyan edir ki, “Daşnaksütun” partiyasının fəal dəstəyi nəticəsində müsəlmanlar Erməni Milli Şurasının müdafiəsi altına alınmışlar; guya Şura müsəlman vətəndaşların müdafiəsi və himayəsi üçün hətta öz səlahiyyətli nümayəndəsini təyin etmişdir. Himayə olunan müsəlmanların əksəriyyəti şüurlu əsgər elementləri və erməni partiyalarının nümayəndələri tərəfindən xilas edilmişdir. Sülh və əmin-amanlıq bərqərar olduqdan sonra müsəlmanlar şəhərin erməni hissəsindən müsəlman hissəsinə yola salınmışlar. Əsir müsəlmanların Erməni Milli Şurası tərəfindən himayə olunanların saxlanılması üçün ayrılmış Mailov teatrına, “Rekord” teatrına və digər yerlərə necə aparıldığı aşağıdakı faktlardan görünür:

Martın 19-da, günorta saat 3-də, Ağa Hüseyn Babayevin Nikolayevskaya və Zavedenskaya küçələrinin kəsişməsində yerləşən evinə 14 erməni əsgəri gəlmiş və onların dediyinə görə, bu evdə gizlədilən 11 ədəd tüfəngi axtarmağa başlamışlar. Yalnız bir tüfəng tapmış ermənilər bu evdə yaşayan Əshəddin Mustafayevi, onun əmisi Məcidulla Osman oğlunu, Rəhim Rəhimxan oğlunu, Ağa Hüseyn Babayevi, doktor Nərimanovun qardaşını və mühəndis Sərkisyanın bağbanını həbs etmişlər. Mühəndis Sərkisyan mart hadisələri başlamazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayan hissəsinə köçmüş, öz əşyalarını qorumaq üçün isə bağbanı mənzilində qoymuşdur. Həbs olunanları Nikolayevskaya küçəsi ilə aşağıya aparmış və yolüstü ağ bayraqla gedən üç nəfər yaşlı müsəlmandan ibarət nümayəndələri də həbs etmişlər. Velikoknyajeskaya prospektinə çatdıqda, erməni əsgərləri əsir
götürülənlərin hamısını Kələntərov pasajının qarşısında bir sıraya düzmüş və tüfənglərdən onlara yaylım atəşi açmışlar. Əshəddin Mustafayev və Məcidulla Osman oğlundan başqa qalanların hamısı qətlə yetirilmişdir: onlardan birincisi partlayan güllə ilə sağ qolundan və sağ böyründən, ikincisi isə partlayan güllə ilə sağ ayağından yaralanmışdı. Təsvir edilən güllələnməni törədən dəstənin başçısı Ofitserskaya küçəsindəki ev sahibinin oğlu zabit Sergeyev idi (s. I, v.42).

Elə həmin günün axşamı silahlı ermənilər Bondarnaya küçəsi, 148 №-li evə girmiş və orada 50 nəfər müsəlman qadın, uşaq və kişiləri gördükdə, onların hamısını qarət etmiş, sonra isə Birjevaya meydanı istiqamətində əsir aparmışlar. Ermənilər bu meydana gələrək, həmin dəstədən bütün kişiləri ayırmış və onları ayrıca aparmış və 12-ci lazaretin qarşısında onlara tüfənglərdən yaylım atəşi açmış, sonra isə süngülərlə sağ qalanların axırına çıxmışlar. Əsirlərin bu dəstəsində olan on dörd yaşlı Məmməd İbrahim Məşədi Mövlət oğluna 2 güllə və 18 süngü yarası vurulmuşdur; o, ermənilər getdikdən sonra sanitarlar və şəfqət bacıları tərəfindən 12-ci lazaretə aparılmış və orada onun həyatını xilas etmək mümkün olmuşdur. Məmməd İbrahimlə birlikdə gedən Məşədi Əli Cəlalzadənin qoluna və qasığına iki güllə vurulmuş və dörd süngü zərbəsi kürəyinə və bir süngü zərbəsi isə ayağına endirilmişdir; o da həmçinin 12 -ci lazaretə çatdırılmış və onu sağaltmaq mümkün olmuşdur (s.I, v.35,48).

Müsəlmanların bu cür əsir aparılması Bakı şəhəri Azərbaycan-Türk qoşunları tərəfindən alınan günədək ermənilər tərəfindən həyata keçirilmişdir. Məsələn, 1918-ci ilin avqust ayının sonunda Bakı sakini Sadıq bəy Məmməd Rza bəy oğlu Bakıdan çıxaraq Pirşağıya ailəsinin yanına gedirmiş. Məhəmmədli kəndində 17 erməni əsgəri onu və yanında olan 20 nəfərə
yaxın digər müsəlmanları əsir götürmüş və onları Zabrat kəndinə aparmışdır. Oradaca onların hamısını kəndirlə bir-birinə bağlayaraq, tüfənglərdən onlara atəş açmışlar. Onların hamısı yerə yıxıldıqdan sonra isə süngü, xəncər və qılıncla axırlarına çıxmışlar. Bir güllə, iki xəncər, 18 süngü və iki qılınc yarası almış Sadıq bəy Ramana kəndinin xəstəxanasına çatdırılmış və
orada onu müalicə etmək mümkün olmuşdur (s.I, v.11). Erməni ziyalıları köməksiz müsəlmanları qırmaqla, dənizçiləri və qızıl ordunun əsgərlərini onların üzərinə qaldırmaq istəyirdilər. Məsələn, martın 19-da səhər İran konsulu və dənizçi Natanson Qalaya gəlmiş və müsəlmanların nümayəndələrinə bildirmişlər ki, şəhərdə müsəlmanların Qalada olan bütün rusları, habelə erməniləri qırdıqları barədə şayiələr gəzir. Buna cavab olaraq müsəlmanların nümayəndələri onların hər ikisini, aralarında ermənilərin də olduğu, 240 xristian kişi, qadın və uşaqların qaldığı Mir Əli Nağı Hüseynovun evinə gətirmişlər. Xristianlarla yaxşı rəftar olunduğuna və yeməklə təmin edildiklərinə, və onların mərmilərdən qorunmaq üçün Hüseynovun
evinə könüllü surətdə gəldiklərinə əmin olduqdan sonra, Natanson və konsul çıxıb getmişlər. Üç saatdan sonra onlar yenidən geri qayıtmış və bildirmişlər ki, erməni ictimai xadimlərindən iki nəfər onlara telefonla belə xəbər vermişdir ki, onlar, yəni konsul və Natanson Qaladan çıxıb getdikdən sonra, müsəlmanlar bütün xristianları qırmışlar. Özlərinin qəsdən aldadıldıqlarına əmin olan konsul və Natanson ermənilərin hücumunun qarşısını almaq üçün Qalada 20 matros saxlamış, özləri isə çıxıb getmişlər (s. II, v.1).

