Bakı qırğınları. Məhkəmə-istintaq sənədləri
-
 BAKI HADİSƏLƏRİ. Qeydlər

1Fövqəladə Təhqiqat Komissiyası (FTK) – I dünya müharibəsi başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət
göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918-ci il noyabr 1919-cu il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Azərbaycan
Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquqları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.b.Xasməmmədov və FTK üzvü Ç.B.Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və “Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış” bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.

2Hacınski Məmməd Həsən Cəfərqulu oğlu – (1875 - 1931), Azərbaycan Xalq Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı realnı məktəbini, Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada Şəmsi Əsədullayevin neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakı şəhər idarəsinin tikinti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə (qısa müddətdə) başçılıq etmişdir. 1902 – 1917-ci illərdə Bakı şəhər dumasının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət” sosial-demokrat müsəlman təşkilatının, 1906-cı ildə “Nəşri maarif” müsəlman maarif cəmiyyətinin təşkilatçılarından biri. “Nicat” müsəlman maarif cəmiyyəti idarə heyətinin və Müsəlman xeyriyyə cəmiyyəti mərkəzi komitəsinin üzvü. “Müsavat“ partiyasının üzvü. 5 mart 1917-ci ildə yaradılmış İctimai Təşkilatların Bakı Şurasının İcraiyyə Komitəsinin heyətinə daxil idi, Müsəlman ictimai təşkilatlarının Bakı Şurasının Müvəqqəti Komitəsinin sədri seçilmişdir. Qafqaz müsəlmanları qurultayının (1917-ci il, aprel, Bakı) və Rusiya müsəlmanları qurultayının (1917-ci il, may, Moskva) işində iştirak etmişdir. “Müsavat” partiyasının birinci qurultayında (1917-ci il, oktyabr, Bakı) Mərkəzi Komitənin üzvü seçilmişdir. 15 noyabr 1917-ci ildə yaradılmış Zaqafqaziya Komissarlığında ticarət və sənaye komissarının müavini olmuş, Rusiya Təsisedici yığıncağın üzvü seçilmişdir. “Müsavat” partiyasından Zaqafqaziya Seyminin üzvü. Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumətində Ticarət və sənaye naziri. 1918-ci ilin may ayının 27-də Azərbaycanın müstəqillik Aktını qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü. AXC I və II hökumət kabinetlərinin tərkibində Xarici işlər naziri, eyni zamanda 6 oktyabr 1918-ci ilədək nəzarət nazirliyinə, 6 oktyabrdan maliyyə nazirliyinə rəhbərlik etmişdir. AXC Parlamentinin üzvü olmuş, “Müsavat” fraksiyasına daxil idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil idi. 24 dekabr 1919-cu il tarixdən Xarici işlər naziri,
18 fevral 1920-ci il tarixdən Sənaye, ticarət və ərzaq naziri vəzifələrini icra etmişdir. 30 mart 1920-ci il tarixdə Parlament M.H. Hacınskiyə yeni kabinetin yaradılmasını tapşırmışdır. 22 aprel 1920-ci il tarixdə Parlamentə yeni kabinetin yaradılmasının mümkünsüzlüyünü, özünün “Müsavat” partiyasından çıxdığını və bolşevik partiyasına daxil olduğunu bəyan etmişdir. AXC-nin süqutundan və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1930-cu illərdə siyasi repressiyalara məruz qalmışdır. 3 dekabr 1930-cu ildə Tiflisdə həbs edilmiş və Azərbaycan milli mərkəzinin iştirakçısı kimi ittiham edilmişdir. İstintaq zamanı işgəncələrə dözməyərək, 9 fevral 1931-ci ildə həbsxanada intihar etmişdir.

3Xasməmmədov Ələkbər bəy Hacıbaba oğlu – (1870 - 1925), Azərbaycan Xalq Cümhuriyyəti dövründə tanınmış ictimai və dövlət xadimi. Gəncənin kübar ailəsinə mənsub olmuşdur. Moskva Dövlət Universitetini bitirmişdir. Hüquqşünas, andlı iclasçı. Rusiya imperiyası dövrü tanınmış hüquqşünas və ictimai xadim, AXC dövrü görkəmli siyasi və dövlət xadimi Xəlil bəy Xasməmmədovun böyük qardaşı. Gəncə müsəlman xeyriyyə cəmiyyətinin, habelə “Difai” partiyasının mərkəzi komitəsinin üzvü. 15 iyul 1918-ci il tarixdən – AXC Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sədri, 24 fevral 1919-cu ildən – Azərbaycan Məhkəmə Palatasının baş sədri. Azərbaycan sovetləşdirildikdən sonra 1920-ci ilin mayından Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığının məhkəmə orqanlarında işləmişdir. 7 iyun 1920-ci il tarixdə Y rayonun mühüm məsələlər üzrə xalq hakimi vəzifəsinə təyin edilmişdir. 1925-ci ildə Sovet hökuməti tərəfindən həbs edilmiş və güllələnmişdir.

4Şahmalıyev İsmayıl bəy Nəsrulla bəy oğlu – (1883-1938), hüquqşünas, titullu müşavir. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fevral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır, 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş` və burada 1910-1911-ci illərdə quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4 cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 fevral 1914-cü ildən – İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın mühasib köməkçisi, ödəniş şöbəsinin müdiri, Palatanın Katibi, xüsusi tapşırıqlar məmuru, 1916-cı ildə – Palatanın I bölmə rəisi. 1916-cı ilin dekabrında Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi, 1917-ci ilin yanvarında – Zaqatala əyalətinin Vergi Müfəttişi təyin edilmişdir. 26 avqust 1918-ci ildə Gəncə Dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yelizavetpol quberniyalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran istintaq qruplarında işləmişdir. 19 mart 1919-cu il tarixində Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Müstəntiqi təyin edilmişdir. 1 may 1919-cu il tarixində işin azlığı səbəbindən FTK- üzvlüyündən azad edilmişdir. Sovet dövründə Gəncədə və Bakıda vəkil kimi çalışmış, Ədliyyə Xalq Komissarları yanında Hüquq müdafiəçiləri Kollegiyasının üzvü olmuşdur. Bakıda dövlət müəssisələrində hüquq məsləhətçisi işləmişdir. 1938-ci il aprelin 2-də Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı, millətçi qiyamçı təşkilata mənsub olmaqla ittiham edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 2 iyun 1938-ci il tarixində Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən İslah-Əmək Düşərgəsində (İƏD) çəkməklə 10 il müddətinə məhkum edilmişdir. 25 noyabr 1938-ci il tarixində Xabarovsk diyarında İƏD-də ölmüşdür. 1955-ci ildə bəraət almışdır.

5Novatski Andrey-Klimentiy Fomiç – (1866- ?), hüquqşünas, saray müşaviri, milliyətcə polyak, Varşava Universitetini bitirmiş, 1899-1902-ci illərdə Varşavanın məhkəmə-istintaq orqanlarında işləmiş, 1903-1907-ci illərdə – Bakı Dairə Məhkəməsinin Şamaxı şöbəsinin Barışdırıcı Hakiminin köməkçisi olmuş, eyni zamanda Mərəzə, sonra Basqal istintaq bölmələrinə rəhbərlik etmişdir. 1907-ci ilin fevral ayından 1908-ci ilin yanvar ayınadək I Bakı şəhər İstintaq bölməsinin rəisi olmuşdur. 1908 -1918-ci illərdə Tiflis şəhərinin 4-cü barışdırıcı məhkəməsində barışdırıcı hakimin köməkçisi işləmişdir. 1918-ci ilin fevralında Yelizavetpol dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın ən işgüzar və fəal üzvlərindən biri olmuş, Şamaxı və Quba qəzalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran istintaq qruplarına rəhbərlik etmiş, FTK-nın digər istintaq qruplarının fəaliyyətində iştirak etmişdir. Azərbaycanın erməni millətçiləri tərəfindən talana
məruz qalmış müxtəlif regionlarında FTK-nın apardığı istintaqların nəticələri üzrə çıxarılmış qərarların çoxu onun tərəfindən hazırlanmışdır. 1919-cu ilin aprel ayının 1-də Bakı Dairə Məhkəməsinin üzvü təyin olunmuşdur. 1920-ci ilin may ayından etibarən Azərbaycan SSR Ədliyyə Xalq Komissarlarının məhkəmə orqanlarında işləmiş, Y rayonun Xalq Hakiminin (Ələkbər Xasməmmədovun) katibi olmuşdur. Sonrakı taleyi məlum deyil.

6Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu – (1884- ?), hüquqşünas, kollec katibi, Petroqrad Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 6 fevral 1912-ci ildən Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamış, cinayət və mülki bölmələrində çalışmış, 18 mart 1913-cü il tarixindən Quberniya Katibi, 17 oktyabr 1913- cü il tarixindən – Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd, həmin ilin noyabrından Yelizavetpol (Gəncə) şəhəri müstəntiqinin köməkçisi işləmişdir. 1914-1917-ci illərdə müxtəlif vaxtlarda Yelizavetpol qəzasının 1-ci, 2-ci, 3-cü, 5-ci və Şəhər istintaq nahiyələrinə, habelə Zəyəm sülh nahiyəsinə rəhbərlik etmiş, Yelizavetpol Şəhər şöbəsinin Barışdırıcı Hakiminin Köməkçisinin vəzifəsini müvəqqəti icra etmişdir. 1917-ci il dekabrın 11-də Yelizavetpol Dairə Məhkəməsi Prokurorunun müavini təyin edilmişdir. 31 avqust 1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının birinci heyətinə daxil edilmiş, həmin ilin sentyabrında ailə vəziyyətinə istinad edərək öz
ərizəsi ilə Komissiya üzvlüyündən azad edilmişdir. 18 yanvar 1919-cu ildən – Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorunun Köməkçisi, 1919-cu ilin 26 fevralından – Gəncə Dairə Məhkəməsinin Prokuroru olmuşdur. Sonrakı taleyi məlum deyil.

7Mixaylov Nikolay Mixayloviç – (1867-1920), hüquqşünas, mülki müşavir, milliyətcə rus, Xarkov Universitetinin hüquq fakültəsini bitirmiş, 1892- 1893-cü illərdə İrəvan Dairə Məhkəməsinin cinayət şöbəsində xidmətə başlamışdır. Sonradan Tiflis Dairə məhkəmə orqanlarında (1893-1894), Şamaxı şöbəsində və Bakı Dairəsinin özündə (1894-1896), Yekaterinodar Dairəsində (1896-1898), Kutaisi Dairəsində (1898-1899), Novouz qəzasında (1899-1900), Qoridə (1900-1902) Dairə məhkəmələrinin katibinin köməkçisi və katibi,
Barışdırıcı hakim, müstəntiq, Zemstvo rəisi və Köçürülmə Divanxanasının üzvü vəzifələrində çalışmışdır. 12 iyun 1902-ci il tarixində Yelizavetpol quberniyasının Əkinçilik və Dövlət Mülkiyyətləri İdarəsi yanında xüsusi tapşırıqlar məmuru, 5 dekabr 1903-cü ildən – köçürülmə işləri üzrə Yelizavetpol Quberniya Divanxanasının üzvü, 21 fevral 1908-ci ildən – Yelizavetpol Dairə Məhkəməsinin Fəxri Barışdırıcı hakimi olmuşdur. 1913-cü ilin fevralında kəndli məsələləri üzrə Kutaisi Quberniya Divanxanasının üzvü vəzifəsinə keçirilmişdir. 14 oktyabr 1916-cı ildə müharibə qanunlarına görə Türkiyənin işğal edilmiş əyalətlərinin General Qubernatoru yanında Qara Kilis Dairə rəisinin köməkçisi təyin edilmişdir. 1917-ci il martın 22-dən – Aşin Dairəsi rəisinin köməkçisi, 1917-ci il dekabrın 30-dan köçürülmə məsələləri üzrə Yelizavetpol Quberniya Divanxanasının üzvü olmuşdur. 17 fevral 1919-cu il tarixində Bakı Dairə Məhkəməsinin üzvü təyin edilmiş, 10 iyun 1919-cu ildən Gəncə Dairə Məhkəməsinə keçirilmişdir. 31 avqust 1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın ən işgüzar və fəal üzvlərindən olmuş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yelizavetpol
quberniyası qəzalarının talan edilməsinə dair cinayət hallarını araşdıran istintaq qruplarına rəhbərlik etmişdir. 1919-cu ilin noyabrında FTK ləğv edildikdən sonra, Komissiya Sədrindən “Komissiyanın işində göstərdiyi fədakar və səmərəli fəaliyyətinə görə” təşəkkür almışdır, 25 noyabr 1919-cu ildə Gəncə Dairə Məhkəməsində öz vəzifəsinə qayıtmışdır. 1920-ci ilin may ayının sonunda Gəncə üsyanı zamanı öz mənzilində naqafil güllədən həlak olmuşdur.

8Qudvillo V.V. – (?-?), Barışdırıcı Hakimlər Qurultayının sədri, Həqiqi Mülki Müşavir. 1 sentyabr - 27 oktyabr 1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvü olmuş, yeni təyinatı – Maliyyə Nazirliyində hüquq məsləhətçisi təyin edilməsi ilə əlaqədar olaraq FTK üzvlüyündən azad edilmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan SSR-nın məhkəmə orqanlarında işləmişdir, sonrakı taleyi məlum deyil.

9Xoyski Fətəli xan İsgəndər xan oğlu – (1875 – 1920), Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən və Şəki xanı Cəfərqulu xanın nəslindəndir. Gəncədə (Yelizavetpolda) klassik gimnaziyanı, Moskva Universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirmişdir (1897-ci il). Gəncə, Kutaisi dairə məhkəmələrində işləmiş, Zuqdidi Barışdırıcı hakimin köməkçisi olmuş və burada titullu müşavir adı almışdır. Üçüncü Yekaterinodar şəhər nahiyəsinin müdiri (1903) və Yekaterinodar dairə prokurorunun müavini olmuş, kollec asessoru (məhkəmə iclasçısı) adı almışdır (1904). 20 fevral 1907-ci ildə Yelizavetpol quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. II Duma buraxıldıqdan sonra Gəncəyə qayıtmış, Tiflis məhkəmə palatasının Yelizavetpol dairə məhkəməsinin andlı iclasçıları sırasına daxil edilmişdir. 1913-cü ildə Bakıya köçmüş, Bakı dairə məhkəməsində andlı iclasçı işləmişdir. 1917-ci il fevral inqilabından sonra Bakıda yaradılmış Milli müsəlman şurasının Müvəqqəti icraiyyə komitəsinin üzvü seçilmiş, müsəlmanların Ümumqafqaz qurultayının (1917-ci il, aprel, Bakı) təşkilində və işində fəal iştirak etmişdir. 1917-ci ilin oktyabrında Bakı şəhər Dumasının sədri seçilmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya seyminin deputatı olmuş, 22 aprel 1918-ci ildə Zaqafqaziya Federativ respublikası hökumətində xalq təhsili naziri vəzifəsini tutmuşdur. 27 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycanın ilk hökumətinin sədri seçilmişdir. Hökumətin ilk kabinetində baş nazir və daxili işlər naziri, ikinci kabinetdə Baş nazir və Ədliyyə naziri vəzifələrini tutmuşdur. 7 dekabr 1918-ci ildə açılmış AXC parlamentinin tapşırığı ilə üçüncü hökuməti formalaşdırmış, bu hökumətdə iki – Baş nazir və Xarici işlər naziri vəzifələrini tutmuşdur. Hökumət 25 fevral 1919-cu ildə istefaya getdikdən sonra, N.b.Usubbəylinin başçılıq etdiyi dördüncü hökumət 14 aprel 1919-cu ildə formalaşdırılanadək öz vəzifələrini icra etmişdir, müxtəlif siyasi və maliyyə-iqtisadi problemlərin həllində deputat kimi iştirak etmiş, region dövlətləri arasında sərhəd mübahisələrinin tənzimlənməsinə həsr edilmiş Qafqaz konfransının
hazırlanmasında və keçirilməsində fəal iştirak etmişdir. 22 dekabr 1919-cu ildən 28 aprel 1920-ci ilədək N.B.Usubbəyli tərəfindən yaradılmış beşinci hökumət kabinetində Xarici işlət naziri vəzifəsini tutmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra gizli olaraq Tiflisə getmiş, 19 iyun 1920-ci il tarixində orada muzdlu erməni terrorçusu tərəfindən öldürülmüşdür. 10Mart hadisələrinin xronologiyası Rusiya İmperiasında işlənən və Avropa Qriqorian təqvimindən 13 gün geri qalan köhnə təqvim ilə verilir. Sovet Rusiyası 1918-ci il 14 fevral tarixindən Qriqorian təqviminə keçmişdir. AXC dövründə də ölkə ərazisində Qriqorian təqvimi tətbiq edilmişdir. Bu təqvimə əsasən Bakıda mart hadisələri 1918-ci il 30 mart-2 aprel tarixinə düşür.

11Nağıyev Musa Hacı Əli oğlu (1842-1919) — tanınmış Azərbaycan sahibkarı, milyonçu, xeyriyyəçi. Sahibkarlıq fəaliyyətinə XIX əsrin sonlarında manufaktura ticarətindən başlamışdır. Balaxanı, Sabunçu, Əmircan və Ramanada neft yataqları ilə zəngin torpaq sahələrini icarəyə götürmüşdür. 1887-ci ildə yaratdığı “M.Nağıyev” neftçıxarma firması 1913-cü ildə Bakının ən gəlirli firmalarından biri sayılırdı. Neftayırma zavodlarının, mexaniki emalatxananın, buxar qazanları istehsal edən zavodun, neft daşıyan gəmilərin, Sabunçu, Suraxanı və Ramanada neft mədənlərinin, iri mülklərin sahibi idi. 1914-cü ildə H.Z.Taqıyevlə birlikdə Bakı Ticarət Bankını təsis etmişdir. Bakı şəhərində 70-dən çox bina, o cümlədən “İsmailiyyə”, şəhər təcili yardım xəstəxanası, lüteran kilsəsi və s. monumental binalar onun vəsaiti hesabına inşa edilmişdir.