Martın 20-də üç erməni əsgərinin müşayiət etdiyi erməni zabiti Tatevos Əmirov “Kaspi” qəzetinin redaksiyasının binası ilə “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binası arasında olan dalana gəlmiş və “İsmailiyyə”nin binasına girmişdir; bir müddət sonra binanın pəncərələrindən tüstü və alov görünmüşdür və yalnız Bakı müsəlmanlarının fəxri
deyil, həm də bütün şəhərin bəzəyi olan bu əzəmətli bina yanaraq məhv olmuşdur. Yanğını söndürəcək heç kəs yox idi, çünki müsəlmanlar pulemyotlardan və tüfənglərdən aramsız atəşə tutulan küçəyə çıxmaq imkanından məhrum idilər (s.II, v.2).

Daha sonra “Kaspi” qəzeti redaksiyasının binası və “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” adlı müsəlman mehmanxanaları da yandırılmışdır. Yandırılmış binalar bütün Qafqaz müsəlmanlarının həyatında böyük rol oynayırdılar: 1. “İsmailiyyə” də bütün Qafqaz müsəlman komitələri yerləşirdi və bu binada həmin komitələrə məxsus pul və sənədlər saxlanılırdı; bundan əlavə, binada bütün müsəlman yığıncaqları və qurultayları keçirilirdi: məsələn 1918-ci ilin fevral ayının 15-də açılmış Ümumqafqaz müsəlmanlarının qurultayı120 ; 2. “Kaspi” qəzetinin redaksiyasında müsəlman dilində121 müxtəlif kitablar çap olunurdu, yanğın zamanı isə onun zirzəmilərində ərəb dilində yenicə çapdan çıxmış 5000 Quran kitabı var idi
və onların hamısı yanmışdır; 3. “İslamiyyə”, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanalarında Bakıya gələn bütün müsəlmanlar qalırdılar; bu mehmanxanaların dağıntıları arasında yanıb qaralmış xeyli müsəlman cəsədi tapılmışdır: məsələn, “Dağıstan” mehmanxanasının xarabalıqları arasında doktor Kərim bəy Sultanovun, Cavad bəy Aşurbəyovun, “Hacınski Çələkən” mədənlərinin idarə başçısı Abdulla bəy Bababəyovun və digərlərinin cəsədləri tapılmışdır. (s.II, v.2; s. I, v.45).

Ermənilər müsəlmanların evlərinə soxularaq bütün qiymətli əşyaları aparır, qalan əşyaları qırıb-tökür, əksər hallarda isə yandırırdılar. Şəhərin aşağı hissəsində, Sisianovskaya küçəsindən aşağıda, Hacı Zeynal Abdin Tağıyevin mənzili istisna olmaqla, qarət olunmamış müsəlman mənzili qalmamışdır. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və yaxud bazarda müsəlmanların məskunlaşdığı bütün tikililər başdan-ayağa yandırılmış və qarət edilmişdir. Ümumilikdə, Bakı şəhərinin müsəlman əhalisinə köhnə qiymətlə 400.000.000 rubldan az olmayaraq, ziyan vurulmuşdur (s.II, v.3).

Mart ayının 19-da öz silahlarını bolşeviklərə təhvil verməyə razılıq vermiş müsəlmanlarla bolşeviklər arasında sülh bağlanmasına baxmayaraq, ermənilər müsəlmanları öldürməkdə və qarət etməkdə davam edirdilər,v həm də nəinki martın 22-nə, müsəlmanlarla onların aralarında barışığın elan edildiyi günə qədər, hətta sonrakı vaxtlarda da. Müsəlmanların çoxsaylı qarət olunması, qətlə yetirilməsi və yoxa çıxması halları Bakı şəhəri Azərbaycan-Türk qoşunları tərəfindən alınanadək baş vermişdir (s.II, v.51). Müsəlmanların qardaş qırğınına son qoymaq cəhdlərinə erməni əsgərlərinin necə münasibət göstərdiyinə aşağıdakı fakt sübut ola bilər: Martın 20-də, çərşənbə axşamı, Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, Hacı Hüseyn Tağıyev, doktor Atabekyan və İcraiyyə Komitəsinin üzvü Denejkindən ibarət olan nümayəndə heyəti Qaladan avtomobillə şəhərin yuxarı hissəsinə göndərilmişdir. Zavedenskaya küçəsində altı erməni əsgəri nümayəndə heyətini saxlanılmış və heyətin hara getdiyini soruşmuşdur. Nümayəndə heyətinin şəhərin müsəlmanlar tərəfindən tutulmuş
hissəsinə keçərək, müsəlmanlarla ermənilər arasında sülh bağlandığı üçün, onlara hərbi əməliyyatları dayandırılmaq təklifi etmək istədiyini eşidəndə erməni əsgərləri bildirmişlər ki, onlar nümayəndə heyətini buraxmayacaqlar, çünki heç bir barışığı tanımırlar. Nümayəndə heyətinin üzvləri müsəlmanların Zavedenskaya küçəsinin axırındakı səngərlərinə tərəf yönəldikdə, erməni əsgərləri onların arxasınca atəş açmağa başlamış və səngərlərə qədər qaçaraq, orada gizlənməyə macal tapmış Molla Cavad Axund istisna olmaqla, nümayəndə heyətinin üzvlərinin hamısını qətlə yetirmişlər (s.II, v.4).

Bütün yuxarıda göstərilənlər istər şahid ifadələri, istərsə də işə əlavə edilmiş baxış, ekspertiza protokolları və çoxlu sayda yandırılmış evlərin və hədsiz dərəcədə eybəcər hala salınmış cəsədlərin fotoşəkilləri ilə təsdiq edilir. Şəhərin müsəlmanlar yaşayan hissələrini talan etmiş erməni əsgərlərinin başında tüfənglərlə və mauzerlərlə silahlanmış mühəndis Artyom Ter-Akopovun, Fridun Akopovun, Jorj Melikovun, Asatur Vaçyansın, andlı iclasçı Arutçevin, Yeqiş Paxlavuninin, Levon Saatsazbəyovun, tələbə Popovyanın, Ambarsum Melikovun, Stepan Lalayevin, praporşik Dovlatovun və Xristofor Dildarovun durduğu sübut edilmişdir (s.I, v.1,5,6; s. II v. 2, 23, 24, 50).

Mart hadisələri zamanı ermənilərin həyasızlığı o həddə çatmışdır ki, onlar hətta tanışları olan müsəlmanların da evlərinə soxulur, onların əmlaklarını qarət edir və hər yerdə, sərasər hamını qətlə yetirirdilər. Məsələn, martın 20-də Stepan Lalayev erməni əsgərlərinin böyük dəstəsi ilə Varantsovskaya küçəsində yaşayan doktor Bəy Bala Bəy Sultanovun mənzilinə
soxulmuş, sonuncunu öz revolveri ilə güllələyərək yerindəcə öldürmüşdür. Sultanovun mənzilinin həyətinə enən Lalayev oradakı müsəlman bağbanı, onun arvadını və ikiyaşlı oğlunu şəxsən güllələmişdir. (s.I, v.62, 68). Suraxanskaya küçəsində yaşayan Məşədi Əhməd Rəhim oğlunun mənzilinə 30 nəfərə yaxın silahlı erməni əsgəri girmiş və 34.840 rubl dəyərində
qızıl, gümüş və digər müxtəlif qadın əşyalarını götürmüşdür; Məşədi Əhməd cinayətkarların arasında qonşuları dərzi Hayk Yaramış oğlunu və baqqal Yexuş Samvel oğlunu tanımışdır (s. I, v.21).

Həmin Yexuş digər silahlı ermənilərlə birlikdə Suraxanskaya küçəsində yaşayan Ağa Hüseyn Hacı Səlim oğlu Nəcəfovun mənzilinə girmiş, sonuncunun 111.460 rubl dəyərində ən qiymətli əşyalarını götürərək, mənzil sahibinin qardaşını və atasını öldürmüş, onun özünü isə qadınlarla və uşaqlarla birlikdə Mailov teatrına göndərmişdir; onları həmin yerdə 3 gün saxlamışlar (s.I v.22). Bir neçə silahlı erməni, onların arasında praporşik Avakyan və çəkmə emalatxanasının sahibi İsaak Baqdasarov, Serkovnaya küçəsində yaşayan Məşədi Hüseyn Səfərəliyevin mənzilinə soxulmuş, onun 186.000 rubl məbləğində bütün nağd pullarını və müxtəlif qiymətli əşyalarını zorla götürmüş və Səfərəliyevi ailəsi ilə birlikdə “Rekord” teatrına aparmışlar. Yolda Səfərəliyevi müşayiət edən ermənilərdən biri ona tüfəngdən atəş açmış və sağ qulağından yaralamışdır (s.I, v.25). Həmin İsaak Baqdasarov digər silahlı ermənilərlə birlikdə Tatarskaya küçəsində yaşayan Mir Qasım İbrahim oğlunun mənzilinə gəlmiş və onun 150.000 rubl dəyərində olan bütün əmlakını qarət etmişdir (s.I, v.94).

Həsən Mikayılovun Bondarnaya və Mariinskaya küçələrinin kəsişməsində yerləşən mənzilinə bir neçə silahlı erməni soxulmuşdur; onların arasında Olqinskaya küçəsində Tağıyev pasajının qarşısındakı bərbərxananın dolu bədənli, yanağı çapıqlı, sahibi də olmuşdur. Cinayətkarlar Mikayılovun qardaşlarından birini - Məlik Məmmədi öldürmüş, o biri qardaşı Tağını isə arvadı və qızı ilə birlikdə Mailov teatrına aparmışlar; yolda onlar Tağını da öldürmüş və onun cibində olan 2500 rubl pulu götürmüş lər. Ermənilər Mikayılovların mənzilindən ümumilikdə 54.000 rubl dəyərində nağd pul və digər qiymətli əşyalarını götürmüşlər (s. I, v.30). Teymur Səlimovun Serkovnaya küçəsində yerləşən mənzilinə silahlı ermənilər gəlmiş və 150.000 rubl dəyərində olan bütün əmlakını aparmışlar. Mənzildə olan dalandar Məmməd İrza qarətçilərin arasında həmin evdə yaşamış Aleksandr və Levon Ter-Qazarovları və onların adı müəyyən edilməmiş üçüncü qardaşlarını tanımışdır; Məmməd İrza Aleksandr Ter-Qazarovun kiməsə telefonla mənzil sahiblərinin evdə olmadığını bildirərək, onu Səlimovun mənzilinə gəlməyə dəvət etdiyini eşitmişdir. (s. I, v.56).

Ağa Əli İsmayılovun Bondarnaya küçəsində yerləşən mənzilinə tüfənglərlə silahlanmış altı nəfər erməni gələrək, Ağa Əlini güllələmək istəmişlər. Onlar Nikolay pulları ilə 7080 rubl pulunu alaraq, onu öldürməməyə razılaşmış və yalnız süngü ilə kürəyindən yaralamışlar. Sonra mənzildən 17.780 rubl dəyərində olan bütün qiymətli əşyaları götürərək, ermənilər Ağa Əlini və onun ailəsini Mailov teatrına aparmış və orada onların hamısını bir gün yarım saxlamışlar. İsmayılov qarətçilərin arasında bərbərlər ittifaqında xidmət edən dolu bədənli, üzü qırxılmış, çopur sifətli Arşak Avetisovu tanımışdır (s.I, v.91).

Çadrovaya küçəsində yaşayan Yaxşı Xanım Hacı Əli Mərdan qızı Manafovanın evinə tüfənglərlə silahlanmış bir neçə nəfər erməni soxulmuş, onun oğlu Ağaverdi Manafovu güllələmiş və onun 75.000 rubl dəyərində olan bütün əmlakını qarət etmişlər. Yaxşı Xanım qarətçilərin arasında öz kirayənişini, mart hadisələrindən sonra Qoqolevskaya küçəsi, dalan № 2,
ev № 14 ünvanına köçmüş Aleksandrı tanımışdır (s. I, v.124). Mart qırğınlarının üçüncü günü Bondarnaya küçəsində yaşayan Məmməd Tağı Kərimovun mənzilinə Kərimovun kirayənişini Levon Arutyunoviç Qaraxanovun gətirdiyi bir neçə silahlı erməni gəlmişdir. Qaraxanov ümumilikdə 49.000 dəyərində nağd pul və ən qiymətli əşyaları götürərək, Kərimovu Mailov teatrına göndərmiş və ona hərbi nümunəli gödəkcəsini əynindən çıxarmağı məsləhət görmüşdür, belə ki, onu müsəlman divizionunun süvarisi kimi qəbul edib güllələyə bilərdilər. Sonra Qaraxanov Məmməd Tağının o vaxt praporşiklər məktəbində oxuyan qardaşını axtarmağa başlamışdır. Qaraxanovun yoldaşları onu axtararaq Əmir Qulu Həsənovun yaxınlıqdakı mənzilinə gəlib çıxmış və orada Əmir Qulunu və onun iki oğlunu, Məhərrəm və Hüseyn Balanı qətlə yetirmişlər (s. I, v.124).