12Qış İctimai Cəmiyyətinin binası nəzərdə tutulur. Krasnovodskaya (Səməd Vurğun) və Birjevaya ( Üzeyir Hacıbəyov) küçələrinin kəsiyində yerləşırdı. Bina 1890-cı ildə mühəndis A.S.Kandinov tərəfindən tikilmiş, Musa Nağıyevə məxsus olmuşdur. Sovet dövründə - Zabitlər evi, hazırda binada müxtəlif ofislər, ticarət obyektləri yerləşir.

13Sosialist - inqilabçılar (eserlər) – Rusiyada ən iri burjua partiyalarından biri, 1901-1902-ci ilin əvvəlində yaranmışdır. 1906-cı ildə partiyadaxili parçalanma nəticəsində iki hissəyə bölünmüşdür: sağ cinah xalq sosialistləri partiyasını yaratmış, radikal sol cinah isə maksimalist sosial - inqilabçılar ittifaqında birləşmişdir. 1917-ci il Oktyabr çevrilişindən sonra sağ eserlər “Vətənin və inqilabın xilası komitəsi”nə daxil olmuş, 1918-1920-ci illər vətəndaş müharibəsi dövründə Sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparmışlar. Zakaspi Müvəqqəti Hökumətinin (Kaspi-Qafqaz hökuməti) yaradılmasında iştirak etmişlər. Hökumətin sədri eser F.Funtikov idi. Bakıda eser təşkilatları 1903-cü ilin yayında yaradılmış, daha sonra Gəncə, Şuşa və d. şəhərlərdə təşkilatları meydana gəlmişdir. 1910-cu ilin əvvəlində Şura və İcraiyyə komitəsi tərəfindən idarə edilən Bakı eser təşkilatı əsasən sənətkarlar, Xəzər ticarət gəmiçiliyinin dənizçiləri və qismən neft sənayesi fəhlələri (ruslar) arasında nüfuza malik idi. Bakıda həmçinin müsəlman eser təşkilatı – “İttifaq” və 1907-ci ilin yayında “Daşnaksütun” partiyasından ayrılaraq eserlərin sırasına daxil olmuş gənc daşnaklar qrupunun yaratdığı “Sosialist-inqilabçılar partiyasının erməni təşkilatı” mövcud idi. 1918-1920-ci illərdə eserlər özlərini beynəlmiləlçi partiya elan edərək heç bir Milli komitəyə (şuraya) daxil olmamış, Azərbaycan parlamentində yer almaq və müstəqil fraksiya yaratmaq iddiası ilə çıxış etmişlər. Mart hadisələri ərəfəsində bolşeviklərin Azərbaycan milli qüvvələrinə qarşı mübarizəsini dəstəkləmişlər. Mart hadisələrindən sonra şəhərdə bolşevik hakimiyyətinə
qarşı açıq çıxış etmiş, “Sentrokaspi Diktaturası” hökumətinin tərkibinə daxil olmuşlar.

14Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti – Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı (1917-ci il, mart –1918-ci il, iyul). 6 mart 1917- ci il tarixində ilkin olaraq Bakı rayonu fəhlə və əsgər deputatları kimi təşkil edilmişdir. 53 min fəhlə və qulluqçu tərəfindən seçilmiş, tərkibi 52 deputatdan ibarət olmuşdur. Onlardan 9-u bolşevik, qalanları menşevik və eserlər idi. Rəyasət heyətinin sədri qiyabi olaraq S.G.Şaumyan (sürgündən martın 8-də qayıtmışdır) seçilmişdir. Elə həmin gün Bakı qarnizonu hərbi hissələrindən seçilmiş Əsgər Deputatlar Soveti və Zabit deputatlar Soveti də formalaşmış, martın sonlarında hər iki sovet Hərbi Deputatlar Sovetində birləşmişlər. Bolşeviklər Bakı Sovetində rəhbərlik uğrunda qızğın mübarizə aparırdılar. Rusiyada Oktyabr inqilabı haqqında alınmış xəbərdən sonra 1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Hərbi Deputatları Sovetinin geniş fövqəladə yığıncağı keçirilmiş və bolşeviklərin kəskin etirazına baxmayaraq, ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin yaradılması haqqında qərar qəbul edilmişdir. Oktyabrın 31-də mədən-zavod, polk və donanma komitələri üzvlərinin dəstəyinə arxalanaraq, bolşeviklər yenidən Sovetin geniş yığıncağını çağırmışlar və yığıncaq Bakıda Sovet hökumətinin
qurulması haqqında qətnamə qəbul etmişdir. Noyabrın 2-də geniş tərkibli Bakı Soveti menşeviklərin və eserlərin müqavimətinə baxmayaraq, hakimiyyəti faktiki olaraq öz əllərinə keçirmək proqramını qəbul etmişdir. Yaranmış şəraitdə bolşeviklər müsavatçılar, Xəzər ticarət gəmiçiliyi, həmkarlar ittifaqları və şəhər qarnizonunun nümayəndələri tərəfindən dəstəklənmişlər. Sovetin İcraiyyə Komitəsi ali hakimiyyət orqanı elan olunmuş, Fəhlə və Əsgər Deputatları Sovetinin adı dəyişdirilərək Fəhlə, əsgər və matros deputatları Soveti olmuşdur. İcraiyyə Komitəsinin sədri S. Şaumyan idi. Digər hakimiyyət orqanları - İctimai Təhlükəsizlik Komitəsi və İctimai Təşkilatların İcraiyyə Komitəsi ləğv edilmişdir. Yalnız Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Şəhər Duması qalırdı. 1917-ci il dekabrın 12-13-də dəyişdirilmiş seçki qaydaları əsasında Bakı Sovetinə yeni seçkilər keçirildi. 1917-ci il oktyabr seçkilərindən fərqli olaraq bu seçkilərdə bolşeviklər səs çoxluğu qazandılar (Oktyabr seçkilərində bolşeviklər müsavatçılar, eserlər və daşnaklardan sonra yalnız 4-cü yerə çıxmışdılar). Yeni İcraiyyə komitəsinə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser, 2 müsavatçı daxil oldu. 1917-ci ilin dekabrında S.Şaumyanın V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə
komissar təyin edilməsi ilə əlaqədar olaraq Bakı Sovetinin sədri vəzifəsini P.A.Caparidze tutdu. 1918-ci ildən başlayaraq Sovet orqanları Bakının idarə olunmasında həlledici vəzifələri ermənilərə verməklə Azərbaycan milli qüvvələrinə qarşı açıq qarşıdurmaya keçdilər, bu da 1918-ci il faciəli mart hadisələri ilə nəticələndi. Erməni təşkilatları və silahlı birləşmələri
ilə ittifaqa girmiş Bakı Soveti, başda S. Şaumyan olmaqla, 1918-ci ilin mart ayında Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinin kütləvi surətdə fiziki cəhətdən məhv edilməsi üçün birbaşa məsuliyyət daşıyır. Bu hadisələr Bakı Sovetinin proletar diktaturası orqanı kimi fəaliyyətini şübhə altına qoyur. Belə ki, S.Şaumyanın başçılığı altında Sovet sinfi deyil, milli mənsubiyyətə görə mübarizə aparmış və əsas zərbəni proletariatın sinfi düşmənlərinə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəltmişdir. Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft-mədən rayonlarında hakimiyyətini möhkəmlətmiş Bakı Sovetinin qarşısında İcraiyyə Komitəsinin əvvəlki tərkibinin dəyişdirilməsi məsələsi qalxmışdır. 1918-ci
il aprelin 25-də Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin iclasında Bakı Xalq Komissarları Soveti təşkil olunmuşdur.

15“Astoriya” – mehmanxana, Krasnovodskaya (S.Vurğun) və Bolşaya Morskaya (Bülbül) küçələrinin arasında, Molokanskaya (Xaqani) küçəsinin tinindəki binada, Qış İctimai Cəmiyyəti binasının yanında yerləşirdi. M. Nağıyevə məxsus idi. Şəhərin ən dəbdəbəli mehmanxanası sayılırdı, 1917-ci ildə bu binada müxtəlif siyasi təşkilatlar, Sovet dövründə - Dənizçilər klubu, hazırda ofis və mənzillər yerləşir.

16Hərbi İnqilab Komitəsi (HİK) – Bakı şəhəri Müvəqqəti Hərbi İnqilab Komitəsi – Bakı fəhlə və hərbi deputatlar Sovetinin 1917-ci il 12 dekabr fövqəladə yığıncağında yaradılmış və şəhərdə inqilabi qayda-qanunun bərpa olunması üçün ən geniş səlahiyyətlər verilmiş hakimiyyət orqanı. HİK hakimiyyəti Bakı qarnizonuna və bütün şəhərə şamil olunurdu, onun əmrləri mütləq xarakter daşıyırdı. HİK öz tərkibindən hərbi-inqilabi məhkəmə yaratmışdı. Mart hadisələri ərəfəsində - 1918-ci il martın 30-dan 31- nə keçən gecə, “Bakı şəhəri və onun rayonlarında ali hərbi-siyasi orqan” elan edilmiş İnqilabi Müdafiə Komitəsi yaradılmışdır. Komitəyə S.G.Şaumyan, Q.Korqanov, P.Caparidze və İ.Suxartsev daxil olmuşlar. Onun tərkibinə həmçinin sağ eserlərin lideri S.Saakyan, “Daşnaksütun” partiyası Bakı təşkilatının rəhbəri S.Melik-Yeolçyan da dəvət olunmuşdular. Bu komitədə azərbaycanlıların yeganə nümayəndəsi N.Nərimanov idi. Bakı şəhərinin Müvəqqəti Hərbi-İnqilab Komitəsi öz fəaliyyətini 1918-ci il mart günlərində Bakı şəhərinin müsəlman əhalisinin kütləvi qırğın siyasətini həyata keçirən İnqilabi Müdafiə Komitəsinin tərkibində davam etdirmişdir.

17Avakyan Baqdasar Ayrapetoviç – (1883-1918), Bakının bolşevik xadimlərindən biri, Hərbi deputatlar Sovetinin üzvü, Bakı fəhlə və hərbi deputatlar Soveti İcraiyyə Komitəsinin katibi. Mart hadisələri zamanı Qırmızı Ordu və erməni dəstələrinin fəaliyyətini nizamlayırdı. Bakı qarnizonunun rəisi, daha sonra Bakı şəhərinin komendantı təyin edilmişdir. 20 sentyabr 1918-ci ildə Zakaspi eser hökuməti tərəfindən 26 Bakı Komissarları sırasında güllələnmişdir.

18Müsəlman diviziyası – “Evelina” gəmisində öz zabit yoldaşları Məhəmməd Tağıyevin dəfninə gəlmiş keçmiş Qafqaz “Dikaya diviziyası”- nın süvari polkunun zabit və əsgərləri nəzərdə tutulur. Həmin hərbçilərin tərksilah edilməsi azərbaycanlılara qarşı silahlı mübarizənin və 1918-ci il mart hadisələrinin başlanması üçün bəhanə olmuşdur.

19Kazımzadə Abbasqulu – (1882 - 1947), Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Milli Şurasının üzvü. 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü, 1911-ci ildə “Müsavat” partiyasını yaradanlardan biri. Azərbaycan Parlamentinin deputatı, “Müsavat” və “bitərəflər” fraksiyasının üzvü. Mart hadisələri günlərində Azərbaycan xadimlərinin tərkibində azərbaycanlı əhalinin qırğınlarının qarşısının alınması və dayandırılması üçün tədbirlər görmüşdür.

20Behbud xan Cavanşir – (1886-1921), Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və siyasət xadimi, mühəndis, İngiltərə və Almaniyada təhsil almış, elmi fəaliyyətlə məşğul olmuşdur. “Rusiya Texniki cəmiyyəti”nin üzvü, “Müsəlman Xeyriyyə cəmiyyəti”nin rəhbərlərindən biri. 1917-ci ildə Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü. 1918-ci ilin
iyun-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində Daxili işlər naziri, oktyabr ayından həm də Ticarət və sənaye naziri vəzifələrini icra etmişdir. Azərbaycan Parlamentinin deputatı, bitərəflər fraksiyasının üzvü. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesində çalışmışdır. 1921-ci ildə avadanlıq almaq üçün İstanbula məzuniyyətə göndərilmiş, orada erməni terrorçusu Toplaqyan tərəfindən odlu silahla yaralanmış, xəstəxanada vəfat etmişdir. Ölüm ayağında demişdir: “Mənim şəxsi düşmənim yoxdur, məni ancaq ermənilər vura bilər”.

21Rus-Qafqaz Gəmiçiliyi Birliyi - 1913-cü ildə təməli qoyulmuş, kontoru və limanları Petrovskaya Naberejnaya meydanında (Neftçilər prospekti) yerləşirdi, 10-dan çox gəmisi var idi. Həmin gəmilərdən biri - “Evelina”da “Dikaya diviziya”nın zabitləri və hərbi qulluqçuları Lənkərana qayıtmalı idilər. Bu gəminin saxlanılması və azərbaycanlı zabitlərin tərksilah olunması Bakıda 1918-ci il mart hadisələrinin başlanması üçün bəhanə olmuşdur.

22“İsmailiyyə” - Azərbaycanın memarlıq abidələrindən birinin adı, Nikolayevskaya küçəsində (İstiqlaliyyət) yerləşir. Neft sənayeçisi Musa Nağıyev tərəfindən həyatdan vaxtsız getmiş oğlu Ağa İsmayılın xatirəsinə Müsəlman Xeyriyyə Cəmiyyəti üçün tikilmişdir. Bina polşalı memar və mülki mühəndis İ.Ploşkonun layihəsi əsasında 1907-1913-cü illərdə inşa edilmişdir. Mart hadisələri ərəfəsində “İsmailiyyə”də Bakı müsəlman cəmiyyətinin nümayəndələri şəhərdə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmiş, erməni icmasının nümayəndələri, müxtəlif heyətlərlə danışıqlar aparmış, gərginliyi azaltmaq üçün tədbirlər görmüşlər. “İsmailiyyə”nin özündə növbətçilər keşik çəkmiş, martın 30-da axşam şəhərdə atışma başlayanda binanın ətrafında xəndəklər qazılmış, azsaylı və yalnız tüfənglərə silahlanmış müsəlman müdafiəçiləri top və pulemyotlardan atılan atəşlərə və yaxşı silahlanmış erməni dəstələrinə bir gün yarım ərzində müqavimət göstərmişlər. Atəşkəs haqqında müqavilə bağlandığı xəbərini alan “İsmailiyyə” nin sağ qalmış müdafiəçiləri İçərişəhər Qalasına keçdikdən sonra, müsəlmanların ictimai-mədəni və dini mərkəzi olan bu bina erməni quldurları tərəfindən talan edilərək tamamilə yandırılmışdır. 1924-cü ildə “İsmailiyyə” nin adı dəyişdirilərək “Maarif sarayı” adlandırılmışdır. Hazırda binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

23Erməni Milli Şurası (EMŞ) –Erməni Milli Komitəsi – Rusiyada Fevral İnqilabından sonra erməni siyasi təşkilatlarının təşəbbüsü və maddi yardımı ilə Azərbaycanın şəhərlərində (bütün Cənubi Qafqazda olduğu kimi) yaradılan və fəaliyyət göstərən milli təşkilatlar. Öz hərbi və terrorçu dəstələri var idi. Siyasi vəzifələrin yerinə yetirilməsi, ilk növbədə Azərbaycan,
Gürcüstan və Türkiyənin ərazilərində erməni dövlətçiliyinin yaradılması məqsədilə “Daşnaksütun”la birgə erməni əhalisinin birləşdirilməsi və səfərbərliyi uğrunda geniş təbliğat, təşviqat və təşkilati işlər aparırdılar. Bakıda fəaliyyət göstərən Erməni Milli Şurasına erməni cəmiyyətinin bütün tanınmış nümayəndələri, ziyalılar, iri neft sənayeçiləri, milyonçuları
daxil idi. Onların vəsaiti ilə Şuranın sağ cinahı ifrat millətçiliyi ilə seçilən “Naşe vremya» qəzetini buraxırdı. 1918-ci ilin əvvəlindən EMŞ özəyi ermənilərdən ibarət olan bolşevik Bakı Soveti ilə sıx əməkdaşlıq edir, azərbaycanlı qüvvələrlə qarşıdurmaya, həmçinin müsəlman əhalisinin qırğınına hazırlaşırdı. Məhz EMŞ tanınmış və zəngin bakılı-müsəlmanların, iranlı təbəələrin siyahılarını hazırlamış, ünvanlarını dəqiqləşdirmiş, bu siyahılar üzrə mart günlərində erməni əsgərləri bir neçə gün evlərdə talanlar, qarətlər və qətllər törətmişlər. Mart hadisələri ərəfəsində öz bitərəfliyini elan etmiş EMŞ, qırğınlar başlanan andan erməni silahlı dəstələrin fəaliyyətinə rəhbərlik etmiş, onları istiqamətləndirmişdir. EMŞ-nın bir çox görkəmli üzvləri, o cümlədən erməni ziyalıları şəxsən qırğınlarda iştirak etmişlər. Mart hadisələri günlərində EMŞ-in qərargahı tanınmış erməni milyonçusu və ictimai xadimi Ambarsum Melikovun evində yerləşirdi və əsir götürülmüş tanınmış azərbaycanlılar oraya gətirilirdilər. EMŞ həmçinin mart hadisələri zamanı azərbaycanlıların qarət olunmuş əmlakının yerləşdirilməsinə nəzarət etmiş, bu məqsədlə qabaqcadan ermənilərə məxsus anbarlar və binalar hazırlanmışdır. Mart hadisələrindən sonra Bakının yüksək erməni cəmiyyəti hər vəchlə azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə ermənilərin iştirakını inkar etməyə çalışmışdır. Lakin Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Bakı, Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərinin dinc müsəlman əhalisinə qarşı cinayətlər törətdiklərinə görə həbs edilmiş və axtarışa verilmiş şəxslər arasında EMŞ-nın bir çox rəhbərləri və tanınmış xadimləri var idi.