Elə həmin gün bir qrup silahlı erməni Tatarskaya küçəsində yaşayan Nəsir Kərbəlayı Kazım oğlunun mənzilinə gəlmiş və onun əmisi Həbibulla Molla Hacı Baba oğlunu və əmisi oğlu Hacı Baba Həbibulla oğlunu öldürərək, 2000 rubl nağd pulunu və 7662 rubl dəyərində müxtəlif qiymətli əşyalarını götürmüşlər. Nəsir özü qaçıb xilas ola bilmişdir. O, cinayətkarların
arasında Tatarskaya və Karantinnaya küçələrinin tinindəki baqqal dükanının sahibi Yequşu, Samvelin oğlunu görmüşdür (s. I, v.125). Martın 20-də bir dəstə silahlı erməni əsgərləri Serkovnaya küçəsində yaşayan Məşədi Məmməd Sadıq Talıbovu ailəsi ilə birlikdə əsir apararkən, onun kirayənişini, andlı iclasçı Varşamyanın qardaşı Levon Varşamyan
Talıbovun 5.000.000 rubl dəyərində olan bütün qiymətli əşyaları qarət etmişdir; təkcə 30 funta yaxın qızıl oğurlanmışdır (s. I, v.162). Martın 20-də Çadrovaya küçəsində yaşayan İsmayıl bəy Şeyda bəy oğlunun mənzilinə 20-25 nəfər erməni əsgəri gəlmiş, mənzildə axtarış aparmış və İsmayıl bəyin 5200 rubl pulunu götürmüşlər. Sonra onlar İsmayıl bəyi, onun
qardaşı Qasım bəyi, əmisi Xalıq bəy Məmmədbəyovu və sonuncunun oğlu İlyas bəyi küçəyə çıxarmışlar; burada onlar dərhal 70 nəfərə yaxın erməni tərəfindən əhatəyə alınmışlar. Bu kütlədən bir çoxları İsmayıl bəyə və onun yaxınlarına atəş açmağa başlamış və üç güllə ilə Qasım bəyi, bir güllə ilə Xalıq bəyi və üç güllə ilə İlyas bəyi öldürmüşlər. Çiynindən güllə yarası almış İsmayıl bəy qaça bilmişdir. İsmayıl bəy ona güllə atanlardan I kişi gimnaziyasının tələbəsi Paronyanı tanımışdır (s. I, v.164).

Tüfənglərlə silahlanmış bir neçə erməni Nijnyaya-Priyutskaya küçəsində yaşayan Əliyoldaş Əliyevin evinə soxulmuş, onun özünü və dörd qardaşını qətlə yetirmiş və onların bütün əmlakını qarət etmişlər. Bu zaman onlar Əliyevin kirayənişini Yankel Samuiloviç Slavinskinin də əşyalarını götürmüşlər. Sonradan Slavinski qarətçilərdən birini küçədə
tanımışdır və o, həbs edilmişdir; aydın olmuşdur ki, bu, Xaçatur Martirosovdur. (s. II, v. 45).

Həmin vaxt Məşədi Məmməd Sadıq Həsənovun da əşyaları silahlı ermənilər tərəfindən qarət edilmişdir; cinayətkarların başında Sergey Melikov dururdu (s. II, v.176). Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən Əli Övsəd Davudzadənin “Qrand Otel” mehmanxanasının birinci mərtəbəsində yerləşən baqqal dükanı qarət edilmişdir; sonradan Stepan Lalayev Əli Övsətin kürəkəni İmamverdi Zeynalova demişdir ki, dükan onun əmri ilə qarət olunmuşdur (s. I v. 112, 113). Mart qırğınlarının ikinci günü Qalada, kilsənin yanında yaşayan İşxan
Qarabəyov qaynı Nikolayla birlikdə öz evinin damından qarşıdakı evdə yaşayan Əbdül Cabbar Babayevin mənzilinin pəncərələrini atəşə tutmuşdur. Əbdül Cabbarın qardaşı Əbdül Qafar kabinetə daxil olaraq telefonla danışmağa başlayarkən Qarabəyov və onun qaynı bir neçə atəş açmış və onu yerindəcə öldürmüşlər (s.I, v.3). Əbdül Cabbar Babayevin sözlərinə görə onun yaxın tanışı Pyotr Moiseyeviç Zorabov həkim Tiqran Ter-Zaxaryanın denşikinin guya digər ermənilərlə birlikdə Cavad bəy Aşurbəyovun və doktor Kərim bəy Sultanovun öldürülməsində və cəsədlərin “Dağıstan” mehmanxanasının yanan binasının içinə atılmasında özünün iştirakı barədə necə danışdığını eşitmişdir. (s.I, v.4).

Yuxarıda şərh edilənləri nəzərdən keçirərək və: I. Yuxarıda təsvir edilən cinayətlərin törədilməsində: 1. Əli Övsəd Davudzadənin, İmamverdi Zeynalovun və Ağa Hüseyn Tağıyevin ifadələri üzrə Stepan Lalyevin; 2. Abbas Eyvazovun ifadəsi üzrə Artyom Nikolayeviç Ter-Akopovun və Fridun Antonovun; 3. həmin Eyvazovun, polkovnik Mansur şahzadə Qacarın və Ağa Hüseyn Tağıyevin ifadələri üzrə Jorj Melikovun; 4. Əbdül Cabbar Babayevin ifadəsi üzrə İşxan Qarabəyovun, onun qaynı Nikolayın və Tiqran Ter-Zaxaryanın denşikinin; 5.Mirzə Əhməd Hüseynzadənin ifadəsi üzrə Asatur Vaçyansın; 6. Ağa Hüseyn Tağıyevin ifadəsi üzrə Tatevos Əmirovun; 7. Məşədi Əhməd Rəhim oğlunun, Ağa Hüseyn Hacı Səlim oğlu Nəcəfovun və Nəsir Kərbəlayı Əzim oğlunun ifadələri üzrə baqqal Yexuş Samveloviçin; 8. həmin Məşədi Əhməd Rəhim oğlunun ifadəsi üzrə dərzi Hayk Yeramış oğlunun; 9. Məşədi Hüseyn Səfərəliyevin və Mir Qasım Seyid İsmayıl oğlunun ifadələri üzrə çəkməçi İsaak Baqdasarovun; 10. Əsxəddin Hacı oğlu Mustafayevin ifadəsi üzrə zabit Sergeyevin; 11. Teymur Səlimovun ifadəsi üzrə Aleksandr Ter-Qazarovun, Levon Ter-Qazarovun və onların adı hələ də müəyyən edilməmiş üçüncü qardaşının; 12. Ağa Əli İsmayılovun
ifadəsi üzrə bərbər Arşak Avetisovun; 13. Yaxşı Xanım Hacı Əli Mərdan qızı Manafovanın ifadəsi üzrə soyadı hələ də müəyyən edilməmiş Aleksandrın; 14. Məmməd Tağı Kərimovun ifadəsi üzrə Levon Arutyunoviç Qaraxanyanın; 15. Məşədi Məmməd Sadıq Həsənovun ifadəsi üzrə Sergey Melikovun; 16. Məşədi Məmməd Sadıq Talıbovun ifadəsi üzrə Levon Varşamyanın; 17. İsmayıl bəy Şeyda bəy oğlunun ifadəsi üzrə I oğlanlar gimnaziyasının tələbəsi Paronyanın; 18. Ağa Hüseyn Tağıyevin ifadəsi üzrə Ambarsum Melikovun, praporşikDovlatovun və Xristofor Dildarovun; 19. Mir Əbdül Əziz Seyidovun ifadəsi üzrə tələbə Popovyanın; 20. Yankel Samuiloviç Slavinskinin ifadəsi üzrə Xaçatur Martirosovun; 21. Məşədi Hüseyn Səfərəliyevin ifadəsi üzrə praporşik Avakyanın; 22. Kazım Ələsgər oğlu Axundovun ifadəsi üzrə Yeqiş Paxlavuninin və Levon Saatsazbəyovun ifşa olunduğunu; II. Yuxarıda təsvir olunan cinayətlərin törədildiyi mart qırğınlarının müsəlman əhalisini dəfələrlə silahlı çıxışa sövq etməyə cəhd göstərərək, nəticədə onun əvvəlcə Bakıda, daha sonra ucqarlarda fiziki olaraq məhv edilməsinə, bütün əmlakının mənimsənilməsinə və onun bütün rifahının və siyasi üstünlüyünün təbii surətdə ermənilərin əlinə keçməsinə nail olmaq məqsədi ilə “Daşkansütun” partiyası və Erməni Milli Şurası tərəfindən hələ 1917-ci ildən başlayaraq hazırlandığını; III. 1918-ci ilin mart ayının 17-dən sonra cərəyan edən hadisələrin göstərdiyi kimi, müsəlmanların qətlə yetirilməsinin və müsəlmanların evlərinin darmadağın edilməsinin şəhərin bütün hissələrində, planauyğun şəkildə, əvvəlcədən müəyyən edilmiş sistem üzrə, yaxşı təşkil edilmiş hərbi hissələr tərəfindən, həm də onların rəhbərliyi altında və Bakı şəhərinin erməni əhalisi tərəfindən həyata keçirildiyini; IV. Buna görə də, yuxarıda təsvir olunmuş cinayətlərdən birinin və ya bir neçəsinin törədilməsində ifşa olunanların hamısının quldur dəstəsinin üzvləri kimi, həm də digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq, Hesab edirəm ki, Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə
görə yuxarıda adı çəkilən şəxslərin haqqında cinayət işi açılsın.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 27, v. 16-24.

Sənəd № 1013

QƏRAR

1919-cu il, 24 iyul. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası Bakı şəhərinin talan edilməsi haqqında iş üzrə Komissiyanın üzvü A.E.Klugenin məruzəsi ilə əlaqədar, hazırkı işə baxaraq, hesab edir ki, Komissiyanın apardığı təhqiqatın əldə etdiyi sübutlarla – Klugenin adı çəkilən məruzəsində şərh olunan, həm şahidlərin: Abbas Eyvazovun (v. i.1 s. I), Əbdül Cabbar Babayevin ( v.i. 3 s. I), Mirzə Əhməd Hüseynzadənin (v.i. 5 s. I), Mansur Şahzadə Qacarın (v.i. 6, s. I), Məşədi Əhməd Rəhim oğlunun (v.i.21 s. I), Ağa Hüseyn Səlim oğlu Nəcəfovun (v.i. 22 s. I), Məşədi Hüseyn Səfərəliyevin (v.i. 25 s. I), Teymur Səlimovun (v.i.56 s. I), Ağa Əli İsmayılovun (v.i. 91 s. I), Əli Övsəd Davudzadənin (v.i.112 s. I), İmamverdi Zeynalovun (v.i. 113 s. I), Məmməd Tağı Kərimovun (v.i. 124), s. I), Nəsir Kərbəlayı Əzim oğlunun (v.i. 125, s. I), Məşədi Məmməd Sadıq Talıbovun (v.i. 162, s. I), Ağa Hüseyn Tağıyevin (v.i. 1 s. II), Yankel Slavinskinin (v.i. 45 s. II) və Məşədi Məmməd Sadıq Həsənovun (v.i.176), s. II) ifadələri ilə, həm də işə əlavə edilmiş baxış protokolları, ekspertiza protokolları və foto şəkillərlə müəyyən edilmişdir ki, Bakı şəhərinin sakinləri: 1. Stepan Lalayev, 2. Artyom Nikolayeviç Ter Akopov, 3. Fridun Antonov, 4. Jorj Melikov, İşxan Qarabəyov, 6. İşxan Qarabəyovun qaynı Nikolay, 7. Asatur Vaçyans, 8. Tatevos Əmirov, 9. Yequş Samvel oğlu (baqqal), 10. Hayk Yeramış oğlu (dərzi), 11. İsaak Baqdasarov (çəkməçi), 12. Aleksandr Ter-Qazarov, 13. Levon Ter-Qazarov, 14. Arşak Avetisov (bərbər), 15. Levon Arutyunov Qaraxanyans, 16. Sergey Melikov, 17. Levon Varşamyan, 18. Ambarsum Melikov, 19. Xristofor Dildarov, 20. Xaçatur Martirosov, 21. Yeqiş Paxlavuni, 22. Levon Saatsazbəyov aşağıdakı əməllərdə kifayət qədər ifşa olunmuşlar: müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn məqsədlərlə, öz aralarında və istintaq tərəfindən hələ müəyyən edilməmiş digərləri ilə razılaşma əsasında və birləşmiş qüvvələrlə odlu və soyuq silahla silahlanmış bir neçə min nəfərdən ibarət quldur dəstəsi yaratmış və bu dəstə müsəlman əhalisinin qırılması, eləcə də onun əmlakının qarət və
məhv edilməsi məqsədi ilə 1918-ci ilin mart ayının 18-də Bakı şəhərində şəhərin müsəlmanlar yaşayan hissəsinə basqın etmiş və onları bir neçə gün ərzində talan edərək, 1. bu müddət ərzində 11000 nəfərə yaxın müsəlman kişi, qadın və uşaqları qətlə yetirmişdir, qətllər xüsusi qəddarlıqla, qadınların zorlanması, döşlərinin kəsilməsi, diri-diri alovun içinə atılması,
südəmər körpələrin süngülərə keçirilməsi və s. ilə müşayiət olunmuşdur; 2. əhalinin 400 milyon rubldan az olmayan məbləğdə müxtəlifvəmlakını qarət etmişdir və 3. bir neçə rayonda, məs., Məmmədli rayonundavvə yaxud bazarda müsəlmanların məskunlaşdığı binaların demək olar ki hamısını, həmçinin müsəlmanlara məxsus olan digər ictimai və şəxsi binaları: “Kaspi” qəzetinin redaksiyası binasını, “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını və müsəlmanlara məxsus “Dağıstan”, “İsgəndəriyyə”, “İslamiyyə” mehmanxanalarını yanğınlarla məhv etmişdir, buna görə də: Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə, Azərbaycan Respublikası Hökumətinin 21 mart 1919-cu il tarixli qərarına122 və Ədliyyə Nazirinin həmin ilin 25 iyun tarixli və 3066 №-li təklifinə123 əsaslanaraq, Fövqəladə Təhqiqat Komissiyası QƏRARA ALIR: yuxarıda adları çəkilən Bakı şəhəri sakinləri Stepan Lalayev, Artyom Nikolayeviç Ter Akopov, Fridun Antonov, Jorj Melikov, İşxan Qarabəyov, İşxan Qarabəyovun qaynı Nikolay, Asatur Vaçyans, Tatevos Əmirov, Yequş Samvel
oğlu, Hayk Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter-Qazarov, Levon Ter-Qazarov, Arşak Avetisov, Levon Arutyunov Qaraxanyans, Sergey Melikov, Levon Varşamyan, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur Martirosov, Yeqiş Paxlavuni və Levon Saatsazbəyov Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə ittiham edilərək, hazırkı iş üzrə müttəhim qismində cinayət məsuliyyətinə cəlb olunsunlar. İş üzrə və Klugenin həmin məruzəsində adları çəkilən və şahidlərin ifadələrinə görə həmçinin yuxarıda göstərilən cinayətlərin törədilməsində iştirak etmiş: doktor Tiqran Ter-Zaxaryanın denşiki, zabit Sergeyev, adı məlum olmayan Ter-Qazarov, soyadı məlum olmayan Aleksandr, tələbə Paronyan, praporşik Dovlatov, adları məlum olmayan tələbə Popovyan və praporşik Avakyanın müttəhim qismində cinayət məsuliyyətinə
cəlb edilməsi məsələsi isə, onların şəxsiyyətləri dəqiq aydınlaşdırılana qədər açıq saxlanılsın.
Sədr: Ə. Xasməmmədov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri:
Ç.B.Klossovski, А.А. Аleksandroviç (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 27, v. 25-26;