24Daşnaksütun (İttifaq) – Erməni milli-burjua partiyası, 1890-cı ildə Tiflisdə yaradılmışdır. Sosial bazası – erməni burjuaziyasının müxtəlif təbəqələri, liderləri – S.Zavaryan, S.Zoryan (Rostom), Mikaelyan və d. yaradılarkən partiyanın əsas məqsədi Türkiyə ermənilərinin azad edilməsi və Türkiyə ərazisində müstəqil erməni dövlətinin yaradılması ideyasında
ifadə olunmuş, bu ideyanın həyata keçirilməsi uğrunda bütün mübarizə üsulları, silahlı mübarizə və terror da daxil olmaqla, məqbul sayılmışdır. Birinci dünya müharibəsi dövründə çar hökumətinin militarist-hərbçi siyasətini dəstəkləmiş, könüllü dəstələr yaratmış və onları Qafqaz cəbhəsi rus komandanlığının sərəncamına vermişdir. 1914-1918-ci illərdə daşnaklar
Osmanlı imperiyasında rus çarizminin nüfuzunun agentləri rolunu oynamışlar. Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermənilərinin “vahid, ümumi vətəninin” yaradılması ideyasını irəli sürməklə, silahlı çıxışlar və terror aktları yolu ilə, həmçinin Qərb dövlətlərinin köməyi ilə, qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, Türkiyənin – əraziləri hesabına
“Böyük Ermənistan” – Xəzər dənizindən Aralıq dənizinədək ––dövləti yaratmağa ümid edirdilər. 1917-ci il Oktyabr inqilabından sonra Zaqafqaziya Komissarlığının və Seyminin yaradılmasında iştirak etmişlər. Partiyanın Bakı təşkilatının öz Mərkəzi Komitəsi və rus dilində “Vperyod” adlı çap orqanı var idi. 1917-ci ilin mart ayında Bakıda yaradılmış Erməni Milli Şurasının 50 üzvündən 17 nəfəri “Daşnaksütun” partiyasının nümayəndələri olmuşdur. Bakı Kommunasının hakimiyyəti qurulan dövr S.Şaumyan başda olmaqla Bakı Soveti ilə ittifaqa girmiş, 1918-ci ilin mart hadisələrində birləşdirilmiş qüvvələrlə Bakı və Şamaxıda, daha sonra Azərbaycanın digər qəzalarında müsəlman əhalisinin qırğınlarını törətmişlər. 1918-ci ilin may ayında Zaqafqaziya dövləti süqut etdikdən sonra Ermənistan hökumətini təşkil və ona başçılıq etmişlər. AXC dövründə Bakıda öz mövqeyini və təsirini itirməsinə baxmayaraq, partiya Azərbaycan Parlamentində ayrıca fraksiya ilə təmsil olunmuşdur. May 1918 - noyabr 1920-ci il tarixində Ermənistan Respublikasında hakim partiya olmuşdur. Ermənistan sovetləşdirildikdən sonra qeyri-leqal vəziyyətə keçmiş, üzvlərinin əsas hissəsi mühacirət etmişdir.

25Parapet – Bakı şəhərinin mərkəzində meydan (Kolyubakinskaya m., Karl Marks m., Fəvvarələr m.), şəhərin işgüzar və ictimai mərkəzini təşkil edən element kimi şəhər esplanadasında 1860-cı illərin əvvəllərində yaranmışdır. Parapetdə – o zaman artıq Kolyubakinskaya meydanında (1863-1872-ci illər Bakı qubernatoru M.P.Kolyubakinin şərəfində) bağça yaradılmasına 1891-ci ilin sonlarından başlansa da uzun illər burada demək olar ki, yaşıllıq salmaq mümkün olmamışdır. Yalnız XX əsrin əvvəllərində nazik yaşıl zolaq meydana gəlmişdir. Bakılılar kinayə ilə onu “Quru bağ” adlandırırdılar. Parapetin tikililəri əsasən arxitektor Qasım bəy Hacıbababəyovun yaradıcılığı ilə təmsil olunur, onun layihələri əsasında meydanda bir neçə ikimərtəbəli binalar – karvansara (“Araz” kinoteatrı), “Metropol” və Qrand-otel” mehmanxanaları (Nizami muzeyi, yaşayış və ticarət obyektlərinin binası), yaşayış evləri inşa edilmişdir. 1905-1907-ci illərdə burada tez-tez fəhlə mitinqləri və yığıncaqları keçirilmişdir. 1920-ci ildə meydana K.Marksın adı verilmişdir. Meydanın və bağın yenidən qurulmasına 1950- ci illərdə başlanmış, nəticədə o, geniş və müxtəlif ağaclardan ibarət yaşıllıq olan meydan-bağa çevrilmişdir. 1984-cü və 2000-ci illərdə bağ-meydanda bir daha yenidən qurulma işləri aparılmış, yaşıllıqların tərkibi yeniləşdirilmişdir. Meydan-bağın ayrılmaz hissəsini fəvvarələr təşkil edir, onun yeni adı da bununla bağlıdır.

26Erməni kilsəsi – Kolyubyakinskaya (N.Rəfibəyli) küçəsində, Parapet (Fəvvarələr meydanı) meydanının yaxınlığında yerləşirdi. Bakıda 1860-cı illərdə memar Gippiusun layihəsi əsasında tikilmişdi. Mart hadisələri ərəfəsində kilsənin zirzəmiləri erməni hərbi birləşmələrinin silah anbarlarına çevrilmişdi.

27Bolşeviklərin ultimatumu – 1918-ci il mart hadisələri günlərində bolşevik liderləri tərəfindən “Müsavat” partiyasına və digər Azərbaycan təşkilatlarına təqdim edilmiş ultimatum nəzərdə tutulur. Ultimatumda Bakı Sovetinin hakimiyyətinin açıq və qeyd-şərtsiz tanınması, Azərbaycan hərbi hissələrinin, ilk növbədə “Dikaya diviziya”nın Bakı və onun rayonlarından
çıxarılması, həmçinin Bakıdan Tiflisə və Bakıdan Petrovskadək dəmir yolunun açılması üçün təcili tədbirlərin görülməsi tələb olunurdu.

28Caparidze Prokofiy (Alyoşa) Apraksionoviç – (1880–1918), tanınmış bolşevik xadimi, 1917-ci il Fevral inqilabından sonra RSDFP(b) Bakı Komitəsinin və Bakı fəhlə və əsgər deputatları Sovetinin tərkibinə daxil olmuşdur. 1917-ci ilin iyulunda RSDFP(b)-nın VI qurultayında Bakı bolşevik təşkilatından nümayəndə. 1917-ci ilin sentyabrında Bakı neft sənayesi
fəhlələrinin ümumi tətilinə rəhbərlik etmişdir. 1917-ci il dekabr ayından Bakı Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1918-ci il yanvar ayından - onun sədri. 1918-ci il mart ayında bolşeviklərin ali hərbi-siyasi orqanı – İnqilabı Müdafiə Komitəsinin üzvü. Bakıda 1918-ci il mart hadisələri günlərində Azərbaycan milli qüvvələrinə qarşı bolşevik-daşnakların mübarizəsini dəstəkləməklə yanaşı şəhərin dinc müsəlman əhalisinin qırılması və qan tökülməsinin qarşısının alınması üçün müəyyən fəaliyyət göstərmişdir. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyətinin süqutundan sonra “Sentrokaspi” hökuməti tərəfindən həbs edilmişdir. 20 sentyabr 1918-ci il tarixində 26 Bakı Komissarları sırasında Zakaspinin eser hökuməti tərəfindən güllələnmişdir.

29Mərkəzi həbsxana – Bakının “Şamaxinka” adlanan hissəsində, 1-ci Kanitapinskaya (Salatın Əsgərova) küçəsində yerləşən, H.Z.Tağıyev tərəfindən 1909-cu ildə ilkin olaraq dəyirman kimi tikilmiş bina. Nargin adasında saxlanılan məhbus qohumları ilə görüşməkdə çətinlik çəkən bakılıların şikayətlərini nəzərə alan H.Z.Tağıyev binanı həbsxanaya çevirərək şəhər hakimiyyətinə vermişdi. Sovet dövründə binada karamel fabriki yerləşmişdir. Hazırda – yaşayış binası.

30Təkinski Məmməd Xan – (1880-1938), AXC dövründə dövlət xadimi, hüquqşünas, andlı iclasçı. Milliyətcə türkmən, Axal-Təkə qalasına hücumdan sonra, 1881-ci ildə Göytəpə rayonunda gedən rus-türkmən döyüşləri zamanı rus ordusunun polkovniki Ehsan Xan Naxçıvanski tərəfindən xilas edilmiş və övladlığa götürülmüşdür. 1901-ci ildə 1-ci Tiflis kişi gimnaziyasını bitirmiş, 1901-1908-ci illərdə fasilələrlə Novorossiyski Universitetinin əvvəlcə fizika-riyaziyyat, sonra hüquq fakültəsində oxumuşdur. Cənubi Qafqazın şəhərlərində, o cümlədən Bakıda məhkəmə orqanlarında işləmişdir. Azərbaycan cəmiyyətinin kübar dairələrinə daxil idi. 1918-ci ilin sentyabrında andlı iclasçı kimi AXC hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın Bakı və kəndlərində, Şamaxıda 1918-ci il mart hadisələrini araşdıran istintaq qruplarında işləmişdir. FTK-nın sədri Ə.Xasməmmədov müvəqqəti olmadıqda onun vəzifəsini yerinə yetirmişdir. 29 yanvar - 10 oktyabr 1919-cu il tarixində AXC-nin Ermənistanda diplomatik nümayəndəsi olmuşdur. 1919-cu ilin 11 oktyabr - 1920-ci il 28 aprel tarixinədək AXC Xarici işlər nazirinin müavini olmuşdur. Azərbaycan sovetləşdirildikdən sonra, əvvəlcə Azərbaycan SSR XİXK-da işləmiş, 1922-ci ildən Ədliyyə XK yanında Müdafiəçilər Kollegiyasının üzvü olmuşdur, 1926-cı ildə onun tərkibindən çıxarılmışdır. Sovet dövlət idarələrində hüquq məsləhətçisi işləmişdir. 1937-ci il 18 noyabr tarixində Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı, milli, qiyamçı-terror təşkilata mənsub olmaqda ittiham edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 15 mart 1938-ci il tarixində Az.SSR DİXK Xüsusi Üçlük tərəfindən ən yüksək cəzaya-güllələnməyə məhkum edilmiş, hökm həmin il martın 21-dən 22-nə keçən gecə yerinə yetirilmişdir. 1955-ci ildə bəraət almışdır.

31Aleksandroviç (Litovski) Aley Adamoviç - (1882- ?), hüquqşünas, milliyətcə Litva tatarlarından. 1919-cu ilin sentyabrında Azərbaycan dairə Məhkəmə Palatasının andlı iclasçılar sırasına daxil edilmişdir. 5 dekabr 1918-ci ildə Məmməd Xan Təkinskinin məsləhəti ilə AXC Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTKnın Bakı qrupunda işləmişdir, Komissiyanın yazışmalarını aparmışdır, dövlət qulluğunda işləməmişdir. Komissiya 1919-cu ilin noyabrında ləğv edilənədək onun tərkibində qalmışdır. Sovet hakimiyyətinin ilk illərində Ali Tribunal yanında İstintaq Komissiyasının üzvü olmuşdur. Sonrakı taleyi məlum deyil.

32Kluge Aleksandr Yevgenyeviç – (1879-1919), hüquqşünas, kollec asessoru, milliyətcə alman, Novorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir, 1903-1906-cı illərdə Tiflis Məhkəmə Palatasında müxtəlif vəzifələrdə, 1906-cı ilin iyun ayından 1907-ci ilədək İrəvan Dairə Məhkəməsinin Aleksandropol şöbəsinin Barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1908-ci il yanvar-noyabr aylarında Aleksandropol qəzasının 2-ci istintaq şöbəsinə, Bambak İstintaq-barışdırıcı şöbəsinə rəhbərlik etmişdir. 1908- ci ilin noyabr ayının 17-də Vitebsk Dairə Məhkəməsinin 1-ci Poletski qəza şöbəsinin məhkəmə müstəntiqinin işlərinin icraçısı təyin edilmişdir. 8 dekabr 1908-ci ildən ölümünə qədər Bakı dairə məhkəməsində prokuror
köməkçisi işləmişdir. 1918-ci ilin iyul ayında AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. Bakı və kəndlərində, Şamaxıda 1918-ci ilin mart hadisələrini araşdıran istintaq qrupunda işləmişdir. FTK-nın sədri Ə.Xasməmmədov müvəqqəti olmadıqda onun vəzifəsini yerinə yetirmişdir. İşlərin azalması ilə əlaqədar olaraq 1919-cu ilin may ayının 8-də FTK üzvlüyündən azad edilmiş və Bakı Dairə Məhkəmə Prokurorunun müavini vəzifəsinə qayıtmışdır. 28 oktyabr 1919-cu il tarixində Bakı şəhərində qarın yatalağı xəstəliyindən vəfat etmişdir.

33Əsədullayev Əli Şəmsi oğlu – (1888 - ? ), Azərbaycan ordusunun zabiti, birinci müsəlman süvari polkunda yüzbaşı, azərbaycanlı neft sənayeçisi, milyonçu Şəmsi Əsədullayevin kiçik oğlu. Azərbaycan milyonçusu H.Z.Tağıyevin qızı Leyla xamımla evli idi. Mart hadisələri günlərində “Evelina” gəmisində tərksilah edilən zabit və əsgərlərin komandiri, bolşevik-erməni birləşmələrinə silahlı müqavimət göstərmişdir. Sovet hakimiyyətinin ilk illərində ailəsi ilə birgə mühacirət etmişdir. İkinci Dünya müharibəsi başlayarkən iki oğlu ilə birlikdə alman qoşunlarının tərkibində sovet ordusuna qarşı vuruşmuşdur. Hər üçü həlak olmuşdur.

34İlk müsəlman süvari polku – ilk milli hərbi hissələrindən biri. Əvvəllər çar ordusunun birləşmələrindən birinin - “Qafqazın yerli müsəlman əhalisinin nümayəndələrindən təşkil edilmiş “Qafqaz yerli süvari diviziyası” nın tərkibinə daxil idi.

35Tatar Süvari Diviziyası – Azərbaycan Süvari Diviziyası nəzərdə tutulur.Bax: İlk müsəlman süvari polku.

36Məhəmməd Tağıyev – Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu nəzərdə tutulur. Lənkəranda, yeni yaradılan Azərbaycan ordusunun sıralarında xidmət edirdi. Silahla ehtiyatsız davranışı nəticəsində həlak olmuşdur. Onun Bakıda keçirilən dəfninə gələn hərbi silahdaşlarının tərksilah edilməsi 1918-ci il mart hadisələrinin başlanması
üçün bəhanə kimi istifadə edilmişdir.

37Müsəlman Korpusu – Zaqafqaziya Komissarlığı dövründə təşkilinə başlanmış müsəlman hərbi birləşməsi. Yaradılması barədə dekret Zaqafqaziya Komissarlığı tərəfindən 1917-ci il dekabrın 11-də verilmişdir. Əsasən, azərbaycanlılardan ibarət idi. Zabit heyətində ruslar əksəriyyət təşkil edirdi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri təyin olunmuşdu. Azərbaycanlı zabitlər arasında Həbib bəy Səlimov (AXC dövründə general-mayor rütbəsinədək yüksəlmişdir), Murad Gəray Tlexas, Süleyman bəy Əfəndiyev, Əmənulla Mirzə Qacar, həmçinin bir neçə generallar – general-leytenant Ə.Şıxlinski, general-mayor H.Talışınski və general-mayor Ağausubov var idi. 1917-ci ilin sonu -1918-ci ilin əvvəlində qərargahı Tiflisdə yerləşirdi. 26 iyun 1918-ci il tarixində Müsəlman korpusunun əsasında Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri yaradılmışdır.

38Lalayev Stepan Balabəyoviç – (1892-1919), Rus ordusunun keçmiş zabiti (kornet), 1905-ci ildə Bakıda erməni-müsəlman toqquşmalarının fəal iştirakçısı və təşkilatçısı, həmin toqquşmalarda öldürülmüş tanınmış daşnaksakan və millətçi Balabəy Lalayevin oğlu. «Daşnaksütun» və Erməni Milli Şurasının üzvü. 1918-ci ildə mart-iyul aylarında Bakıda və Şamaxıda, sentyabr-noyabr aylarında Petrovskda müsəlman qırğınlarında silahlı erməni dəstələrinə rəhbərlik etmiş, yüzlərlə insanı, o cümlədən öz tanışlarını, şəxsən, xüsusi qəddarlıqla öldürmüş, doğramış, öz qurbanlarına görünməmiş zülmlər vermişdir. Şamaxıda törətdiyi dəhşətli cinayətlərinə görə bolşeviklərin Fövqəladə Hərbi-İstintaq Komissiyası tərəfindən həbs
olunmuş, lakin S.Şaumyanın şəxsi göstərişi ilə dərhal azad edilmişdir. 1918-ci ilin sonunda Bakıda Fövqəladə Təhqiqat Komissiyasının təqdimatı əsasında ingilislərin Müttəfiq qoşunları tərəfindən yenidən həbs edilərək Azərbaycan Cümhuriyyətinin istintaq-məhkəmə orqanlarına təhvil verilmişdir. 1919-cu il noyabr ayının sonunda Gəncə həbsxanasında ölmüşdür.

39Nikolayevski kilsəsi nəzərdə tutulur. 1858-ci ildə İçərişəhərdə - Qalada, qala qapılarının qarşısında tikilmiş, 1920-ci illərin sonlarında dinə qarşı kampaniya gedişində Sovet hökuməti tərəfindən sökülmüşdür.