Sənəd № 1100

Bakı şəhərindəki Müttəfiq Qoşunların
Komandanı Cənablarına124

9 dekabr 1919-cu il.
Fövqəladə Təhqiqat Komissiyasının Stepan Lalayevin fəaliyyəti ilə bağlı işi haqqında Sizin Zati-Alilərinizə məlumat verirəm. Bakıda dindirilən şahidlərin ifadələrindən görünür ki, Lalayev bu ilin mart ayının 19-da, bazar ertəsi günü erməni əsgərlərinin Nikolayevskaya küçəsindəki basqınlarına rəhbərlik etmişdir, belə ki, onun dəstəsindən olan əsgərlər evlərə soxulmuş və silahsız müsəlmanları qətlə yetirmişlər. Şahidlərin digər qrupunun ifadələri ilə müəyyən edilmişdir ki, həmin Lalayev yoldaşları Tatevos Əmirov, Seryoja Melikov və Arzuman Tərcumanovla birlikdə başçılıq etdiyi kiçik silahlı erməni dəstəsi ilə Şıx Balayevin Nijnyaya-Priyutskaya küçəsindəki evinə gəlmiş və öz əsgərlərinə Balayevin
mənzilini qarət etmək əmri vermişdir və bu əmr icra olunmuşdur. Bu dəstə Balayevin evinə yaxınlaşarkən yolda Balayevin qohumları Tələt Hüseynovu və Ağa Dadaş Ağa Qurban oğlunu güllə ilə yaralamışdır. Balayevin evindən çıxıb gedəndən sonra həmin dəstə Ağa Dadaşın qonşuluqdakı mənzilinə girmişdır; bu vaxt artıq adları çəkilən yaralılar da evə
gətirilmişdi; erməni əsgərləri burada yaralı Ağa Dadaşın özünü və onun atası Hacı Qurbanı qətlə yetirmişlər. Petrovskdan gəlmiş bir qrup şahidin ifadələrinə görə, Azərbaycan-
Türk qoşunları gəldikdən sonra öz dəstəsi ilə Bakıdan həmin şəhərə qaçmış Stepan Lalayev buradakı İran təbəələrinə - həm yerli, həm də təxminən noyabrın 2-də Həştərxandan Petrovsk şəhərinə gələnlərə - müntəzəm olaraq işgəncələr vermiş və onları qətlə yetirmişdir. Sayı 850 nəfərə yaxın olan bu müsəlmanlar Petrovsk şəhərinə “Poseydon” gəmisi
ilə gəlmiş və “Kornilov” gəmisində baş vermiş yanğınla əlaqədar olaraq üç gün limanın girəcəyində dənizdə dayanmalı olmuşlar. Dördüncü gün, qoca, qadın və uşaqları “Evelina” gəmisinə keçirərək Bakıya yola salmışlar. Təxminən 750 nəfərə yaxın 18-45 yaşlarında qalan müsəlmanları isə Petrovsk şəhərində sahilə çıxarmış, kasıb müsəlmanları məscidlərdə,
imkanı olanları isə mehmanxanalarda və şəxsi mənzillərdə yerləşdirmişlər.

Stepan Lalayev, Ruben Ağamalıyans və şahidlərin adlarını bilmədiyi, lakin müttəfiq dövlətlərin qoşunları Bakıya girdikdən sonra dəfələrlə Ermansın Olqinskaya küçəsindəki aptekinin yanında və Şamaxinkada gördükləri digər şəxslərin başçılığı altında erməni əsgərləri gün ərzində bir neçə dəfə həmin müsəlmanların yanına gəlmişlər. Bu dəstələr hər dəfə 10-15 nəfər müsəlmanı özləri ilə götürür, onları gah həbsxanaya, gah da şəhər kənarına, yaxınlıqda yerləşən bağlara aparmışlar. Onlar orada müsəlmanları dözülməz işgəncələrə məruz qoyur və qətlə yetirirdilər. 8-10 nəfəri bir-birinə bağlayır və kimin tüfənginin gülləsi daha çox insanı deşib keçəcəyindən mərc gəlirdilər. Bundan əlavə, onlar müsəlmanları zəncir kimi (əl-ələ) bağlayır və sonra qıraqdakından başlayaraq, xəncərlə baş, qarın və sinəsinə zərbələr endirərək, insanları bir-birinin ardınca öldürürdülər. Bəzilərini üz-üzə bağlayır və hər ikisinin başını bir qılınc zərbəsi ilə üzməyə cəhd edirdilər. Sonuncu üsulla 50 nəfərə yaxın adam öldürülmüşdür və türk qoşunları Petrovk şəhərinə gəldikdən sonra onların cəsədləri bir-birinə
bağlı şəkildə aşkar edilmişdir. Lalayevin dəstəsi tərəfindən qətlə yetirilmiş müsəlmanların cəsədləri, kəllə sümükləri parçalanmış, əlsiz, ayaqsız şəkildə olmaqla, dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Sağ qalmış bəzi müsəlman şahidlərin ifadələrinə görə, onlara yalnız türk qoşunları artıq Petrovsk şəhərinə daxil olduğu üçün növbə çatmamışdır və Lalayev yoldaşları ilə birlikdə şəhəri tərk etməli olmuşlar. Türk qoşunları işgəncə verilmiş və qətlə yetirilmiş müsəlmanların sayının dəqiqləşdirilməsi, habelə onların fotoşəkillərinin çəkilməsi ilə məşğul olmuşlar. Həmin şahidlərin ifadələrinə görə eybəcər hala salınmış xeyli cəsəd həbsxananın xüsusi otağında aşkar edilmişdir, Lalayev yoldaşları ilə birlikdə müsəlmanlara qarşı bağlarda və həbsxananın arxasında törətdiklərini eyni ilə burada da törətmişdir. Stepan Lalayev başçılıq etdiyi böyük erməni əsgərlərinin dəstəsi, Samson Əmirov və Saatsazbəyov ilə Şamaxıya gəlmiş, adları çəkilən şəxslərlə və yerli sakinlərdən Arzumanov, Gülbəndov və başqaları ilə birlikdə şəhərdəki bütün məscidlərin istisnasız olaraq hamısının mühasirəyə alınmasını əmr etmişdir;

Müsəlmanların adətlərinə görə qadınların, qoca və uşaqların gizləndiyi bu məscidlərə od vurmaq, bayıra qaçmağa cəhd edənləri öldürmək əmri verilmişdir; Beləliklə məscidlərdə gizlənənlərin hamısı diri-diri alov içində yanaraq dəhşətli ölümlə həlak olmuşlar. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsi də demək olar ki, eyni üsulla tamamilə məhv edilmişdir.
Lalayevin əmri ilə onun əsgərləri gənc müsəlman qızlarını Lalayevin Şamaxıdakı xüsusi evinə aparır, onları soyundurur, zorla içirdərək sərxoş edir, zurnanın sədaları altında rəqs etməyə məcbur edirdilər; sonra isə qızları zorlayaraq, bəzilərini yerindəcə qətlə yetirir, o birilərini isə hündür balkondan aşağı atır və bu yolla öldürürdülər. Lalayevin bu üsulla namusu ləkələnmiş qurbanlarından yalnız 7 nəfər qız türk qoşunlarının Şamaxıya gəlməsi nəticəsində xilas ola bilmişdir.

Sizin arzu etdiyiniz təqdirdə şahid ifadələrinin əslindən çıxarışlar təqdim oluna bilər.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvü: Aleksandroviç (imza).
Komissiya üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 1061, s. 1, iş 99, v. 6-8.

Sənəd № 1101

Müttəfiq Dövlətlər Polisinin Komissarı125

4 fevral 1919-cu il. Bakı şəhəri
Ədliyyə Naziri Cənablarına (surəti Dairə Məhkəməsinin Sədri Cənablarına)
İttifaq Hərbi Məhkəməsi tərəfindən Stepan Lalayevin işinin araşdırılması ilə bağlı yaranmış texniki çətinliklər, yəni yerli hakimiyyət orqanları vasitəsilə şahidlərin dəvət edilməsi, onların hakimlərin tanış olmadığı dillərdə dindirilməsi, şahid ifadələrinin bu şəkildə təkrar edilməsi səbəbindən məhkəmə prosesinin uzanması və s. nəticəsində Müttəfiq Qoşunların Bakı şəhərindəki Ali Baş Komandanı adı çəkilən zabiti yerli hakimiyyətin məhkəmə orqanlarına vermək qərarına gəlmişdir.
Adı çəkilən müttəhimin məndən alınmasının Sizin üçün nə zaman əlverişli olacağı barədə məni vaxtında xəbərdar etmənizi, eləcə də mənim həmin bu məktubun surətini göndərdiyim Dairə Məhkəməsinin cənab Prokurorunu xəbərdar etmənizi lütfən xahiş edirəm.
Bununla, məndə olan və bu işə aid bütün sənədləri də əlavə edirəm.
Polkovnik (imza)
Komissarın adyutantı: Kapitan (imza)
AR Pİİ SSA, f. 1061, s. 1, i. 99, v. 9.

Sənəd № 1136

QƏRAR

1919-cu il, 20 noyabr.
Mən – Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Aleksandroviç, Bakı şəhərinin və onun ətrafının talan edilməsinə dair işə baxaraq, və iş üzrə müttəhim qismində Stepan Lalayevin, Georgi Melikovun, Astvasatur Vaçyansın, Yequş Quliyansın, Levon Varşamyansın və digərlərinin cinayət məsuliyyətinə cəlb edildiyini, və Stepan Lalayevə, Georgi Melikova, Astvatsatur Vaçiansa, Yequş Quliyansa, Levon Varşamyansa qarşı ittiham irəli sürüldüyünü, və işdən göründüyü kimi, digər müttəhimlərin: Artyom Nikolayeviç Ter Akopovun, Fridun Antonovun, İşxan Qarabəyovun, İşxan Qarabəyovun qaynı Nikolayın, Tatevos Əmirovun, Hayk Yeramış oğlunun (dərzi), İsaak Baqdasarovun (çəkməçi), Aleksandr Ter-Qazarovun, Levon Ter-Qazarovun, Arşak Avetisovun (bərbər), Levon Arutyunov Qaraxanyansın, Sergey Melikovun, Ambarsum Melikovun, Xristofor Dildarovun, Xaçatur Martirosovun, Yeqiş Paxlavuninin və Levon Saatsazbəyovun axtarılıb tapılmadığını və onların yaşayış yerinin məlum olmadığını, iş üzrə cəlb edilənlər müttəhimlər barəsində Cinayət Prosessual Məcəlləsinin 448-ci maddəsinin tələbinin hər bir müttəhimə ayrı-ayrılıqda ona aid olan istintaq materiallarının açıqlanması mənasında yerinə yetirildiyini, Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinə uyğun olaraq iş üzrə ittiham olunanların axtarılması üçün təcili tədbirlərin görüldüyünü, dindirilən müttəhimlərin istinad etdiyi şahidlərin çağırıldığını və onların arasında
tapılanların dindirildiyini, müttəhimlər dindirmə zamanı iştirak etməsə də, onların CPM-nin 476-cı maddəsinə uyğun olaraq öz şahidlərini məhkəmə istintaqına çağırmaq imkanından məhrum edilmədiyini, müttəhim E.S.Quliyansın istinadın etdiyi şahid Aleksandr İqnatyeviç Lıkovın nə Bakı şəhərində, nə də Tiflisdə tapılmadığını və bu səbəbdən dindirilmədiyini,
nəzərə alaraq,
Qərara alıram: hazırkı iş üzrə istintaq başa çatdırılsın və icraatı Fövqəladə Təhqiqat Komissiyasının Sədrinə təqdim edilsin.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü:
А.Аleksandroviç (imza)
AR Pİİ SSA, f. 277, s. 2, i. 27, v. 334-335.