40“Kaspi”- ictimai-siyasi, ədəbi qəzet, 1881-1919-cu illərdə Bakıda rus dilində nəşr olunmuşdur, əvvəlcə ayda 2 dəfə, 1881-ci ilin iyulundan həftədə 3 dəfə, 1884-cü ildən isə gündəlik çıxmışdır. Müxtəlif vaxtlarda qəzetin redaktorları və naşirləri V.Kuzmin, V.Liçkus-Xomutov, A.Vaynberq, Ə.M.b. Topçubaşov, H.b.Məlikov(Zərdabi), Ə.b.Hüseynzadə və b. olmuşlar. Ticarət - sənaye burjuaziyasının maraqlarını əks etdirirdi. 1897-ci ildə H.Z.Tağıyev qəzeti almış və qəzetin redaktorluğunu Ə. M.b.Topçubaşova həvalə etmişdir. XIX əsrin 90-cı illərindən etibarən qəzetin istiqaməti getdikcə milli çalarlar almış, milli maraqların birliyi ideyası tərənnüm edilmişdir. Azərbaycan ziyalılarının görkəmli nümayəndələri H.b.Məlikov(Zərdabi), F.b.Köçərli, M. Mahmudbəyov, Ə.Ağayev(Ağaoğlu), M.Şahtaxtinski, C.Məmmədquluzadə və b. qəzetlə yaxından əməkdaşlıq etmişlər. 1905-1907-ci illərdə Ermənistan-Azərbaycan qarşıdurması zamanı qəzet baş vermiş hadisələrin mahiyyətini açıqlamış, təkzibolunmaz faktlar əsasında erməni ideoloqlarının yalan, təxribatçı təbliğatını ifşa etmiş, yalnız Qafqazın deyil, bütün Rusiyanın rusdilli cəmiyyətinə əsl həqiqəti çatdırmışdır. Bunun nəticəsi olaraq bəzi erməni müəlliflər “Kaspi” vasitəsi ilə üzrxahlıq etmək məcburiyyətində qalmışlar. 1917-1918-ci ilin yanvarında qəzet Sovet hakimiyyətinə və bolşevik partiyasına qarşı çıxmışdır. 1918-ci il Bakıda mart hadisələri zamanı Nikolayevskaya küçəsində (İstiqlaliyyət) “Kaspi” qəzetinin redaksiyasının və mətbəəsinin yerləşdiyi, həmçinin “Müsavat” partiyasının rəsmi orqanı “Açıq söz” qəzetinin nəşr olunduğu bina erməni silahlı dəstələri tərəfindən tamamilə yandırılmışdır. Sonralar bina uçurulmuş və yerində M.Ə.Sabir adına bağ salınmışdır. Qəzet öz nəşrini 1919-cu ildə, maliyyə səbəblərindən dayandırmışdır.

41Melikov Ambarsum Sergeyeviç – (? -?) Erməni neft sənayeçisi, Zuğulba su kəmərinin sahibi. Erməni Milli Şurasının və “Daşnaksütun” partiyasının Bakı Komitəsinin rəhbərlərindən biri. 1918-ci il mart hadisələri zamanı “Daşnaksütun”un qərargahı onun Bakıdakı mülkündə yerləşirdi və əsir götürülmüş tanınmış azərbaycanlılar bura gətirilirdilər. Mart qırğınlarının
təşkilatçılarından biri, oğlanları – Georgi və Sergeylə birlikdə azərbaycanlıların öldürülməsində şəxsən iştirak etmişdir. 1918-ci ilin sentyabrında Bakının Türk-Azərbaycan qoşunları tərəfindən azad edilməsi ərəfəsində Həştərxana qaçmış, oğlunun ifadəsinə görə orada bolşeviklər tərəfindən həbs edilmişdir. Oğlanlarından biri – Georgi Ambarsumoviç Melikov Fövqəladə Təhqiqat Komissiyası tərəfindən həbs olunmuşdur.

42“Hümmət”- müsəlman dünyasında ilk sosial-demokrat təşkilatı. 1904-cü ilin oktyabrında bir qrup inqilabı ruhlu azərbaycanlı ziyalının səyləri ilə yaradılmışdır. Təşkilatın Bakı özəyi 11-12 nəfərdən ibarət olmuş, 1905-1907-ci illərdə fəal üzvlərinin sayı 60 nəfərə çatmışdır. Bakı təşkilatının şöbələri Yelizavetpol, Şuşa, Naxçıvan və Culfada fəaliyyət göstərirdi.
Bir sıra mətbu orqanları var idi. Üzvlərinin sayına və siyasi fəallığına görə 1905-ci ildə yaranmış Tiflis şöbəsi daha nüfuzlu hesab edilirdi. Tiflis “Hümmət” təşkilatı formal olaraq Gürcüstan sosial-demokratları üçün səciyyəvi olan menşevik təmayüllü idi. Menşevik “Hümmət” bolşeviklərdən fərqli olaraq 28 may 1920-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasında iştirak etmiş və Milli Şurada öz fraksiyalarını yaratmışdır. Mübarizənin parlament üsullarına üstünlük verən Tiflis “Hümmət” təşkilatının görkəmli üzvləri Azərbaycan Respublikasının 7 dekabr 1918-ci ildə işə başlamış ilk parlamentinin sosialist fraksiyasına da daxil olmuşlar. 1920-ci ilin yanvarında bolşevik “Hümmət”, RK(b)P Bakı təşkilatı və “Ədalət” İran Sosial-Demokratik Partiyası Azərbaycan Kommunist partiyasında birləşmişlər. Tiflis “Hümmət” təşkilatının bəzi nümayəndələri də 1920-ci ildə bolşeviklərin sırasına qoşulmuşdur. 1918-ci il mart hadisələrindən tam çaşqınlıq halına gələn bolşevik “Hümmət”in rəhbərləri şəhərin və onun ətrafının dinc müsəlman əhalisinin qırğınına qarşı etirazla çıxış etmişdir. Ümumiyyətlə götürdükdə isə, mart hadisələrinin qiymətləndirilməsində Bakı Sovetinin rəhbərlərinin mövqeyini dəstəkləmiş və baş vermiş qanlı hadisələrin törədilməsində “Müsavat” partiyasını əsas müqəssir hesab etmişlər.

43Milli Tatar polku - ilk milli (azərbaycanlı) hərbi hissələrindən biri. Bax: İlk müsəlman süvari polku.

44Qlaz və Koqan xəstəxanası – tibbi müəssisə, Spasskaya küçəsi (Zərgərpalan) 2 ünvanında yerləşirdi. Hazırda həmin ünvanda Uroloji klinikanın binası yerləşir.

45Finkelşteyn Boris Konstantinoviç – tanınmış həkim, cərrah, tibb elmləri doktoru, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının xəstəxanasında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən açılan universitetdə tibb fakültəsinin professoru olmuş, hökumət tərəfindən müasir tibb avadanlığının alınması üçün Qərbi Avropaya ezam olunmuşdur. Həmin ezamiyyətdən sonra öz səfəri və Qərbi Avropa tibb elminin nailiyyətləri haqqında ətraflı hesabat yazmışdır.

46Şaumyan Stepan Georgiyeviç – (1878-1918), tanınmış bolşevik xadimi, Bakı bolşevik təşkilatının rəhbərlərindən biri. 1917-ci ilin martında qiyabi surətdə Bakı fəhlə deputatları Soveti rəyasət heyətinin sədri seçilmiş, həmin ilin dekabrında Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin olunmuşdur. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinin sədri. 1918-ci il martın 30-dan 31-nə keçən gecə azərbaycanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmək üçün “Bakı və onun rayonlarında ali hərbi-siyasi orqan” adı ilə “İnqilabi Müdafiə Komitəsi” yaratmışdır. 1918-ci il Bakı mart hadisələri günlərində Bakı və onun ətraflarında azərbaycanlı əhalinin kütləvi qırğınlarını həyata keçirən bolşevik-erməni birləşmələrinin fəaliyyətini bilavasitə idarə etmişdir. Onun göstərişi ilə həmin günlər erməni-molokan qüvvələri Şamaxı və onun kəndlərində azərbaycanlılara qarşı qırğınlar törətmişlər. 1918-ci il aprel ayının sonları- mayın əvvəlində onun təşəbbüsü ilə Amazaspın cəza dəstələri Quba qəzasına göndərilmiş və qəzanın müsəlman əhalisi kütləvi qırğınlara məruz qalmışdır. Azərbaycanlı qırğınlarına dair özünün nifrət dolu açıqlamaları ilə məşhurdur. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyətinin süqutundan sonra “Sentrokaspi diktaturası” hökuməti tərəfindən həbs olunmuş, 20 sentyabr 1918-ci il tarixində 26 Bakı komissarları sırasında Türkistanda, Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.

47Seyidov Mir Əbdül Əziz Mir Seyfəddin oğlu (Əziz Alpoud) – (1895-1988), Azərbaycan milli hərəkatının iştirakçılarından biri, hüquqşünas, Tartu və Xarkov universitetlərində təhsil almışdır. «Əhrar” partiyasının üzvü. 1918-ci il Bakıda mart hadisələri günlərində, Lənkəranda yerləşən müsəlman süvari polkunun zabiti kimi Bakıda ezamiyyətdə olmuş, bolşevik- erməni hərbi hissələrinə silahlı müqavimət göstərmişdir, həmin hadisələr zamanı əmlakı qarət olunmuşdur, Fövqəladə Təhqiqat Komissiyasına ifadə vermişdir. 1918-1921-ci illərdə Azərbaycan Dəmir yol idarəsində hakim işləmişdir, 1921-ci ilin oktyabrında Bakıda bolşevik hakimiyyətinə qarşı üsyan hazırlayan gizli təşkilatın üzvü olmuş, üsyan ərəfəsində digər
yoldaşları ilə birlikdə həbs olunmuşdur. Günahı sübut edilməsə də Sibirə sürgün edilmişdir. 4 il düşərgə həyatından sonra Azərbaycan milli qüvvələrinin gizli təşkilatının köməyi ilə sürgündən azad olmuş, başqa adla Bakıya gəlmiş və tezlikdə İrana mühacirət etmişdir. 1925-ci ilin sonlarında Türkiyəyə, daha sonra Almaniyaya getmişdir. 1926-27-ci illərdə Saksoniyada, Freyberq dəriçilik institutunda təhsil almış, dəri emalı üzrə mütəxəssis kimi Türkiyəyə qayıtmışdır. Mustafa Kamal Atatürklə şəxsən tanış idi. 1937-ci ildə Berlinə getmiş, Qafqazın mühacir təşkilatlarının fəaliyyətində iştirak etmişdir. 1939-cu ildə Türkiyəyə qayıtmış, ömrünün sonuna qədər burada yaşamış, öz ixtisası üzrə təcrübəli mütəxəssis kimi tanınmış, elmi fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan siyasi mühacirətinin Türkiyə və Avropadakı mərkəzləri ilə sıx təmas saxlamışdır. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının üzvü olmuşdur. Bir neçə elmi əsərlərin və ədəbi tərcümələrin müəllifidir. Bütün həyatı boyu gündəlik yazmış, sonralar onları nəşrə hazırlamışdır. Həmin əlyazmalardan birinin əsasında 2011-ci ildə Bakıda Əziz Alpoud adı ilə “Həyatımın hekayətləri” adlı xatirələr kitabı (Zakir Sadaxlının tərcüməsi və tərtibi ilə) nəşr olunmuşdur. Böyük və taleyüklü hadisələrlə zəngin bir dövrü əhatə edən bu əsər parlaq publisist-memuar ədəbiyyatı nümunəsi olmaqla yanaşı, faktoloji baxımdan tarixi-mənbəşünaslıq əhəmiyyətinə də malikdir.

48“Fantaziya” – hamam, Suraxanskaya küçəsində, Armyanskaya küçəsinin tini (Dilarə Əliyeva-Mirzə İbrahimov) yerləşirdi. 1918-ci il mart qırğınları zamanı müsəlmanları əsir kimi oraya gətirmiş və işgəncələr vermişlər. Hazırda – fəaliyyət göstərir.

49İran konsulu – Məhəmməd Said əl-Vəzarə Marağayi (1881- 1974) nəzərdə tutulur. İranın tanınmış siyasi və dövlət xadimi, 1940-cı illərdə baş nazir. 1918-ci ildə İranın Bakıda konsulu. Əslən Azərbaycan şəhəri Marağadandır, uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M.S.Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi “Siyasi xatirələr”ində 1918-ci il mart faciələri günlərində
şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır. M.S.Marağayi böyük çətinliklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə almışdır. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan - İran təbəələri
və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki, Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunması sonrakı aylarda da, türk-Azərbaycan qoşunları şəhəri azad edənədək davam etmişdir.

50Əmirov Tatevos Minayeviç – (1873-1918), “Daşnaksütun” partiyasının üzvü, anarxist, terrorçu əməliyyatların rəhbəri. Qardaşı bolşevik Arsen Əmiryanın təsiri altında bolşeviklərlə əməkdaşlıq etmiş, süvari dəstəsinin komandiri olmuşdur. 1918-ci ildə Bakı və Şamaxıda xüsusilə ağır cinayətlər törətmiş erməni silahlı dəstələrinin rəhbərlərindən biri, müsəlmanların xeyriyyə cəmiyyəti binasını - “İsmailiyyə”ni şəxsən yandırmışdır. Stepan Lalayanla birlikdə Şamaxı şəhərinin üzərinə ikinci hücuma rəhbərlik etmiş, şəhərin dağıdılmasında, yaşayış məhəllələrinin və məscidlərin yandırılmasında, dinc əhalinin öldürülməsində şəxsən iştirak etmişdir. Bakının Türk-Azərbaycan qoşunları tərəfindən azad olunması ərəfəsində Bakı komissarları ilə birlikdə “Türkmən” gəmisində Bakını tərk etmişdir. Gəminin kapitanı onun Həştərxana üzmək əmrini yerinə yetirməmiş və gəmi Krasnovodska gəlmişdir. Burada komissarlarla birgə həbs edilmiş və 20 sentyabr 1918-ci il tarixdə 26 Bakı komissarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.

51Qafqaz müsəlmanlarının qurultayı – 1917-ci il 15-20 aprel tarixdə Bakıda keçirilmişdir. Qurultayın təşəbbüskarlarından və təşkilatçılarından biri 1917-ci il martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi olmuşdur. Azərbaycanın siyasi partiyaları və ictimai təşkilatlarından başqa qurultayda Şimali Qafqaz, Gürcüstan, Ermənistan müsəlmanlarının nümayəndələri iştirak etmişlər. Qurultayda müzakirə olunan əsas məsələ Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqları idi. Rusiyanın siyasi quruluşu haqqında məruzəni M.Ə.Rəsulzadə etmişdır. Qafqaz müsəlmanlarının milli-siyasi idealları ifadə olunan bu məruzə əsasında Qurultayın qəbul etdiyi qətnamədə Rusiya dövlət quruluşunun forması kimi müsəlman xalqlarının mənafeyini təmin edən federativ əsaslarla demokratik respublika hesab edilmişdir. Qurultayda həmçinin Qafqaz müsəlmanlarının Müvəqqəti hökumətə, müharibəyə, Rusiyanın digər xalqlarına münasibəti, xalq təhsili, qadınların vəziyyəti, fəhlə və torpaq haqqında məsələlər də müzakirə olunmuşdur.

52Təzəpir – Bakıda monumental cümə məscidi, Nabat xanım Rzayevanın vəsaiti hesabına, mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi əsasında 1905-1914-cü illərdə Nijnyaya Tazapirskya (Aşağı Təzəpir - Mirzə Fətəli) küçəsində tikilmişdir. Mart hadisələrinin elə ilk saatlarında “Təzəpir” in binası və məscidin ətrafındakı məhəllələr top atəşinə tutulmuşdur. “Təzəpir” məscidinin ətraf küçələri və həyətləri sakinlərin meyitləri ilə dolu idi. Qırğınlar qurtardıqdan sonra bütün meyitlər məscidin həyətinə yığılmış və öz yaxınlarının cəsədlərini axtaran insanlar buraya gəlirmişlər. Hazırda – fəaliyyətdə olan məscid.

53Tağıyev Hacı Zeynalabdin Məhəmmədtağı oğlu - (1838-1924), Azərbaycan sahibkarlığının görkəmli nümayəndəsi, neft sənayeçisi, milyonçu, ictimai xadim, xeyriyyəçi, maarifçi. 1877-ci ildə 2-ci, 1882-ci ildə 1-ci gildiya tacir rütbəsi almışdır. 1870-ci illərin sonunda 3 neft zavodunun sahibi idi. 1886-cı ildə “H.Z.A.Tağıyev” şəxsi ticarət evi tikdirmiş, 1890-cı illərdə Şuşa-Yevlax dəmir yolu çəkilişi üzrə layihə təklif etmiş, “Kaspi” qəzetini almış, milli ziyalıları onun rəhbərliyinə cəlb etmiş, milli tekstil sənayesi, tikinti, kənd təsərrüfatı, balıqçılığın inkişafına sərmayə qoymuşdur. Bakıda telefon xətlərinin və şollar suyunun çəkilişi, ticarət pasajı (indiki Bakı univermağı), bank binası, Tağıyev teatrı (indiki Musiqili komediya teatrı), müsəlman qızları üçün ilk təhsil məktəbi (indiki AMEA Əlyazmalar İnstitutu) binalarının inşası onun adı ilə bağlıdır. Azərbaycan ziyalılarının bir çox nümayəndələrinin, gələcək dövlət və siyasi xadimlərin – Nəriman Nərimanov, Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Məşədi Əzizbəyov, Behbud Ağa Cavanşir, Qarabəy Qarabəyov, Mirzə Davud Hüseynov, Xudadat bəy Məlik-Aslanov, Mir Həsən Vəzirov, Şövkət Məmmədova, Ruhulla Axundov və d. - təhsil haqqını ödəmiş, İran və Təbrizdə məşrutə hərəkatının (1905- 1911) iştirakçılarına maddi yardım göstərmişdir. AXC dövründə müstəqil milli hökumətin milli müstəqillik siyasətini dəstəkləmiş, təntənəli dövlət tədbirlərində iştirak etmişdir. 1918-ci ilin mart ayının ortalarında H.Z. Tağıyevin ailəsində baş vermiş faciə, müsəlman “Dikaya diviziya” polkunun zabiti olan oğlunun ölümü və dəfni, bolşevik-daşnak qüvvələri tərəfindən Bakı və Şamaxıda mart hadisələrinin törədilməsi üçün bəhanə kimi istifadə edilmişdir. Bütün azərbaycanlılar üçün bu ağır vaxtda H.Z.Tağıyev İrandan gəmilərlə ərzaq məhsulları və ilk tələbat malları gətirdərək zərərçəkənlərə, Bakı və ətraf kəndlərin məzlum hala salınmış əhalisinə, habelə Şamaxı qaçqınlarına zəruri yardım göstərmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri milliləşdirilmişdir. Ona Mərdəkandakı bağında yaşamağa izn verilmiş, Tağıyev 1924-cü il sentyabr 1-də həmin bağda vəfat etmişdir. H.Z.Tağıyevin Qorçakovskaya (H.Z.Tağıyev) küçəsi, 4 ünvanda yerləşən və bütün məhəlləni əhatə edən malikanəsi 1893-1902-ci illərdə mülki mühəndis İ.V.Qoslavski tərəfindən tikilmişdir. AXC dövründə bu evdə hökumətin ən hörmətli qonaqları qəbul olunmuşdur. Hazırda həmin binada Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan tarixi muzeyi və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi yerləşir.

54Kaqanın müalicəxanası – qadınlar üçün tibbi müəssisə, M.F. Kaqana məxsus idi, Kolyubakinskaya küçəsində, Mariinskaya küçəsinin tini, (N.Rəfibəyli- Rəsul Rza) yerləşirdi.

55Şamaxı məscidi – “Şirvanlılar” – Kamenistaya 103 (Bəşir Səfər oğlu), Persidskaya, (M.Muxtarov) küçələrinin tinində yerləşirdi. 1897-ci ildə, şəhərin bu hissəsində məskunlaşan, xüsusilə Şamaxıda 1902-ci il zəlzələsindən sonra, şamaxılılar tərəfindən tikilmişdir. 1918-ci ilin mart hadisələrindən sonra on minlərlə Şamaxı qaçqını üçün sığınacaq yeri olmuşdur. Hazırda fəaliyyət göstərmir.

56Doktor Nərimanov – Nərimanov Nəriman Nəcəf oğlu – (1870 - 1925),görkəmli ictimai, siyasi və dövlət xadimi, yazıçı, publisist, həkim nəzərdə tutulur. Odessada Novorossiysk universitetində oxumuşdur. “Hümmət” təşkilatının üzvü, İran “İctimaiyyun-Amiyyun “Mücahid” partiyasının əsasını qoyanlardan biri. 1909-cu ilin əvvəllərində İranın inqilabi hərəkatında iştirakına görə Tiflisdə həbs edilmiş, həmin ildə Həştərxana sürgün olunmuş, burada geniş ictimai-siyasi fəaliyyətini və həkimlik təcrübəsini davam etdirmişdir. Həştərxan Xalq universitetinin idarə heyətinin sədri, 1919-cu ildə Həştərxan şəhər Dumasının üzvü olmuşdur. 1913-cü ildə Bakıya qayıtmışdır. 1917-ci ilin martında “Hümmət” (bolşevik) təşkilatı komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilmişdir, Bakı Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə daxil idi. 1917-ci il iyulun 3-dən “Hümmət” qəzetinin redaktoru, oktyabrından Bakı şəhər Dumasının üzvü. 1917-ci il payızından - 1918-ci il yazına kimi Bakı bolşeviklərini müdafiə etmiş, 1918-ci il mart hadisələri günlərində bolşevik erməni qüvvələri tərəfindən həyata keçirilən və bütün Azərbaycan xalqına qarşı silahlı müharibəyə çevrilən milli düşmənçilik siyasətinin qarşısını almağa çalışmışdır. Qarşıdurmanın və şəhərdəki gərginliyin güclənməsinə yol verməmək məqsədilə onun martın 30-da təşkil etdiyi müsəlman sosialistləri ilə Şaumyan və Caparidzenin birgə yığıncağı nəticə verməmişdir. Nərimanovun öz mənzili erməni silahlı dəstələri tərəfindən basqına məruz qalmış, onun özü gizlənə bilmiş, qardaşı əsir götürülmüşdür. Sonradan yazdığı kimi, “bir saatdan sonra yol. Şaumyan məni ailəmlə birlikdə “Sovet hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir”. Azərbaycan əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gələn Nərimanov Şaumyana, Caparidzeyə, Stalinə məktublarında mart hadisələrinə, sonradan isə bu cinayətlərin qəzalarda davam etdirilməsinə görə “1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir” yazmış, bu hadisələrin “Sovet hakimiyyətini gözdən saldığını və ləkələdiyini” bildirmişdir. Bununla belə, həmin hadisələrin ümumən qiymətləndirilməsində bolşeviklərin mövqeyindən çıxış etmiş, əsas müqəssirlər kimi milli partiyaları – “Daşnaksütun” və “Müsavat”ı göstərmişdir. 1918-ci il martın axırlarında yaradılmış Bakı şəhəri və Rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü kimi silahlı erməni milli hərbi hissələrinin ləğv edilməsi haqqında Komitənin göstərişini imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi müxalifətdə olmuşdur. 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsinin ilk günlərində AXC-nin bir çox siyasi və dövlət xadimlərinin sovet rəhbərliyi tərəfindən fiziki məhv edilməsi və repressiyalara məruz qalmasının qarşısını almış, onların mühacirət etməsinə şərait yaratmışdır. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri, sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş, 1922-ci ilin martından Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası İttifaq Sovetinin sədrlərindən biri olmuşdur. 1922-ci ilin dekabr ayından SSRİ MİK-nin 4 sədrindən biri - ZSFSR-dən sədr – seçilmişdir. 1925-ci il martın 19-da Moskvada vəfat etmiş, orada, Kreml divarının önündə dəfn edilmişdir.

57Mantaşev A.İ. və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1899-cu ildə təsis olunmuşdur. İdarə heyəti Tiflisdə idi, istehsalat fəaliyyətinin mərkəzi Bakı şöbəsi idi. Balaxanı, Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var idi. Keşlə kəndində neftayırma zavoduna, Ağ şəhərdə kerosin-yağ zavoduna və s. malik idi. Xaricə neft və neft məhsulları ixrac edirdi. Azərbaycan İnqilab Komitəsinin 27 may 1920-ci il tarixli dekreti ilə milliləşdirilmişdir. 581905-ci il – 1905-ci ilin fevral ayında Bakıda erməni və müsəlman (azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz ərazisini əhatə edərək erməni-müsəlman qırğınlarına çevrilən silahlı toqquşmalar nəzərdə tutulur. 1905-1907-ci illərdə Bakı, Yelizavetpol və İrəvan quberniyalarında 158 azərbaycanlı və 128 erməni kəndi dağıdılmış, müxtəlif hesablamalara görə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarında 3 mindən 10 minədək insan, o cümlədən qadın, uşaq və qoca, qətlə yetirilmişdir.

59Pitoyev və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1907-ci ildə təsis olunmuşdur. Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var idi. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.

60“Müsavat” - (ərəbcə bərabərlik), Azərbaycan milli-demokratik partiyası, 1911-ci ildə Bakıda yaradılmışdır. İlk özəyini keçmiş hümmətçilər Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu və Məmmədəli Rəsulzadə (Rəsuloğlu) təsis etmişlər. Partiyanın ilk proqramı və nizamnaməsi qeyri-leqal kitabça şəklində 1912-ci ildə nəşr olunmuşdur. 1913-cü ildən partiyanın dəyişməz lideri Məhəmməd Əmin Rəsulzadə - Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, AXC-nin yaradıcılarından biri, Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının sədri, jurnalist, siyasi publisist – olmuşdur. Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955), rus-tatar məktəbini və Bakı texniki məktəbini bitirmişdir. 1902-ci ildə “Müsəlman gənclik təşkilatı” adlı gənc azərbaycanlı gənclər dərnəyini yaratmış, 1904-cü ildə RSDFP nəzdində
“Müsəlman sosial-demokrat “Hümmət” qrupunun yaradılmasında iştirak etmişdir, bu dövrün mətbuatında (“Hümmət”, “Təkamül”, “Yoldaş”, “İrşad”, “Tərəqqi” qəzetləri) fəal nəşr olunmuşdur. 1908-1911-ci illər İran inqilabında iştirak etmiş, İran Demokrat Partiyasının yaradıcılarından biri, bu partiyanın MK-nin üzvü, ilk Avropa tipli İran qəzetinin – “İrane-nou” – redaktoru olmuşdur. 1911-ci ildə Türkiyəyə mühacirət etmiş, burada “Türk ocağı” təşkilatına daxil olmuş, “Türk yurdu” jurnalında nəşr olunmuşdur. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Bakıya qayıtmış, “Müsavat” partiyasının rəhbərliyinə keçmişdir. 1915-1918-ci illərdə “Açıq söz” qəzetini - “Müsavat” partiyasının faktiki orqanını buraxmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Qafqaz müsəlmanlarının Bakı (1917, aprel) və Rusiya müsəlmanlarının Moskva (1917, may) qurultaylarında iştirak etmiş, onun məruzələri əsasında Rusiyanın federativ dövlət quruluşunun zəruriliyi haqqında qurultay qətnamələri qəbul edilmişdir. 1917-ci ilin iyun ayında “Müsavat” “Türk Ədəmi-Mərkəziyyət” partiyası (1917-ci ilin aprel ayında Gəncədə yaradılmışdır) ilə birləşdikdən sonra, “Türk-Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın I qurultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin sədri seçilmişdir. Zaqafqaziya Seyminin işində iştirak etmiş, AXC-nin yaradıldığını elan edən Azərbaycan Milli Şurasının sədri seçilmişdir. Osmanlı dövləti ilə Batum danışıqlarında və müqaviləsinin bağlanmasında (1918, 4 iyun) iştirak etmiş, bu müqaviləyə əsasən Türkiyə tərəfi Bakı Sovetinin bolşevik-daşnak hökuməti tərəfindən kütləvi qırğınlara məruz qalmış Azərbaycan xalqına hərbi yardım göstərmişdir. Beynəlxalq İstanbul konfransında (1918, iyun) Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, Azərbaycan Parlamentinin yaradılmasında fəal iştirak etmiş, onun açılışında (1918, 7 dekabr) parlaq nitq söyləmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra həbs edilmiş, Stalin tərəfindən azad edilərək Moskvaya göndərilmiş, orada Milli İşlər Xalq Komissarlığında işləmişdir. 1922-ci ildə gizli yolla Finlandiyaya keçərək oradan da Türkiyəyə mühacirət etmişdir. Mühacirət illərində (1922-1955) “Azərbaycan Milli Mərkəzini” (İstanbulda), “Müsavat” Partiyasının Xarici Bürosunu yaratmış, partiyanın Azərbaycandakı gizli təşkilatlarının işini istiqamətləndirmiş, Parisdə “Prometey” təşkilatının yaradılmasında (1926) fəal iştirak etmiş, İkinci Dünya müharibəsinin ərəfəsində və illərində Azərbaycan mühacirətinin Polşada, Fransada, İsveçrədə, Almaniyada, Rumıniyada fəaliyyətinə rəhbərlik etmişdir. 1947-ci ildə Türkiyəyə qayıdaraq Azərbaycan Milli Mərkəzini (Ankara, 1949) yaratmış, Ümumi Qafqaz Konfransının (Münhen, 1952) işində fəal iştirak etmiş, 1953-cü ildə ABŞ-a səfər edərək “Amerikanın səsi” radiosu ilə AXC yaradılmasının 35 illiyi münasibətilə Azərbaycan xalqına müraciət etmişdir. Azərbaycan siyasi publisistikasının parlaq nümayəndəsidir. 1903-1920-ci illərdə yalnız Azərbaycan mətbuatında 1200-dən artıq məqalə nəşr etdirmişdir. Mühacirətdə “Yeni Qafqasya” (1923), “Azəri türk” (1928), “Odlu yurd” (1929), “Qurtuluş” (1934), “Müsavat bülleteni” (1936), “Azərbaycan” (1950) jurnallarını və “İstiqlal” (1932) qəzetlərini buraxmış, bu nəşriyyələrdə yüzlərlə məqaləsi dərc olunmuşdur. “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Siyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Stalinlə ixtilal xatirələri”, “İran türkləri”, “Qafqaz türkləri” və s. kitabların, “Azərbaycan şairi Nizami” elmi əsərinin müəllifidir. 1955-ci il martın 6-da Ankarada vəfat etmişdir. Onun rəhbərlik etdiyi “Müsavat” partiyası 1917-ci il Oktyabr inqilabından sonra milli-ərazi muxtariyyəti mövqeyində duraraq Azərbaycanın müstəqilliyi uğrunda çıxış etmişdir. Partiya Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olacağı Cənubi Qafqaz dövlətləri Konfederasiyası şəklində muxtariyyəti məqbul saymışdır. Partiyanın I qurultayında (1917, 25-31 oktyabr) qəbul edilmiş proqramı fəhlə və torpaq, milli və dini, mülki hüquqlar və s. məsələləri əhatə edən 9 bölmədən və 76 bənddən ibarət idi. “Müsavat”ın fəal iştirakı ilə Zaqafqaziya Komissarlığı Seymi - Zaqafqaziya Demokratik Federativ Respublikası, ən nəhayət 1918-ci il 28 may tarixdə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. 1918 (sentyabr) – 1920 (aprel) illərdə partiya AXC koalisiya hökumət kabinələrinin özəyini təşkil etmişdir. Azərbaycan sovetləşdirildikdən sonra (1920, 28 aprel) respublikada partiyanın gizli təşkilatları fəaliyyət göstərmiş, onların üzvləri 1920-30-cu illərdə Sovet hakimiyyəti tərəfindən təqiblərə və həbslərə məruz qalmış, 1937-ci il repressiyalarından sonra partiyanın daxildə fəaliyyətinə son qoyulmuşdur. Partiyanın Xarici Bürosu Türkiyə, İran, Polşa və Fransanın müxtəlif şəhərlərində öz təşkilatlarını yaratmışdır. 1936-cı ildə Varşavada keçirilən partiyanın qurultay səlahiyyətli konfransında onun yeni proqramı qəbul edilmiş və yeni icra orqanı – Divan – seçilmişdir. Xarici Büro Azərbaycan
mühacirətini vahid təşkilat ətrafında birləşdirməyə, Sovet rejimi və bolşevizmə qarşı mübarizə aparan başqa xalqların xarici nümayəndəlikləri ilə əməkdaşlıq etməyə nail olmuşdur. 1918-ci il Bakıda mart hadisələri ərəfəsində “Müsavat” partiyası bolşevik hakimiyyəti ilə açıq hərbi qarşıdurmaya hazır olmadığı üçün toqquşmaların qarşısını almağa çalışmış, əhaliyə təmkinli olmaq, təxribatlara uymamaq çağırışları ilə müraciətlər etmişdir. Bir çox faktlar və hadisələrin gedişi mart qırğınlarının məhz “Müsavat” partiyası tərəfindən təhrik edildiyi kimi ittihamları təkzib edir. Partiyanın özü bu hadisələrin xarakterini Cənubi Qafqazın bütün müsəlman əhalisinin məhv edilməsinə yönəlmiş məqsədyönlü siyasət kimi müəyyən etmişdir. Partiyanın mühacir mətbuatında, eləcə də M.Ə.Rəsulzadənin əsərlərin də 1918-ci il hadisələri geniş və hərtərəfli işıqlandırılmış, siyasi mühacirət hər il 31 mart tarixini ümummilli matəm günü kimi qeyd etmiş, xatirə gecələri keçirmiş, “İstiqlal” qəzetinin (Münhen) 1933-cü il 1 aprel tarixli 31-ci sayı tamamilə Bakıda 1918-ci mart hadisələrinin 15-ci ildönümünə həsr
olunmuşdur.

61Aşurbəyov Bala-bəy Teymur-bəy oğlu - (1882—1937), tanınmış Azərbaycan zadəgan nəslinin nümayəndəsi, neft sənayeçisi, milyonçu, xeyriyyəçi. Qardaşı Əli-bəylə birlikdə “Ə. b. Və B.-b. Aşurbəyov qardaşları” neftçıxarma kompaniyasının sahibi. 1901-ci ildə təsis edilmiş bu kompaniya 1914-cü il üçün ildə 1 milyon 684 pud neft hasil edirdi, mədənlərdə 200 nəfərdən artıq fəhlə çalışırdı. Xeyriyyəçilik fəaliyyəti ilə tanınırdı. Aşurbəyov təqaüdçüləri arasında gələcək ictimai xadimlər – Mir Əsədulla Mirqasımov, Hənifə Pirverdiyev, Ruhulla Axundov və b. var idi. Bakı şəhərində və ətrafında (Mərdəkanda) bir neçə mülkün sahibi idi. 1918-ci il mart hadisələrində ailəsi ilə birgə Sabunçuda gizlənməyə məcbur olmuşdu. Yaşadığı şəhər mülkünü tam talanlardan qızlarının mürəbbiyəsi fransız J.Qreylo xilas etmiş, evin girişinə Fransa bayrağı sancmaqla mülkün böyük hissəni qorumağa müvəffəq olmuşdu. Lakin erməni əsgərləri Bala-bəy və Əli-bəyin mənzillərini talan etmişdilər. Yalnız yarım ildən sonra, AXC hakimiyyəti zamanı B.b.Aşurbəyov ailəsi ilə birgə evinə qayıda bilmişdir. FTK-na ifadə vermişdir. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Aşurbəyovların bütün mülkiyyəti müsadirə edilmiş, hər iki qardaş həbs olunmuşlar. Az sonra N.Nərimanovun köməyi ilə həbsdən azad olunmuş və ailəsi ilə birgə İstanbula getmişdir. 1925-ci ildə ailəsi ilə vətənə qayıtmış, 1935-ci ildə keçmiş sahibkar kimi həbs olunmuş və Karakandaya sürgün edilmişdir. 1937-ci ildə Karakanda vilayəti üzrə UDİXK yenidən həbs olunmuş, həmin il avqustun 13-də Xüsusi Üçlük tərəfindən vətənə xəyanətdə ittiham edilərək ən yüksək cəzaya – güllələnməyə məhkum edilmişdir. Ölümündən sonra bəraət almışdır.