Sənəd № 1137

Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması
münasibətilə əhaliyə bəxş edilən imtiyazlar haqqında
QANUN126

Azərbaycan Parlamenti tərəfindən 9 aprel 1920-ci il tarixdə qəbul edilmişdir Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınması, Azərbaycan xalqının həyatında zülm və əsarət dövrünə son qoyan, hüquq və azadlıq prinsiplərinə əsaslanan yeni dövlət quruluşunun qəti təntənəsi şərəfinə Parlament cinayət törətmiş şəxslərin qismətini və müxtəlif vergi və rüsum ödəyənlərin vəziyyətini aşaşıdakı hallarda yüngülləşdirməyi qərara alır:
…..
2. Hazırkı qanun qüvvəyə minən günədək milli ədavətdən irəli gələn məqsədlərlə cinayət əməlləri törətmiş şəxslərin hamısı təqibdən və cəzadan azad edilsin.
…..
10. Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün 15 iyul 1918-ci il tarixdə təsis edilmiş Fövqəladə Təhqiqat Komissiyasının icraatında olan bütün cinayət işlərinə həmişəlik xitam verilsin.

Parlamentin Sədri əvəzi Baş müavin: M.Y.Cəfərov127
Katib: B.Rizayev
Dəftərxana rəisi: M.Vəkilov128
AR DA, f. 895, s. 3, iş 301, v. 16-17.

Sənəd № 1138

QƏRAR

Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə ittiham olunan Bakı şəhər sakinləri Stepan Lalayev, Artyom Nikolayeviç Ter-Akopov, Fridun Antonov, Jorj (Georgi) Melikov, İşxan Qarabəyov, İşxan Qarabəyovun qaynı Nikolay (soyadı məlum deyildir), Asatur Vaçyans, Tatevos Əmirov, Yequş Samvel oğlu Quliyans, Hayk Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter-Qazarov, Levon Ter-Qazarov, Arşak Avetisov, Levon Arutyunov Qaraxanyans, Sergey Melikov, Levon
Varşamyan, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur Martirosov, Yeqiş Paxlavuni, Levon Saatsazbəyov barəsində cinayət işinə xitam verilməsi haqqında.
Avropa müharibəsi başlandığı vaxtdan Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıqların araşdırılması üçün 1918-ci ilin iyul ayının 15-də təsis edilmiş Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Bakı şəhərinin və onun ətrafının talan edilməsi haqqında iş üzrə Bakı şəhəri sakinləri Stepan Lalayev,
Artyom Nikolayeviç Ter-Akopov, Fridun Antonov, Jorj (Georgi) Melikov, İşxan Qarabəyov, İşxan Qarabəyovun qaynı Nikolay (soyadı məlum deyildir), Asatur Vaçyans, Tatevos Əmirov, Yequş Samvel oğlu Quliyans, Hayk Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter-Qazarov, Levon Ter-Qazarov, Arşak Avetisov, Levon Arutyunov Qaraxanyans, Sergey Melikov, Levon Varşamyan, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur Martirosov, Yeqiş Paxlavuni, Levon Saatsazbəyov Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə 1919-cu ilin 24 iyul tarixində müttəhim qismində cinayət məsuliyyətinə cəlb edilmişlər.

Adları çəkilən müttəhimlərdən Komissiya tərəfindən Stepan Lalayev, Jorj Melikov, Asatur Vaçyans, Yequş Quliyans və Levon Varşamyans dindirilmişdir, belə ki, bu şəxslərin iş üzrə istintaqdan yayınmasının və istintanqdan digər yayınma vasitələrinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirlər görülmüşdür: Lalayevin və Quliyansın barəsində – həbsdə saxlanılması, Melikov və Vaçyans barəsində – birincisinə görə girov, ikincisinə görə zəmanət kimi hər biri üçün 100.000 rubl tələbi və Varşamyans barəsində – 5000 rubl məbləğində zəmanət tələbi. Digər müttəhimləri tapmaq mümkün olmamışdır.

İşin icraat müddətində müttəhim Stepan Lalayev ölmüşdür və bu barədə həbsxana rəisinin məlumatı təqdim olunmuşdur. Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması münasibətilə verilmiş amnistiya haqqında qanunun 10-cu bəndinə əsasən, irəli sürülmüş icraatla adları sadalanan müttəhimlərə qarşı cinayət işinə, Stepan Lalayevə qarşı isə, onun, yəni Lalayevin ölümünə görə, xitam verilməli olduğunu nəzərə alaraq,
Qərara alıram:
Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə Bakı şəhərinin və onun ətraf kəndlərinin talan edilməsində ittiham olunan Bakı şəhərinin sakinləri Stepan Lalayevə, Artyom Nikolayeviç Ter-Akopova, Fridun Antonova, Jorj (Georgi) Melikova, İşxan Qarabəyova, İşxan Qarabəyovun qaynı Nikolaya (soyadı məlum deyildir), Asatur Vaçyansa, Tatevos Əmirova, Yequş Samvel oğlu Quliyansa, Hayk Yeramış oğluna, İsaak Baqdasarova, Aleksandr Ter-Qazarova, Levon Ter-Qazarova, Arşak Avetisova, Levon Arutyunov Qaraxanyansa, Serqey Melikova, Levon Varşamyana, Ambarsum Melikova, Xristofor Dildarova, Xaçatur Martirosova, Yeqiş Paxlavuniyə və Levon Saatsazbəyova qarşı cinayət işinə xitam verilsin; istintaqdan və məhkəmədən yayınmaların qarşısının alınması üçün müttəhimlər barəsində görülmüş tədbirlər: Yequş Quliyansın həbsdə saxlanılması, Jorj Melikov barəsində 100.000 rubl məbləğində girov, Asatur Vaçyans barəsində 100.000 rubl məbləğində zəmanət, Leon Varşamyans barəsində 5000 rubl məbləğində zəmanət – ləğv edilsin.
523-cü maddəyə əsasən hazırkı qərar Bakı Dairə Məhkəməsi tərəfindən baxılmalıdır. Bakıda, 20 fevral 1920-ci il tarixində tərtib edilmişdir.
Prokuror köməkçisi: P.X. Tumbil (imza)
AR Pİİ SSA, f. 277, s. 2, i. 15, v. 33-34.

“Azərbaycanlıların soyqırımı haqqında”
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış
soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828- ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. «Böyük Ermənistan » ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq məqsədilə» erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. «Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905- 1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla
həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15- də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Dindirmə Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. «Yazıq, məzlum erməni xalq»ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 1998-ci il

 





Flag Counter