62Əsədullayev Mirzə Şəmsi oğlu - (1875 - 1936), sahibkar, ictimai xadim. Azərbaycanın neft sənayeçisi, milyonçu Şəmsi Əsədullayevin böyük oğlu. Əmək fəaliyyətinə atasının neft mədənlərində başlamışdır. Bakı müsəlman xeyriyyə cəmiyyətinin sədri. 1917-ci il fevral inqilabından sonra Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə komitəsinin üzvü seçilmişdir. 1918-ci ildən Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının sədri. Bu Şuradan Azərbaycan Cümhuriyyət Parlamentinə üzv seçilmişdir, “Müsavat” və bitərəflər fraksiyasına daxil idi. 3-cü Hökumət kabinəsində ticarət və sənaye naziri (1918, dekabr –1919, mart) vəzifəsini icra etmişdir . Azərbaycan milyonçusu Musa Nağıyevin qızı ilə evli idi. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilmişdir, qısa müddətdən sonra azad edilmiş, hökumətin rəsmi icazəsi ilə Fransaya getmişdir, Parisdə vəfat etmişdir.

63Şəmsi Əsədullayev – (1841–1913), iri sahibkar, neft sənayeçisi, ictimai xadim. Bakıda bir neçə neftayırma emalatxanası, Suraxanı, Sabunçu və Ramanada 37 buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəmiləri vardı. Xeyriyyəçiliklə məşğul olmuşdur. “Nəşri-maarif” müsəlman maarifçilik cəmiyyətinin fəal üzvü. 1903-cü ildə Moskvaya köçmüş, Moskvada və Peterburqda sahibkarlıq fəaliyyəti, həmçinin xeyriyyəçiliklə məşğul olmuş, bir neçə mülk tikdirmiş, yoxsul təbəqələrin uşaqları üçün məktəb açdırmışdır. Moskvada Malaya Tatarskaya döngəsində tikdirdiyi evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamışdır. Bu binada tatar məktəbi, kitabxana, konsert salonu və yetimlər üçün uşaq evi fəaliyyət göstərmişdir. Ümumrusiya müsəlmanlarının 1-ci qurultayında (1905, Nijni - Novqorod) iştirak etmişdir. Sahibkarlıq fəaliyyətinin coğrafiyası Xəzər dənizinin İran sərhədlərindən tutmuş Lodza qədər əhatə etmişdir. 1913-cü ildə Yaltada vəfat etmişdir.

64Qacar Mansur Mirzə Xanbaba Xan oğlu, şahzadə – (1869- 1931), hərbçi, türk-azərbaycanlı şah sülaləsi - Qacarlar nəslinin nümayəndəsi. Yelizavetqradda (Kirovoqrad şəhəri, Ukrayna) kornet rütbəsində süvari məktəbini bitirmişdir. 1905-ci il Rys-Yapon müharibəsinin iştirakçısı, Port-Arturda döyüşmüş, iki ordenlə - ikinci dərəcəli Müqəddəs Anna və Müqəddəs Vladimir – təltif olunmuşdur. Yaralanandan sonra Qafqaz hərbi dairəsinə xidmətə göndərilmişdir. Birinci Dünya müharibəsinin iştirakçısı. Döyüş meydanında göstərdiyi şücaətə görə qızıl silahla təltif olunmuş, 12 saylı Tver qusar polkunda xidmət etmişdir. 1917-ci il Fevral inqilabından sonra Bakıya qayıtmışdır. AXC dövründə ordu sıralarında xidmət etmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Komissarları Sovetində müxtəlif mülki vəzifələrdə çalışmışdır. Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən saxlanılmış, dostlarının köməyi ilə ölümdən xilas olmuş, əsir aparılmışdır. Şahid və zərərçəkən qismində FTK-na ifadə vermişdir.

65Kələntərov pasajı – Aşumovskaya meydanındakı (Gənclər meydanı) binada yerləşirdi, mağazaların üz tərəfləri eyni zamanda Nikolayevskaya (İstiqlaliyyət) və Olqinskaya (M.Ə.Rəsulzadə) küçələrinə çıxırdı. Sonralar binanın üst mərtəbələri tikilmişdir Sovet dövrüdə və hazırda bu binada Azərbaycan Həmkarlar İttifaqları Şurası yerləşir.

66“Dikaya diviziya”- “Vəhşi diviziya” - Birinci Dünya müharibəsi dövründə (1914-1918) Qafqazın yerli müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar hakimiyyəti devrildikdən sonra diviziya Azərbaycana qayıtmış və yaranmaqda olan milli silahlı qüvvələrin bir hissəsi olmuşdur.

67“Dağıstan” – mehmanxana, Vrangelevskaya, Bazarnaya və Çelyayevskaya küçələrinin (Ə.Cavad, Azərbaycan və M.Dilbazi) kəsişməsində, Xanlarovun evində yerləşirdi, “müsəlman” mehmanxanası sayılırdı, mart hadisələri günlərində tamamilə yandırılmışdır. Hazırda onun yerində beşmərtəbəli yaşayış binası yerləşir.

68Ermansın apteki – Velikoknyajeskaya küçəsində (M.E.Rəsulzadə) Lalayev pasajında yerləşirdi.

69Hacı Əjdər bəy məscidi – “İttifaq” - Hacı Əjdər bəy Aşurbəyovun vəsaiti ilə, mülki mühəndis Zivər-bəy Əhmədbəyovun layihəsi əsasında 1912-1913-cü illərdə Kanitapinskaya rayonunda, Krasnovodskaya və 8-ci Kanitapinskaya (S.Vurğun və Dağıstan) küçələrinin tinində tikilmişdir. Mart hadisələri günlərində məsciddə qonşu məhəllələrin sakinləri, əsasən, qadınlar və uşaqlar gizlənsələr də, təqiblərdən qurtarmamış və erməni quldur dəstələrinin zorakılığının qurbanı olmuşlar. Hazırda – fəaliyyətdə olan məscid.

70Karvansara - Sisianovskaya küçəsində (Təbriz Xəlilbəyli) Lalayevlər ailəsinə məxsus binada yerləşən və öz icarədarının adı ilə tanınan “Abbas Eyvazovun karvansarası” nəzərdə tutulur. Bütün məhəlləni əhatə edən həmin binada müxtəlif kontorlar, idarələr, mağazalar da yerləşirdi. Sovet dövrü və hazırda həmin binada “Araz” kinoteatrı, ticarət obyektləri, mənzillər yerləşir.

71Doktor Nəriman bəy Nərimanov - Azərbaycanın görkəmli ictimai, siyasi dövlət xadimi, tazıçı, publisist, həkim Nəriman Nəcəf oğlu Nərimanov nəzərdə tutulur. Ətraflı bax: Doktor Nərimanov.

72“Təbriz” – mehmanxana, Hacı Hacıağaya mənsub idi, “müsəlman” mehmanxanası hesab edilirdi. Nikolayevskaya (İstiqlal) küçəsindəki binada, “İsmailiyyə”nin yaxınlığında yerləşirdi. Sonradan sökülmüşdür. İndi həmin yerdə - M.Ə.Sabır bağı yerləşir.

73«Evropa” – “Avropa” mehmanxana, Lalayevski keçidində (Natəvan döngəsi) Lalayevlər ailəsinə məxsus ikimərtəbəli binada yerləşirdi. Onun yaxınlığında, Milyutinskaya küçəsində (T.Əlyarbəyov) Musa Nağıyev tərəfindən “Novo-Evropa” adlı yeni üçmərtəbəli mehmanxana tikildikdən sonra, “Staro-Evropa” adlandırılmışdır. Hazırda – yaşayış evi. Üstü yenidən tikilmiş “Novo-Evropa” – “Göy-göl” mehmanxanasının binasında “Luk-oyl” Rusiya neft şirkətinin Bakı nümayəndəliyi yerləşir.

74İngilis qoşunlarının qərargahı nəzərdə tutulur. 1918-ci il avqustun əvvəllərində Sentrokaspi Diktaturası hökumətinin dəvəti ilə Şimalı İranda Britaniya qoşunlarının komandiri general-mayor Denstervilin rəhbərliyi altında Bakıya gəlmişdir. Bu qoşunlar Türk-Azərbaycan hərbi qüvvələrinə qarşı Bakının müdafiə olunmasında hökumətə kömək etməli idi. 1918- ci il sentyabrın 14-də Bakının azad edilməsi ərəfəsində cəbhə xəttini tərk edərək İrana qayıtmışlar.

75Mirbax Vilgelm – (1871-1918), qraf, alman diplomatı. 1915-1917-ci illərdə Afinada alman səfiri. Brest-Litovskda Sovet Rusiyası ilə danışıqlarda iştirak etmişdir. Brest sülhü imzalandıqdan sonra, 1918-ci ilin aprelindən - Moskvada alman səfiri. 1918-ci il 6 iyulda sol “eserlər” tərəfindən – bu yolla Almaniya ilə Sovet Rusiyası arasında silahlı münaqişə yaratmaq məqsədi ilə - öldürülmüşdür. FTK sənədləri arasında Mirbaxın qatillərinin ermənilər olduğuna dair şəhadət vardır.

76“Bibiheybət” – şiə müsəlmanların möhtəşəm ziyarətgahı – qədim Bibiheybət məscidi. Xəlifələrin təqibindən qaçan Yeddinci imam - Musa Kazımın qızı Həzrəti Həkimə xanımın sərdabəsi üzərində tikilmişdir. Müqəddəs qəbirlərin sayına görə - burada Məhəmməd Peyğəmbərin nəslinin dörd nümayəndəsi dəfn olunmuşdur – islam dünyasında bənzər ziyarətgahlar arasında üçüncü yeri tutur. Məscidin VIII əsrin sonlarına aid olan ilkin tikilisi qalmamışdır. Keçən əsrlər ərzində məscid-kompleks Səfəvi hakimləri, Şirvanşahlar tərəfindən bir neçə dəfə bərpa edilmişdir. XX əsrin əvvəllərində Bakı xeyriyyəçisi Dadaşovun vəsaiti ilə sərdabədən şimalda yeni məscid binası tikilmiş, sərdabə və köhnə məscid yenidən qurulmuşdur. 1936-cı ilin sentyabr ayında Sovet hakimiyyətinin dinə qarşı apardığı kampaniyanın gedişində Bibiheybət məscidi partladılmışdır. 1998-ci ildə Azərbaycan Prezidenti
Heydər Əliyevin sərəncamı ilə məscidin yenidən tikilməsinə başlanmışdır. 14 iyul 2008-ci il tarixdə “Bibiheybət” kompleksinin açılışı olmuşdur.

77«Rekord” – kinoteatr, Bolşaya Morskaya (Bülbül pr.) küçəsi, Birjevaya meydanında (Sahil) yerləşirdi. 1912-ci ildə dairəvi formada taxtadan tikilmiş bina əvvəlcə sirk üçün nəzərdə tutulmuş, 1914-cü ildə yenidənqurma işlərindən sonra 2000 nəfər tamaşaçı tutumu olan kinoteatra çevrilmişdi. Mart hadisələri günlərində kinoteatrın binasına əsir götürülmüş azərbaycanlılar gətirilirdi. Erməni əsgərlərinin binanı, içərisindəki insanlarla birlikdə yandırmaq cəhdinin qarşısı qırmızı qvardiyaçılar, rus əsgərləri tərəfindən alınmışdır. Kinoteatrın binası 1923-cü ildə, yerləşdiyi keçmiş Birjevaya meydanının (1917-ci ildən “Hürriyyət” meydanı, 1920-ci ilin sentyabr ayında Aşqabaddan Bakıya gətirilmiş komissarların cəsədlərinin
dəfnindən sonra 26 Bakı Komissarı meydanı) genişləndirilməsi və yenidən qurulması ilə əlaqədar sökülmüşdür.

78“İsgəndəriyyə” – mehmanxana, Bazarnaya və Kolyubakinskaya küçələrinin kəsişməsində (Azərbaycan, N.Rəfibəyli) yerləşirdi, Hacı Məmməd Sadıq Zərbəliyevə məxsus idi, “müsəlman” mehmanxanası sayılırdı. 1918-ci il mart hadisələri günlərində bütünlüklə yandırılmışdır. Hazırda bu binanın yerində çoxmərtəbəli yaşayış binası yerləşir.

79“İslamiyyə” – mehmanxana, Bazarnaya küçəsində, Quberniya və Poçtovaya küçələrinin kəsişməsində (Azərbaycan, Nizami, S.Tağızadə) yerləşirdi. 1884-1885-ci illərdə mülki mühəndis N.P.Tverdoxlebov və A.S.Kandinov tərəfindən tikilmişdir. Hacı Mustafa Rəsulova məxsus idi, “müsəlman” mehmanxanası sayılırdı. 1918-ci il mart hadisələri günlərində bütünlüklə yandırılmışdır. Hazırda bu binada mənzillər, ticarət obyektləri yerləşir.

80“Hacınski-Çələkən” – aksioner cəmiyyəti, tanınmış Bakı sənayeçisi və xeyriyyəçi İsa bəy Hacınskiyə (1861-1919), məxsus idi. Bakı şəhər Dumasının və Bakı qradonaçalnikliyində Barışdırıcı komissiyanın üzvü, Bakı birjasında arbitraj komissiyasının üzvü, fəxri barışdırıcı hakim İ.b.Hacınski bir neçə neft sənayesi və ticarət firmalarının və kompaniyalarının, Abşeronda və Çələkən yarım-adasında (Zakaspi vilayəti) neft mədənlərinin, kerosin zavodu, balıq vətəgələri və s. mülkiyyətçisi idi. “Hacınski-Çələkən neft kompaniyası”na 1.25milyon funt-sterlinq ingilis kapitalı mənsub idi.

81Yeni gömrük – yeni, ikinci Bakı gömrükxanasının binası 1-ci Çernoqorodskaya və 2-ci Zavodskaya (Y.Səfərov – F.Qəmbərov) küçələrinin tinində yerləşirdi. Köhnə gömrükxana – Naberejnaya II Aleksandra (Neftçilər prospekti), 47 ünvanda idi. Mart qırğınlarından sonra yaxın küçələrdən meyitlər bu binanın həyətinə yığılmışdı və öz doğmalarını axtaran insanlar oraya gəlirdilər.

82“Vulkan” – mexaniki çuqun-mis tökmə zavodu, Çornıy Qorodda (Qara şəhər), 10-cu Zavodskaya (Ələddin Quliyev) küçəsi 10-da yerləşirdi. Mart hadisələrindən sonra erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə öldürülmüş minlərlə insanın meyitləri bu zavodun həyətinə yığılmışdı. Onların çoxunu tanımaq mümkün deyildi. Öz doğmalarını axtaran insanlar buraya gəlirdilər.

83“Bahi” – minarəsiz məscid, yaxud ibadət evi. XIX əsrin ikinci yarısında İranda yaranmış “bəhailik” dini təliminin tərəfdarlarına mənsub idi. Bu təlimin banisi – Bəhaulla kimi tanınan Mirzə Hüseyn Əli, müqəddəs kitabı – “Kitab-e Əqdəs” olmuşdur. Məscid-mədrəsə bəhailərin, o cümlədən Bakı neft sənayeçisi Musa Nağıyevin vəsaitinə tikilmiş, Çadrovaya küçəsi (Mirzağa Əliyev) 216 saylı kiçik bir evdə yerləşirdi. Küçə tərəfdən evin baş qapısı üzərində fikrə dalmış nurani bir qocanın - bir növ Şeyx Bəhaullanın qorelyefi həkk edilmişdi. Sənəddə göstərilən ərazidə - “Poxlu Dərə”də bu adda məscid olmamışdır. Güman etmək olar ki, söhbət ibadət evindən gedir.

84“Neft” – Ruskoye Tovarişestvo – Rus Birliyi - şirkət, 1883-cü ildə təşkil olunmuş, fəaliyyətə nəqliyyat və ticarət müəssisəsi kimi başlamış, sonralar Bakı mədən rayonunda mədənlər və zavodlar almış, neft hasilatı və emalı ilə məşğul olmuşdur. Bakının Sabunçu, Suraxanı kəndlərində, həmçinin Qroznı, Fərqanə və Uxtada mədənləri var idi, baş idarəsi Peterburqda
yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin dekreti ilə 27 may 1920-ci il tarixdə milliləşdirilmişdir.

85Hürriyyət meydanı – 1918-ci ildə Birjevaya meydanı adlanırdı, hazırda Sahil bağı.

86Mixaylovskaya xəstəxanası – Balaxanskaya küçəsində, Tatarskaya küçəsinin tini, (Füzuli, Əlimərdan bəy Topçubaşov) yerləşirdi. Bakıda ən qədim tibb müəssisəsi, müqəddəs Nina məktəbi Nikolayevskaya küçəsindəki yeni binaya köçdükdən sonra, onun binasını tutmuşdu. Xəstəxananın geniş ərazisində müxtəlif vaxtlarda (1881-1913) N.A. fon der Nonne, İ.V.Qoslavski, Zivər bəy Əhmədbəyovun layihələri əsasında ayrı-ayrı korpuslar tikilmişdir. Hazırda – binada doğum evi yerləşir. 1918-ci il mart qırğınları qurtardıqdan sonra ətraf ərazilərdə öldürülmüş müsəlmanların meyitlərini xəstəxananın həyətinə yığmışlar, qohumları öz yaxınlarının cəsədlərini burada axtarırdılar.

87Tağıyev pasajı – H.Z. Tağıyevə mənsub ticarət müəssisəsi, Velikoknyajeskaya – Olqinskaya (M.Ə.Rəsulzadə) küçəsində, Merkuryevskaya və Baratinskaya (Z.Əliyeva,Ə.Əlizadə) küçələrinin tinində 4 saylı binada yerləşirdi.

1896-1898-ci illərdə mülki mühəndis K.B.Skureviç tərəfindən tikilmişdir. Sovet dövründə - Bakı univermağı, hazırda – mağazalar şəbəkəsi. Pasajla üzbəüz Velikoknyajeskaya – Olqinskaya küçəsində yerləşən və 1912-ci ildə mülki mühəndis K.A.Borisoqlebski tərəfindən tikilmiş “Olqinskaya cərgələri” ndə ticarət-məişət obyektləri, restoranlar və s. yerləşirdi. Sovet dövründə və hazırda bu binada Xəzər Gəmiçiliyi idarəsi yerləşir.

88Şəhər Nəqliyyatı müəssisəsi (Qorodskoy oboz) – 5-ci və 6-cı Kanitapinskaya küçələrinin arasında, Tatyaninskaya küçəsinin tinində (V.Plotnikov, Y.Tağızadə, S. Hacıbəyli) yerləşirdi.

89Müqəddəs Nina məktəbi – Bakıda qadın təhsil müəssisəsi. Nikolayevskaya küçəsi, (İstiqlaliyyət) 33 ünvanlı binada yerləşirdi. Keçmiş xəstəxana binası, 1880-cı ildə mülki mühəndis D.Buynov tərəfindən yenidən qurulmuş, bir neçə korpus birləşdirilərək Müqəddəs Nina təhsil müəssisəsi üçün yararlı edilmişdir. Hazırda - 132 və 134 saylı orta ümumtəhsil məktəblərinin binası.

90Biçeraxovun dəstəsi - Birinci Dünya müharibəsində çar Rusiyasının İran ərazisində apardığı hərbi əməliyyatlarda iştirak edən kazak dəstəsi. Oktyabr çevrilişindən sonra buraxılmışdır. İrandakı ingilis hərbi qüvvələrinin komandanlığı polkovnik L.Biçeraxovun (osetin kazaklarından) başçılıq etdiyi 1500 nəfərlik kazak dəstəsini öz tərəfinə çəkmişdir. İngilis
generalı Denstervilin gizli tapşırığını yerinə yetirən Biçeraxovun dəstəsi Bakı Xalq Komissarlar Sovetindən türk qoşunlarına qarşı birgə əməliyyat aparmaq üçün razılıq alaraq, 1918-ci il 5 iyulun 5-də Ələt stansiyası yaxınlığında Xəzər sahilinə çıxmışdır. Ermənilərdən ibarət Qırmızı Ordu tərəfindən hərbi yardım almayan Biçeraxovun dəstəsi, məğlubiyyətə uğramaq
təhlükəsi qarşısında iyulun 30-da ona tapşırılmış cəbhə xəttini tərk etmiş və Dağıstanda antisovet qoşunları ilə birləşmək üçün Port-Petrovsk (Mahaçqala) istiqamətinə yönəlmişdir. General Biçeraxovu həmin qərarın qəbuluna sövq edən səbəblərdən biri də Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarlar Soveti ilə əlaqələrinin həddindən artıq pozulması idi. İngilis generalı Denstervilin şəhadətinə görə “Bakıda onun hərəkətlərini məkrli hesab edir, özünü isə xain adlandırırdılar; ancaq biz özümüz də bu insanların hansı qəbildən olduğunu yalnız sonralar anladıq və qoşunlarımızı faydasız qurban getməkdən xilas etmək üçün Bakını tərk etməyə məcbur olduq”. 1918-ci il noyabrın 17-də Biçeraxovun hərbi dəstəsi ingilis qoşunları ilə birgə yenidən Bakıya daxil olmuşdur. Bu dəfə onun hərbi qüvvəsinin əksəriyyəti Bakı azad edildikdən sonra şəhərdən qaçmış ermənilərdən ibarət idi. Dəstə ilə birlikdə Bakı, Şamaxı və Petrovskda müsəlman qırğınlarının bəzi təşkilatçıları da Bakıya qayıtmışlar. Nəzarətsiz dəstə Bakı və ətraf kəndlərin sakinlərinə qarşı öz azğınlığı və qəddarlığı ilə fərqlənmiş, hətta Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də təhqir etmək hallarına yol vermişdir. Denikinin Könüllü ordusu komandanlığına tabe olan Biçeraxovun dəstəsinin Bakıda qalmasında maraqlı olmayan ingilis komandanlığı, Biçeraxovun dəstəsinin və erməni hərbi hissələrinin tərksilah olunması və şəhərdən çıxarılması haqqında AXC Hökumətinin notasını dəstəkləmişdir. L. Biçeraxov təltif olunmaq adı ilə Londona dəvət edilmiş, onu əvəz edən general Erdeliyə isə 1919-cu il fevralın 28-də öz qoşunlarını 24 saat ərzində Azərbaycan ərazisindən çıxarmaq haqqında ultimatum verilmişdir. Ultimatum dərhal yerinə yetirilmişdir.

91Şaxsey- vaxsey - Kərbəla döyüşündə (680-ci il) dördüncü xəlifə Əlinin oğlu İmam Hüseynin öldürülməsi münasibətilə şiə müsəlmanların məşhur dini matəm ayini (qəməri təqviminin birinci ayı – məhərrəmin ilk on günü keçirilir). Şaxsey-vaxsey ayini Əli və Hüseynin həyatından bəhs edən və Kərbəla qırğınları təsvir olunan şəbihlər və “Şah Hüseyn, Vay-Hüseyn”
qışqırıqları ilə özünə işgəncə verməklə Hüseynin dəfnini təqlid edən mərasimlə müşayiət olunur.

92Yefimov qardaşlarının sirki - taxta bina, Birjevaya küçəsində (Üzeyir Hacıbəyov) yerləşirdi. 1920-ci illərin sonlarında sökülmüşdür. Hazırda həmin yerdə Rabitə Nazirliyinin binası yerləşir.

93Vəzirov Mir Həsən Seyid Kazım oğlu - (1889-1918), siyasi xadim, sol eser. 1917-ci ildən bolşeviklərlə əməkdaşlıq etmişdir. Müsəlman ictimai təşkilatları İcraiyyə Komitəsinin katibi (1917-ci il 14 iyuldan), Bakı Sovetinin yeni İcraiyyə Komitəsinin üzvü (1917-ci ilin noyabrından), Bakı qəzası kəndli deputatların I qurultayının İcraiyyə Komitəsi sədrinin müavini (may 1918). Bakı Xalq Komissarları Sovetinin tərkibində torpaq komissarı kimi torpaq haqqında dekreti imzalamışdır. 1918-ci il 20 sentyabr tarixində 26 Bakı komissarları
sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.

94Mahmudbəyov Həbib bəy Hacı İbrahimxəlil oğlu – (1864 - 1928), tanınmış maarifçi, pedaqoq, Bakı şəhər Dumasının üzvü. Sultan Məcid Qənizadə ilə birlikdə Bakıda 1887-ci ildə rus-tatar məktəbinin yaradıcılarından biri, İçəri şəhərdə (Qalada) ilk rus-tatar məktəbinin direktoru, 1905-1916-cı illərdə 2-ci dərəcəli Bakı şəhər məktəbinin direktoru. Bakı şəhər Dumasında məktəblər komissiyasının üzvü, Azərbaycan müəllimlərinin I qurultayının nümayəndəsi. 1916-cı ildən pedaqoji fəaliyyətdən uzaqlaşmışdır. Sovet hakimiyyətinin ilk illərində (1921-1927) Ali pedaqoji institutun direktor müavini işləmişdir. 1928-ci ildə Bakıda vəfat etmişdir. 1918-ci il Bakıda mart hadisələri günlərində onun evi ermənilər tərəfindən qarət olunmuşdur, qızı FTK-na ifadə vermişdir.

95Bakı Neft Sənayeçiləri Qurultayı Şurası - Bakı neft sənayeçiləri qurultayının daimi icra orqanı, Rusiya burjuaziyasının 1884-cü ildə Bakıda yaradılmış ilk sahibkar təşkilatlarından biri. Həmin il Bakıda keçirilmiş Bakı neft sənayeçilərinin I qurultayında yaranmışdır. Hər il çağırılan qurultayların məqsədi bütövlükdə Bakı neft sənayeçilərinin geniş maraq dairəsinə daxil olan məsələlərin müzakirəsi və neft sənayeçilərinin mənafeyinin hökumət orqanları qarşısında müdafiə edilməsi idi. Əvvəllər Şura neft istehsalçılarının geniş dairəsinin maraqlarını əks etdirmişdir. Lakin tezliklə senz sisteminin (hüquqi məhdudiyyətlər) tətbiqi nəticəsində qurultaylarda və onların orqanlarında rəhbər mövqelər iri firmalara keçmişdir. Uzun illər ərzində (1890-cı ildən başlayaraq) Şuraya ermənilər, o cümlədən P.O. və A.O.Qukasov qardaşları rəhbərlik etmişlər. 1918-ci ildə Bakı Xalq Komissarları Soveti onun fəaliyyətini nəzarətə götürmüşdür. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 27 may tarixli fərmanı ilə ləğv edilmişdir.

96Tatarlar – azərbaycanlılar nəzərdə tutulur. Çar Rusiyası hakimiyyəti dövründə azərbaycanlıları belə adlandırırdılar.

97Aleksandr-Nevski kilsəsi - pravoslav kilsə, 1888-1898-ci illərdə Persidskaya küçəsində (M.Muxtarov ) memarlıq üzrə akademik R.R. Marfeldin layihəsi (Novoafon kilsəsinin surəti) əsasında, mülki mühəndis İ.V. Qoslavski tərəfindən inşa edilmişdir. 1888-ci ildə Bakıda kilsənin təməl qoyma mərasimində Rusiya imperatoru III Aleksandr iştirak etmişdir. Kilsə 1920-ci illərin sonlarında Sovet hökumətinin dinə qarşı mübarizə kampaniyasının gedişində partladılmış, onun bünövrəsində 1950-ci illərdə bir neçə məktəb binaları tikilmişdir. Hazırda həmin binalarda 189, 190 nömrəli və Bülbül adına məktəblər yerləşir.

98Topçubaşov Əlimərdan bəy Ələkbər bəy oğlu- (1863-1934), görkəmli ictimai, siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri. AXC parlamentinin sədri (1918-ci il 7 dekabr - 1920-ci il 28 aprel). “Kaspi” qəzetinin baş redaktoru, Bakı şəhər Dumasının üzvü, Rusiya imperiyasının müsəlman liderlərindən biri, Rusiya imperiyasının müsəlman qurultaylarının təşkilatçısı və fəal iştirakçısı, Bakı Quberniyasından I Dövlət Dumasının deputatı. AXC dövründə yerinə yetirdiyi vəzifələr: hökumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, 1918-ci il avqustun 20-dən xarici işlər naziri. Avqustun 23-dən AXC-nin fövqəladə səfiri və səlahiyyətli naziri kimi İstanbula ezam olunmuşdur. 1918-ci il dekabrın 7-də qiyabi olaraq Azərbaycan Parlamentinin sədri seçilmişdir. 1918-ci ilin dekabrın 28-də Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin
sədri təyin olunmuşdur. 1919-cu il mayın 28-də AXC-nin yaranmasının birinci ildönümü günü ABŞ prezidenti Vudro Vilsona Memorandum və Cənubi Qafqazda ilk demokratik müsəlman dövləti haqqında materialları, o cümlədən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini təqdim etmişdir. 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Parisdə mühacirətdə qalmış, Azərbaycan mühacirətinin siyasi həyatında fəal iştirak etmişdır. 1934-cü ildə Parisdə vəfat etmişdir. Mart hadisələri zamanı
erməni əsgərləri tərəfindən həbs olunmuşdur.

99Mamona - bəzi qədim xalqlarda sərvət, dövlət allahı, tamahkarlıq, acgözlük mənasında da işlədilir.

100Larionovun xəstəxanası – doktor P.A.Larionovun cərrahlıq və qadın xəstəxanası, Bazarnaya və Qubernskaya küçələrində (Azərbaycan və Nizami) yerləşən tibbi müəssisə. Bakının keçmiş İctimai Şəhər rəisi, andlı iclasçı Y.N.Smirnovun xanımına məxsus idi. Hazırda – stomatoloji klinika.

101Korqanov (Korqanyan) Qriqori Nikonoviç – (1886-1918), bolşevik xadimi. 1917-ci il fevral inqilabından sonra Qafqaz inqilabi ordu təşkilatlarının yaradılmasında fəal iştirak etmişdir. 1918-ci il martın 30-dan 31- nə keçən gecə azərbaycanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmək üçün “Bakı və onun rayonlarında ali hərbi-siyasi orqan” adı ilə yaradılmış “İnqilabi Müdafiə Komitəsi”nə daxil idi. Bakıda 1918-ci ilin mart hadisələri günlərində dinc azərbaycanlı əhalisinə qarşı şəhərin müsəlman hissələrində hərbi əməliyyatlar aparan Qızıl Ordunun bolşevik-daşnak briqadalarının hərbi əməliyyatlarına başçılıq etmişdir. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetində hərbi-donanma işləri üzrə xalq komissarı. Şaumyanla birlikdə Amazaspın cəza dəstələrinin Quba qəzasına göndərilməsi haqqında qərar qəbul etmişdir. Bakının azad olunması uğrunda gedən döyüşlərdə Türk-Azərbaycan silahlı qüvvələrinə qarşı hərbi əməliyyatların təşkilatçılarından biri olmuşdur. 1918-ci il sentyabrın 20-də 26 Bakı Komissarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.

102Əhmədov Əsədulla – (?-?), tanınmış ictimai-siyasi xadim, Bakı şəhər Dumasının üzvü. Bakı müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, “Nəşri-maarif” müsəlman maarifçilik cəmiyyətinin təsisçilərindən biri. Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə AXC Parlamentinin deputatı. Bitərəflər
fraksiyasına daxil idi, bu fraksiyada baş vermiş parçalanmadan sonra “Müsavat” fraksiyasına keçmişdir.

103Kojemyako D.İ. – ( ? - ? ), bolşevik, RSDFP üzvü, peşəsi üzrə çilingər, bir sinifli xalq məktəbini bitirmişdir. Partiya tapşırığı ilə həmkarlar ittifaqlarında, həmçinin istintaq orqanları, hərbi tribunallar, əmək məhkəmələrində müstəntiq işləmişdir. 1918-ci ildə Bakıda bolşevik hakimiyyətinin Bakı və Şamaxı hadisələrindən sonra, əsasən müsəlman əhalisini, xüsusilə Bakıya və Azərbaycanın digər qəzalarına axışmış minlərlə Şamaxı qaçqınlarını sakitləşdirmək məqsədilə yaratdığı Fövqəladə Hərbi Təhqiqat Komissiyasının (FHTK) sədri təyin edilmişdir. Komissiya Stepan Lalayev başda olmaqla erməni hərbi hissələrinin Şamaxının dinc müsəlman əhalisinə qarşı törətdikləri amansız vəhşilikləri, o cümlədən içi qadın və uşaqlarla dolu Şamaxı məscidinin tamamilə yandırılması faktlarını araşdırmalı idi. Komissiyaya daxil olan, o cümlədən Şamaxının rus keşişindən alınmış sənəd-şəhadətlər əsasında Kojemyako istintaq apararaq S.Lalayevi həbs etmişdir. Lalayev elə kabinetdən S.Şaumyana zəng etmiş, Kojemyakonu telefona çağıran Şaumyan onu “bu nə oyunlardır, Lalayevi həbs etmək ayıbdır” deyə məzəmmət etmişdir. S.Lalayev azadlığa buraxılmış, bir neçə gündən sonra FHTK ləğv edilmişdir. Sovet dövrü Kojemyako yenidən Ədliyyə Xalq Komissarlığı (ƏXK) orqanlarında işə göndərilmişdir. Hüquq kurslarında dərs demiş, Sovet Ticarət İşçiləri İttifaqında hüquq məsləhətçisi işləmişdir. 1926-cı ildə ƏXK-da qanunvericilik şöbəsinə hüquq məsləhətçisi təyin edilmişdir. 1927-ci ilin yanvarında bu sahədə zəruri nəzəri və praktiki biliklərə malik olmadığını əsas gətirərək işləməkdən imtina etmişdir: “Mənim ƏXK-na öz iradəmlə deyil, partiya tərəfindən göndərildiyim üçün... hesab edirəm ki, mən kommunist kimi partiya qarşısında bütün öhdəliklərimi yerinə yetirmişəm və mənim ƏXK-da bundan sonrakı fəaliyyətim onun büdcəsi üçün artıq xərcdir. Məvacib alıb, heç bir fayda gətirməməyi isə mən namuslu kommunist kimi bacarmıram...” Lakin, ƏXK Az.KP MK-nın razılığı olmadan Kojemyakonun işdən azad olunmaq barədə xahişini yerinə yetirməmiş, onun özbaşına işə gəlməməyi isə partiya intizamının pozulması kimi qiymətləndirilmişdir. Kojemyakonun Bakı şəhəri üzrə Xalq hakimi vəzifəsinə keçirilməsi məsələsi - bu orqanda “bir nəfər də partiya üzvünün olmadığı” nəzərə alınmaqla – müzakirə olunmuşdur. Sonrakı taleyi məlum deyildir.

104Heydərov İbrahim Qasım bəy oğlu – (1879 - ?), yol mühəndisi, Dağıstandan və Zaqatala dairəsindən III Dövlət Dumasının deputatı, sosial-demokrat fraksiyasına daxil idi, sonra müsəlman fraksiyasına keçmişdir. Bakı şəhər idarəsinin üzvü. 1907-ci ildən “Nəşri-maarif” müsəlman maarifçilik cəmiyyətinin idarə heyətinin üzvü. 1914-cü ilin yanvarından “Səfa” müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916-cı ilin martından “Nicat” müsəlman xeyriyyə cəmiyyətinin sədr müavini. Qafqaz müsəlmanları qurultayında (1917, 15-20 aprel) rəyasət heyətinin üzvü seçilmişdir. 1917-ci ildə Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Dağıstan vilayətində Müvəqqəti hökumətin komissarı təyin edilmişdir. Zaqafqaziya Seymində sosialistlər blokuna daxil idi, 1918-ci il aprelin 26-da yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində dövlət nəzarəti naziri postunu tutmuşdur. Bakıda mart hadisələri ilə əlaqədar, 1918-ci il aprelin 20-də Zaqafqaziya Seymi tərəfindən Bakı Soveti ilə danışıqlar aparmaq üçün Bakıya ezam olunmuş, burada bolşeviklər tərəfindən həbs edilmişdir. Şimali Qafqaz Dağlı Respublikasında poçt-teleqraf naziri. Paris Sülh Konfransına danışıqlara göndərilən nümayəndə heyətinə daxil idi. Dağlı Respublikası hökuməti dağıldıqdan sonra Bakıya qayıtmış, AXC-nin ictimai- siyasi həyatında fəal iştirak etmiş, xeyriyyə işləri ilə məşğul olmuşdur. 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Fransaya mühacirət etmişdir.

105Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur. Bolşevik hökuməti tərəfindən 1918-ci ildə əsasən Şamaxı hadisələrini təhqiq etmək üçün yaradılmışdır. 1918-ci ilin mart-aprel aylarında şəhərin və qəzanın müsəlman əhalisinə qarşı görünməmiş vəhşiliklər törədilmiş, Şamaxı şəhəri isə tamamilə yandırılmışdır. FHTK sədri D.İ.Kojemyako tərəfindən Şamaxı qırğınlarının əsas təşkilatçılarından biri Stepan Lalayev həbs edilmiş, lakin S.Şaumyanın şəxsi müdaxiləsindən sonra azadlığa buraxılmışdır. Bu hadisədən az sonra FHTK ləğv edilmişdir. Bakılıların şikayətinə görə saxlanılmış digər ermənilər də azadlığa buraxılmışlar. Ətraflı bax: Kojemyako D.İ.

106Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur. 107Rus-tatar məktəbi (rus-müsəlman məktəbi) – XIX əsrin ikinci yarısında rus ictimai-pedaqoji fikrinin və mütərəqqi məktəb təcrübəsinin təsiri ilə Azərbaycanda yaradılan xüsusi məktəb növü. İlk məktəblər 1875-ci ildə Qazax qəzası, Salahlı kəndində, 1887-ci ildə isə Bakıda açılmışdır. Sonradan bütün Azərbaycanda yayılmış bu məktəblərin yaradılması və inkişafı müəllimlər Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin adı ilə bağlıdır. Əvvəlcə 1 sinifli (tədris müddəti -2 il), sonra ikisinifli (təhsil müddəti - 4 il) olan məktəblərdə azərbaycanlı şagirdlər ana dilində təhsil alır, Azərbaycan, fars və rus dilləri, hesab, coğrafiya, tarix və şəriət tədris edilirdi. Oğlanlar və qızlar ayrı oxuyurdular.


108Şah məscidi - şəhərin tarixi hissəsi olan İçəri şəhər Qalasında Şirvanşahlar sarayının ansamblına daxildir (XV-XVI əsrlər). Mart hadisələri zamanı məscidin minarəsi artilleriya mərmilərindən zədələnmişdir.

109“Şərq cəmiyyəti” – “Vostoçnoye obşestvo”, əmtəə anbarlarının, əmtəə mallarının borca verilməklə sığortalanması, daşınması cəmiyyəti, 1893-cü ildə yaradılmışdır, malların saxlanması üçün anbarları vardı, Rusiyaya və xaricə dəmiryolu, su və maşın yolları vasitəslə malların daşınması, neft məhsullarının satışı, borc verilməsi ilə məşğul olmuş, malların alış-verişi üzrə komisyon tapşırıqlarını yerinə yetirmişdir. İdarəsi Peterburqda, kontoru Bakıda yerləşirdi. 1917-ci ilin yanvar ayından “Qafqaz və Merkuri” cəmiyyəti ilə birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən ləğv edilmişdir.

110Qafqaz və Merkuri - gəmiçilik cəmiyyəti, 1859-cu ildə Xəzər dənizində və Volqa, Oka, Kama çaylarında yük və sərnişin daşınması məqsədilə təsis edilmişdir. İdarəsi Peterburqda, kontoru Bakıda yerləşirdi. Cəmiyyət 1917-ci ilin yanvar ayının 1-dən “Əmtəə anbarlarının Şərq cəmiyyəti” ilə birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən ləğv edilmişdir.

111Srvantsyan Amazasp – (1873-1921), rus ordusunun keçmiş zabiti, “Daşnaksütun” partiyasının üzvü, qatı millətçi, terrorçu. Osmanlı İmperiyası Van şəhərində anadan olmuşdur. Gənc yaşlarından erməni millətçi-terror hərəkatında iştirak etmiş, Türkiyə hakimiyyətinin təqiblərindən qorxaraq İrəvana, sonra isə Şuşa şəhərinə getmişdir. 1905-1907-ci illərdə
türk və azərbaycanlı əhalisinə qarşı törətdiyi çoxsaylı qanlı təcavüzkar əməlləri ilə tanınmışdır. 1908-ci ildə digər daşnak xadimlərlə birlikdə çar hökuməti tərəfindən həbs edilmiş və 15 il müddətinə Sibirə sürgün edilmişdir. 1913-cü ildə oradan qaçmağa müvəffəq olmuş, əvvəl Avropaya, 1914- cü ildə Konstantinopola getmişdir. Birinci Dünya müharibəsi zamanı 3-cü
erməni könüllü drujinasının komandiri olmuş, 1915-ci ildə Van, Bitlis və Xizən döyüşlərində iştirak etmiş, yeli türk əhalisinə qarşı qırğınlar törətmişdir. 1917-ci ilin fevralında Rusiyada, Alaşkert rayonunda polis dəstələrinin başçısı təyin edilmişdir. 1918-ci ilin əvvəlində Bakıya gəlmiş, burada erməni hərbi birləşmələrinə başçılıq etmişdir. Bakıda Erməni Milli Şurasının
üzvü olmuşdur. Qızıl Ordunun 3-cü briqadasının komandiri kimi 1918-ci il mart-sentyabr aylarında Bakıda və Azərbaycanın regionlarında erməni silahlı dəstələrinin dinc müsəlman əhaliyə qarşı hücumlarına rəhbərlik etmişdir. 1918-ci il may ayının əvvəllərində Quba qəzasında müsəlman qırğınları törətmişdir. Xüsusi qəddarlığı ilə ad çıxarmışdır. Başçılıq etdiyi silahlı dəstəni “cəza dəstəsi”, özünü erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisi adlandırırdı. Hücuma keçən və 1918-ci ilin sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların hərbi hissələri qarşısında cəbhəni tərk etmiş, əsgərlərini başsız qoyaraq İrana qaçmışdır. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənistana qayıtmış, Nor Bəyazid regionunda Ermənistan ordusunun komandiri təyin olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra həbs edilmiş, 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kommunistlər tərəfindən öldürülmüşdür.

112Rus-Asiya Bankı – Bakı şöbəsi 1910-cu ildə açılmışdır, idarə heyəti Peterburqda yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli dekreti ilə ləğv edilmişdir. Bankın 1903-1905-ci illərdə tikilmiş binası Qorçakovskaya küçəsi, 3 ünvanda (Hacı Zeynalabdin Tağıyev) yerləşirdi. Hazırda həmin binada Azərbaycan Beynəlxalq Bankının Mərkəzi şöbəsi yerləşir.

113Diktatura dövrü - 1918-ci il avqust ayının 1-də, Bakıda Sovet hakimiyyətinin süqutundan sonra yaradılmış “Sentrokaspi Diktaturası” – “Mərkəzi Xəzər və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsinin Diktaturası” adlanan hökumətin hakimiyyətdə olduğu vaxt – 1918 ci il, 1 avqust - 15 sentyabr – nəzərdə tutulur. Partiya mənsubiyyətinə görə bu hökumət daşnaklar, sağ eser və menşeviklərdən, milli mənsubiyyətinə görə erməni və ruslardan ibarət idi. Hərbi qüvvələrini, əsasən Bakı Kommunası dövründə formalaşmış erməni-daşnak dəstələri təşkil edirdi. Bakının müsəlman əhalisinə qarşı son dərəcə kəskin münasibət tutmuş, bu dövr erməni özbaşınalıqları, müsadirə adı ilə talanlar, qarətlər və qətllər davam etmişdir. Diktatura liderləri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləyişinin qarşısını almaq üçün İrandakı ingilis hərbi qüvvələrini Bakıya dəvət etmişlər. 1918-ci il 4 və 17 avqust tarixlərdə Şimali İranda Britaniya qoşunlarının komandanı general Denstervillin rəhbərliyi ilə Bakıya daxil olan ingilis qoşunları, artıq bir aydan sonra “heç bir qüvvənin Bakını türklərdən xilas etmək iqtidarında olmadığına” inanmışlar. Həmin dövr General Denstervillin xatirələrində ətraflı təsvir edilməklə, erməni-rus oyuncaq Diktatura hökuməti və onun əsasən ermənilərdən ibarət ordusu haqqında geniş təsəvvür yaradır. “Öz ordularını mənasız yerə qurban verməkdən xilas etmək xətrinə Bakıdan getmək məcburiyyətində qalan” ingilislər sentyabrın 15-nə keçən gecə ağır döyüşlərdən sonra cəbhə xəttini tərk edərək gəmilərə yüklənmiş və İrana – Ənzəliyə qayıtmışlar. Diktatura hökuməti ingilislərin bu hərəkətini satqınlıq kimi qiymətləndirmiş, onların gəmilərini atəşə tutmuş, lakin elə həmin gün məğlubiyyətlərini dərk edərək Bakıdan qaçmışdır. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslan Ordusu tərəfindən azad edilmişdir.

114Tomson Ser Uilyam Montqomeri - (1877-1963) nəzərdə tutulur. İngilis zabiti, general-leytenant, 1917-1918-ci illərdə Böyük Britaniya ekspedisiya korpusunun İranda ali komandanı. 1918-ci il noyabrın 17-də Mudros barışıq müqaviləsinə əsasən Bakıya yeridilmiş Müttəfiq qoşunlara başçılıq etmişdir. Qafqazı və Azərbaycanı Rusiyanın (qeyri-bolşevik) bir hissəsi hesab edirdi. Bakıya daxil olduqdan sonra özünü şəhərin general-qubernatoru elan etmiş, Bakı şəhərində və quberniyasında bütün inzibati, məhkəmə və icra hakimiyyətini öz nəzarəti altına almışdır. Şəhərdə hərbi vəziyyət tətbiq olunmuşdur. Generalın Azərbaycan Cümhuriyyətinə olan ilkin mənfi münasibəti, Bakıda siyasi vəziyyətlə və AXC rəhbərliyi ilə tanışlıqdan sonra qısa müddət ərzində dəyişmişdir. 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti Azərbaycan ərazisində müttəfiq komandanlıq və İngiltərə hökuməti tərəfindən yeganə qanuni hakimiyyət kimi tanınmışdır. 1919-cu ilin mayında Böyük Britaniya hökumətinin ingilis qoşunlarının Qafqazdan çıxarılması haqqında, şəxsən razı olmadığı, qərarına əsasən Azərbaycanı tərk etmişdir.

115Aleksandr-Nevski pasajı – Aleksandr-Nevski cərgələri – Vrangelskaya küçəsi 19 (Əhməd Cavad) ünvanda yerləşirdi, 1911-1913-cü illərdə mülki mühəndis A.A.Nikitin tərəfindən tikilmişdi. Sovet dövrü bu binada trikotaj fabriki yerləşirdi. Hazırda həmin binanın yerində yaşayış binası tikilmişdir.

116Məmmədzadə Mirzə Bala oğlu – (1898-1959), Azərbaycan milli azadlıq hərəkatının xadimi, publisist, jurnalist. 1914-cü ildə Bakıda rus-tatar məktəbini bitirmiş, təhsilini Bakı texniki sənaye məktəbində rus dilində davam etdirmişdir. Dövri mətbuatda məqalələrlə çıxış etmişdir. Azərbaycanda Xalq Cümhuriyyəti yarandıqdan sonra “Azərbaycan” qəzetinin müxbiri, “Gənclər yurdu” jurnalının (Müsavat Partiyasının “Gənclər cəmiyyəti” nin orqanı) redaktoru, Azərbaycan Parlamentində stenoqrafçı. 1919-cu ilin oktyabr ayından “Müsavat” partiyasının Bakı komitəsinin üzvü. Azərbaycan sovetləşdirildikdən sonra “Musavat”ın gizli təşkilatının rəhbəri. 1920-ci illərdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi, orta məktəblərdə müəllim işləmiş, “Yeni yıldız” jurnalında Azərbaycan tarixi haqqında silsilə məqalələrlə çıxış etmiş, “Azərbaycan türk mətbuatı” (1922) kitabını nəşr etdirmişdir. Sovet orqanları tərəfindən “İstiqlal” qəzetinin gizli mətbəəsi aşkar edildikdən sonra həbs edilmiş, lakin azadlığa çıxmışdır. 1924-cü ildə siyasi mühacirət etmişdir. “Yeni Qafqaziyyə”(1923-1927), “Azəri türk” (1925-1929), “Odlu yurd” (1929-1933), “İstiqlal”(1932-1934) və s. mühacirət mətbuatında fəal iştirak etmişdir. 2000-dən artıq məqalənin, bir neçə kitabın, o cümlədən “Milli Azərbaycan hərəkatı” (1938) - əsərinin müəllifidir. 1949-cu ildə Ankarada yaradılmış “Azərbaycan kültür dərnəyinin” təşkilatçılarından biri. M.Ə. Rəsulzadənin vəfatından sonra (1955) “Müsavat” partiyasının və Azərbaycan Milli Mərkəzinin rəhbəri. 1954-1959-cu illərdə Münhendə SSRİ-ni öyrənən İnstitutda müxtəlif vəzifələrdə işləmişdir.
Münhendə “Azadlıq” radiosunda çalışmışdır. İstanbulda vəfat etmişdir.

117“Molot”- 1903-cü ildə təsis olunmuş mexaniki və çuquntökmə zavodları birliyi. Balaxanı, Ramana və Qroznıda mexaniki zavodları var idi. 1920- ci ilin may ayında Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.

11812 aprel nəzərdə tutulur. Sənəddə bütün tarixlər köhnə təqvimlə - 13
gün fərqlə verilir.

119“Vperyod”- qəzet, “Daşnaksütun” partiyası Bakı Mərkəzi Komitəsinin orqanı. 1919-cu ilin yanvar - aprel aylarında Bakıda çap olunmuşdur. 41 sayı çıxmışdır.

120Tarix düzgün göstərilməyib. Qafqaz müsəlmanlarının qurultayı 1917-ci il, 15-20 aprel tarixdə Bakıda keçirilmişdir.

121Müsəlman dili - Azərbaycan dili nəzərdə tutulur

122Azərbaycan Respublikası Hökumətinin Fövqəladə Təhqiqat Komissiyasının səlahiyyətlərinin artırılmasına dair 21 mart 1919-cu il tarixli qərarı nəzərdə tutulur. Bu qərara əsasən FTK məhkəmə-istintaq hakimiyyətinin cinayət-prosessual məcəlləyə əsasən malik olduğu bütün hüquqlarla təmin edilirdi.

123Azərbaycan Respublikası Ədliyyə nazirinin Fövqəladə Təhqiqat Komissiyasının sədrinə 25 iyun 1919-cu il, 3166 № li məktub-təklifi nəzərdə tutulur. Bu məktubda FTK üzvlərinin məruzələri əsasında Qərarların hazırlanması və istintaq aktlarının bu qərarlarla birlikdə sonrakı icraat üçün Azərbaycan Məhkəmə Palatası Prokuroruna göndərilməsi təklif olunurdu.

124Tomson Ser Uilyam Montqomeri nəzərdə tutulur. Bax: qeyd 113.

125F.P. Kokkerel nəzərdə tutulur. Polkovnik, 1916-1918-ci illərdə İranda ingilis Xüsusi müstəmləkə polisinin rəisi. İngilis polis hakimiyyəti İrandan İraqadək əraziləri əhatə edirdi. 1918-ci ilin noyabrında Müttəfiq qoşunların tərkibində Bakıya gəlmiş, Bakıda Müttəfiq dövlətlərin polis komissarı təyin edilmişdir.

126Qanun ixtisarla verilir - yalnız müvafiq maddələr göstərilir.

127Cəfərov Məmməd Yusif Hacıbala oğlu – (1885-1938), görkəmli ictimai- siyasi xadim, AXC-nin yaradıcılarından biri, Azərbaycan Parlamenti sədrinin köməkçisi. Bakı kişi gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. IV Dövlət Dumasının deputatı, Rusiyada Fevral inqilabından sonra Müvəqqəti hökumət tərəfindən yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinin üzvü. Qafqaz müsəlmanları qurultayının işində iştirak etmişdir (15-20 aprel 1917-ci il, Bakı şəhəri). Zaqafqaziya Komissarlığında ticarət və sənaye komissarı. Zaqafqaziya Seyminin üzvü, müsəlman fraksiyasına daxil idi. Məmməd Əmin Rəsulzadənin sədrliyi altında Müvəqqəti Milli Şuranın İcraiyyə Komitəsinə daxil olmuşdur. 27 may 1918-ci il tarixdə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan Milli Şurasının üzvlərindən biri. Birinci Azərbaycan Hökumətində ticarət və sənaye naziri, 1918-ci ilin iyununda hökumət istefaya getdikdən sonra Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi (iyun 1918-ci il – mart 1919-cu il). Dördüncü Azərbaycan Hökumətində Xarici işlər naziri. 1920-ci ilin fevralından aprel ayınadək Azərbaycan Parlamenti Sədrinin birinci köməkçisi (müavini) olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra
təsərrüfat orqanlarında hüquq məsləhətçisi işləmişdir. 1938-ci ildə Bakı şəhərində vəfat etmişdir.

128Vəkilov Məmməd Ağa Mustafa Ağa oğlu – (1862-1941), maarifçi, ictimai xadim. Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1883-cü ildə Qori gimnaziyasını bitirmiş, Kutaisi qəzasında kənd müəllimi, sonra Qori seminariyasında müəllim işləmişdir. Kutaisi hərbi Qubernatorluğunda mülki müşavir rütbəsində, Qafqaz Canişininin dəftərxanasında, hərbi-xalq məsələləri üzrə İdarənin Xüsusi şöbəsində mülki kollec asessoru rütbəsində tərcüməçi işləmişdir. Qafqaz canişini Vorontsovun təşəbbüsü ilə 20 fevral 1906-cı il tarixində keçirilmiş erməni-müsəlman danışıqlarında Qafqaz türk-müsəlman xalqlarının nümayəndə heyətinə daxil idi. 1912-ci ildən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri olmuş, birinci dünya müharibəsi dövründə müxtəlif tədris müəssisələrində müəllimlik etmişdir. 1918-1920-ci illərdə Azərbaycan Parlamentində dəftərxana müdiri olmuşdur. Sovet hakimiyyətinin ilk illərində qızlar gimnaziyasında dərs vermiş, təqaüdə çıxmışdır. 1941-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

 





Flag Counter